Elmi təfəkkür və ifadə tərzinin harmonik vəhdəti

əvvəli var

M.Hüseynova belə bir fikri əsaslandırmışdır ki, M.P.Vaqifi şeir dilində canlı ünsiyyət dilinin dərin qatlarına nüfuz etdikcə toponim və hidronimlər də fəallaşır, deyim tərzində milli koloriti gücləndirir. Daha effektli üslubi gözəllik yaratmaq naminə onomastik vahidlər bədii qayə ilə öz aralarında daxili vəhdətə nail olmaq üçün deyim tərzinə xüsusi dolğunluqtutumluluq qazandırır. Hidronim və toponimlərin yaratdığı koloritli təsvirin əhəmiyyətindən söhbət açan müəllif qeyd edir ki, onomastik vahidlərin emosional-ekspressiv xassəsi üslubi prosesi fəallaşdırır. Bu leksik vahidlərin işlənmə tezliyi fikrin maksimum aydınlığına xidmətindədir. M.Hüseynova onomastik vahidlərə M.P.Vaqif şeirinin poetik tələblərini ödəmək baxımından yanaşmış, onu bədii təsvir obyektinin tutumlu çərçivədə təcəssümünə nail olma tələbi ilə əlaqələndirmişdir. Müəllif diqqətimizi belə bir fikrə cəlb edir ki, M.P.Vaqif poeziyasında toponim və hidronimlərin bədiilik siması onların konkret poetik qayəni nə səviyyədə əks etdirməsi və estetik təsiri ilə ölçüyə gəlir.Bütün hallarda bu məziyyət aparıcıdır: toponim və hidronimlərin iştirakı ilə yaradılan obrazlı düşüncə qayəyə müvafiqdirsə, təbii və cazibədardır. Belə olduqda onlar təsvir- tərənnüm obyekti haqqında dolğun təsəvvür yaradır, bədii nitq mühitinə ekspressivlik gətirir və mətnin poetik ab- havasına uyğunlaşır.

M. P. Vaqifin əsərlərinin dilində bağlayıcıların funksional üslubi dəyərindən danışarkən M. Hüseynova belə bir mülahizəni qabarıq şəkildə nəzərə çatdırmaq istəyir ki,əsl bədii söz xridarının əsərlərində, hətta leksik-semantik mənadan məhrum olan elementlər də müstəsna üslubi əhəmiyyətə malikdir. Həqiqi poeziyanın ümumi ahəngində orijinal şairin yüksək ustalığı, dil gözəlliyi, üslub aydınlığı, bir sözlə, forma gözəlliyi ona görə xüsusi yer tutur ki, burada dilin bütün göstəriciləri fəaldır, köməkçi nitq hissələri, o cümlədən bağlayıcılar da mətnin gözəllik yaradan detalları kimi çıxış etməkdə şairin söz duyumunda həlledici amildir. Bədii dil mədəniyyəti və sözün poetikləşdirmə imkanlarından sənətkarlıqla istifadə bağlayıcılara da poetik siqlət və bədii həyat bəxş edir.

