“Mən şeirlə nəfəs alıram”

Sahib Məmmədov: “Mənim yaradıcılığımda əsasən fəlsəfi mövzu üstünlük təşkil edir

Bu yaxınlarda gənc şair Sahib Məmmədovun Bakıda rusca çap olunan "Keçmişin bulmacaları" kitabının təqdimatı olub. Az bir zamanda kitab böyük oxucu auditoriyası toplayıb. Sahib Məmmədov “Palitraya müsahibəsində kitab haqqında, eləcə də gələcək planları ilə bağlı danışıb. Xatırladaq ki, Sahib Əziz oğlu Məmmədov 21 oktyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Boks üzrə idman ustasıdır. İlk şeirlərini magistratura təhsilinin birinci ilində oxuyarkən yazıb və elə həmin ildən ölkənin bir çox ədəbi almanaxlarında çap olunmağa başlayıb. Azərbaycanda və xaricdə keçirilən bir çox şeir müsabiqələrinin qalibidir. Rusiya Yazıçılar Birliyinin üzvüdür.

- İlk kitabınız sizə nə kimi uğur gətirdi?

-Çox şadam ki, şeirlərim internetdə oxucular arasında populyarlıq qazanır və həm həmvətənlərimdən, həm də xaricdə yaşayan insanlardan çox rəy alıram. İndi isə mənim kiçik yaradıcılığım kitab şəklində üzə çıxaraq yeni bir yol açdı. Bu, mənim ilk kitabımdır: 2007-ci ildən 2010-cu ilə qədər yazılmış şeirlər burada toplanıb. Və hər bir şeir həyatımın mürəkkəb mozaikasından gələn bir bulmacadır, buna görə "Keçmişin bulmacaları" adlanır. Bunların ilk qələm nümunələri olmasına baxmayaraq, Leyla Əliyeva və Çingiz Abdullayev onlara müsbət rəy verdilər. Bunlar mənim üçün çox dəyərli və qiymətlidir. Kitab artıq Bakıdakı bütün satış mərkəzlərində var və hətta Rusiyadan da istənilir.

- Kitabınızın Bakıda təqdimatı olub. Bu kitabın başqa ölkədə təqdimatını keçirməyi düşünürsüzmü?

-Bakıda 1 noyabrda Rəşid Beybudov Mahnı Teatrında mənim poeziya konsertim və kitabın təqdimatı oldu. Pis hava şəraitinə baxmayaraq tam bir salon toplandı və gecə bir anşlaqla keçdi. Yaxın gələcəkdə Moskvada da eyni formada möhtəşəm təqdimat keçirməyi planlaşdırıram.

- Siz şeirlərinizi əsasən hansı üslübda yazırsız?

-Mənim yaradıcılığımda əsasən fəlsəfi mövzu üstünlük təşkil edir. Ancaq yenə də fərqli istiqamətlərdə özümü sınayıram. Buna görə kitab hissələrə bölünür. Bunlar fəlsəfi lirika, Şərq, Sevgi, Vətəndaş və s.

- Ümumiyyətlə, sizin üçün şeir yazmaq mənəvi tələbatdan irəli gəlir, yoxsa bu bir həvəsdir?

-Mənim üçün yaradıcılıq sadəcə hobbi deyil, bu mənim həyatımdır! Şeirlərlə nəfəs alıram və uzun gecə çalışdığımdan və hər sözü cilalamağımdan inanılmaz zövq alıram. Bu sevimli əməlim olmadan varlığımı təsəvvür edə bilmirəm.

- Bakıda və ya xaricdə keçirilən şeir müsabiqələrində iştirak edirsizmi?

-Çox vaxt həm vətənimizdə, həm də xaricdə keçirilən müxtəlif festival və müsabiqələrə dəvət alıram. Belə tədbirlərdə iştirak etməyi, başqa ölkələrin yazıçıları ilə ünsiyyət qurmağı, əsərlərini dinləməyi xoşlayıram. 2017-ci ildə blogger Viktor Mardoninin Ümumrusiya poetik marafonunda ilk beşliyə düşdüm. 2018-ci ildə Nəsimi Beynəlxalq Festivalı çərçivəsində keçirilmiş Bakıda təşkil edilən müsabiqədə Ən yaxşı şeir mükafatına layiq görüldüm. 2019-cu ildə isə Nəsiminin 650-nə həsr olunmuş bir müsabiqənin laureatı oldum. Ondan dərhal sonra LİFT böyük dünya ədəbi festivalının "Gənc səs" nominasiyasında qalib oldum. Beynəlxalq səhnədə sənin adının elan olunması və sonra "Azərbaycan!" deyilməsi izaholunmaz hisslərdir. Gecə yatmamağa dəyər.

- Yeni kitab çap etmək planda varmı?

-Dediyim kimi, bu yaxınlarda nəşr olunan kitabımda 2010-cu ildən əvvəl yazılmış şeirlərim var. Hələ çap olunmamış çox şeirlərim var. Ona görə gələn il mütləq ikinci kitabımı da nəşr etdirəcəm. Onaad verəcəyimi isə hələ düşünməmişəm.

 

Fuad Hüseynzadə

Palitra.-2019.-26 noyabr.-S.7.