Şıxlıdan gəlmiş işıqlı adam

(əvvəli ötən sayımızda)

Hər iki qəhrəman millidir və hər ikisi milli keyfiyyətlərin daşıyıcısıdr, lakin sinfi mübarizə meydanına çəkilmiş Gəray bəyin obrazı tam açılmır:

Kürün qumsal sahilində qaşlarını çalaraq,

Qamçısını döyür suya hiddətindən Gəray bəy...

Üç aydır ki, ormanların arasında yataraq,

Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy.

Qamçısını döyür suya hiddətindən Gəray bəy!

Əlbəttə, konkret zaman və məkan müstəvisində görə bildiyimiz Gəray bəydən fərqli olaraq Cahandar ağanı tam, bütöv görmək mümkündür. Yeri gəlmişkən, obrazın bu qədər canlı alınması İsmayıl Şıxlı üslubunun mükəmməlliyi, bədii dilinin obrazlılığı ilə bağlıdır.Həmin üslub mükəmməlliyi və dil obrazlılığıdır ki, Cahandar ağanın bütün cizgilərini göstərə bilir:Cahandar ağa dumanlanmış gözlərini axar suya zillədi. Kür əvvəlcə sakit göründü. Elə bil sular mürgüləyirdi, hələ səhər yuxusundan ayılmamışdı. Ancaq bu sükut uzun sürmədi. Kür sanki birdən diksinib çalxalandı. Cahandar ağaya elə gəldi ki, ləpələr baş-başa qalxıb toqquşdu. Çayın sinəsi qabarıb qalxdı, qollar ağız-ağıza qovuşdu, adalar yox oldu. Su daşıb hər yeri, o taydakı meşəni, sahildəki cələni, yaxındakı kənd evlərini ağzına aldı, yarğanları vurub dağıtdı, hər yer suya qərq oldu. Kişi yəhərin üstündə dikəlmək istədi. Bacarmadı. Ağırlaşdı. Müvazinətini itirdi. Atın boynuna yıxıldı. Elə bil at da hər şeyi anladı. Başa düşdü ki, ayaq saxlamaq, Kürün bu üzündə qalmaqarxadan gələnlərin əlinə keçmək olmaz. Var gücünü topladı. Qarşısına yarğan çıxdı, dayanmadı. Atıldı. Onunla bərabər yarğan da uçdu. Kür çalxalandı. Ləpələr döş-döşə gəldi. Suyun üzünə duman çökdü. Kür qəzəblə uğuldayıb özünü yarğanlara çırpdı...” ( “Dəli Kür ).

“Dəli Kür” romanının çap edilən I hissəsi sözün həqiqi mənasında, ədəbi tənqiddə şok effekti yaratdı. Həmin effektin təsiri idi ki, Azərbaycan ədəbiyyatının olduğu kimi, Azərbaycan ədəbi tənqidinin də ən görkəmli nümayəndələrindən biri Mehdi Hüseyni belə heyrətləndirmişdi. O, heyrətini 1962-ci ilin noyabrında İsmayıl Şıxlıya yazdığı məktubunda bu cür ifadə edirdi: "Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı".

Mehdi Hüseynin özünü belə sarsıdan roman 1966-cı ildə tamamlandı. Əsərin bədii uğuru ancaq obrazlar toplusunun mükəmməliyi ilə bağlı deyildi, bu, problem- situsiyanın gərginliyi ilə də ölçülə bilməzdi. Müəllif, sadəcə olaraq, oxucusunun genetikasına hopmuş, az qala unudulmuş, ilğım kimi görünən keçmişini hansısa ideologiyanın fokuslandırmasından kənarda təqdim edə bilmişdi.

Bəli, “Dəli Kürbizim keçib gəldiyimiz yolların bir parçası idi.O elə bir yoldur ki, dəyişən zamanla bərabər, dəyərlərin tərəddüddlər içərisində qalmasını gözləyə bilməz.İsmayıl Şıxlı romanındabu yolun səmtini araşdırır, adi bir məişət hadisəsi ilə başladığı romanını həmin yolun ziddiyyətləri ilə daxili çarpışmanın ölüm-qalım mübarizəsinə çevirdiyi ictimai hadisələrin epik löhvəsini təqdim edir. Bütün bunları müəllif hər biri biləvasitə Cahandar ağaya bağlı obrazlar yaratmaqla bacarır. Zərnigar xanım və Mələk, Şamxal və Çərkəzdən başlamış epizodik Gəmiçi Qocaya və Tapdığa qədər, Allahyar qarışıq bu obrazların yartadığı səhnə o yolun bir hissəsidir. Digər tərəfdə, yolayrıcında,elm çırağının işıqlandıracağı qaranlıqların içindəki cəhalətin ortaya qoyduğu gerçəkliklərin görünməsindən vahimələnən Molla Sadıq dayanır. Molla əmindir ki, “Zayeji yaşıllaşdıran Rus Əhmədin və Aleksey Osipoviçin oxutdurmaq üçün dilə tutduqları əşrəflər onunonun kimilərinin kabusudur.

İsmayıl Şıxlı bütün şüurlu həyatı boyu “cəhalət zülmət, elm işıqdır” – inancına sadiq olmuş ziyalılardandır.

Onun birmənalı qənaətini mühazirələrində oturmuş tələbə kimi şəxsən müşahidə etmişəm. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi işə başladığı, xarici ölkələr kafedrasının müdiri kimi hər məqamda tələbələrini o işığa qovuşdurmaq üçün can atırdı. Tələbələrinin hər biri kimi mən də xatırlayıram ki, İsmayıl Şıxlı həmin işığın mənbələrindən biri kimi xarici ölkələr ədəbiyyatına nə qədər önəm verirdi. Elə o önəmin nəticəsi idi ki, “XIX əsr xarici ədəbiyyat tarixini 1964-cü ildə rus dilindən tərcümə edərək çap etdirdi. Digər iki müəlliflə birgə (M.Ə.Tahirli və M.B. Həyatzadə ilə) sonralar “XVIII əsr xarici ədəbiyyat tarixini yazaraq nəşr edilməsinə nail oldu və 1974-cü ildə “XX əsr xarici ədəbiyyat tarixini yazdı.

İsmayıl Şıxlı çoxsaylı oxucuları üçün unikal yazıçı olaraq qalacağı kimi, onun mühazirələrini dinləmiş tələbələri üçün də qayğıkeş olduğu qədər də tələbkar müəllim kimi yaşayacaq. Ona da əminik ki, həmin insanlar yazıçının sevə-sevə, bir az da qürurla təsvir etdiyi parçaları oxuduqca Azərbaycanı daha artıq sevəcəklər:

Günbatan çağı, Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz dağlardan xəfif meh əsdi. Otların, dəmyələrin əkilmiş sinəsi laləli taxılların üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi çəkilmiş , nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki ulğun kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir, orada isə ağacların başına dolanıb yox olurdu” (“Dəli Kür”).

 

Mahirə Hüseynova

ADPU, Filologiya fakültəsinin dekanı,

filologiya üzrə elmlər doktoru, professor

Palitra  2019.- 8 noyabr.-  S.12.