M.Hüseynovanın məqalələrinin intellektual təsirini ona görə dərindən dərk edirik ki, burada yazı sanbalı təkcə mövzu və problemlərin zənginliyi ilə məhdudlaşmır. Onun yazı tərzində, üslubunun canlılığında, elmi təhlil zənginliyində, müraciət etdiyi nəzəri məsələləri əhatə etmə miqyasında özünü büruzə verən yaradıcılıq əhvali-ruhiyyəsi olduqca cəlbedicidir. Müəllif faktçılıqdan qaçmaqla elmi novatorluğa, konsepsiyaya üstünlük verir, dil hadisələrini və üslubi meyilləri geniş elmi-nəzəri kontekstə alıb mənalandırmaq istiqamətini əsas götürür. Son illər onun yaradıcılığında sənət korifeylərinə, onların dilinə və dilçilik görüşlərinə diqqətin güclənməsi hiss olunur. Müxtəlif dövrdə Azərbaycan ədəbi-bədii dilinin inkişaf qanunauyğunluqları, bədii üslubun, poeziya və nəşr dilinin əlamətləri, qüdrətli klassiklərimizin dil mədəniyyəti, poetik ifadə vasitələrinin inkişafı və təkamül tarixis. qlobal problemlər M.P.Vaqif, C.Məmmədquluzadə, C.Cabbarlı, M.Müşfiq, H.Cavid, M.Cəfər, H.Araslı, Ə.Dəmirçizadə, A.Qurbanov, İ.Şıxlı və s. görkəmli bədii söz sahibləri və alimlərin əsərlərinin təhlili vasitəsilə işıqlandırılmışdır. Müəllif bədii ədəbiyyatın üslub problemlərindən, dilin bədii-estetik funksiyalarından, adi dil materiallarının bədii poetik-publisistik sərvətə çevrilməsi mexanizmindən, dil üzərində yaradıcılıq işgüzarlığının özünəməxsus tərəflərindən, dil və fərdi yaradıcılıq məsələlərindən və s. danışarkən yuxarıda sadalanan ədib və alimlərin yaradıcılığından istinad kimi faydalanmışdır. Onun əsərlərində - dilin müxtəlif səpkilərinə aid araşdırmalarında dil materialları daha çox estetik hadisə kimi dəyərləndirilmiş, bütün faktlara yüksək elmi səviyyədən yanaşılmışdır.

Təbii bir hal kimi xüsusi olaraq göstərmək yerinə düşər ki, M.Hüseynova ədəbiyyatımızda aparıcı mövqedə dayanan, öz fərdi üslubu və yaradıcılıq fəaliyyətinə görə seçilən görkəmli ədəbi şəxsiyyətlərin əsərlərinə daha artıq diqqət yetirir. Bu, ondan irəli gəlir ki, bədii təfəkkür etibarilə daha yüksəkdə dayanan söz sənətkarlarının dili müəllifi bədii dildə gedən prosesləri müəyyənləşdirərkən daha səciyyəvi nitq materialları ilə silahlandırır. Məsələn, müəllif C.Məmmədquluzadənin məqalələrində işlənmiş toponimlərin leksik-semantikvə üslubi xüsusiyyətlərini, yaxud dahi sənətkarınəsərlərində alınma sözlərin poetik funksiyalarını ona görə tədqiqat obyektinə çevirmişdir ki, burada göstərilən dil vahidlərinin kəmiyyət və keyfiyyət göstəriciləri ilə ədibin qələm məhsullarının bədii-estetik mənzərəsini, ən səciyyəvi və təqdirəlayiq əlamətlərini şərh etmək mümkündür.M.Hüseynovanın C.Məmmədquluzadənin dilində işlənmiş toponim və alınma leksikanın üslubi məziyyətlərinə həsr etdiyi məqalələrinin əsas əlaməti analitik təhlil meylinin güclü olmasındadır.

Söz seçmə vərdişinin mənanı xüsusi mündəricə siqləti və səsləndirmə məharəti ilə bağlılığı, konkret mətn şəraitində toponim və alınma sözlərin obraz yaratma qabiliyyəti, sözü məqsədəmüvafiq seçməklə üslubi kəskinlik məqamı formalaşdırma, sözü kəsərli və tutarlı demək bacarığı, onomastik vahidlərin və alınma sözlərin mətnlərə nüfuzu və seçilmə prinsipləri və s. məsələlər C.Məmmədquluzadə idealları işığında araşdırılır və nəzərdən keçirilir. Bu, onun mövzuya geniş baxışlarının əlamətidir və həmin əlamətlər H.Cavidə həsr olunmuş məqalələrdə də açıq-aydın hiss olunur.

H.CavidinTopal Teymur” dramında köməkçi nitq hissələrinin kommunikativləşməsi və mənşəyi yığcam təhlil yolu ilə işıqlandırılır, bütün elmi qənaət və hökmlər elmi zəminə əsaslanır.

