Tarixin işığında: Əylis

1828-ci il Türkmənçay müqaviləsindən sonra 47 erməni ailəsi Əylisə köçürülüb. Əylisdə möhkəmlənmələri üçün onlara bir çox imtiyazlar verilib. 6 il vergilərdən azad edilən ermənilərə ticarət işləri ilə məşğul olmaları üçün imkanlar yaradılıb. İpək kimi strateji məhsulların satışı onlara verilib. Vəzifələrə təyin edilməklə çar üsul-idarəsinin buradakı rəhbərlərinə çevriliblər.

əldiklərində Əylisin kənarlarında məskunlaşan ermənilər tədricən mərkəzdə də özlərinə yer edə biliblər. Erməni müəllifləri isə Əylisin Çar Tiqran tərəfindən salındığı və bu yerlərin qədim erməni torpağı olduğunu iddia edirlər. Hətta bir az da irəli gedib qeyd edirlər ki, Sovet hakimiyyəti qurulduqdan sonra erməni torpağı olan Əylis Naxçıvan bölgəsinin digər  əraziləri kimi Azərbaycanın tərkibinə keçdi. Bizsə iddialara yox, tarixə istinad edir, əsl gerçəyin-tarixin bu torpağın dərin qatlarına vurduğu izlərə söykənərək tarixi həqiqətləri nəzər-diqqətinizə çatdırırıq. Əylis Naxçıvanın digər kəndləri ilə müqayisədə daha çox inkişaf etmiş, ticarət və mədəniyyət mərkəzi idi. İstənilən halda yaşayış üçün əlverişli sayılırdı. Bu mənada  Əylis sevdası erməniləri bu ərazinin tarixini saxtalaşdırmağa və özününküləşdirməyə sövq edir. 

 

Tarix dolu Əylis

 

Məscidlər o yerdə inşa olunub ki, həmin ərazidə müsəlmanlar yaşayıb və çoxluq təşkil edib. Əylisdəki tikinti mədəniyyəti-istər körpülər olsun, istər hamamyaxud yaşayış evləri Naxçıvan ərazisindəki, xüsusilə də Ordubad şəhərindəki abidələrlə, tikililərlə eyniyyət təşkil edir. Çox da uzağa getməyək. Götürək elə qapıları. Taqqılbab və zəncilbablı qapılar hazırda Ordubad bölgəsi üçün xarakterikdir. Əylisdə bir sıra evlərə giriş üçün məhz taqqılbab və zəncilbabdan hələ də istifadə olunur. Xüsusilə də toponimlər. Ərazidəki dağ adları, məhəllələrin, eləcə də çoxsaylı kəhrizlərin adı hamısı türkmənşəlidir. Əylis Ordubadın bir çox kəndləri ilə həmsərhəddir. Şərq sərhədi boyunca Ordubad şəhəri, Nüsnüs, Əndəmic, qərb sərhədi boyunca Xanağa, Vənənd, Vələver, Dırnıs kimi 12-yə yaxın kəndlə əhatələnib. Əylisin şimalında, Əylis çayının sağ sahilində Nuhgədih adlı qədim yaşayış məskəni olub. Bu qədim yaşayış məskəni adından da göründüyü kimi Nuh peyğəmbərin adı ilə əlaqəlidir. Həmin yaşayış məskəni 1918-20-ci illərdə ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliyin qurbanı olub.

Digər tərəfdən torpağın bağrına sancılmış məzarüstü kitabələrə diqqəti çəkək. Doğumölüm ili bəlli olmayan çoxsaylı qəbirlərlə yanaşı, 1800-cü illərdən başlamış tarixi dəqiq göstərilən və o vaxtın əlifbası ilə həkk olunan məzarüstü kitabələr onlarladır. Bu kitabələri tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli tədqiq edib. Məlum olub ki, kənd qəbiristanlığında indiyədək qalan başdaşı tipli qəbirüstü abidələrin çoxu qadınların xatirəsinə hazırlanmışdır. Qəbiristanlıqda tədqiq olunan 9 kitabədən altısının Şərəfnisə, Hökümə xanım, Nurşərəf, Həvva xanıma aid olması diqqəti çəkən məsələlərdəndir.

XVIII əsrdə Azərbaycanda yaranan xanlıqlar içərisində öz mövqeyi ilə seçilən Naxçıvan xanlığının Naxçıvanın inkişafında əhəmiyyətli dərəcədə rolu olub. "Naxçıvan tarixi" çoxcildliyinin ikinci cildindən oxuyuruq: "Naxçıvan xanlığında mövcud olan 3 şəhərdən biri məhz Əylis olub. Nadir şahın ölümündən sonra İranda və Cənubi Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan Azadxan 1752-ci ildə Naxçıvan xanlığının mühüm ticarət və sənətkarlıq mərkəzlərindən olan Əylis şəhərini yerlə yeksan etmiş, onun bir də dirçəlməsi üçün heç bir ümid yeri qoymamışdı. Sonralar Əylis şəhərinin yerində onun sənətkarlıq ənənələrini qismən davam etdirən böyük kəndlər-Aşağı Əylis və Yuxarı Əylis əmələ gəlmişdi".

Ordubadın ən qədim yaşayış məskənlərindən olan Əylis əzəmətli dağlarla əhatələnib. Füsunkar təbiəti var. XIX əsrin I yarısında yaşamış Cənubi Azərbaycan şairi Əndəlib Qaracadaği Ordubad şəhərinin gozəlliyindən bəhs edərkən Əylisi də vurğulayır.

 

Ordubadın nə deyim, vəsfı gülüstanə dəyər,

Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər.

Hər dəm Əylis səfəri Hindü-Sifahanə dəyər,

Eylə şahidləri var huriyi-qılmana dəyər.

 

Əylis bu gün

 

XIX əsrin sonlarında Əylis kəndindən bir görünüş poçt açıqcası kimi buraxılıb. Və XXI əsrin Əylisi. Tarixə Ağulus kimi düşmüş Əylis bu gün özünün günlərini yaşayır.

elim, ulusum,

Dörd yanı dağ ulusum.

Təbriz elindən gəlir

Sədası Ağulusun.

 

2012-ci ildə Yuxarı, 2014-cü ildə Aşağı Əylisdə kompleks quruculuq işləri həyata keçirilib. Orta əsrlər şəhəri Əylisə uzun ömür bəxş olunub.  Ümumilikdə, Yuxarı və Aşağı Əylisdə 4000-ə yaxın əhali yaşayır. Mehriban, xoşsimalı əylislilər  yaradılan şəraitdən bəhrələnərək, torpağın qayğısına qalır, təsərrüfatın müxtəlif sahələrində çalışırlar. Zəngin tarixi hifz edən Əylis qoynunda o tarixi yazanları yaşadır. Əylisin-Ağulusun-bu şəhərin tarixini saxtalaşdırmağa cəhd göstərənlərin  isə arzuları, xam xəyalları, məkrli planları və uydurmalarını elə tarix özü çoxdan qara torpağa gömüb. Çünki tarix həqiqətin tərəfindədir!

 

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Palitra.-2019.-27 sentyabr.-S.13.