Daşkənddə Məhəmməd Füzuli adına mərkəzin açlışı olub

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində dahi şairimiz Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında yaradılan mərkəzə Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə ölkəmizə dair nəşrlər, əyani vasitələr hədiyyə edilib.

Qeyd edək ki, mərkəzdə xalqlar arasında dostluq, mədəni-ədəbi əlaqələrə dair guşələr, habelə dövlət atributlarımıza və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradılıb. Mərkəzdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin portretləri, dahi Füzulinin kitabları, əsərlərinə çəkilən miniatürlər yerləşdirilib.

AMM-nin direktoru Samir Abbasov Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan dilinə, ədəbiyyatına qayğı və diqqətin artırılması, bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edərək yaradılan mərkəzin əsas fəaliyyətinin Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi və təbliği olacağını bildirib. O mərkəzdə azərbaycanlı alimlərin, şairlərin, yazıçıların iştirakı ilə görüşlərin, mühazirələrin, yubileylərin, açıq dərslərin, sərgi və seminarların təşkil olunacağını, burada yaradılan kitabxananın Azərbaycana dair yeni nəşrlərlə təmin ediləcəyini söyləyib.

Universitetin rektoru, professor Şuxrat Siracəddinov Məhəmməd Füzulinin yaradıcılığına Özbəkistanda böyük sevgi olduğunu, elm, təhsil və ədəbi əlaqələr sahəsində mərkəzin xalqlarımız arasında dostluq, əməkdaşlıq sahəsində bir körpü rolunu oynayacağını vurğulayıb. O, yaradılan mərkəz vasitəsilə universitetin müəllim və tələbələrinin Azərbaycanla, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış ola biləcəklərini və mərkəzin tədqiqatçılar, tərcüməçilər üçün yeni imkanlar açacağını söyləyib. Şuxrat Siracəddinov yaradılan mərkəzə görə AMM-yə təşəkkür edib.

Açılış mərasimində iştirak edən alimlər mərkəzin iki ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan dilinin tədrisi, habelə Azərbaycan ədəbiyyatı və tarixinin öyrənilməsi üçün gözəl imkan açdığını bildiriblər və mərkəzin işinə uğurlar arzulayıblar.

Sonda Samir Abbasov mərkəzə milli mədəniyyətimizi özündə əks etdirən Azərbaycan xalçası və suvenirlər bağışlayıb.

Palitra  2019.- 1 noyabr.- S.13.