“The Jerusalem Post” nəşri:
“Əsrin müqaviləsi” Azərbaycanı enerji şaxələndirilməsi
və Avropanın təhlükəsizliyi mərkəzinə
çevirib”
Böyük
enerji resurslarına malik olan ölkələr tarixən həmişə
və hamını cəlb edib. Bu ölkələrdən
biri də neft sahəsinin təqribən 150 illik inkişaf
tarixinə malik olduğu Azərbaycandır. 1871-ci ildə
Azərbaycanda Balaxanı və Bibiheybət yataqlarında
mexaniki qazma üsulundan istifadə edilməklə neft
hasilatına başlanıb.
AZƏRTAC
xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində
tanınmış israilli ekspert Arye Qut İsraildə
çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində
dərc olunmuş “Əsrin müqaviləsi” Azərbaycanı
enerji şaxələndirilməsi və Avropanın təhlükəsizliyi
mərkəzinə çevirib” sərlövhəli məqaləsini
bu mövzuya həsr edib. Qeyd edək ki, həmin
məqalə populyar İsrail nəşrinin dünənki
nömrəsində 5 əsas xəbərdən biri olub.
Ekspertin
fikrincə, Azərbaycanda neft hasilatının tarixində XX əsrin
siyasi sarsıntıları – Birinci Dünya müharibəsi,
Rusiyada oktyabr inqilabı, 1918-ci ildə daşnak terrorçu
qrupları tərəfindən azərbaycanlılara
qarşı törədilmiş soyqırımı, 1920-ci ildə
XI Qırmızı Ordunun ölkəyə yeridilməsi və
neft sənayesinin milliləşdirilməsi, İkinci Dünya
Müharibəsi, XX əsrin sonunda Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
suveren Azərbaycanın ərazisinin 20 faizinin işğal
edilməsi ilə bağlı yüksəliş və tənəzzül
mərhələləri olub. Bu isə təbii
ki, ölkənin neft sənayesinə təsir göstərib.
Arye Qut qeyd edir ki, SSRİ-nin dağıldığı
dövrdə Azərbaycanda neft hasilatı azalmışdı. İsrailli ekspert yazır:
“Mürəkkəb transformasiya böhranından sonra ölkə
hər şeyi təzədən başlamalı oldu. İslahatlar aparmaq, xaricdən investisiyalar cəlb etmək
lazım gəldi. Nəticədə Azərbaycan
dünya bazarında karbohidrogenlərin qiymətinin artması
ilə bərabər iqtisadi artımı sürətləndirməyə
nail olmaq üçün öz resurs üstünlüklərindən
istifadə edə bildi. Beləliklə, 1991-ci
ildə dövlət müstəqilliyi bərpa ediləndən
sonra Azərbaycanın neft sənayesini də inkişaf etdirmək,
Xəzərin Azərbaycan sektorundakı açıq və dərinsulu
rayonlardakı iri neft və qaz yataqlarını mənimsəmək
lazım idi. Bütün bunlar böyük
məbləğdə kapital qoyuluşu, bütövlükdə
neft və qaz hasilatı praktikasına müasir
texnologiyaların tətbiq olunmasını tələb edirdi.
Bu isə yalnız o halda real ola bilərdi ki,
neft sahəsinə iri xarici investisiyalar cəlb edilmiş
olsun”.
Qut
vurğulayır ki, bu çətin, lakin şərəfli yol
1994-cü il sentyabrın 20-də Bakıda
başlandı. Həmin gün “Xəzər dənizinin Azərbaycan
sektorunda “Azəri”, “Çıraq” və “Günəşli”
neft yataqlarının birgə işlənməsi haqqında”
ilk beynəlxalq saziş imzalandı. Bu sazişin həm Azərbaycan
üçün, həm Cənubi Qafqaz regionu
üçün, həm də Avropanın enerji təhlükəsizliyi
üçün əhəmiyyəti nəzərə
alınaraq onu “Əsrin müqaviləsi” adlandırdılar.
İsrailli
ekspert yazır: “Birinci neft kontraktı 30 il müddətinə
bağlanmışdı. Sazişi 8 ölkədən
12 şirkət imzaladı. İlkin hesablamalara görə,
“Azəri” və “Çıraq” yataqlarında, habelə
“Günəşli” yatağının dərinsulu hissəsində
çıxarıla biləcək neft ehtiyatları 511 milyon
tona bərabər idi. Sonradan yeni hesablamalar əsasında
neft ehtiyatlarının 630 milyon ton həddində olması
müəyyən edildi. Bu halda səmt
qazı ehtiyatlarının həcmi 70 milyard kubmetrə bərabərdir.
Azərbaycanın yeni neft strategiyası ölkənin Cənubi
Qafqazda, Xəzər regionunda və bütün dünyada
geosiyasi sanbalını və statusunu yüksəltdi. Hazırda
dünya əhəmiyyətli neft mərkəzlərindən
biri olan Azərbaycan həm də Asiya, Qafqaz və Avropadan neft
kəmərlərinin yerləşdiyi mənbə
sayılır”.
Arye Qut öz məqaləsində vurğulayır ki, bu
kontraktın çox böyük strateji əhəmiyyəti
vardı, çünki Cənubi Qafqaz böyük dövlətlər
üçün iqtisadi, siyasi, coğrafi və geostrateji maraq
doğuran məkandır. Məqalədə deyilir:
“Şübhə yoxdur ki, regionda öz iqtisadi qüdrətini
inkişaf etdirən dövlət nəticə etibarilə
orada siyasi sabitlik yaranmasına kömək edir. Beləliklə,
qərb ölkələri öz investisiyaları, habelə
iqtisadi və texnoloji üstünlükləri sayəsində
Azərbaycan neftinin hasilatında strateji maraqlarını
gerçəkləşdirmək üçün bu regionda əlverişli
şərait yaradıblar. Eyni zamanda, Azərbaycan
diplomatiyası manevr etmək üçün daha böyük
imkan qazanıb.
