Seyid Əzim Şirvaninin nəticəsi Özbəkistanda evlə təmin olunub

 

Fatma Quliyeva: “Bu səfirliyin Azərbaycan adından mənə ən böyük qayğısıdır”

 

Məlum olduğu kimi görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Əminağa qızı Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır.

O, 1941-ci ilin fevral ayında Türkmənistanın Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Anasının anası Seyid Əzimin doğma qızı seyid Fatma olub.

Qeyd edək ki, 77 yaşlı Fatma Quliyeva vətəndaşlığı olmadan Daşkənd şəhərində yaşayış üçün acınacaqlı olan və şəraiti olmayan bir yataqxanada ehtiyac içində ömür sürür.

Fatma Quliyeva Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyevə müraciət edərək, səfirlikdən dəstək xahiş etmiş, hətta Azərbaycana qayıdaraq, vətəndaşlıq alaraq öz ata yurdunda həyatını davam etmək istədiyini bildirib.

Ötən müddət ərzində səfirlik Fatma Quliyevanı himayəyə götürüb, ona mütəmadi olaraq yardımlar, bayram sovqatları göndərir.

Fatma Quliyevanın həyat şəraitinin acınacaqlı olması, habelə onun yaşlanması və bu vəziyyətin davam etməsi səfir Hüseyn Quliyevi azərbaycanlı iş adamlarına müraciət etmək məcburiyyətində qoyub. Səfirin müraciəti cavabsız qalmayıb. Azərbaycanda xeyirsevər iş adamları Mirfalah Cabbarov və Cavid Səbzəliyevin dəstəyi nəticəsində Fatma xanım üçün Daşkənddə Sergeli rayonu 6, ev 9 ünvanında xüsusi ev alınıb.

Fatma Quliyeva ona göstərilən bu dəstəyə, habelə dahi şair Seyid Əzim Şirvani irsinə diqqət və qayğıya görə səfir Hüseyn Quliyevə, iş adamlarımıza öz dərin təşəkkürünü bildirib.

O, qeyd edib ki, “Mən sanki bu gün bir yuxu görürəm. Uzun illər yataqxanada şəraitsiz vəziyyətdə yaşamaq sağlamlığımız üçün də problemlər yaradırdı. Bu Azərbaycan səfirliyinin Azərbaycan adından mənə ən böyük qayğısıdır. Mən bu dəstəyi ömrüm boyu unutmayacağam. Həyatda çox çətinlik gördüm. Allaha şükür ki, ev vəziyyətimiz Azərbaycan səfirliyinin, şəxsən Hüseyn Quliyevin uzun illər apardığı davamlı iş, müraciətləri nəticəsində öz həllini tapdı. Mən əminəm ki, babam Şirvaninin ruhu şad oldu. Xalqımıza, dövlətimizə öz minnətdarlığımı bildirir, daim dualarım onlarladır.

Ümid edirəm ki, mənim ürəyimdə illərlə saxladığım - Azərbaycana, babamın və yaxınlarımın uyuduğu doğma Şamaxıya köçmək barədə arzum hörmətli Prezidentimiz İlham Əliyevə çatacaq və ömrümün ahıl vaxtında da olsa mən Azərbaycan vətəndaşlığı alaraq ana torpağıma qovuşacam”.

 

Tural Tağıyev

 

Palitra  2018.- 26 yanvar.- S.13.