Azərbaycan təhsilində yenilik yaradanlar
Ölüm haqqında danışmaq və bu barədə fikirləşmək ölümün özündən də dəhşətlidir. Təsəllimiz odur ki, insanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onu xatırlayan, onun sifətini, xeyirxah əməllərini, millət üçün, dövlət üçün, cəmiyyət üçün dəyərli fikir və ideyalarını yaddaşda saxlayan adamlar yaşayır, onlar da ayrı-ayrı adamların fikirlərində, xəyallarında, təsəvvürlərində və xatirələrində yaşayır: On illərlə xatirələrdə yaşayacaq belə müdrik və aqil insanlardan biri də ölümün sevinərək əlimizdən aldığı Bayram müəllimdir. Yüksək əxlaq və fəzilət sahibi olan Bayram müəllim yalnız evdən deyil, eldən gedən insanlardan biridir. O, bütün varlığı ilə ailəsinə, elinə-obasına, millətinə bağlı insan idi. İnsanlara münasibəti, xeyirxahlığı, mənəvi saflığı, ruhi əzəməti, səbirli və təmkinli olmağı ilə seçilirdi. Təmənnasız yaxşılıq etmək onun hobbisi idi. Ziyalı və maarifçi insanlarla saatlarla elmi-mədəni və siyasi söhbətlər etməkdən yorulmazdı. Çünki özü işıqlı, nurlu, inanclı, pak əxlaqlı, xoşxasiyyət, xoşniyyət, iradəli, dözümlü və həm də zəhmli insan idi. Biliyini səxavətlə paylamaqdan zövq alırdı. Böyüklüyü və gözəlliyi onun əxlaq və davranışında idi. Dar günün dostu idi. Özündən böyüklərin də, kiçiklərin də məsləhət yeri idi. Millətin azadlıq mücadiləsində onun da xatırlanacaq qədər əməyi və zəhməti var. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının I qurultayının nümayəndəsi olması və qurultayda Siyasi Şuranın üzvü seçilməsi Bayram Heydərovun siyasi mövqeyinin ifadəsi kimi diqqəti cəlb edir. Mənəvi cəhətdən o qədər pak insan idi ki, hətta onun maarifçilik ideyalarına, məktəbdarlıq fəaliyyətinə mane olmağa çalışan, süni maneələr yaradan, ona iftira və böhtanlar atan, naqis hərəkətləri ilə mənəvi əzab verənlər haqqında belə, pis danışmağı sevməzdi. Atası Mirabbas Zəngibasar bölgəsinin nüfuzlu el ağsaqqallarından və maarifçilərindən biri olub. Qardaşları Mirabdulla, Mirisa, Mirfaiq yaxşı ad-san sahibi olmaqla, ata ocağına bağlılıqları ilə ailə ənənələrinin davamçıları kimi tanınıblar. Həyatının mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görən Bayram müəllim az yaşadı, amma layiqli və ləyaqətli, şərəfli və şöhrətli bir ömür yaşadı. Ömrün müddəti o qədər də əsas deyil, əsas olan bu ömrü neçə yaşamaqdır. Xalq ancaq sevdiyi insanları yaddaşında saxlayır. Böyük mütəfəkkir C.Məmmədquluzadə deyirdi: elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən-həyatın məqsədi məhz bundan ibarətdir. Xalça kimi naxışlı və əlvan olan bu həyatın mənasını və fəlsəfəsini Bayram müəllim lap uşaqlıqdan, kiçik yaşlarından dərk etmişdi. O yaxşı bilirdi ki, gül-çiçəyə bürünmüş yol insanı şöhrətə çatdıra bilməz. Dünyanın ən mükəmməl məktəbi həyatdır, ondan öyrəndiyimiz əsas dərs isə zəhmət və çalışqanlıqdır. İnsan zəhməti, əziyyəti, yuxusuz gecələri, narahat gündüzləri və yaradıcılığı ilə kamilləşir. Bayram müəllim məhz bu yolu - əzab-əziyyətli olsa da, elm yolunu, təhsil yolunu, maarifçilik yolunu və məktəbdarlığı seçdi. Bu missiya İlahi bir missiyadır və həm də insanın fitrəti ilə bağlıdır. Uca Yaradanın şərəf və şöhrət zirvəsinə yüksəltdiyi Bayram Heydərovun zəngin bioqrafiyası insanlara və insanlığa nümunə və örnəkdir.