H.Cavidin dramlarının dilində xitabları ekspressivlik yaradan vasitə kimi araşdıran müəllifin fikrincə, müraciət bildirən bütün müraciət formaları H.Cavidin dramlarında güclü emosiya, dərin ruhi vəziyyətlər üçün ən münasib ifadə vasitələrindəndir. Çağırış məqsədi ilə işlənib, qrammatik cəhətdən cümlənin heç bir üzvi ilə rabitələnməyən sözsöz birləşmələri vokativləşərək estetik hadisəyə çevrilir. Lüzumsuz ritorikadan, sözçülükdən uzaqolma yolunda çəkilən zəhmətin bəhrəsi kimi H.Cavidin sözdən yaradıcı şəkildə, bacarıqla istifadə üsuludur ki, xitabların yaratdığı hissi vəziyyətlər olduqca təqdirəlayiq sənətkarlıq amilidir. M.Hüseynova konkret fraqmentlərə istinadən göstərir ki, xitablar H.Cavidi məşğul və narahat edən düşüncələri, emosiyaları üzə çıxarmaq üçün münasib bədii ifadə formasıdır. Müəllif belə hesab edir ki, xitablar dram dilinin tələblərini xüsusi çevikliklə ödəyir. Onların yaxından iştirakı ilə dialoqların estetik miqyası genişlənir, şairin qabarıq şəkildə vermək istədiyi dramatik ovqatın ən vacib atributları xitabların ətrafında cəmləşir, məzmun dərinləşdikcə, şair vokativlərlə orjinal deyim tərzindən daha çox faydalanır. Mahirə xanım əsaslandırmağa çalışmışdır ki, H.Cavidin dram dilində çağırış və müraciətin xüsusi bədii əhəmiyyəti bir də ondadır ki, fikri çevik şəkildə şairidaha qabarıq canlandırmaq istədiyi obyektə yönəldir, bədii qayə üslubi-semantik cəhətdən dolğunlaşaraq daha da təsirli olur. Xitabın yaratdığı “maqnit sahəsi”ndə poetik dil faktları sistemləşərək replikaların ekspressivlik xüsusiyyətlərini qüvvətləndirir.

M.Hüseynovanın elmi yaradıcılığında böyük dramaturqumuz C.Cabbarlının bədii üslubu ilə bağlı fəaliyyəti müntəzəm şəkil almışdır. Təsadüfi deyil ki, onun dahi sənətkarın bədii dilinə dair əsərləri sistem səciyyəlidir. O, bu kitabda misilsiz söz ustadının poetik dil problemlərinə dair beş sanballı məqalə daxil etmişdir. Həmin araşdırmaların hamısı C.Cabbarlının dil sənətkarlığına aiddir və onların əsas istiqaməti nəhəng söz korifeyinin bədii üslubunda xüsusi aksent yaradan linqvistik materialların poetik keyfiyyətləridir.C.Cabbarlının üslubu ilə bağlı məsələlərin qoyuluşunda M.Hüseynova həmişə fəal estetik mövqedə dayanmış, dramaturqun dil sənətkarlığını bədii yaradıcılığının əsas göstəricilərindən biri hesab etmiş, ədəbiyyatımızın tanınmış nümayəndəsinə xas olan əsas cəhətlərə, ümumiyyətlə, bədii üslubun əsas xüsusiyyətlərinə dair tutarlı fikirlər söyləmişdir. Təqdirəlayiq haldır ki, C.Cabbarlı sənətinin üslubi siması, mükəmməllik ölçüləri doğru olaraq dramaturqun dilə münasibəti və həmin münasibəti reallaşdıran dildən istifadə vərdişlərinin xarakteri ilə əlaqəli şəkildə götürülüb təhlil olunur. C.Cabbarlının pyeslərində dialektizmlərin şivələrimizdəki arealları, kalamburların gülüş yaratma imkanları, ləqəblərin etimolojisemantik təhlili, okkazionalizmlərin stilistik nüansları və s. problemlər dilçi-alimin əsas elmi qənaətlərinin özülündə dayanır və gəlinən nəticələr fikrimizcə, mütəxəssislər tərəfindən qarşılanandır.

