Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”

 

“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması bizi qürurlandırdı”

 

Prezident İlham Əliyev 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İlielan etməsi xaricdəki soydaşlarımızı da sevindirib. Belə ki, Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova

öz sevincini bizimlə bölüşdü: “Bu günlərdə Prezident İlham Əliyevin çox yerinə düşən və qiymətli jesti hər bir vətənpərvər azərbaycanlı kimi, mənim də qəlbimi iftixar hissi ilə doldurdu. Cənab Prezident yenicə qədəm qoyduğumuz 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ilikimi təqdim etdi. Qürurumuz sonsuzdur, çünki 20-ci əsrin əvvəllərində ilk Demokratik Respublika məhz doğma Azərbaycanımızda yarandı. Ömrü qısa olsa da, Vətənimizin demokratiya və müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. İllər, əsrlər ötsə də 1918-ci il bizə daim qürur gətirəcəkdir. Bu tarixi hadisədən 100 il keçməsinə baxmayaraq hörmətli Prezidentimiz tariximizin dəyərli səhifəsini bir daha canlandıraraq millətimizi bu tarixi yaşatmağa səslədi. Ulu əcdadlarımızın bizə qoyub getdikləri qiymətli miras illər ötdükcə yaddan çıxmır, əksinə qədirbilən ulu öndərimiz Heydər Əliyev və Prezidentimiz İlham Əliyev tərəfindən dəyərləndirilərək xalqın yaddaşına qızıl hərflərlə yazılır”.

Minəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı keçirəcəkləri tədbirlər haqqında da danışdı: Biz də, ABŞ-da yaşayan azərbaycanlılar olaraq, 2018-ci ili, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini layiqincə qeyd etmək, bu mirası bizə qoyub gedən vətənpərvər liderlərin ruhunu şad etmək məqsədilə əlimizdən gələn tədbirlərin həyata keçirilməsinə var gücümüz ilə çalışacağıq. Yaşadığımız ölkələrdə Vətənimizin daha yaxından tanınması, onun 100 il bundan qabaq öz dövrünə görə ilk olan demokratik bir dövlət olmağa çalışması və qısa da olsa bir müddətdə, yəni 23 ay müddətində buna nail olması haqda olan həqiqətləri ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Qoy, 2018-ci il müasir demokratik Azərbaycanımız üçün düşərli, uğurlu il olsun!”.

 

Fuad Hüseynzadə

 

Palitra  2018.- 12 yanvar.- S.7.