Qısa ömrün örnək olan səhifələri

Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə

Ölümün insana başucalığı gətirə biləcəyini bilmirdim. Şərəfli ömür, şərəfli ölüm hərkəsə nəsib olmayan bir zirvəymiş. Həyatda bəzi dəyərlərimiz var idi ki, onlar səndən sonra çox dəyişdi. Artıq Üçrəngli Bayrağımıza baxanda Səni görürük, himnimizi eşidəndə ilk öncə Sən gəlirsən ağlımıza, yoldan bir əsgər keçəndə az qalırıq qucaqlayıb bağrımıza basaq. Budur Sənin bizlərə əmanətin!

Səni heç xatırlamırıq da, çünki heç yadımızdan çıxmırsan ki, xatırlayaq da. Getdiyimiz tədbirlərdə, oxuduğumuz qəhrəmanlıq hekayələrində də Səndən danışırlar. Sosial şəbəkələrdə hamı Səni paylaşır, hamı Sənin igidliyindən, şücaətindən söz açır...

Türkiyənin İzmir şəhərindən 2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümündə Azərbaycan sevdalı dostumuz Asif Kurbandan aldığımız məktub bu sətrlərlə başlayır. Məktuba Aprel döyüşlərinin qəhrəmanlarından birinin--Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin həyat yolundan danışan bir məqalə də əlavə edilib.

Polkovnik-leytenant Murad Mirzəyev kim idi? 

Bu sətirləri yazarkən onun haqqında, yoxsa başqa biri haqqında yazdığımı öz özümə sual edirəm. Bir gün Murad haqqında belə bir məqalə yazacağımı nəinki  düşünməmişdim, heç ağlıma da gətirməmişdim. Demək ki, qismətdə bu da varmış. Bu da Allahın ona bəxş etdiyi, hərkəsə nəsib olmayan əbədi qəhrəmanlıq, şəhidlik zirvəsi, alın yazısıymış demək...

Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun          Muğangəncəli kəndində sadə bir ailədə dünyaya göz açmış, ilk təhsilini də elə bu kəndin məktəbində almışdı. 1990-cı illərin əvvəlində ölkədə baş verən hadisələrə Murad da biganə qala bilmədi. Vətənin ağır günündə hərbi sahədə təhsil almağı, hərbçi olmağı özünə borc bildi. Ailə bu arzunu tərəddüdlə qarşıladı, lakin o  nəyin bahasına olursa olsun, hərbi təhsil almalı, yeni qurulan ordumuzda zabit olmalı, general rütbəsinə qədər yüksəlməli, Vətəninə, xalqına layiqincə xidmət etməli idi... Onun bu iradəsi qarşısında valideyinlərinin deyəcəyi söz, edəcəyi iş qalmamışdı artıq. 

      Murad qoç bürcü idi. Ad günü 31 marta Azərbaycanlıların Soyqırım gününə təsadüf etdiyindən heç vaxt qeyd etməzdi. Şəhid olduğu 3 aprel tarixindən 3 gün öncə 40 yaşı tamam olmuşdu. Ailə üzvüləri, qohum-qardaşları da  onu hər zaman iyun ayının 26-sında--Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə təbrik edirdilər. Muradın əsl bayramı da, elə ad günü də məhz o gün olurdu...

 C.Naxçıvanski adına Hərbi Lisey, sonra da Türkiyə...

1991-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olanda illərdir xəyalını qurduğu həyatın, yolun başına gəlmişdi sanki... Təhsil illəri Birinci Qarabağ müharibəsinə təsadüf etdiyindən 1992-ci ildə Vətənin müdafiəsi üçün, Ağdam cəbhəsində düşmənə qarşı vuruşmaq üçün könüllü olaraq hərbi komissarlığa müraciət edir. Lakin yaşının yetərsiz olması ilə əlaqədar müraciəti qəbul edilmir və təhsilinə davam etməsi tövsiyə olunur. Beləcə, 1994-cü ildə C.Naxçıvanski adına  Hərbi Liseydə yüksək dərəcə ilə ilk hərbi təhsilini tamamlayır.

1994-cü ilin iyun ayında Türkiyə Alı Hərbi Quru Qoşunları Məktəbinə (Kara Harp Okulu) daxil olur və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə birinciliklə bitirir. Diplomu və xatirə “Qılınc və məzun üzüyü” o zaman Ümummilli liderimiz Heydər Əliyev  Türkiyə Cumhurbaşkanı mərhum Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Eyni dövrdə təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbə məzun arasından Murad birinci seçilərək “Onur Başkanı” təyin olunur. 1998-ci il sentyabrından “Eyirdir Dağ Komando” məktəbində 3 aylıq kurs keçir, 1999-cu ilin yanvar ayından İstanbulda yerləşən “Tuzla Piyada məktəbi”ndə yeni kursa göndərilir və həmin ilin iyul ayında kursu müvəqqətiyyətlə bitirir. 1999-cu ilin iyul ayından Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında taqım komandiri vəzifəsində xidmət edir.