Şeir dilinin bir sıra özünəməxsus əlamətlərini M.Hüseynova misilsiz Mikayıl Müşfiqin bədii irsi ətrafında işıqlandırır. Xalq dilinin şeiriyyəti, şair təxəyyülünün obrazlı lövhələr yaratma imkanları, M.Müşfiqə məxsus analoqsuz şairanə təxəyyülün yaradıcı mahiyyəti “Mikayıl Müşfiqin yaradıcılında anaforanın poetik funksionallığı” və “Mikayıl Müşfiqin əsərlərində mötərizə və tire işarələrinin üslubi imkanları” adlı məqalələrində bütün dolğunluğu ilə əks olunmuşdur. İllərin sınağından uğurla çıxmış M.Müşfiq irsinin sənətkarlıq sirlərinin bir sıra poetik detalları, konkret desək sintaktik fiqurlardurğu işarələri müəllifin fikirlərini məşğul etmişdir. M.Hüseynova M.Müşfiq şeirlərinin ahəngi və onun meydana çıxma spesifikası ilə bağlı axtarışlarında anaforaların emosionalekspressiv cəhətlərini, mötərizə və tire işarələrinin estetik aspektlərini poetik meyarlara uyğun şəkildə incələmişdir. Anaforanın canlı danışıq dilindən qaynaqlanan tərəfləri, onun poeziya dilinin təbiiliyi ilə əlaqəsi aydınlaşdırılanda da bilavasitə nitq elementlərinin, ritm və intonasiyanın şeir poetikasına hərtərəfli təsiri də əsas götürülmüşdür. Bu problemlərin qarşılıqlı əlaqəsinə kifayət qədər əhəmiyyət verən Mahirə xanım M.Müşfiqin fərdi-üslubi meyillərinin mühüm əlamətləri və ümumiyyətlə, yaradıcılıq simasının müəyyənləşməsində anaforik nizamın və durğu işarələrinin tənzimlədiyi poetik ahəngdarlığın estetik əsaslarına aydınlıq gətirməyə çalışmışdır.

M.Hüseynovanın nəsr əsərlərinin dilinə, nəsr təcrübəsinə baxışlarında sənətin intensiv hərəkəti, poetik axtarışlar və bu istiqamətdə qazanılan ciddi yaradıcılıq uğurlarına münasibət mühüm yer tuturdilüslubla bağlı yaradıcılıq vəzifələri barədə söhbət İsmayıl Şıxlının “Ayrılan yollar” romanının poetikasının geniş mənzərəsi fonunda aparılır.Hiss olunur ki, ədəbi prosesin bütöv mənzərəsi fonunda nəsr dilini incə detalları, daxili şaxələri ilə araşdırmaq və əsas üslubi təkamülləriaşkara çıxarmaq M.Hüseynovanın tədqiqat üsuluna xas olan məziyyətlərdəndir. O, “Ayrılan yollar”ın dilinə, hər şeydən, əvvəl ədəbi prosesin dinamikası, bədii fikrin hərəkəti ilə vəhdətdə baxmağı zəruri hesab hesab edərək estetik uğurlarla təsbit oluna bilən sənətkarlıq axtarışlarını, İ.Şıxlının üslubi meylininperspektivli xüsusiyyətlərini, bədii ifadə vasitələrinin mahiyyətli əlamətlərini aydınlaşdırmağa xüsusi əhəmiyyət verir, araşdırdığı romanın dilindəki səciyyəvi xüsusiyyətlər ətrafında aktual fikirlər yürüdülür, məsələnin praktik-nəzəri cəhətlərinə toxunur. “İ.ŞıxlınınAyrılan yollar” romanında təşbehlərin müqayisə subyektləri” və “İ.Şıxlının “Ayrılan yollar” romanında atalar sözləri və məsəllərin üslubi imkanları” məqalələrində müəllif, İ.Şıxlının dili ətrafında çox mühüm, aktual problemlərlə bağlı mühakimələr yürüdür, əsas diqqətini nasirin təşbehləri və frazeologizmlərinin üslubi keyfiyyətləri üzərində cəmləşdirir. Əsas məziyyət kimi təşbehlərin ifadə sərrastlığı xüsusi olaraq vurğulanır, bu ifadə vasitələrininmüqayisə subyektlərinin geniş elmi-nəzəri şərhi xüsusi maraq doğurur. İ.Şıxlının romanlarında nail olduğu bədii dil uğurlarının mühüm detalları, xüsusilə atalar sözləri və məsəllərdən faydalanma məharətinə, onların məna siqlətinə xüsusi diqqət cəlb edilir. Beləliklə, nəsr dilionun poetikasına dair çoxsahəli və çoxcəhətli göstəricilər əyaniləşdirilir, müasir nəsrin dil qayğıları haqqında dərin və professionalmühakimələr yürüdülür.

