Dahi dramaturq Cəfər Cabbarlının Xızıdakı ev-muzeyi əsaslı təmir olunub

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyində əsaslı təmir-bərpa işləri başa çatdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1899-cu il martın 20-də dünyaya göz açan Cəfər Cabbarlı 2 yaşına kimi bu evdə yaşayıb. Üç otaqdan ibarət birmərtəbəli ev görkəmli dramaturqun həyat yoldaşı Sona xanım Cabbarlının təşəbbüsü ilə 1956-cı ildə ictimai əsaslarla ev-muzeyi kimi fəaliyyətə başlayıb. 13 ildən sonra muzey kimi qeydiyyata alınıb.

Təmir-bərpa işlərinə sentyabr ayının əvvəlindən başlanılıb. Tikinti işləri zamanı görkəmli dramaturqun yaşadığı evin özündə dəyişiklik edilməyib. Həyata keçirilən layihə çərçivəsində qoruyucu şüşəbənd daha müasir formada tikilib, muzeyin həyətində yeni inzibati otaqlar inşa olunub, istilik, işıqlandırma və təhlükəsizlik sistemi qurulub.

Muzeyin direktoru Həcər Rəsulova bildirib ki, təmir-bərpa işləri başa çatdırılıb və muzey yanvar ayında təhvil veriləcək. Yaxın günlərdə Mədəniyyət Nazirliyinin mütəxəssisləri ev-muzeyində daxili tərtibat işlərini həyata keçirəcək. Bundan əlavə, muzeyin həyətində Cəfər Cabbarlının büstünün qoyulması da nəzərdə tutulub.

Qeyd edək ki, sonuncu dəfə 1999-cu ildə böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar muzeydə yenidənqurma işləri aparılıb, ətrafına qoruyucu şüşəbənd çəkilib. Həmin il Xızı şəhərinin mərkəzində Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldılıb.

Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap olunan məqalələri təşkil edir. Muzeydə, ümumilikdə, 520 eksponat saxlanılır. Diqqətçəkən eksponatlar arasında Cəfər Cabbarlının körpə vaxtı yaşadığı evin kiçildilmiş maketi və anası Şahbikə xanımın gündəlik istifadə etdiyi məişət əşyaları da var. Muzeydə dahi dramaturqa məxsus mürəkkəblə yazan qələm də saxlanılır.

Hər il yüzlərlə insan ev-muzeyi ziyarət edərək, Cəfər Cabbarlının həyat və yaradıcılığı ilə bağlı eksponatlarla tanış olur. Ziyarətçilər arasında Xızıya qonaq gələn ədəbiyyatsevər turistlər və məktəblilər üstünlük təşkil edir.

Palitra 2019.- 17 dekabr.-  S.13.