Söz xiridarlarının pedaqoji görüşləri Kamal Camalov yaradıcılığında

Zaman keçdikcə nəsillər bir-birini əvəzləyir, dünyaya gələn hər bir yeni nəsil öz keçmişinə, tarixi yaddaşına nəzər salır, bütün şüurlu həyatını xalqının maariflənməsi naminə şam kimi əritmiş ziyalıların (Ə.Seyidov, Ə.Tağıyev, H.Əhmədov, Y.Talıbov, Ə.Ağayev, N.Kazımov, O. Həsənli və b.) şərəfli ömür yolunu örnək kimi qəbul edir. Bu insanlar millətin intibahını haqlı olaraq elm və təhsildə axtarır, araşdırmaları, tədqiqatları ilə çoxlarının bəhrələnəcəyi zəngin bir məktəb yaradırlar.

“Azərbayan romantiklərinin maarifçilik ideyaları”, “Həzrəti Əlinin elm və tərbiyə haqqında görüşləri”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə”, “Hüseyn Cavid və məktəb”, “Mollanəsrəddinçilər və ailə-məktəb problemi”, “Böyük mütəfəkkirlərin maarifçilik ideyaları”, “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları”, “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” və s. kimi əsərləri ilə zəngin bilik fondu yaradanlardan biri də pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Həsən oğlu Camalovdur.

Kamal Camalov bu gün doktorant, dissertant, magistr və ümumtəhsil məktəb müəllimlərinin görüşünə 222 səhifədən ibarət olan “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən­xələflərə” adlı dərs vəsaiti ilə gəlib. Dərs vəsaiti üç fəsildən ibarətdir. Birinci fəsil “VII əsrdən - XV əsrə qədər olan dövrdə tərbiyənin rolu vətəhsilin təşəkkülü” adlanır. Bu fəsildə elmin sultanı Həzrəti Əli, Balasaqunlu Yusif, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi və Fəzlullah Nəimi kimi söz xiridarlarının pedaqoji və ya humanist görüşləri təhlil obyektinə çevrilmişdir.

Fəlsəfi baxımdan bir insanın istəkləri onun şəxsiyyətinin təzahürünü təşkil edir. Amma xalq baxımından insanların şəxsiyyəti, gözəl bir sifətin təcəllisi nə ticəsində ümumiləşir. Məsələn, siyasi işlərdə güclü olan bir kimsənin siyasi şəxsiyyəti vardır, əgər alim isə elmi şəxsiyyəti vardır. Psixologiyada insanın istək və sifətlərinin bir­birinin üzərində sintez təşkil etdikləri isbat edilmişdir. Bundan dolayı bir şəxsin kişiliyini yaxşı bir şəkildə tanıtmaq üçün onun zahiri görünüşünün yanında ruhi və əxlaqi özəlliklərini də incələmək lazımdır.Bu mənada, tədqiqatçı Həzrəti Əlinin əxlaqi görüşlərindən bəhs edərkən qeyd edir ki, Həzrəti Əlinin zəngin irsində həm uşaqların, həm də böyüklərin təlim-tərbiyə və təhsili məsələləri geniş yer tutur. Elm sultanının tərbiyə ilə bağlı fikirlərində məqsəd insanı müdrikləşdirmək, ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və əməllərini salehləşdirməkdir.

İddiaçı qeyd edir ki, Həzrəti Əli uşağın fiziki və ruhi inkişafında ana südünün böyük təsir gücünə malik olduğu qənaətindədir. Ana südü uşaqda qorxusuzluq, təhlükəsizlik və rahatlıq yaratmaqla yanaşı, uşaqla ana arasında məhəbbət tellərini də möhkəmləndirir. Həzrəti Əli demişdir: “Baxın, övladlarınıza kim süd verir. Çünki uşaq onun südü ilə inkişaf edəcək. Axmaq qadını dayə tutmayın, çünki süd təbiətə, xasiyyətə üstün gəlir”.