Kitabda akademik H.Araslı və akademik M.Cəfərin dilçiliyin müxtəlif problemlərinə dair fikirlərini əks etdirən səhifələr olduqca böyük maraq doğurur. Müəllifin təqdimatından aydın görünür ki, Azərbaycan dilinin, dil mədəniyyətinin linqvistik nöqteyi-nəzərindən öyrənilməsinə diqqət artdıqca, linqvistik poetika fəallaşdıqca,ədəbiyyatşünaslıq və ədəbi tənqid də bu sahədəki fəaliyyətindən imtina etməmiş, əksinə, adları çəkilən ədəbiyyatşünas alimlər və digərləri dilçiliyin nəzəri problemlərinə, dilin daxili mahiyyətinə daha yaxından nüfuz etmiş, sənətkarlığın prinsiplərinə daha fəal münasibət bildirib, onun hərtərəfli perspektivlərini müəyyənləşdirmək və bədii yaradıcılığın vacib üslubi problemlərini aydınlaşdırmaq, ədəbiyyatın dil ləyaqətinin ölçülərini və bu ölçü meyarlarından yararlanma üsullarını müasir filologiyanın nəzəriyyə və metodologiyası əsasında inkişaf zərurətini aşkarlamaqla ədəbiyyatşünaslıq da öz fəaliyyətindən qalmamışdır. Müəllif bu məsələni H.Araslı və dahi şairimiz Nizaminin timsalında müfəssəl şəkildə şərh etmişdir. H.Araslının “Şairin həyatı” əsərinin dilində dialektizmlər və onların üslubi, leksik-semantik xüsusiyyətləri mükəmməl bədii sistemüslubi novatorluq mövqeyindən dəyərləndirilmiş, alimin elmi yaradıcılığındakı dil məsələlərinə, onun dilin nəzəri məsələləri ilə bağlı zəngin nəzəri arsenalına xüsusi diqqət cəlb edilmişdir.

M.Cəfərin dialektologiya sahəsindəki araşdırmaları geniş elmi-linqvistiktipoloji zəmində qoyulur, burada nəzəri fikirlərin dəqiqliyi, elmi ümumiləşdirmələrin dərinliyi təqdir olunur. M.Cəfərin mülahizələrinə yüksək nəzəri baxış, müasir elmi-metodoloji münasibət aydın hiss olunur. Hüseyn Cavidin diliüslubu akademik Məmməd Cəfərin təqdimatında” adlı məqalə ilə M.Hüseynova belə bir təkzibolunmaz həqiqəti bir daha kodlaşdırır ki, bədii əsərin canı olan estetik mahiyyəti, nəzəri problematikasıədəbi tənqid və estetik fikrinin parlaq nümayəndəsi M. Cəfərin qələm süzgəcindən daha miqyaslı formada keçmişdir. M.Hüseynovanın məqaləsində M.Cəfərin yaradıcılığında bədii dilin mahiyyəti və daxili sirlərinin mühüm məsələlərinə dair, sözün tamdürüst mənasında, dərin cavablar tapmaq olur. M.Cəfərin H.Cavid sənətinin dilinə münasibəti müəllif tərəfindən mühüm aspektlərin şərhi fonunda təhlil və təqdim olunur. M.Cəfərin filoloji tədqiqatları içərisində H.Cavidin poetik dilüslub problemləri, xüsusilə şeirin leksikası, dil quruluşu anlayışları geniş estetik kateqoriya səviyyəsində götürülür. Dil şeirin varlıq formasıdır, onsuz şeiriyyət yoxdur, dil poeziyada, onun bədii ləyaqətində həlledici rol oynadığı üçün söz ustadının lüğət zənginliyi, səmimiliyi, fikrin ifadəsindəki təbii səs – söz düzümü misilsiz əhəmiyyət kəsb edir” – tezisindən çıxış edən M.Hüseynova H.Cavidin şeir dilindən, bu dil haqqında M.Cəfərin irəli sürdüyü həqiqətlərdən yüksək peşəkarlıqla danışmış, canlı dil və sənət dili münasibətlərini çox dəqiq və dərin elmi əsasda qoymuşdur.