Muradın Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında taqım komandiri vəzifəsində xidmət etməsini yaxın  qohumları, hətta həyat yoldaşı Fizzə xanım  da Murad şəhid olduqdan sonra tərcümeyi halını oxuyarkən öyrənirlər. Hərbi sirlərlə dolu həyatının bir dövründə belə bir səhifə də varmış demək...Sən demə illərdir canlı bir əfsanə, igid, qəhrəman bir şəxslə qohum-döst  olduğundan kimsənin xəbəri belə yoxmuş...

Qüsursuz xidmət və ABŞ, Türkiyə, Rumıniya...  hərbi kurslarında 

11 aprel 2016-cı il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəhid pilotlar və Murad Mirzəyevlə keçirilən vida mərasimində Muradın keçdiyi həyat yolu, tutduğu vəzifələri barədə məlumat verilərkən təyin olunduğu hər vəzifəsində, ümumilikdə xidmət etdiyi illər boyu daim yüksəlişdə olması və Vətənə qüsursuz xidmət etməsi xüsusilə vurğulandı. O, 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmrinə əsasən motoatıcı taqım komandiri, 1999-cu ilin dekabr ayından kəşfiyyat bölüyündə kəşfiyyat taqım komandiri vəzifəsində xidmət edir. 2000-ci ildən 2016-cı ilə kimi xüsusi təyinatlı qrup komandirinin müavini vəzifəsindən, xüsusi təyinatlı hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlir. Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Qüsursuz xidmətə görə” (2 dəfə), “Hərbi xidmətdə fərqlənməyə görə” (2 dəfə), “Azərbaycan Respubliksı Silahlı Qüvvələrinin yubiley medalı  (3 dəfə) olmaqla 7 fəxri medalla təltif edilir. 

Eyni zamanda hərbi xidməti dövründə Murad Mirzəyev 2005-2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş “Ranger” kursunda hərbi təhsil alır. Qeyd edək ki, xüsusi təyinatlılar üçün nəzərdə tutulan “Ranger” müasir hərbin ən ağır təlimli və ən çətin kurslarından hesab edilir.  Murad təlim nöqtələrində normativləri amerikalı və ingilislərdən  cəld yerinə yetirərək, bu çətin kursu müvəffəqiyyətlə bitirən ilk və yeganə Azərbaycanlıdır. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən hərbi kurslarda iştirak etmiş və bu kursları da üstün dərəcə ilə başa vurmuşdur. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilirdi.

2-5 aprel 2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant olaraq döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərərək, komandiri olduğu hərbicilər ilə birlikdə yüzlərlə ermənini məhv edərək və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra ən yüksək fəxri ada - Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

Biz səni təkcə Murad adı eşidəndə xatırlamayacağıq...

Həyatda bəzi insanlar var ki, qısa ömrünə böyük dastanlar sığdırırlar... Murad da həyatda iz qoyan, 40 illik ömrünə belə şanlı səhifələr yazılmış nadir və seçilmiş insanlardan idi... Özündən sonra gələn nəsillərə vətənpərvərlik, igidlik, qəhrəmanlıq amalını ərməğan etdi.

Bu gün Muradı qəlbində, xatirələrində daim yaşadan və yaşadacaq, “Murad və Fizzə”ni tək ürəkdə birləşdirmiş çox sevdiyi həyat yoldaşın Fizzə, Vətənə yadigar qoyub getdiyi övladların Nurlan və Dəniz, onları heç vaxt yalnız qoymayacağına and içmiş  yaxınları və ən əsası Azərbaycan xalqı, Azərbaycan Dövləti var. Məzarında rahat yat əziz qardaşım, gözün arxada qalmasın, cənab Polkovnik,  sənin yadigarların artıq bu Vətənə əmanətdir.