Bayram Heydərov 1956-cı il mart ayının 22-də indi yadlara-yağılara qalan Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində ziyalı ailəsində dünyaya gəlib. 1963-1973-cü illərdə doğma kəndlərindəki orta məktəbdə, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirdiyinə görə Azərbaycan Respublikası EA-nın Riyaziyyat və Mexanika İnstitutuna təyinat alıb. Burada konstruktor bürosunda laborantlıqdan aparıcı konstruktor vəzifəsinədək yüksəlib. O.Balzak deyirdi ki, biliyin ağası olmaq üçün gərək zəhmətin köləsi olasan. Sərvət sahibi deyil, elm sahibi olmağı qarşısına məqsəd qoyan Bayram müəllim keçən əsrin 80-ci illərinin axırlarında Leninqrad (Sankt-Peterburq) şəhərindəki elmi mərkəzdə araşdırmalar aparır, Novosibirsk Dövlət Universitetində ikiillik ixtisasartırma kursunun dinləyicisi olur. Dünya şöhrətli riyaziyyatçıların mühazirələrinin iştirakçısı olur. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Lavrentyevin aspirantı olmaq xoşbəxtliyini yaşayır. O dövrdə SSRİ-də böyük elmi nüfuza və elmi məktəbə malik olan akademik M.M.Lavrentyevin aspirantı olmaq o qədər də asan bir məsələ deyildi. Bu, akademik tərəfindən Azərbaycan elminə, azərbaycanlılara və Bayram müəllimə hörmət və ehtiramın ifadəsi idi. Bu böyük alimin rəhbərliyi altında aparılan elmi araşdırmalar öz bəhrəsini verir, Bayram müəllim Novosibirsk Dövlət Universitetində “Diferensial tənliklər” ixtisası üzrə müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsi alır. Vətənə dönərək Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirir. Xüsusi Konstruktor Bürosunda çalışan Bayram müəllimin tədqiqatları sırf praktik istiqamətli idi və SSRİ-nin hərbi sənaye kompleksinin təkmilləşdirilməsinə istiqamətləndirilmişdi. O dövrdə hərbi sənayenin inkişafı üçün güclü elmi mərkəzlərdən biri olan Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu müəyyən hərbi sifarişləri yerinə yetirirdi. Bu da, öz növbəsində Azərbaycanda tətbiqi elmlərin inkişafına güclü təkan verdi. Bu dövr çox ağır illər idi. SSRİ dağılmışdı, bütün elmi əlaqələr kəsilmişdi, indiki Ermənistan ərazisinin yerli əhalisi olan azərbaycanlılar min illərlə yaşadıqları ata-baba yurdlarından qovulmuşdu, ölkədə elan olunmamış müharibə gedirdi, ərazi və canlı itkilərimiz günbəgün artırdı. Belə bir vaxtda Bayram müəllim həmkarları ilə birlikdə cəbhədəki itkilərin qarşısını almaq məqsədilə Müdafiə Nazirliyin nəzdində Elmi (hərbi) tədqiqatlar mərkəzinin təşkil edilməsi ilə bağlı müraciət edir və işçi qrupu yaratmağa nail olur. Yaranmış problemi elmi-nəzəri və praktik cəhətdən araşdıraraq ciddi təkliflərlə çıxış edir. Həmin təkliflər Müdafiə Nazirliyin rəhbərliyinə və Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşavirinə təqdim olunur. Müzakirə zamanı məlum olur ki, təklif olunan məsələlərin həlli ciddi maliyyə və kadr potensialı tələb edir. Belə kadrlar isə (yüksək və orta dərəcəli) Azərbaycanda hazırlanmamışdır. Vəziyyətlə tanış olan Bayram müəllim ümumi məqsəd naminə taktikanı dəyişir. Vətənpərvər alim dostları ilə birlikdə hərbi sənayenin inkişafına xidmət edə biləcək kadr hazırlamaq məqsədilə yeni tipli məktəb yaratmağa təşəbbüs göstərir. Həmin vaxtlar Bayram müəllim akademik Fərəməz Maqsudovun dəstəyi