Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əbədi dostluq” adlı tədbir keçirilib

Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar İttifaqının Namanqan şöbəsi, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Əbədi dostluq” adlı tədbir keçirilib.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələri, elm, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Tədbiri Namanqan vilayət hakiminin müavini Paxriddin Matkarimov açaraq dili, mədəniyyəti, adət və ənənələri, dini eyni olan Azərbaycan və özbək xalqlarının tarix boyu dostluğu və əməkdaşlığından danışıb, bu əlaqələrin müstəqillik dövründə strateji partnyorluq səviyyəsinə yüksəldiyini bildirib. Natiq Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizin, ədəbiyyatımıza həsr olunmuş tədbirlərin təşkili və ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb.

Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, Yazıçılar İttifaqının tərcümə bölməsinin rəhbəri, tanınmış Namanqanlı Adxambek Alimbekov Azərbaycanla ədəbi əlaqələrin daim prioritet olduğunu, şairlərimizin daim bir-birindən ilham aldığını və böyük əsərlər yaratdığını qeyd edib, müstəqillik dövründə də Azərbaycanla ədəbi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, Özbəkistan bütün beynəlxalq platformalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin müdafiə etdiyini söyləyib. Artıq Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümə əsərlərinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə edildiyi və Daşkənddə çap edildiyini söyləyən alim Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın fəaliyyəti haqqında söhbət açıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlıların fəaliyyətinə nəzər salıb, azərbaycanlıların daim Özbəkistanın çiçəklənməsi üçün çalışdıqlarını qeyd edib. Diplomat iki ölkənin regionları, onların təhsil, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müəllim, tələbə və mütəxəssislərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. O, dostluq əlaqələrinin genişləndirilməsində millət vəkilləri, şair və yazıçıların, ictimaiyyət nümayəndələrinin böyük rolu olduğunu söyləyib.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib. Millət vəkili əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb. O, Özbəkistanda Özbək dilində şeirlər kitabının nəşr olunduğundan məmnunluq hissi keçirdiyini deyib.

Özbəkistanın “Kitob dunyasi” qəzetinin baş redaktoru, şair Xasiyyət Rüstəm Azərbaycanla ədəbi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi qəzetin hər sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırdığını və bununla da iki ölkə arasında dostluğa, ədəbi əlaqələrə töhfə verdiklərini bildirib. Naşir qədimdən şair və yazıçılarımızın dostluğundan da söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bu münasibətlərə bir örnək olduğunu diqqətə çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şamil Əliyev ədəbiyyat və mədəniyyət xadimlərinin, şair və yazıçılar arasında əməkdaşlığın genişləndirməsi, əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbiyyatına dair, habelə Qənirə Paşayevanın Özbək dilinə tərcümə olunmuş kitabının sərgisi nümayiş etdirilmiş, onun sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

 

Tural

Palitra  2019.- 1 oktyabr.- S.13.