Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım

 

Şervin Nəcəfpur: “Ən böyük arzum budur ki, Norveç parlamentində Azərbaycan əsilliləri görəm”

Norveçdə doğulub boya-başa çatan Şervin Nəcəfpurun çoxşaxəli fəaliyyəti var. Hazırda Norveçdə Biznes İnstitutunda beynəlxalq marketinq üzrə təhsil alan soydaşımız dünyada tanınmış modelyerdir. Bununla yanaşı, Şervin xanım ictimai fəaliyyət də göstərir. O, atası Atabəy Nəcəfpurla Norveçdə Azərbaycanın aktiv təbliğatını aparır. 2016-cı ildə isə Ş.Nəcəfpur Oslo bələdiyyəsinə üzv seçilib. Bununla həmvətənimiz Norveçdə bələdiyyəyə seçilən ən gənc və ilk azərbaycanlı xanım kimi tarixə düşüb.

- Təhsilinizlə yanaşı, ictimai fəalliyyət göstərmək sizə çətin deyilmi?

-Əlbəttə, özünə görə çətinlikləri var, eyni zamanda yorucu olur. Ancaq asan deyilən bir şey yoxdur, imkansız deyə də bir şey yoxdur. İnsanın zəhmət çəkmədən uğur əldə etməsi bir az daha çətin olur. Mən dolu bir yaşam tərzini sevirəm, stressiz bir yaşamı təsəvvür edə bilmirəm. Artıq bu məndə normallaşıb. Xəyallarımın ardınca gedirəm və bu mənə enerji verir.

- Necə oldu ki, bələdiyyə seçkilərində iştirak etmək qərarına gəldiniz?

-Son illər moda işlərimlə daha çox maraqlanıram, ancaq diaspor fəaliyyətlərimi də davam etdirməkdəyəm. Bir azərbaycanlı övladı olaraq hər zaman vətənə borcumu ödəyirəm.

Əslində, bu mənim fikrim deyildi. Bilirsiz ki, Norveçin ilk əcnəbidilli radiosunun “Azərbaycan Səsi” bölməsində 2003-cü ildən bəri könüllü olaraq işləyirəm. Ancaq son illər bir az idarə işləri ilə məşğul olmuşam. İnter FM radiosunun baş direktoru və bələdiyyədəki Somali əsilli dostumuz Fatima Əli Madar Oslo bələdiyyəsinin İmmiqrant təşkilatların şurasının bölümünə namizədliyimi verdilər. Çox xoşbəxtəm ki, qatıldım və qalıb oldum.

- Norveçin Oslo bələdiyyəsində seçilmiş ilk azərbaycanlı xanım olaraq hansı işlər görürsüz?

-Biz məsləhət orqanı sayılırıq. Bizim birinci vəzifəmiz müxtəliflik və inteqrasiya məsələləri üzrə şəhər şuralarına və komitələrinə məsləhət verməkdir. Norveçdə də bir çox ölkədə olduğu kimi, çoxsaylı əcnəbi yaşayır. Hazırda Oslonun nüfuzunun 32 %-i əcnəbilərdən ibarətdir. Biz əcnəbilər və siyasətçilər arasında köprü yaradırıq. Əcnəbilərin səsini onlara çatdırıb və hüquqlarını qoruyuruq.

İldə iki dəfə gündəmimizdə vacib olan mövzularla bağlı konfranslar keçiririk. Həmçinin ildə iki dəfə region görüşləri keçiririk. Və daha bir neçə maraqlı işlər görürük.

- Maraqlıdır, Norveçdə bələdiyyələrə seçki prosesi necə keçirilir?