Biz səni sadəcə Murad adı eşidəndə xatırlamayacağıq. Biz hər Talış kəndi, Tərtər, Ağdərə, Laçın, Şuşa, Qarabağ, Üçrəngli Azərbaycan bayrağı, Vətən, Azərbaycan eşidəndə səni xatırlayıb yad edəcəyik... Qısa, lakin çox mənalı ömrünün  yaddaşımıza xoş xatirələr yazdığın üçün, bizlərə belə bir fəxarət hissini yaşatdığın üçün,  xalqımızın, Dövlətimizin başını uca tutduğun üçün sənə təşəkkür edirik. Sənin hər zaman söylədiyin kimi: Mən bir gün Vətən uğrunda şəhid olsam, başınızı dik tutun, sadəcə “Vətən sağ olsun” deyin. Cənab Milli Qəhrəman, cənab polkovnik Mirzəyev, indi belə deyirik artıq: Vətən sağ olsun!

Sən gedəndən sonra evindən qonaq-qaran heç çəkilmədi. Fizzəni, Nurlanı, Dənizi sənə söz verdiyimiz kimi yalnız qoymuruq. Həqiqət xanım,  Səlim müəllim artıq sənin evinin daimi sakininə çevrildilər...Övladların hələ də yolunu səbirsizliklə gözləyir, hey səndən danışırlar, hər telefon zəngi gələndə “Ana bəlkə atamdır” deyə ürəyimizi parçalayırlar, hələ də özümüzdə cəsarət toplayıb onlara Sənin əbədiyyətə qovuşduğunu deyə bilməmişik...

Hələ də hər gün səninlə bağlı bir hadisə, bizdən gizlətdiyin, sirr kimi saxladığın, səninlə fəxr etməmizə imkan vermədiyin uğurunu eşidirik, həyatdaykən sənə layiqi qiymət verə bilməmək təəssüfünü yaşayırıq.İnsanlar səni paylaşa-paylaşa bitirə bilmirlər. Heç tanımadığımız birinin komandiri, birinin dostu, başqa birinin həyatını qurtaran qəhrəmanı, birinin kursant yoldaşı, birinin döyüş yoldaşı, birinin isə sirdaşı olmusan.Hər kəsdə səni sahiblənmə, sənin ona daha yaxın olman qüruru var...

40 mərasimində  keçdiyin şərəfli  həyat yolunu tanıtmaq məqsədilə “Milli Qəhrəman Murad Mirzəyev guşəsi” təşkil etdik. Ətraf Səni ziyarətə gəlmiş insanlarla yanaşı,  gənclərlə, uşaqlarla doldu daşdı. Şəhidlik zirvəsindən sonra da vətənpərvərlik nümunəsi olmaqda davam etdin, gənclərdə xüsusi təyinatlı əsgər, zabit olmaq, Vətənə layiqincə xidmət etmək, Vətən uğrunda canından keçmək, şəhid olmaq  qığılcımını atəşlədin. Xalqımızda illərdən bəri həsrət qaldığımız Qələbəyə inam əzmini, sevincini təkrar oyatdın...

 İndi Murad Mirzəyev gənclərimiz üçün, gələcəyimiz üçün vətənpərvərlik nümunəsidir. Həyatda ən ali məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi idi. Geyindiyi əsgər formasına o qədər önəm, dəyər verirdi ki... Bir gün rayonda yaşayan qohumlardan biri həyat yoldaşı Fizzə xanımdan geymədiyi köhnə əsgər forması istəmişdi. Fizzə Murada bunu deyəndə Murad: “O forma bizim uniformamızdır, onun üstündə şəhidlərimizin qanı, Azərbaycanın bayrağı, mənəvi dəyərlərimiz var. O forma adi iş görülərkən geyiləcək, ucuzlaşdırılacaq forma deyil” demişdi.

Murad şəhid olana kimi bir ailənin qəhramanıydı, indi bütün Azərbaycan xalqının, millətinin qəhramanına çevrilmiş artıq. Qəhramanımızla keçirilən vida mərasimi də, Fəxri xiyabanda dəfn olunması da Dövlətimizin Murada verdiyi layiqi qiymətin bariz nümunəsidir. Dəfn mərasimində bir daha  şahidi olduq ki, xalq öz qəhrəmanını qəbul etmiş, onu öz oğlu, qardaşı, balası kimi bağrına basmışdı.

Həyat hər şeyə rəğmən davam edir. Heç kəs həyatda daimi deyildir. Bir gün  Allahın bizə yazdığı qədər ömür sürüb bu dünyadan köçəcəyik. Lakin tək təsəllimiz Murad Mirzəyev kimi qəhrəmanlıq salnaməsində öz yerləri olan, Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının Azərbaycan yaşadıqca, var olduqca yaşayacaq olmasıdır...  

                  Ucalır məzarına baş əyən başım

                  Mənim igid qardaşım, şəhid qardaşım!

   

                                                                                      Maqsud Həsənov

Palitra  2019.-3 aprel.- S.13.