Kamal müəllim qeyd edir ki, ensiklopedik alim Nəsirəddin Tusi də “Əxlaqi-Nasiri” əsərində Həzrəti Əlinin bu fikrini sanki təkrarlamışdır. Tusi də Həzrəti Əlinin fikrini təsdiqləyərək yazır ki, uşaq olan kimi ilk növbədə ona ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət və xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər:

Südəmər bir uşaq tutmamış maya,

Tutmayın siz, axmaq, xəstə bir daya.

Süd ilə bədənə girərsə azar,

O, bədəndən, yalnız, öləndə çıxar! (Bax: səh.12)

Dərs vəsaitində ana südü uşağın ruhi və psixoloji vəziyyətinə müsbət təsir kimi əsaslandırılır. Qeyd olunur ki, Həzrəti Əli bir il doqquz aydan az müddətə uşağa süd verilməsini ona zülm etmək hesab edir.

Həmçinin, tədqiqatçı haqlı olaraq Həzrəti Əlinin uşaqların yaş dövrlərini Aristotel və Məhəmməd Peyğəmbər (s.ə.s.) kimi yeddi-yeddi olmaqla üç yerə böldüyünü, hər bir mərhələdə tərbiyənin məzmununu açıqladığını,belə ki, uşağı yeddi il azad buraxmağı, yeddi il helm və elm öyrətməyi, yeddi il isə işə bişirməyin zəruri olduğunu irəli sürür. Vurğulanır ki, Məhəmməd Peyğəmbərin “atanın övladına öyrətdiyi ən yaxşı şey ədəbdir” - fikrini Həzrəti Əli daha qüvvətləndirir: “Ata övladına yaxşı ad qoymalı, onun ədəb və əxlaqını gözəlləşdirməlidir. Yaxşı tərbiyə verməyi, təlim yolu ilə onlara ədəb, əxlaq öyrətməyi valideynlərin əsas vəzifələrindən biri hesab edirdi:

Verməsə övladına ana tərbiyət,

Onda qalar daima heyvaniyyət.

Olmasa fərzəndə ata çün kəfil,

Daim o fərzənd olacaqdır zəlil

(Bax: səh.13).

O, yetim uşaqlara qarşı daha artıq dərəcədə diqqətli olmağı tövsiyə edir (“yetim uşağı öz övladını tərbiyələndirdiyin kimi tərbiyə et”). Özü övladlarına çıxış etməyi, nitq söyləməyi öyrədir, şeirlərini əzbərləməyə həvəsləndirir. Uşaqları itaət və ibadət etməyə alışdırmaqda tənbeh etməkdən və rəğbətləndirməkdən düzgün istifadə etməyi məsləhət bilir: “Evindəki kiçik uşaqlara dilinlə namaz və paklığı təlim et, elə ki, on yaşlarına çatdılar tənbeh et, lakin üç dəfədən artıq olmasın. Dan­lamağı ifrat həddinə çatdırmaq inadkarlıq odunu artırır”. Kamal müəllim qeyd edir ki, Azərbaycanın bir çox maarifçi alim və pedaqoqları Həzrəti Əlinin (ə.) ailə tərbiyəsi ilə bağlı, bu fikirlərini rəhbər tutmuş, əsərlərində onun təsirindən yan keçə bilməmişlər.

Həmçinin, araşdırılır ki, Həzrəti Əli uşaqları sevməklə yanaşı, onlara qarşı tələbkar olmağı tələb edir: “Tərbiyə ağacı yumşaq olanın övlad və təbbəələri tərbiyəsiz olar”, “Ədəb insanın şəklidir”, “İnsanlar öz ata-analarından çox, zəmanələrinə oxşayırlar”, “Şəxsiyyətin ən yaxşı cəhəti əxlaqdır”, “Əsil-nəcabətin ölçüsü ədəbdir”, “Adam yanında birinə nəsihət etmək - onu danlamaqdır”, “Əxlaqsız adamın şərəfi olmaz”, “Qeybətə qulaq asan qeybət edənlərdən biridir” və s.

Həzrəti Əli uşaqların iffətli olmasında (mənəvi təmizliyində), hər cür pis əməllərdən uzaq böyüməsində onların cinsi tərbiyəsinin düzgün qurulmasını vacib bilirdi.

