Bu il Özbəkistanın turizm firmalarının nümayəndələrinin Azərbaycana “İnfoturunu planlaşdırırıq”

 

Müsahibimiz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur:

-Ötən ili Azərbaycan və Özbəkistan üçün, eləcə də Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi üçün uğurlu il saymaq olarmı?

- 2017-ci ildə Bakıda və Daşkənddə humanitar sahədə, xüsusilə mədəniyyət, turizm sahəsində çoxsaylı layihələr həyata keçirildi. İslam həmrəyliyinə dair beynəlxalq tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq turizm sərgi və yarmarkaları, daha başqa qlobal tədbirlər ölkələrimizin nüfuzunun bariz göstəricisidir. Xüsusilə mədəniyyət sahəsində - Özbəkistanın tarixi Səmərqənd şəhərində keçirilən və dünyanın 70-dən çox ölkəsinin qatıldığı “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında azərbaycanlı tarzən Sahib Paşazadənin ən ali mükafata - Qran-pri mükafatına layiq görülməsi, musiqimizin necə zəngin olduğunu və Azərbaycan musiqisinə qardaş Özbəkistanda, dünyada marağın böyük olduğunu bir daha təsdiqlədi. Bu gün qardaş Özbəkistanda 40 minə yaxın azərbaycanlı soydaşımız yaşayır və onlar iki ölkə arasında dostluq körpüsü hesab edilir. Azərbaycanlılar daim Özbəkistanın ictimai-mədəni həyatında, rifahında yaxından iştirak ediblər, qardaş Özbəkistanı öz vətənləri olaraq sevirlər. Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzi olaraq biziki qardaş ölkə arasında əlaqələrin inkişafı istiqamətində çoxsaylı layihələr, tədbirlər həyata keçirərək bu işlərə dəstək oluruq.

Belə ki, 2017-ci ildə mərkəzimiz tərəfindən Daşkənd və Səmərqənddə Azərbaycan mədəniyyəti həftəsi, mətbəx festivalları, konsert proqramları, moda sərgiləri təşkil edildi, Səmərqənd Dövlət Universitetinin nəzdində növbəti Azərbaycan ocağı yaradıldı. Həmçinin onu da qeyd edim ki, tanınmış soydaşımız Seyid Rza Əlizadənin adını daşıyan Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin də fəaliyyətini təqdir etmək lazımdır və bu mərkəz də digər mərkəzlər kimi əlaqələrimizi fəal təbliğ edəcək. İki ölkə arasında elmi, mədəni, ədəbi əlaqələrə həsr edilmiş konfranslar təşkil edildi. Mərkəzimizin layihəsi ilə Özbəkistanın xalq şairi Camal Kamalın Bakıda 80 illik yubileyini geniş qeyd etdik. Bundan başqa, 12 özbək jurnalistin Azərbaycana “mediaturunu reallaşdırdıq. Onlar Azərbaycanın əldə etdiyi nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri geniş işıqlandırdılar. Mədəniyyət Mərkəzimizin layihəsi ilə hazırlanmış və iki xalq arasında dostluq əlaqələrinə dair “Əzəli dostluq riştələri” adlı sənədli filmi hər iki ölkə ictimaiyyətinə təqdim etdik, elmi-ədəbi əlaqələrə dair - Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutları ilə Özbəkistanın elm, təhsil müəssisələri arasında, habelə iki ölkənin turizm assosiasiyaları arasında əməkdaşlığa dair memorandumlar imzalandı, ilk dəfə olaraq tələbə, doktorant mübadiləsini həyata keçirdik, çoxsaylı qarşılıqlı səfərlər təşkil olundu.

-Mərkəz Özbəkistanda yaşayıb-yaratmış azərbaycanlıların irsi, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də aktiv işlər görüb. Bəs bu il hansı layihələri planlaşdırırsınız?

- Səmərqənd şəhərində Rəssamlıq Akademiyasının keçmiş rəhbəri, tanınmış heykəltəraş Eynulla Əliyevin yaşadığı evin qarşısında onun barelyefinin açılışı oldu və mərkəzimizin təşkilatçılığı ilə Daşkənddəki Xarici Dillər Universitetində Özbəkistanda ilk maarifçilərdən olan, tanınmış pedaqoq, naşir Seyid Rza Əlizadənin yaradıcılığına və onun 130 illik yubileyinə həsr olunmuş konfrans təşkil edildi.

Mərkəzimizin layihəsi ilə Nizami Gəncəvinin bütün əsərlərinin özbək dilinə tərcüməsi istiqamətində də xeyli işlər gördük. Artıq Nizami Gəncəvinin “Xəmsə”si Daşkənddə çap olunub, habelə şairin “Sirlər Xəzinəsi”, “Leyli və Məcnun”, “İqbalnamə” əsərləri ayrıca nəşr olunaraq ictimaiyyətə təqdim edilib.

