Nəsimi və Quran

Dahi Azərbaycan şairi, milli ədəbiyyatımıza, poeziyamıza yeni bir üslub, gözəllik gətirən İmadəddin Nəsiminin 650 illik yubileyi dünya söz sənətinin möhtəşəm bayramıdır. Prezidentin 2019-cu il yanvarın 11-də imzaladığı Sərəncama uyğun olaraq bu il ölkəmizdə ”Nəsimi ili” elan edilib. Azərbaycanın hər yerində bununla bağlı müxtəlif tədbirlər keçirilir. Heç də təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1973-cü ildə dahi şairin 600 illik yubileyi UNESCO-nun xətti ilə beynəlxalq miqyasda qeyd olunub. Nəsimi öz yaradıcılığı ilə Azərbaycan-türk dilinin nə qədər zəngin bir dil olduğunu öz əsərlərindəki əlvan çalarlarla bütün dünyaya sübut edib. Əsrlərdir ki, dahi söz ustadının yaradıcılığı tədqiqatçılar tərəfindən araşdırılır, tədqiq olunur. Lakin buna baxmayaraq, bu günşairin zəngin yaradıcılığının araşdırılmasına ehtiyac duyulur. Xüsusən də Nəsiminin İslama, Qurana yaxınlığı barədə yazı və tədqiqatlar çox azdır. Bu yazıda Nəsiminin qəzəllərindən bir neçə beyti nümunə gətirməklə, onun İslamaQurana nə qədər yaxın olduğunuöz şerlərində Quran ayələrindən necə bəhrələndiyini oxucuların nəzərinə çatdırmaq istəyindəyəm.

 

İbrətnamə:

Olmaya ey nəfsi zalim, dünyaya aldanasan,

Ol səbəbdən düşəsən əndər cəhənnəm yanasan

 

Qeyd: Bu beytdə Nəsimi Quranın “Fatir” surəsinin 5-6-cı ayələrindən bəhrələnib. Ayələrdə belə oxuyuruq:

“Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!

Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır.”

Haqdürür, batil degil kim gögdən endi üç kitab,

Üçü mənsux oldu, şimdi həq degil fürqanə sən

 

Qeyd: Bu beytdə də Nəsimi “Rad” surəsinin 39-cu ayəsindəki, Allah tərəfindən göndərilən dörd kitabın üçünün mənsux olmasını, yəni qüvvədən düşməsini, yalnız Quranın sabit, toxunulmaz qalmasını nəzmlə xatırladır:

“Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.”

Qan töküb zülm eyləməkdir işlərin, ey nəfsi-şum,

Tanrıdan bir qorx axı, neyçün bu qana qanəsən?

Qeyd: Bu misralar ”Zariat” surəsinin 59-cu ayəsinə müvafiqdir ki, həmin ayədə buyrulur:

“Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini də əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!”

Bu əcəl meydanına heç kimsə qalmaz görmədin,

Başını qəbr içrə daşa urubən uyanəsən

Qeyd: Burada Nəsimi İslamın əsas şərtlərindən olan axirət gününün, sorğu-sual,hesab gününün haq olmasını “Ənam” surəsinin 2-ci ayəsini bizlərə nəzmlə xatırladır:

“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz

Hər nə görsən baxmagil, hər nə eşitsən duymagil,

Özünü yan tutmagil bu qeybətü böhtanə sən.

Qeyd: Qurana görə qeybət etmək, şər, böhtan atmaq “günahi kəbirə”-yəni böyük günahlardan hesab olunur. Nəsimi də burada ”Hucurat” surəsinin 6-12-ci ayələrindən bəhrələnib:

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!

(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!

Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!

Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir

“Həq tərazının gözündən zərrə nöqsan olmaya,

Xeyrü-şər,nikü-bədinlə gələsən mizanə sən”

Qeyd: Burada da Nəsimi “Zəlzələ” surəsinin 7-8-ci ayələrini nəzmə çəkib:

“Kim (dünyada) zərrə qədər yaxşı görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

Kim zərrə qədər pis görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).”

Uyma qəflət uyğusunda, qıl namaz,eylə niyaz

Əlini qaldır, yüzün dut rəhməti-rəhmanə sən.

Qeyd: Namaz Allaha dua etmək haqqında Quranda əmr şəklində gələn ayələr çoxdur. “Bəqərə” surəsinin 110 ayəsi bu beytə çox yaxındır:

“Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah etdiklərinizi görəndir

Kəsmə rəhmətdən ümidin, gər günahın Qaf ola,

İyrə haqqın rəhməti, bir dəmdə yarlıqanasən

Qeyd: Bu misralar “Yusuf” surəsinin 87-ci ayəsindən götürülüb:

 

“Oğullarım! Gedin Yusifdən qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər

Ey Nəsimi, cahan əndişəsindən fariq ol,

Sidq ilə bel bağla daim həzrəti Sübhanə sən.

Qeyd: Nəhayət bu axırıncı beytdə Nəsimi özü-özünə nəsihət edib deyir ki, bu dünyanın,nə axirətin fikrin et.Allahın yolunda olub, qayda-qanunlarına riayət edib,sidq ilə Allaha bel bağlamaqla, həm bu dünyanın, həm axirəin xeyrini görmüş olarsan.

Nəsiminin eyni zamanda Əhli-beytə məhəbbəti haqqında da çoxlu sayda şeirləri var:

 

Mən qulami-xanidanəm, padişahımdır Əli,

Ehtiyacım var ona, püştü-pənahımdır Əli,

Könlümü qıldı münəvvər,mehribanımdır Əli,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,

Sözləri ilə bu cahan mülkünə pərvaz etdilər,

Həmdülillah biz gədanı məhrəmi raz etdilər,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,

Dünyayi üqbadə sərtacım Hüseyni Kərbəla,

Nuri çeşmimdir imam Zeynül-İbad,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Cani dildən bəndeyi Baqir qulami Cəfərəm,

Museyi-Kazim, imam Rzaya kəmtərəm,

Şah Təqi, baba Nəqi yolunda bəstərəm,

Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

 

Masəva tərk eyləyib bizləri diyari rəhlətə,

Hakim onlardır bu gün,layiqdir onlar hörmətə,

Laf edənlər uğrayırlar bu cahanda möhnətə,

Qibləgahımdır Mühəmməd,səcdəgahımdır Əli.

 

Cümləmiz arzu edənlər,Əsgəriyyə əsgərüz,

Mehdiyi-Sahib-Zamana biz təvəlla eyləriz,

Həmdülillah eylə ey Nəsimi, yolunu gözləriz,

Qibləgahimdir Mühəmməd, səcdəgahımdır Əli.

 

Hacı Yunus Qobulu

Palitra 2019.- 13 dekabr.- S.15.