Öz geniş, real izah və şərhini tapan dərs vəsaitini oxuduqda görürük ki, tədqiqatçı haqlı olaraq dönələrlə vurğulayır ki, söz xiridarları şəxsiyyətin təşəkkülündə tərbiyənin gücünə böyük əhəmiyyət vermiş və onu geniş mənada başa düşmüşlər. Müəllif göstərir ki,Balasaqunlu Yusif də ailə tərbiyəsinə diqqət yetirərkən onu tərbiyənin mühüm amili kimi çox yüksək qiymətləndirmişdir. Oxuyan zaman görürük ki, Yusif Xas Hacib valideynin uşaq tərbiyə etməsi işini xalq qarşısında xidməti borc hesab edir. Oğulu, qızı gözün nuru hesab edən şair, həmçinin oğul-qız üzərində olan diqqət və məsuliyyəti də dibsiz dənizə bənzədir. Sual edir ki, arvad, oğul-qız sahibi olan kişinin yuxusu gələrmi? Belə məsuliyyət sahibi olan kişinin al bənizi sarı olmazmı?

Oğul-qız doğrudan da gözün nurudur.

Oğul-qız dərdi dibsiz bir dənizdir,

Oğul-qız al bənizi sarı edər.

Kimin arvadı, oğlu-qızı varsa,

O kişinin necə yuxusu gələr?

Oğul-qızdan ötrü ata əziyyət çəkər (Bax: səh.48).

Xatırladılır ki, Balasaqunlu Yusif valideynlərə həyatlarının hər bir anında övladlarına yaxşı nümunə olmalarını tələb edir. Çünki uşaq valideynin həyatında baş verən ən kiçik dəyişikliyi görür, hiss edir, hətta valideyn fikrinin bütün dönüşləri gözə görünməyən yollarla uşağa çatır. Məhz buna görə də hər bir valideyn özünə qarşı tələbkar olmalıdır fikrinə gəlir. Bu kimi uyğun fikir tədqiqatçı tərəfindən Fəzlullah Nəiminin “Vəsiyyət-namə”sindən gətirdiyi sitatlarda da təqdir edilir. Qeyd edilir ki, Fəzlullah Nəimi vəsiyyətində Şərq adət-ənənələrində olan valideyin-övlad münasibəti məsələlərini, belə ki, ailədə balaca uşaqların qeyd-şərtsiz böyük övladın sözünə əməl etmələrini və ona sadiq qalmağı da unutmamışdır. Böyük övladın da özündən balacalara hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı, mehriban olmağı, səbir və məhəbbəti vacib şərtlərdən biri sayır. I fəsildə tərbiyənin və elmin inkişafı, valideyn-övlad problemləri, əxlaqi-mənəvi dəyərlər, humanist görüşlər Həzrəti Əlinin, Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Nəsirəddin Tusinin, Marağalı Əvhədinin, Fəzlullah Nəiminin maarifçi fəaliyyətinin leytmotivini təşkil edir.

Dərs vəsaitinin II fəsli “XVIII-XIX əsrdə maarif və pedaqoji fikrin inkişafi” adlanır. Bu fəsildə Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundovun, Məhəmməd Tağı Sidqinin, Həsən bəy Zərdabinin, Nəcəfbəy Vəzirovun tərbiyə komponentləri, valideynlərin şəxsi nümunəsinin didaktik və tərbiyəvi təsir dəyəri açıqlanaraq öz geniş izah və şərhini tapmışdır. Tədqiqatçının araşdırdığı ədəbiyyatlar təsdiqləyir ki, tərbiyədə nümunələr yolu yaxın və gerçəkdir, ona görə tərbiyəedənlərin bütün tərbiyə komponentlərindən uşaqlara ideal nümunə olması vacibdir, gərəklidir və hətta zəruridir. Tədqiqatçı qeyd edir ki, pedaqoq və maarifçilər gənclərə elə tərbiyə verməyi irəli sürürdü ki, o tərbiyə ictimai həyatın düzgün inkişafına, maarif mədəniyyətin irəliləməsinə, mühafizəkar əxlaq normalarının aradan qaldırılmasına, həyatın inkişafına mane olmağa çalışan xurafatçılıq kimi əxlaq normalarının, tərbiyə sisteminin, pis adət-ənənələrin aradan qaldırılmasına kömək et­sin və onun üçün bir vasitə olsun.