-Oslo bələdiyyəsinin İmmiqrant təşkilatların şurasının seçkiləri hər 4 ildən bir olur. Sadəcə, Oslo bələdiyyəsində olan hüququ olan cəmiyyət və təşkilatların səsvermə və nümayəndəvermə haqqı var. Seçkilər ərəfəsində bütün insanlar bələdiyyədə görüşüb özləri haqqında 2 dəqiqə danışır və sonra vəzifələr haqqında bizə məlumat verilir. Bir çox namizəd bu ərəfədə öz nümayəndəliyini geri çəkir. Rəqabət yüksəkdir və lobbiçilik çox vacibdir. Seçkilər günündə ancaq hüququ olan cəmiyyət və təşkilatlar səs verə bilir. İstər bir təşkilatda 100 üzv olsun, ancaq hər regiona 2 səsvermə hüququ var; 1 səs xanım, 1 səs kişi nümayəndəsinə. Çıxışlarda hər nümayəndənin 2 dəqiqə vaxtı var. Sonra hər kəs səs verirbir neçə saat içərisində nəticə məlum olur.

- Norveçdə bələdiyyələrdə sizdən başqa təmsil olunan azərbaycanlı varmı?

-25 may 2016-cı il tarixində 45 səsvermə hüququ olan cəmiyyət və təşkilatlardan 44 səs aldım. Bu günə kimi ən gənc və ilk azərbaycanlı xanım kimi seçildim. Mənim üçün və əsas vətənim üçün böyük bir uğurdur, xüsusilə mənimlə birgə iki başqa azərbaycanlı dostumuz da seçildi; Ramil Əliyev 30, Sərdar Əsədi isə 34 səs topladı.

3 azərbaycanlının seçilməsi böyük bir uğurdur. Biz birinci addımı atdıq. Norveçdə tarix yazdıq. Ümid edirəm ki, Norveçdə yaşayan gənc azərbaycanlılara yaxşı nümunə ola bilərik ki, onlar da gələcəkdə bizdən daha böyük uğurlar əldə edə bilsinlər. Ən böyük arzum budur ki, Norveç parlamentində Azərbaycan əsilliləri görəm.

- Bir əcnəbi bələdiyyə üzvü olaraq yerli xalqın sizə münasibəti necədir?

-Mən bu günə kimi ürəyimdəkiləri danışmışam və gördüyüm işlər fərqlənir. Xarakter olaraq işimə diqqətliyəm, dünyagörüşüm genişdir və insansevərəm.

Mənə münasibətləri çox pozitivdir, çünki Norveç doğumluyam, onlar kimi danışıram, onların adət-ənənələrinə bələdəm, hörmət göstərirəm, ancaq öz əslimi və nəslimi də tanıyıram və tanıtdırıram.

Bələdiyyədə bir çoxu atamı da tanıyır və mənə deyirlər ki, ailəcə inteqrasiya nümunəsiyik. Bu da məni çox sevindirir, bir çoxu məni yarınorveçli bilir. Mən ancaq fəxr ilə deyirəm ki, azərbaycanlıyam. Bir çoxları kimi, mən heç vaxt utanmamışam ki, əcnəbiyəm. Bunu böyük avantaja çevirmişəm və dilə də gətirirəm. Əsas buna görədir ki, mənə pozitiv münasibətləri var.

- Ümumiyyətlə, Norveçdə bələdiyyələrə inam hansı səviyyədədir?

-Yüksəkdir və xalq bizi yeri gələndə tənqid və təbrik edir. Xalq bizi təqib edir və bizə inanır. Narazılıqlarını dilə gətirirlər, çünki biz seçkilərdə onlara söz verdik. Mənim üçün söz vermək o sözün ağırlığının fərqində olmaq deməkdir. Bir işi görə bilməyəcəyəmsə, kimsəyə söz vermərəm. Mütləq verdiyim sözü tuturam, yoxsa vicdanım başqa cürünə əl verməz. Ayrca xalq və siyasətçilər də bunun fərqindədir. Qatıldığım hər tədbirdə pozitiv sözlər eşidirəm. Son vaxtlarda bir necə böyük tədbirdə iştirak etmişəm və tez-tez təkliflər gəlir. Bu mənim üçün o deməkdir ki, verdiyim sözləri tutduğum üçün mənə yanaşırlar.

 

Fuad Hüseynzadə

 

Palitra 2018.- 10 yanvar.- S.7.