ilə riyaziyyat elmi sahəsində alınmış nəzəri nəticələri tətbiq etmək məqsədilə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində “Zəngi” kiçik dövlət müəssisəsi yaratmışdı. Burada çalışan alimlər orta məktəb şagirdləri üçün bir neçə adda kitablar yazmış, müxtəlif müəssisələr üçün avtomatik idarəetmə sistemləri yaratmış, dəqiq ölçü cihazları hazırlanmışdı. Məktəbin yaradılması ilə bağlı müxtəlif səviyyədə aparılan müzakirələr, mübahisələr, nəhayət ki, uğurlu sonluqla başa çatdı. Çox böyük çətinliklərlə 1992-ci ildə Nizami rayonu ərazisində “Zəngi” liseyini yaratmaq mümkün oldu. Lakin bu sevincin ömrü uzun olmadı. Məqsədyönlü fəaliyyəti ilə diqqəti cəlb edən, kibernetika, radioelektronika, biokimya və genetika fənlərini dərindən öyrədən “Zəngi” liseyinin fəaliyyəti 1993-cü ildə dayandırıldı, Bayram müəllimə qarşı hədə-qorxular, təzyiqlər başladı. Liseyin şagird və müəllimləri yerləşdiyi binaya buraxılmadı. Müxtəlif səviyyəli səlahiyyət sahibləri ilə keçirilən görüşlər nəticəsiz qaldı. Əli hər yerdən üzülən kollektiv yenicə siyasi hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevə müraciət etdi. Məktəbin üzərinə çökmüş qara buludlar bir andaca yox oldu. Məhz Bayram müəllimin prinsipiallığı, vətənpərvərliyi, əzmkarlığı, yaxşı mənada inadkarlığı sayəsində “Zəngi” liseyi fəaliyyətini bərpa etdi. Qısa zaman kəsiyində bu məktəb öz nailiyyətləri ilə ölkənin 4500 məktəbi içərisində ilk onluqda qərar tutdu. Bayram müəllim liseyin kollektivini formalaşdırmağa nail oldu. Onların peşəkarlığının artırılması, müsabiqələrdə qalib gəlmələri üçün nələr etmədi?
Məktəb rəhbərliyi və müəllimlər yaxşı işinə görə Təhsil Nazirliyi, ölkə rəhbərliyi tərəfindən rəğbətləndirildi. Lisey “Təhsil sistemində müasir yanaşmalar” ili çərçivəsində Bakı şəhər Baş Təhsil İdarəsi tərəfindən keçirilən “İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” müsabiqəsində və “İlin ən yaxşı məktəb direktoru” müsabiqəsində I yerə layiq görüldü. İki dəfə (2007/2008 və 2012/2013-cü tədris illərində) Təhsil Nazirliyinin “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi oldu. Bu uğurlu fəaliyyətə görə Bayram Heydərov “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görüldü. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni almaqla o, adını Azərbaycan təhsil tarixinə yazmış oldu. Məktəbdarlıq sahəsində elə bir ilkə imza atdı ki, onu kiminsə təkrar etməsi mümkünsüz görünür. Bayram müəllim riyaziyyatla bağlı kifayət qədər əsərlərin müəllifidir. Gözəl ailəsi, övladları var. Amma hesab edirəm ki, onun böyük övladı və şah əsəri “Zəngi” liseyidir. Bu lisey ona övladlarından da doğma və əziz idi. “Zəngi” onun ruhunun ifadəsi olmaqla uluların uyuduğu məkanı, uşaqlığını, gəncliyini, tarixini, keçmişini və kimliyini xatırladırdı. O, sözün həqiqi mənasında “Zəngi” liseyinin memarı, təşkilatçısı, qurucusu, müəllimi, rəhbəri və qara fəhləsi idi. Mən Valideyn Müəllim Assosiasiyasının üzvü kimi “Zəngi” liseyində təşkil olunan əksər tədbirlərin iştirakçısı olmuşam. Sabiq təhsil naziri Misir Mərdanovun da, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun da Bayram müəllimə hörmət və ehtiramlarının şahidi olmuşam. Bu, onun işinə, fəaliyyətinə verilən dəyər idi.