“XX əsrin birinci yarısında təlim və təhsilin ideoloqlari” adlanan üçüncü fəsildə Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafında Məhəmmədağa Şahtaxtlı və Firidun bəy Köçərlinin müstəsna xidmətləri; “Şərqi-Rus” qəzetinin təşəkkül imkanlarının genişlənməsi gücünü və xalqı inkişafdan, tərəqqidən saxlayan ruhanilərə, fırıldaqçı din xadimlərinə qarşı mübarizə apararaq milli oyanışa ciddi cəhd göstərmələri; xalqın təhsili, təlimi, tərbiyəsi naminə yazdıqarı və çap etdirdikləri əsərləri ilə Azərbaycan məktəb və pedaqoji fikir tarixini necə zənginləşdirmələri; xalqda milli təfəkkürün inkişafını, bu mənada onları oyatmağı, ayağa qaldırmağı, hərəkətə gətirməyi, düşündürməyi, zülm və əsarətə qarşı mübarizəyə ruhlandırmağı, “camaatın bəsirət gözünü açıb dost ilə düşmənini ona tanıtmağı”, xalq azadlıq hərəkatına yaxından kömək göstərmələri, əzilən kütləni azad görmək arzusu ilə yeni fikir, yeni düşüncə və milli təfəkkürün inkişafında doğru fikir yürütmələri tədqiqatçı tərəfindən aydın təhlilə cəlb edilmişdir.

Ümumiyyətlə, haqqında yüksək fikirdə olduğumuz “Pedaqoji-psixoloji fikrin inki­şafı sələflərdən xələflərə (VII əsr - XX əsrin əvvəlləri)”əsər elmi üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı bir dillə yazılmış bitkin, mükəmməl dərs vəsaitidir.

Fikrimizcə, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Həsən oğlu Camalov tədqiqat zamanı qarşısına qoyduğu məqsəd və vəzifələri tam yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində maarifçi və pedaqoqların (Həzrəti Əli, Balasaqunlu Yusif, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi və Fəzlullah Nəimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Həsən Bəy Zərdabi, Nəcəfbəy Vəzirov, Məhəmmədağa Şahtaxtlı, Firidun bəy Köçərli) özünəməxsus əhəmiy-yətli yer tutduğunu müvəffəqiyyətlə sübut edə bilmişdir.

Kamal Camalovun tədqiqatları təkcə məktəb və pedaqoji fikir tarixinin araşdırılması ilə məhdudlaşmır. Pedaqogikanın və məktəbin müasir problemləri, təhsilin idarə edilməsi, Avropa təhsil məkanına inteqrasiya, qloballaşma və təhsil məsələləri haqqında Kamal müəllimin məqalələri və çıxışları onun geniş yaradıcılıq diapozonuna və pedaqoji təfəkkürə malik olduğunu sübut edir.

Xalqımızın böyük istiqlal mücahidlərindən olan Şeyx Məhəmməd Xiyabani vaxtilə deyirdi ki, ictimai həyata laqeydlik ölümə bərabərdir. Əsil ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də dövrün ictimai-elmi-siyasi proseslərinə münasibətdə düzgün mövqeyin seçilməsi və sona qədər bu əqidəyə sadiqlik nümayişidir. İctimai-siyasi xadim Kamal Camalov da aydın mövqeyi olan ziyalılardandır. Biz də bu yolda sadə, səmimi, təvazökar, qayğıkeş, nəcib, tələbkar, prinsipial və xeyirxah Kamal Camalova yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

İntiqam Cəbrayılov

Pedaqogika üzrə elmlər doktoru,

professor

Azərbaycan Respublikası Təhsil

İnstitutunun Təhsil

nəzəriyyəsi

şöbəsinin müdiri

Palitra  2019.- 29 noyabr.-  S.12.