95 yaşlı Naxçıvan Tarix Muzeyi

əvvəli var

Dunya memarlıq tarixində ozunəməxsus yer tutan, əsərləri əsrlər boyu maraq dairəsində olan memarın- Əcəmi Əbubəkroglunun yaradıcılığı haqqında muzeydə geniş bilgilər əldə etmək mümkündür. Əcəmi Əbubəkr oğlu Naxçıvaninin dövrümüzə qədər gəlib çatan iki möhtəşəm əsəri var: Yusif Küseyr oğlu və Möminə xatun türbələri.

Gilan, Gülüstan türbələrinin, orta əsrlərə aid memarlıq kompleksi olan Əlincəçay Xanəgahının fotoları, Qarabağlar türbəsinin maketi, həmçinin Zaviyyə mədrəsəsi, Qazançı, Aza körpüləri, XVIII-XIX əsrlərə aid memarlıq kompleksiolan Xan Sarayı, XVI-XVII əsrlərə aid olan İmamzadə kompleksi, Cümə məscidi, Naxçıvan buzxanası, Hüseyn Cavidin məqbərəsi, İsmayılxan hamamı haqqında yer alan foto və məlumatlar Naxçıvanın abidələr diyarı olduğu haqqında ilkin dolğun məlumat yaradır.

Muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə qüdrətli Atabəylər dövləti, həmcinin Qaraqoyunlu və Ağqoyunlu dövlətləri haqqında məlumat verilir. Həmçinin XVIII əsrdə Azərbaycan dövlətiçiliynə mühüm töhfələr vermiş Naxçıvan xanlığı haqqında geniş bilgilər əldə etmək mümkündür.Naxçıvan xanlığına məxsusi guşədə elmi ədəbiyyatlar,xanlığın görkəmli nümayəndələrinin fotoşəkilləri və xanlığa məxsus bayraqların fotosurətləri nümayiş olunur.

Naxçıvanın tarixən qədim İpəkyolunun üzərində yerləşməsi burada ticarətin inkişafına səbəb olub. Avropa və Asiyadan tacirlər buraya ticarət etmək məqsədilə gəlmişlər. Nəticə etibarilə tədqiqatlar zamanı Naxçıvandan tapılmış müxtəlif dövrlərə və ölkələrə məxsus sikkə nümunələri, eləcə də kağız pullar və dövlət istiqraz biletləri ticarət əlaqələrində istifadə olunub.

Naxçıvanın əlverişli təbii iqlim şəraiti ulu babalarımızın bu ərazilərdə əkinçilik, maldarlıq, sənətkarlıqla məşğul olmasına imkan yaratmışdır. XIX əsrə aid olan car-car, ağac vəl, kotan, şana əkinçilikdə istifadə olunan əsas alətlər olub.XIX əsrə aid müxtəlif növ tərəzilər: çəki, yaylı, misqal , ağırlıq, qapan, eləcə də, hamam tası, körük, nehrə, tətbiqi sənət nümunələri, misgərlik məmulatları, at yəhəri ekspozisiya zalında yer alıb.

Ekspozisiyada nümayiş etdirilən misgərlik və xalçaçılıq məmulatları hər iki sənətkarlıq növünün Naxçıvanda qədim tarixi köklərə malik olduğundan xəbər verir. Həmçinin milli geyim nümunələri və musiqi alətləri bu qədim diyarın zəngin mədəniyyətindən soraq verir.

Ekspozisiya boyunca yer alan Azərbaycanın görkəmli rəssamları Toğrul Nərimanbəyov, Davud Kazımov, Şamil Qazıyev, Yuran Məmmədov tərəfindən çəkilən rəsm əsərləri muzeyin eksponatları ilə ahənglik təşkil edir və Azərbaycan xalqının həyatını özündə əks etdirir.

Muzey özündə Naxçıvanın arxeologiyasını, etnoqrafiyasını, qədim dövlətçilik ənənələrini əks etdirən eksponatlarla yanaşı, maarifçiliyin, elmin, təhsilin, incəsənətin inkişafına mühüm töhfələr vermiş Məhəmməd Ağa Şahtaxtlı, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi şəxsiyyətlər barədə məlumatları da özündə hifz edir.

Digər bir guşə isə Azərbaycan xalqının şərəf, mübarizə, azadlığını-AXC dövrünü təcəssüm etdirir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyəti haqqında məlumatı eksponatlar vasitəsilə izləmək mümkündür.

Tarixi proseslərin ardıcıllığında 1941-45-ci illəri əhatə edən eksponatlardan məlum olur ki, Naxçıvandan müharibədə 29024 nəfər iştirak edib,onlardan 15325 nəfər geri qayıtmayıb. Göstərdikləri şücaətə görə 3 nəfər “Sovet İttifaqı Qəhrəmanı”adına layiq görülüb.Rəhim Rəhimov “Şöhrət Ordeninin bütün dərəcələri, 80 nəfər Lenin Ordeni, 105 nəfər I və II dərəcəli “Vətən müharibəsi”ordeni, 315 nəfər “Qırmızı Ulduzordeni ilə təltif olunub.

