“Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir”

Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir”

Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür”. Bu sözləri Prezident İlham Əliyev Real televiziyasına müsahibəsi zamanı söyləyib.

“Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm”

Prezident deyib ki, eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq: “Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik. Bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaq

Prezident deyib ki, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır: “Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik. Bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir. Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyadakim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olubolacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq”.

Tural Gəncəliyev: “İşğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin "nümayəndəsi" danışıqlar prosesinə xələl gətirir”

Qeyd edək ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsi" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin nümayiş etdirdiyi konstruktiv mövqeyə baxmayaraq, səsləndirdiyi növbəti fikirləri ilə aparılan vasitəçilik səyləri və danışıqlar prosesinə xələl gətirir. Özünü Dağlıq Qarabağda yaradılan qanunsuz rejimin qondarma "xarici işlər naziri" kimi təqdim edən Masis Mailyanın fikirlərini şərh edən icma rəhbəri vurğulayıb ki, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qanunsuz rejimin Dağlıq Qarabağın azərbaycanlı icmasının öz əzəli torpaqlarına geri dönüşünə mane olması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının əsarət altında saxlanılması müstəvisində hansı sülhdən danışmaq olar: "Masis Mailyana xatırlatmaq lazımdır ki, Ermənistandan fərqli olaraq Azərbaycan, müxtəlif etnik nümayəndələrin daim sülh, birgə və mehriban qonşuluq şəraitində yaşadığı yer olmuşdur. Erməni təcavüzündən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmaların birgə mövcudluğu bunun bariz nümunəsidir. Lakin nədənsə iki icmanın sülh şəraitində mövcudluğu Masis Mailyan kimilərinin xoşuna gəlmədi. Azərbaycana qarşı aparılan hərbi təcavüz, erməni millətçiləri tərəfindən təşviq edilən etnik nifrət siyasəti yüzminlərlə azərbaycanlının öz torpaqlarından qovulması və öldürülməsi ilə nəticələndi. Britaniyalı journalist Tomas de Vaalın "Qarabağ" kitabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan tərəfindən Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikir heç kəsin yadından çıxmayıb: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik". Təkcə bu faktı qeyd etməklə etnik nifrət və düşmənçilik hisslərinin haradan qaynaqlandığını müəyyən etmək elə də çətin deyil. Qanunsuz rejimin indiyə qədər nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən geri cəkilməyin, etnik nifrət və düşmənçilik hisslərinə son qoymağın vaxtı çoxdan yetişib. Yaxşı olardı ki, Masis Mailyan və ətrafındakılar qarşı tərəfi ittiham etmək əvəzinə, itirilmiş imkanların geri qaytarılması barədə düşünsünlər və münaqişənin tənzimlənməsinə xələl gətirən bəyanat və şərhlərdən çəkinsinlər. Münaqişə tərəfləri arasında inamın yaradılması məsələsinə gəldikdə isə, biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına ünvanladığımız çoxsaylı müraciətlərimizdə dəfələrlə icmalararası konstruktiv dialoqun aparılması və təmasların qurulması çağırışlarını etmişik. İcmalararası dialoq xalqların gələcək sülhə hazırlanması müstəvisində müsbət töhvə vevə bilər. Lakin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndələri"nin bizim çağırışlarımıza cavab vermədən öz təxəyyüllərinin məhsulu olan "abstrakt" sülhdən danışmaları və torpaqlarımıza əsassız yerə iddia etmələri anlaşılmır. Məhz konstruktiv dialoq vasitəsilə müsbət atmosferin yaradılması, habelə hər iki icma üzvlərinin Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenidən sülh şəraitində birgə yaşayışı üçün zəmin hazırlana bilər. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülhsabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir".

Anar Miriyev

Palitra  2019.- 14 fevral.- S.11.