Nəsimi, muğamlarımız və müasirlik

İmadəddin Nəsimi – 650

Azərbaycan muğamının, çoxsaylı nemətlər arasında yüksək mövqeyini hər vaxt saxlayan, heç vaxt qiymətdən düşməyən təbii bala olduqca bənzəri var. Əlbəttə, təkcə həzinlikdən doğan şirinliyi ilə ruha dad verdiyinə görə yox, həm də bədii sözün şəhd-şirəsini canına çəkdiyi üçün. Tarixin dərin qatlarından üzü bəri sənədən-sənəyə, qərinədən-qərinəyə arı zəhmətsevərliyinə, arı fədakarlığına qadir ustad xanəndələr tərəfindən böyük ir missiya həyata keçirilib: Xaqani, Nizami, Məshəti, Nəsimi, Xətai, Füzuli, Vaqif, Vidadi, Zakir, Nəbati, Natəvan, Seyid Əzim, Abbas Səhhət, Vahid, Səməd Vurğun, Şəhriyar, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə... kimi şairlərin yaradıcılığında dönə-dönə aramalar aparılıb. Səsə rahat oturuşan, dinləyicinin ovqatına müsbət təsir göstərən, gücünə güc qatan şeirlər, xüsusən qəzəllər seçilib repertuarlara salınıb. Bu minvalla zövqdən-zövqə, yaddaşdan-yaddaşa fasiləsiz, ardı kəsilməyən musiqili-poeziyalı uzun yol gəlinib.

Zamandan-zamana həmin fenomenal sıraya yeni düşənlər də olub, oradan yoxa çıxanlar da. Poetik səviyyəsinin melodik tələblər qarşısında duruş gətirməsi sayəsində ön yerlərdə əbədi qərar tutan müəlliflərdən biridir Seyid Əli İmadəddin Nəsimi. Hərçənd, tərcümeyi-halına, özündən sonrakı ədəbi taleyinə nəzər yetirəndə görürük ki, o, bu sayğıya-şərafətə asanlıqla yetməyib...

XIV əsrin axırlarında bölgəmizdə hadisələrin gedişatı ürəkaçan deyildi. İranla Qafqazı növbəti şikarına çevirmək istəyən Əmir Teymur, təbiidir ki, Azərbaycanın işğalını da qara planına daxil etmişdi. Artıq Qəbələ şəhərini viran qoymuş, Əlincə qalasını mühasirəyə almış, Naxçıvanda tükürpədici qırğınlar törətmişdi. Səltənətinin də əvvəl-axır oxşar aqibətlə üzləşəcəyini yaxşı anlayan Şirvan hakimi Şeyx İbrahim onunla sülh müqaviləsi bağladı və bu yolla bir müddət dövlətinin əmin-amanlığını qoruya bildi. Həmin illərdə gənc Nəsimi hələ ki üsyankar çağırışlardan, siyasətdən uzaq aşiqanə lirikası ilə insanları sehrinə salmaqda idi.

 

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,

Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsaz.

Üşşaqmåyindən qılalı işrəti-Novruz,

Ta Rast gələ çəngi-hüsåynidə sərəfraz.

 

Ya Çargahi lütf qıl, åy hüsnü-Büzürgü,

Küçik dəhənindən bizə, åy dilbəri-tənnaz.

 

Zəngulə sifət nalə qılam zar Sågaha,

Çün əzmi-hicaz åyləyə məhbubi-õoşavaz..

 

Çün suzə gəlib, åşq sözün qılsa Nəsimi,

Şövqündən onun cuşə gələr Sədiyi-Şiraz.

 

“Üşşaq”ı, “Novruzu, “Rast”ı, “Çahargah”ı, “Büzürgü, “Segah”ı belə heyranlıqla tərənnüm edirdisə, yəqin ki, “Könlümün şəhrini çün kim eylədi yəğmayi-eşq”, “Firqətin dərdi, nigara, bağrımı qan eylədi” kimi qəzəlləri muğam üstündə məclislərdə oxunurdu da...