Kitabda Azərbaycan dilçiliyinin Ə.Dəmirçizadə, A.Qurbanov, Ə.Tanrıverdi kimi nümayəndələrinin – milli linvistikanın vacib yaradıcılıq problemlərinin həllində böyük fəallıq göstərən alimlərin yaradıcılıq qayələri, elmi şəxsiyyəti, onların yaradıcılıq uğurları haqqında müfəssəl məlumat və elmi şərh verilən məqalələr də vardır. Məqalənin kəmiyyət göstəricilərinə istinadən demək olar ki, M.Hüseynovanın elmi irsində, onun ədəbi-bədii və dilçiliklə bağlı yaradıcılığında dilimizin elmi-praktik problemləri ilə bağlı məsələlər ardıcıl və daimi xarakter daşıyır. Poetik dil problemlərinin obyektiv mövqedən ardıcıl şəkildə işıqlandırılması onun estetik görüşləri sistemində mühüm yer tutur. Dilüslub məsələləri vacib sənətkarlıq amili və əlaməti olaraq M.Hüseynovanın problemlərlə zəngin və prinsipial məqalələrdə öz əksini tapır. Üslubi özünəməxsusluq əsl sənətkar orijinallığının göstəricisi kimi, formanın məzmuna münasib qurulma qanunauyğunluğu aspektində təqdim olunur. Ən mühüm cəhət ondan ibarətdir ki, M.Hüseynovanın əsərlərində ədəbiyyatın dilüslub qayğıları söz sənətinə müasir baxış fonunda çözələnir. Dil sadəliyində dərinlik, üslub aydınlığında müasirlik məqamları M.Hüseynova tərəfindən poetik-analitik təfəkkür sücgəcindən keçirilərək bədii söz sənətinin gələcək inkişafına narahatlıq hissləri düşündürücü arqumentlərlə geniş oxucu kütləsinə çatdırılır.

Azərbaycan aşıq və el şairlərinin diliüslubu, türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiya problemi, “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə vergi adlarının tarixi-etimoloji təhlili, antroponimik adların tərkibi və semantikası, entotoponimlərin tarixi-linqvistik analizi müasir nəzəri baxışların səviyyəsində qavranılıb mənalandırılır. Göstərilən problemlərin hər birinə ayrı-ayrı elmi münasibət müəllifin yaradıcılıq axtarışlarının diapazonunu təsdiq edir. Bununla da aydın görmək olur ki, M.Hüseynovanın elmi fəaliyyəti bütövlükdə yüksək, istedadlı tədqiqatçılıq mədəniyyətinin bariz göstəricisidir. Mübaliğəsiz demək mümkündür ki, filologiyamızın nəhəng şəxsiyyətlərinə, böyük klassiklərimizin yaradıcılıq simasına, bir sıra dilçilik problemlərinə həsr olunmuş bu kitab monoqrafik tədqiqatın bariz nümunəsidir. Dil, üslub, janr və poetikanın bir sıra ən vacib tərəflərinə nüfuz edən müəllif bu kitabı yazarkən özünün bu sahədəki zəngin təcrübəsini, dərin mühakimə və qənaətlərini məharətlə ümumiləşdirmiş və görkəmli söz ustalarının yaradıcılığı ətrafında elmi axtarışlarını, təcrübəsini yekunlaşdırmışdır. Bununla da bədii söz sənətinin yeni inkişaf perspektivlərini də müəyyənləşdirməyə müvəffəq olmuşdur. Yaradıcılığını bu aspektdə davam etdirmək arzusu ilə!...

ardı var

Məhərrəm Hüseynov

filologiya elmləri doktoru, professor

Palitra.-2019.-13 sentyabr.-S.10.