Qazax sultanlığı tarixinin həqiqətləri

“Azərbaycan” adlanan Ana vətənimiz - Odlar Yurdunun torpaqları yalnız Azərbaycan Respublikasının indiki sərhədləri hüdudlarında olmamışdır. Geniş əraziyə malik olmuş Azərbaycanın sahəsı hələ qədim zamanlardan XIX əsrin birinci rübünə qədər təxminən 421,6 min kv. km-dən ibarət idi. Burada xalqın tarixi həkk olunub.

Bu torpağın hər parçası doğma və əzizdir. Çünki bu torpaqlarda dədə-babadan Azərbaycan türkləri yaşayıb-yaratmışlar. Ölkəmizin hər güşəsindən keçmişin, oğuz türklərinin izləri görünür.

XVIII əsrin ikinci yarısında ölkənin pərakəndə siyasi quruluşunda onun tərkib hissəsi olan Qazax - tarixən Azərbaycanın “qərb qapısı” kimi adlandırılırdı. Tarixi vətənimizin inzibati-ərazi sistemində Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909 -cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir.

Gürcü və erməni tədqiqatçıları Qazax torpaqlarını gürcü və erməni torpağı kimi qələmə verirlər. Bu da əsrlər boyu Azərbaycanla, sonralar isə sultanlıq dövründə onun ərazisinin taleyinin bir hissəsinin Gürcüstanla, o biri hissəsinin isə İrəvanla bağlı olan müddətin nəticəsidir.

Tarixi Qazax geniş bir ərazini əhatə edirdi. Bu əraziyə Azərbaycanın indiki Qazax, Ağstafa, Tovuz, qismən Gədəbəy rayonları, indiki Ermənistanın bir hissəsi - Karavansaray (İcevan), Barana (Noembriyan), Şəmsəddin (Berd), Qaraqoyunlu (Krasnoselsk), Dilican indiki Gürcüstanın Borçalı bölgəsi daxil idi.

Əsrlər ərzində bu diyar Sasanilərin, bizansların, ərəblərin, türk-səlcuqların, gürcülərin, monqolların, timurilərin təsiri altında olmuşdur. Lakin bütün mənbələrdə (istər folklor, istərsə də yazı) Qazaxın varlığı Azərbaycanın tarixi ərazisinin ayrılmaz hissəsi kimi göstərilir. Bütün bu dövrlərdə bölgənin kimə tabe olmasına baxmayaraq, o, türk məskəni sayılırdı. Demək olar ki, bütün orta əsr salnaməçiləri bu ərazini türklərin yaşadığı yer kimi təsvir edirlər. Qazaxın ərazisi sultanlıq yaranana qədər el, oba, mahal, bölgə, vilayət və s. anlayışlarla işlənilirdi. Məsələn, gürcü salnaməçiləri bölgəni "Didi Türkoba" ("Böyük türk obası") adlandırırdılar. Bu diyarın türk keçmişini türkdilli toponimikası da təsdiq edir.

«Qazax» termini həm toponim, həm də etnonim formasında işlənilir. «Qazax» toponimi ta qədimdən Cənubi Qafqazda yaşayan türk tayfalarından birinin «qazaxların» adı ilə bağlıdır. Yazılı mənbələrdə ilk dəfə «Qazax» adına ərəb tarixçisi Əl-Kufinin əsərində, VII əsrin hadisələrini təsvir edən zaman rast gəlinir. Onun adı böyük bir türk qəbiləsinin adı ilə bağlı idi.

Mərhum akademiklər- Z.M.BünyadovunV.F.Minorskinin rəylərinə əsasən Qazax Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olsa da onun şəhər kimi əsası VIII əsrdə ərəb sərkərdəsi Mərzban İbn Məhəmməd tərəfindən qoyulmuşdur. Artıq IX-X əsr qaynaqlarında Qazax adı ilə bu yaşayış məntəqəsinin müsəlman şəhəri kimi mövcudluğu barədə xeyli məlumatlar var.

XII əsrdə qazaxlı tayfası bölgədə böyük siyasi qüvvəyə cevrilir. Çünki bu zaman qıpçaq xaqanının qızı ilə evlənən gürcü çarı IV David 1118-20 illərdə Qazax-Borcalı torpaqlarında Gürcü carlığının sərhədlərinə 45 min qıpçaq ailəsininin yerləşdirilməsinə təşəbbüs göstərmişdir. Köçürülmüş qıpçaqlar arasında əksər hissəni qazax tayfaları təşkil edirdilər. Onlar vaxtilə şimali Qazaxıstan çöllərindən qərbə tərəf hərəkət edib, Dunay çayına qədər geniş ərazilərdə məskunlaşmışdılar və burada qıpçaq xaqanının hərbı qulluğunda xıdmət edirdilər. XII əsrdə qıpçaq xaqanı Atrark onların böyük qismını gürcü çarı IV Davidin hərbi xidmətinə göndərmişdi. Burada həmin tayfalar yerli qazaxlı tayfası ilə birləşıb böyük bir hərbi-siyasi qüvvəyə cevrilmışdi. Belə yolla artmış qazaxlı tayfası güclü hərbi potensial kimi imtiyazlara malik olub, vergilərdən azad idi, gürcü çarları tərəfindən həm xarici düşmən ilə mübarizədə, həm də bəzi itaət etməyən feodallar ilə mübarizədə istifadə olunurdular. Eyni zamanda, gürcü çarları gürcü əhalisinin böyük bir hissəsini hərbi xidmətdən azad etmişdi.