Amma şairin həyatının bu sakit, azadə, şux axarı çox az çəkdi. Çünki ehtimal edilən möcüzə baş vermədi: Əmir Teymurla Toxtamış xan nəinki toqquşub bir-birilərini zəiflətmədilər, əzmədilər, əksinə, qısa zaman kəsiyində - 1385-1399-cu illərdə hərəsi üç dəfə Azərbaycanı və ona qonşu dövlətləri qana bələdi, xarabalığa çevirdi. Gördüyü qorxunc səhnələr, eşitdiyi fəryadlar-nalələr iyirmi dörd-iyirmi beş yaşlı Nəsimini dəhşətə gətirdi. Ruhu, düşüncəsi, dünyaya baxışı tamamilə dəyişdi. 1394-cü ildə Bakıda Nəimi ilə görüşərək, o dövrdə yeganə nicat yolu sanılan hürufiliyə tapındı. Ustadının amansızcasına öldürülməsindən sonra təriqətin bayraqdarına çevrildi. Nəticədə isə qələmi nikbin gözəlləmələrdən soyudu, yazı tərzinə siyasi-fəlsəfi motivlər hakim kəsildi. Məsnəvilərinə, tərciibəndlərinə ictimai ab-hava hopdu. Yaradıcılığında dərvişlərin asan əzbərləyə, çevik yaya biləcəyi yığcam tuyuğlar, dördlüklər geniş yer aldı. Qəzəlləri də kövrəkləşməklə yanaşı kəskinləşdi, mübarizə elementləri ilə cilalandı:

 

...Zalım oldun, zülm əkərsən yenə kəndi tarlana,

Zalımın zülmü şərindən tarlada üsyan bitər.

 

...Söhbət etmə, söhbət etmə, dəgmə hər nadan ilə,

Nadanın tərbiyəsindən həm yenə nadan bitər.

 

Beləcə nadanlıqdan xilası, kamilliyə qovuşmağı, özünüdərki xoşbəxtliyin qızıl açarı kimi zəmanəsinə, bizə, gələcəyə təqdim etdi.

Dəfələrlə məhbəsə salınan, illərcə qəriblik keçirən, didərginlik yaşayan, fiziki ömrü işgəncəli ölümlə sonuclanan bu əqidə şəhidinin elə əsərləri də özü kimi yetərincə qadağalar, məhrumiyyətlər görüb. Azərbaycan əruzunun əzəmətli nümayəndələrindən biri, anadilli fəlsəfi şeirin banisi olmasına rəğmən, qəzəlləri-qitələri muğamatın formalaşıb pərvəriş tapdığı saraylara əsrlər boyu yaxın buraxılmayıb. Musiqi ilə vəhdətdən kənar qalıb.

Yetmiş illik mövcudluğunun son iyirmi iki ilini çıxsaq, heç sovet dönəmində də dahi şairə münasibət tam səmimi deyildi. Bir yandan saflaşıb müdrikləşməklə Allahın bəyəndiyi dərəcəyə ucalmaq mənasında işlətdiyi ”ənəlhəq” ifadəsi israrla ateizmə yönəldilərək “Mənəm Allah!” küfrünə yozulur, o biri yandan “Həqqin kəlamı məndədir, sanma məni həqdən iraqkimi Yaradana itaət bildirən misrasının əsl şərhindən qaçılırdı.

Bir çox ədəbi simalar tək Nəsiminin də taleyinə gur işığın düşməsi Ulu öndərin adı ilə baglıdır. Məhz Heydər Əliyevin respublikaya ilk rəhbərliyi zamanı, 1973-cü ildə keçirilən 600 illik yubileyi zəminində şairin nüfuzu layiq olduğu həddə yüksəldi. Şəxsiyyəti, şeiriyyəti ədəbiyyatla paralel, kinoda, teatrda, rəssamlıqda, heykəltaraşlıqda əsas mövzuya döndü. O cümlədən musiqiyə sirayət edib, bəstəkarların yaradıcılığında öz əksini tapdı. Haqqında vokal-xoreoqrafik poemalar, kantatalar, simfonik əsərlər yarandı, sözlərinə mahnılar, romanslar bəstələndi.