Azərbaycanda XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində məktəb yaradan, məktəbdarlıq edən M.T.Sidqi, S.Ə.Şirvani, M.M.Nəvvab, M.İ.Qasir, S.M.Qənizadə və H.B.Mahmudbəyovun yandırdığı maarif məşəlini Bayram Heydərov “Zəngi” liseyini təşkil etməklə yenidən alovlandırdı. O, 80-ci illərdə elmlər doktoru dissertasiyası müdafiə etməklə elmi məktəb yaratmağı qarşısına məqsəd qoysa da, tale elə gətirdi ki, ümumtəhsil məktəbi - “Zəngi” liseyi yaratmağa nail oldu. Bu məktəb onun tale və amalından keçən bir işıq, bir nur, bir ziya oldu. Bu maarif işığından neçə-neçə ailələrə (həm də bizim ailəyə) pay düşdü. “Zəngi” liseyi yeni tipli təhsil ocağı olmaqla Azərbaycanda müasir təhsil-tərbiyə ənənə və mədəniyyətinin formalaşmasında mühüm rol oynadı. Bayram müəllim çoxşaxəli və titanik fəaliyyəti ilə həm özünün, həm də “Zəngi” liseyinin adını Azərbaycanın təhsil tarixinə yazmağı bacardı.
İllər keçəcək, fəsillər
dəyişəcək, dünyaya yeni nəsillər gələcək, çox şeylər adiləşəcək
və unudulacaq. Unudulmayan
təkcə Bayram müəllim olacaq. Bayram müəllim “Zəngi”ni yaratdığı kimi, “Zəngi” də hələ çox-çox illər Bayram
müəllimin adını yaşadacaq.
Ümidvarıq ki, “Zəngi” gündən-günə,
ildən-ilə öz fəaliyyətini
genişləndirəcək, təhsil uğurları ilə öz şərəf kitabına yeni-yeni səhifələr əlavə
edəcək. Onda “Zəngi”sevərlər
sevinəcək, Bayram müəllimin də
ruhu şad olacaq. Bu onun
halal haqqıdır. O, məktəbi min əzab-əziyyətlə, həyatı
bahasına yaratmışdı. Özü
şam kimi yandı,
gilə-gilə əridi, məktəb pillə-pillə
ucaldı. Qurucusu olduğu
məktəbi yaşatmaq üçün
hər cür təzyiqə, basqıya sinə
gərdi. “Hər darağımız düzəldi, qaldı saqqal darağımız” – deyən səlahiyyət
sahiblərinə yerini göstərməyi
bacardı. Məktəb ildən-ilə “boy
göstərdi”, kollektiv böyüdü,
möhkəmləndi, bir ailəyə çevrildi. “Zəngi”çilərin sayı
artdı, məzunlarının səsi ABŞ-dan,
Avropa ölkələrindən gəldi. Amma onun qəfil yoxluğu bu ailəni
sarsıtdı, qəm-kədər dəryasına qərq etdi.
Fərrux Rüstəmov,
ADPU-nin İbtidai təhsil fakültəsinin dekanı,
pedaqoji elmlər doktoru, professor,
Əməkdar elm xadimi
Palitra 2018.- 28 sentyabr.-
S.13.