XV əsrdə Qazax ölkə kimi mənbələrdə göstərilir. Artıq təqribən XV əsrin sonlarında Qazax sultanlığı yaranır. XVI əsrdən Səfəvilər imperiyası dövründən başlayaraq Qazax sultanlığı Qarabar bəylərbəyliyinə daxil idi. Ümumiyyətlə, Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 feodal sülaləsinin nəsli rəhbərlik etmişdir:

• Şıxlinskilər

• Sübhanverdilər

Kosa Mirzalılar

1-ci feodal sülaləsi Şıxlinski nəslinə "Qazaxlı" və ya "Alqazaxlı" da deyirdilər. Bu sülalənin hakimlərinin - Nəzə xan, Səmsəddin xan , Mirəlibəyin dövrü Qazax sultanlığının ən nüfuzlu dövrüdür. XVI əsrin 80-ci illərində osmanlı və gürcü ordusunun təzyiqi ilə Səfəvilər Azərbaycanı tərk etdikdə Bayat, Qacar, Qaramanlı və başqa tayfalardan fərqli olaraq Qazaxlar öz ərazilərini tərk etmədilər. Sultanlığın başçısı Nəzər xan türklərin hakimiyyətini qəbul etmişbununla da ölkənin müstəqilliyini saxlamışdır. İkinci dəfə Azərbaycan, o cümlədən Qazax mahalı yenidən Səfəvilərin hakimiyyəti altına keçəndən sonra da Nəzər xan öz hakimiyyətində qalmışdır. Hətta onun xələfi Şəmsəddin xan 1605-ci ildə I Sah Abbasdan xan rütbəsi almışdır.

XVIII əsrin əvvəllərində Osmanlılar yenidən hücum edib Qazaxı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparmışlar. Belə ki, Qazax sancaq elan edilərək 4 nahiyyəyə bölünmüşdür:

Axtata

• İncə

Türk

Cuvar

Osmanlı sultan III Əhmədin (1703-1730) fərmanı ilə Qazax Sancaqbəyi Qazax hakimi Mirəlibəy təyin olunmuşdur.

1728-ci ildə Osmanlı hökümətinin tərtib etdiyi "Dəftəri müfəssəli əyaləti Tiflis" dəftəri 1046 səhifədən ibarət olub, hazırda İstanbulda Baş Bakanlıq arxivində saxlanılır. Bu dəftərin 63 səhifəsi Qazax sancaqlığına aiddir. Dəftərə görə, Şixlınskilərin hakimiyyəti dövründə Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.

II feodal sülalə Səfəvi sərkərdəsi Sübhanverdi xanın hakimiyyəti dövrünü əhatə edir. Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə Səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Həmin dövrdə Qazax sultanlığı yenidən Qarabağ bəylərbəyliyinə tabe edildi. Sübhanverdi xan Qazax sultanlığına Səfəvilər dövlətinin süqutuna qədər hakimlik edirdi.

III feodal sülalənin Salahlıda bəylik edən Kosa Mirzəli ağanın nəslidir. Bu sülalənin hakimiyyətə gəlməsi 1736-cı ildə Nadir şahın Muğanda şah elan olunması ilə bağlıdır. Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu Nadir şahın hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra onun nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşəddil və Borçalı sultanlıqlarını Qarabağ bəylərbəyliyinin tərkibindən çıxarmış və onları öz vassalı Kaxetiya çarı Teymurazın tabeliyinə vermişdir.

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, lakin Şəki xanı Hacı Çələbinin vəfatından sonra sultanlıq yenidən II İraklinin vassallığına keçdi və ərazi Qazax-Şəmsəddil sultanatı adı ilə adlandırmağa başlandı. II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah bəy rəhbər (vəkil) təyin edilmişdir (bu tayfa sonralar Vəkilov familiyasını qəbul etmişdir). Bununla sultanlığın III feodal sülaləsinin hakimiyyəti başladı.

1795-ci ildə Ağa Məhəmməd Qacar şahın qoşunları Gürcüstana hücum edəndə, qazax azərbaycanlıları gürcülərin tərəfində çıxış etmişonlarla birlikdə zəhmli şahın qoşunu ilə döyüşmüşdülər. 1801-ci ildə Qazax-Şəmsəddil sultanatı Gürcüstan ilə birgə Rusiyanın tərkibinə daxil edilib. Qazax-Şəmsəddil sultanatı 1819-cı ildə ləğv olunmuşonun ərazisi Qazax və Şəmsəddil distansiyalarına bölünmüşdür.

Göstərdiyimiz kimi, türklərin qədim yaşayış məntəqələrindən biri olan Qazax Azərbaycanın “qərb qapısı” olub və olmaqdadır. Lakin Qazaxın tarixi ərazisi vaxtı ilə parçalandığına görə bu gün onun ərazisi şimal-şərqdən Gürcüstanla, şərqdən və şimaldan Ağstafa rayonu ilə, cənub və cənub-qərbdən Ermənistanla həmsərhəddir. Vaxtilə isə sultanlığın ərazisi indiki Tovuz, Ağstafa, Qazax rayonlarını, Gürcüstanın Qardabani rayonunun bir necə kəndlərini və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölunə qədər əraziləri əhatə edirdi.

Elmira Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının dosentı, tarix üzrə fəlsəfə doktoru

Palitra.-2019.-15 noyabr.-S.13.