Milli ruhla bəşəri ruhu özündə birləşdirən sənət hər dövrdə, hər formasiyada aktual olurvaxtdan-vaxta ictimai çəkisini artırır. Möhtərəm prezidentimiz İlham Əliyevin 2019-cu ilin “Nəsimi ilielan edilməsi barədə verdiyi Sərəncamda bu hikmətli deyim şairə ünvanlanaraq onun 650 illiyinin keçirilməsini zəruriləşdirən səbəb kimi göstərilmişdir. “Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir...” İmzaladığı qərarlarda həmişə dövlətimizin mənafeyini önə çəkən ölkə başçımızın sözlərindən aydın görünür ki, bu yubiley təkcə görkəmli qələm sahibinə ehtiram naminə gündəmə gətirilməyib, eyni zamanda, praktiki məqsəd daşıyır. Aparılan islahatlarda, iri miqsaylı layihələrin gerçəkləşdirilməsində, işğal altındakı torpaqlarımızın geri qaytarılması uğrunda savaşda əsas qüvvə sayılan gənclərimiz Nəsiminin yaradıcılığından örnək kimi bəhrələnə bilərlər. Ən vacibi, mərdlik, dözüm, sədaqət əxz edərlər.

Sözün musiqi fonunda, şirin səs avazında daha yaxşı mənimsənildiyini nəzərə alsaq, bu işin keyfiyyəti həmin incəsənət sahəsində fəallıqqdan da çox asılıdır. Təqdirə layiqdir ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi sayəsində müntəzəm olaraq keçirilən muğam müsabiqələrində Nəsimi poetikasına geniş yer verilir. Musiqi ixtisaslı orta məktəblərdə, liseylərdə, kolleclərdə, konservatoriyada, müəllim kimi fəaliyyət göstərdiyim Mədəniyyət və İncəsənət Universitetində şairin yaradıcılığı kifayət qədər əhatəli tədris edilir.

Nəsiminin qəzəlləri o qədər rəngarəngdir ki, aralarında muğamlarımızın hər birinə aid seçim aparmaq olur. Həm “Tələb eylə”, “Degil”, “Bitər”, “Bəllidir” kimi, mübarizə əhval-ruhiyyəli “Çahargaha, “Rasta, “Mahur-hindi”yə, “Bayatı-Qacar”a, “Heyratı”ya münasib üsyan saçanları var, həm də “Etməgil”, “Dönməzəm”, “Xoşmudur”, “Gerçək imişkimi, yanıqlı, amma vüsala ümidliSegaha, “Mirzə Hüseyn segahı”na, “Zabul segahı”na, “Orta segaha uyğunları. Həm “Neylərəm ”, “Qandasan” (Hardasan) kimi, nakam məhəbbəti tərənnüm edən “Bayatı-kürd”ə yaraşanları var, həm də “Mərhəba”, “Verməzəm” kimi, nikbin ovqatlı “Şura yarayanları.