Tariximizdə iz edən döyüşlərdən biri isə Sədərək döyüşləridir. Sədərək 1990-cı il yanvar ayının 18-dən 1993-cü il avqustun 13, 14-dək 14 dəfə xain ermənilərin güclü hücumlarına məruz qalıb. Döyüşlərdə 500-ə yaxın yaşayış evi, bir çox ictimai binalar, inzibati idarə binaları, sosial obyektlər dağıdılıb. 108 Vətən oğlu şəhid olub ki, onlardan 40 nəfəri məhz Sədərək torpağının yetirmələridir.

Tariximizin qan yaddaşı olan XX əsrin əvvəllərində baş vermiş soyqırım hadisələri, 20 Yanvar faciəsi və Xocalı qoyqırımı haqqında məlumatlar fotolarçap məhsullarında öz əksini tapıb.

Ekspozisiya zallarından biri Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla zənginləşdirilib. 1996-1999-cu illərdə Naxçıvana səfəri zamanı və 1999-ci il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində çəkilmiş fotoşəkillər vitrində sərgilənir.Ümumilli liderin xarici ölkələrə səfəri zamanı dövlət başçıları ilə çəkilmiş fotolar, eləcədə, xalq rəssamı T.Salahov tərəfindən 1998-ci ildə çəkilmiş Ümumilli liderin portretiotaqda nümayiş olunur. “Şərəfli ömrün anları” başlıqlı sərgidə ulu öndərin uşaqlıq dövründən başlayaraq müxtəlif illərdə çəkilmiş fotoları maraq doğurur.

Ekspozisiya zalı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Muxtar Respublikasının müasir dövrünü əks etdirən eksponatlarla yekunlaşır. “Naxçıvan Muxtar Respublikası-95” başlıqlı sərgidə muxtar respublikanın inkişaf mərhələlərini əks etdirən statistik göstəricilər, həmçinin müasir dövrün quruculuq salnaməsi fotolar vasitəsilə nümayiş etdirilir.

95 illik tarixə malik olan Naxçıvan Dövlət Tarix muzeyi göründüyü kimi özündə 5000 illik tarixi eksponatlar vasitəsilə gələn tamaşaçılara diktə edir. Azərbaycan tarixinin mühüm və şərəfli səhifəsini təşkil edən Naxçıvan tarixi muzey vasitəsilə gələn tamaşaçılara təbliğ edilir.

Muzey turistlərin ən çox üz tutduğu ünvanlardandır

Muzey işçiləri fondun zənginləşdirilməsini də diqqət mərkəzində saxlayırlar. Son 20 ildə muzeyin fonduna 11 mindən çox yeni eksponat daxil edilib. Təkcə bu ilin yanvar-iyul aylarında muzeyə 548 yeni eksponat daxil olub. Onlardan 420-si muzey işçiləri tərəfindən toplanıb. Qalan 128-i sakinlərin şəxsi təşəbbüsü ilə muzey fonduna təqdim edilib.

Muxtar respublikanın turizm potensialı bu qədim yurd yerinə olan turist axınını ilbəil artırır. Dünya memarlığının nadir incilərindən olan Mömünə Xatın türbəsini, müqəddəs ocaq sayılan Əshabi-Kəhfi, sağlamlığın təbii ünvanı olan Duzdağ möcüzəsini, saysız-hesabsız tarixi abidələri görmək istəyi dünyanın dörd bir yanından olan turistlərin maraq dairəsindədir. Bir yurdun tarixini öyrənmək üçün ən gözəl ünvan isə tarixin saxlanc yeri olan muzeylərdir. Odur ki, Naxçıvan Dövlət Tarix muzeyi turistlərin ilk üz tutduğu ünvanlar siyahısındadır. Məlumat üçün bildirək ki, bu ilin ötən 7 ayı ərzində muzey 22 mindən çox ziyarətçi qəbul edib. Onların 4800-ə yaxını xarici turistlər olub.

Naxçıvanın ulu keçmişini müasir dövr tarixini özündə yaşadan nümayiş etdirən Naxçıvan Dövlət Tarix muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanan sərəncam tariximizə sahiblik hissi ilə yanaşı, bu mədəniyyət məbədgahının fəaliyyətinə verilən yüksək dəyərdir. Muxtariyyətin yaşıdı olan Naxçıvan Dövlət Tarix muzeyinin qapıları hər bir tamaşaçısının üzünə açıqdır. Yetər ki, bu qapını açaq 5 minillik tarixin sehrinə düşək.

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Palitra 2019.- 11 sentyabr.- S.13.