2018-ci ildə mərkəzimizin çoxsaylı layihələri və tədbirləri planlaşdırılır. Mayda Daşkənddə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş çoxsaylı tədbirlər planlaşdırılır, Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin adına “Azərbaycan Mədəniyyəti və Musiqi Mərkəzi”nin, Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Nizami Gəncəvi adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi, habelə Özbəkistanda ilk dəfə olaraq “Azərbaycan dili və ədəbiyyatı kafedrası”nın yaradılmasını nəzərdə tutmuşuq. Özbəkistanın tarixi vilayəti olan Xivədə “Azərbaycan Mədəniyyəti həftəsi”nin keçirilməsini də planlaşdırırıq. Özbəkistanın ali məktəbləri ilə birgə Azərbaycan şairidramaturqu Hüseyn Cavidin 135 illik yubileyi ilə əlaqədar “Hüseyn Cavid və Özbək ədəbiyyatı” beynəlxalq elmi konfransın təşkili, habelə onun özbək dilinə tərcümə olunmuşSeçilmiş əsərləri”nin Mədəniyyət Mərkəzimizin layihəsi ilə Özbəkistanda nəşrini planlaşdırırıq. Bundan başqa, Nizami Gəncəvinin “Şərəfnamə” əsərinin çapını nəzərdə tutmuşuq. Mərkəzimizin növbəti layihəsi ilə ADR-in 100 illiyi münasibəti ilə “Azərbaycan-Özbək, Özbək-Azərbaycan” lüğətinin hazırlanmasına start vermişik.

-İki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi sahəsində də böyük potensial var. Mərkəziniz bu istiqamətdə hansı töhfələrini verə bilər?

-Ötən il iki ölkə arasında turizm sahəsində əməkdaşlıq mərkəzimizin əsas prioritetlərindən olub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda keçirilən bütün beynəlxalq tədbirlərdə, sərgilərdə Azərbaycana dair xüsusi stendlər, guşələr yaradıldı və qarşı tərəfdə Azərbaycanın turizm potensialı geniş təbliğ olundu.

Məhz aparılan təbliğat işlərinin nəticəsidir ki, Azərbaycana gələn özbək turistlərin sayı ilbəil artır. 2013-2014-cü ildə Azərbaycana gələn özbəklərin sayı 14 minə yaxın idisə, 2016-cı ildə bu rəqəm 19 mindən artıq oldu. 2017-ci ildə isə bu göstəricinin bir qədər də artdığını deyə bilərik. Apardığımız monitorinq nəticəsində özbəklərin əksər hissəsi Azərbaycanın Bakı şəhərinə gəzinti, alış-veriş, Naftalan şəhərinə isə müalicə məqsədi ilə səfər etmək istədikləri müəyyən edilib. Mərkəzimiz Özbəkistanda hər il aprelnoyabr ayında keçirilən ənənəvi Beynəlxalq Turizm Sərgi və Yarmarkalarında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, səfirliyimizin dəstəyi ilə “Azərbaycan” stendini ziyarətçilərə təqdim edir.

2018-ci ildə mərkəz olaraq Özbəkistanın turizm firmalarının nümayəndələrinin, habelə bir neçə aparıcı telekanalın təmsilçilərinin Azərbaycana “İnfoturunun təşkilini planlaşdırırıq. Ölkəmizin turizm resurslarının təbliği və daha çox turist cəlb etmək məqsədi ilə qardaş ölkənin turizm şirkətlərinin təmsilçiləri və media nümayəndələrinin Bakı, Qəbələ, Lahıc, Şəki, Gəncə, Qusar, Nabran kimi turizm mərkəzləri ilə tanışlığını, habelə burada çəkilişlər aparmağı planlaşdırırıq.

Azərbaycan və özbək ipəkçilik sənəti və bu istiqamətdə layihələrin həyata keçirilməsini nəzərdə tutmuşuq. Özbəkistanda ipəkçiliyin vətəni olan Margilan şəhərində hər il keçirilən ənənəvi İpək Festivalını bu il təşkilatçı kimi qoşulmaq və birgə Azərbaycan-özbək ipəkçilərinin sərgisinin, habelə ipəkçilərin məhsullarının satış yarmarkasının təşkilini nəzərdə tutmuşuq. Planlarımız çoxdur. İnanıram ki, dövlətimizin uğurlu siyasəti ilə qarşımıza qoyduğumuz məqsədlərə nail olacağıq, dostluğumuz və əməkdaşlığımız istiqamətində yeni-yeni nailiyyətlər əldə edəcəyik.

 

Tural Tağıyev

Palitra  2018.- 6 yanvar.- S.7.