...Qərib bir yolçu qəmgin-qəmgin xəyala dalaraq üzü yoxuşa yol gedir. Yorulub taqətdən düşsə də, inadkarlıq göstərərək hərəkətlərinə-düşüncəsinə bir an ara vermir. Sanki yeriməsə düşünə bilməyəcəyindən, düşünməsə ayaqları tutulacağından qorxur. Budur, nəhayət, sonuncu aşırımdadır. Lakin onu keçərkən nədənsə sürətini birdən-birə yavaşıdır, hətta hərdən dayanıb nəfəs də dərir. Sakitliyinə, təmkininə səbəb nədir görəsən? Qarşıda işıqmı görüb? Ya sadəcə qisməti ilə razılaşıb?.. Təxminən belə bir melodik məzmuna malikBayati-Şiraz” ən emosional muğamlarımızdandır. Bu cəhətinə görə qətiyyən ondan geri qalmayan Nəsimi lirikası ilə qoşalaşarkən, sözsüz ki, daha effektli olar. Şairin “Cananə mənim sevdiyimi can bilir ancaq, Könlüm diləyin dünyada canan bilir ancaq” mətləli,yaxud “Bəri gəl” rədifli, fəlsəfi çalarlarla zəngin aşiqanə qəzəllərindən istifadə etməklə, şöbədən-şöbəyə həmin obrazı dinləyicinin şüurunda canlandırmaq mümkündür. Təhlilimizi ikinci qəzəl üzərində qursaq, ilk beytlər muğamın “Bərdaşt”ına çeviklik, büsat, xoş ahəng gətirir:

 

Susadım vəslinə, ey çeşməyi-heyvan, bəri gəl,

Yaxma hicrində məni bunca, gəl, ey can, bəri gəl.

 

Firqətin şərbəti acıdır ani içəməyəm,

Ey ləbin gül şəkəri dərdimə dərman, bəri gəl.

 

Aşiqin tamusi yarından iraq olduğudur,

Ey camalın irəmi rövzeyi-rizvan, bəri gəl.

 

Növbəti şöbələrdə - “Mayeyi-Bayati-ŞirazNişibi-fəraz”da aramlı, ahəstə, tədricən qəmginliyə səmt götürən inkişafın şahidi oluruq:

 

Ənbərin sünbül zülfün düşəli məndən iraq,

Qəti aşüftəyəm, ey zülfi pərişan, bəri gəl.

 

Könlümün həsrəti göz yaşına qərq etdi məni,

Bunca ağlatma məni, ey gülü-xəndan, bəri gəl.

 

Beləcə psixoloji eniş-yoxuş başlanır.Nişibi-fərazduyğusal misralarlaMayeyi-Bayatı-Şiraz”ıBayatı-İsfahan”a bağlayır:

 

Kirpigin şövqi oxun bağrıma, ey can, vuralı,

Yürəyimdən gözümə hər dəm içər qan, bəri gəl.

 

Ardınca gələn, daha gur səs, daha şaqraq zəngulə tələb edən şöbələr – “Zil Bayatı-Şiraz”, “XavəranHüzzalmənaca hər cür yüksəkliyə boy verən Nəsimi beytləri ilə bitkinləşib sevimli, kövrək, həzinDilrüba”nı qarşılayırlar:

 

Firqətin qəhri məni yaxdı, göyündürdü əzim,

Mədətin qandadır ey rəhmətü-rəhman, bəri gəl.

 

Aləmi tutdu bu gün hüsnü-rüxün dastanı,

Afərin, hüsnünə, ey fitneyi-dövran, bəri gəl.

 

Bayatı-Şirazmuğamı çox təmkinli tərzdə tamamlanır. Şair möcüzəsinə bax ki, elə qəzəl eyni məqamda atəşin xitablardan qurtulub, sakit məcraya toxtayır:

 

Zülfü rüxsarını görməklik üçün leylü nahar,

Oxuram səbi məsani ilə Quran, bəri gəl.

 

Eyləmiş canını çün eşqə Nəsimi təslim,

ziyan eylər ana qeyd ilə zindan, bəri gəl.

 

Nəsimi şeiriyyəti zamansızdır. Dünənin çətin sınaqlarından zəfərlə çıxıb, bu günsə öyrənilib dillər əzbərinə çevrilir. Sabah yenə yaşayacaq digər şairlərimizlə çiyin-çiyinə muğamlarımızı da minilliklərə doğru daşıyacaq ...

 

 

Ruzə İBİŞOVA,

Respublikanın Əməkdar artisti, AMEA-nın doktorantı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam Sənəti kafedrasının müəllimi

Palitra  2019.- 13 noyabr.-  S.13.