Müəllim peşəsinə maraq ildən-ilə artır

Azərbaycan dövləti, digər sahələr kimi, təhsilə, əsasən də müəllimlərə xüsusi qayğı ilə yanaşır. Cəmiyyətdə müəllimlərin nüfuzunun daha yüksəklərə qaldırılması üçün xeyli işlər görülüb. Təsadüfi deyil ki, qəbul imtahanları zamanı daha yüksək bal toplayanlardan müəllimlik peşəsini seçənlərin sayı ildən-ilə artır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bügünlərdə təhsil sahəsində baş verən bu müsbət meyili yüksək qiymətləndirdi. Qeyd edək ki, müəllim peşəsinə marağın artmasının bir səbəbi də orta məktəblərdə öz işinə ürəkdən bağlı olan, savadlı müəllimlərin sayının artmasıdır. Belə müəllimlərimizdən biri də Mərziyə Əliyevadır.

Mərziyə Əliyeva Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olub. 1981-ci ildə Hirkan qəsəbə orta məktəbini müvəffəqiyyətlə başa vuraraq, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstituna (indiki Slavyan Universiteti) daxil olub. İnstitutda oxuduğu illərdə ictimai işlərdə fəallığı ilə seçilib. M.Əliyeva 1986-cı ildə ali məktəbi bitirərək, ona vaxtilə dərs demiş müəllimləri ilə çiyin –çiyinə pedaqoji fəaliyyətə başlayır.Yüksək təşkilatçılıq bacarığına, kollektivlə səmərəli işləmək qabiliyyətinə görə, 2004-cü ildə irəli çəkilərək, həmin məktəbdə Məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini vəzifəsinə təyin olunur.Mərziyə müəllimə direktor müavini vəzifəsində işlədiyi müddət ərzində təhsilin idarəedilməsi sahəsində təcrübəsini daha da artırır. Artır bütün Lənkəran rayonunun pedaqoji kollektivləri onu öz işini dərindən bilən təhsil işçisi kimi tanıyırdılar. Həm savadlı, bacarıqlı müəllim, həm də təşkilatçı kimi diqqəti cəlb edən M.Əliyeva 2008-ci ildə Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbinə direktor təyin edilərək, vəzifə pilləsində bir addım da irəliləyir. Hazırda da adıçəkilən məktəbin direktoru kimi pedaqoji fəaliyyətini davam etdirərək, xalqına, Vətəninə sadiq gənc nəslin yetişdirilməsi sahəsində xidmət göstərir.

Mərziyə Əliyevanın yüksək idarəçilik qabiliyyəti , müasir pedaqoji yanaşmaları Xanbulan məktəbinə davamlı uğurlar qazandırıb. Hər il aliorta ixtisas məktəblərinə qəbul olunan məzunların sayına görə, Xanbulan kənd tam orta məktəbi rayon məktəbləri arasında fərqlənir . Məktəbin şagirdləri keçirilən müxtəlif müsabiqələrdə, fənn olimpiadalarında uğurlar qazanmaqdadırlar. Bu gün dərsə davamiyyətə, mükəmməl tədris prosesinə ciddi yanaşma metodlarına, buraxılış imtahanlarının nəticələrinə görə, Xanbulan kənd tam orta məktəbi rayon üzrə 2-ci yerdədir.

Fəaliyyət göstərdiyi sahədə qazandığı uğurlarına görə,M.Əliyevanın əməyi Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dəyərləndirilib.Belə ki, Mərziyə müəllimə “Fəxri Fərman”la təltif edilib. Bugünlərdə, 4 oktyabr 2019-cu il tarixində, Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikası Təhsil nazirinin sərəncamı ilə Mərziyə Əliyeva “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisidöş nişanı ilə təltif edilib.

Xüsusi qeyd etmək lazımdır ki, hər bir şəxsin kollektivlə işləmək bacarığından çox şey asılıdır. Yaxşı rəhbər, bacarıqlı idarəedici və təşkilatçı rəhbərlik etdiyi kollektivin hörmətini qazana bilər. Mərziyə müəllimə də belə rəhbər işçilərdən biridir. Məktəbin müəllimlərindən R. Babayeva onun haqqında belə deyir: “Mərziyə Əliyeva məktəbimizə direktor təyin ediləndən sonra məktəbin abı -havası tamamilə dəyişdi. O, hər bir müəllimə, hər bir şagirdə xüsusi qayğı və diqqət göstərdi.Ən əsası, müəllimlərin öz peşəsinə məsullitətini artırdı”

Məktəbin gənc müəllimlərindən olan B.Babazadə isə məktəb direktoru haqqında öz düşüncələrini belə ifadə edir :Biz Mərziyə müəllimənin rəhbərliyi altında işləməkdən zövq alırıq. İşə böyük həvəslə gəlirik".

İnanırıq ki, Mərziyə Əliyeva hələ uzun illər bundan sonra da pedaqoji sahədə nailiyyətlər qazanmaqda davam edəcək, onun yetirmələri doğma Azərbaycanımızın inkişafında böyük rol oynayacaqlar.

A.Babayev

Palitra.-2019.-8 oktyabr.-S.12.