“Əsrin
müqaviləsi”nin əhəmiyyəti məsələsinə
gəldikdə, o vaxt Azərbaycan Prezidenti Heydər Əliyev
bu kontrakta münasibətini çox dəqiq ifadə edib. Onun sözlərinə görə, biz bu kontraktı
imzalamaqla dünyaya bir daha nümayiş etdirdik ki, Azərbaycan
tamamilə müstəqil dövlətdir və onun xalqı
öz sərvətlərinə özü nəzarət etməyə
qabildir. Biz bu kontraktı imzalamaqla
dünyanın inkişaf etmiş ölkələri ilə,
onların ən iri neft şirkətləri ilə
qarşılıqlı münasibətləri nizamladıq, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası və azad bazar
iqtisadiyyatının formalaşması üçün zəmin
yaratdıq.
İsrailli ekspert qeyd edir ki, “Əsrin müqaviləsi”
çərçivəsində Xəzərin Azərbaycan
sektorundakı digər yataqların ışlənməsi
üçün dünyanın ən iri neft şirkətləri
ilə 31 beynəlxalq saziş imzalanıb.
Arye Qut
yazır: “Azərbaycan neftini dünya bazarlarına
çatdıran boru kəmərlərinin sayı
artırılaraq 3-ə çatıb. Bakı-Tbilisi-Ceyhan
neft kəməri barədə “mif” reallığa
çevrilib. Qeyd etmək lazımdır
ki, İsrail dövləti dünya bazarında Azərbaycanın
neftinin əsas alıcılarından biridir. İsrailin istehlak etdiyi neftin xeyli hissəsi (təqribən
65 faizi) Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Kəməri
vasitəsilə Azərbaycandan idxal edilir. Azərbaycan
həm də Avropanın və qərb bazarlarının enerji
şaxələndirilməsi və təhlükəsizlik mərkəzidir.
Azərbaycan regionda iri enerji və nəqliyyat
qovşağı olmaqla bərabər neftin və təbii
qazın əsas istehsalçısı olmaqla Avropa
üçün Rusiya və İrana energetik alternativdir”.
İsrailli
ekspert vurğulayır ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana qazın
istehsalçısı və ixracatçısına
çevrilmək imkanı verib. “Əsrin
müqaviləsi” tarixə Heydər Əliyev tərəfindən
qəbul edilmiş birinci geniş əhatəli iqtisadi qərar
kimi daxil olub. Bu qərar Heydər Əliyev
administrasiyasının siyasətində neft
strategiyasını əsas prioritet kimi müəyyən edib.
Lakin hətta
bizim günlərdə də “Əsrin müqaviləsi”nin əhəmiyyəti və dəyəri təkcə
gözlənilən maliyyə mənfəəti ilə məhdudlaşmır.
90-cı illərin əvvəlində Heydər
Əliyevin strateji planına uyğun olaraq Azərbaycan tədricən
fəlakətli vəziyyətdən çıxmağa
başladı. Həmin illərdə Azərbaycan
öz tarixi dövlətçiliyini dilçəltdi, həm
mövcud olduğu qısa dövr üçün, həm də
Azərbaycanın bütün tarixi üçün məsuliyyəti
öz üzərinə götürdü.
Qut
yazır ki, “Əsrin müqaviləsi” Azərbaycan vətəndaşlarının
sosial vəziyyətini yaxşılığa doğru dəyişib:
çətinliklər arxada qalıb, ölkəyə iri
maliyyə resursları daxil olduğu üçün insanlar
inkişaf yoluna qədəm qoymaq imkanı qazanıblar. Sözün həqiqi mənasında modernləşmənin
hərəkətverici qüvvəsinə çevrilmiş
“Əsrin müqaviləsi” uzunmüddətli praktiki məna kəsb
edib.
Bu nəhəng yataqlar blokunun istismarı üç mərhələdən
ibarət olmalı idi. “Çıraq” platformasında ilk neft 1997-ci il noyabrın 7-də çıxarılıb. Kontraktın şərtlərinin vaxtında yerinə
yetirilməsi və hasil edilən neftin artmaqda olan həcminin
beynəlxalq bazarlara çatdırılması
üçün yeni boru kəmərləri çəkilib və
istifadəyə verilib.
1997-ci ilin sonunda Azərbaycan neftinin Bakı-Novorossiysk
boru kəməri vasitəsilə Qara dəniz limanlarına nəql
edilməsi başlandı. 1999-cu ildə
Bakıdan Qara dəniz sahilindəki Supsa limanına neft kəməri
çəkildi və istifadəyə verildi. Bundan əlavə, 1999-cu ilin dekabr ayında Azərbaycan
nefti ilə dolu ilk tanker dünya bazarlarına
çatdırıldı. İsrailli ekspert yazır:
“2002-ci ildə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin israrlı səyləri sayəsində
“Əsrin müqaviləsi”ndə nəzərdə tutulan
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. O
vaxt çoxları bu kəmərə mif kimi baxırdı. həmin neft kəmərinin çəkilişi
Azərbaycanın strateji enerji dəhlizinə çevrilməsi
yolunda mühüm addım oldu”.
2005-ci il mayın 55-də Azərbaycan Prezidenti
İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin açılış mərasimi oldu. 2006-cı ildə isə Türkiyənin Cehyan
limanından Azərbaycan neftinin nəqlinə başlandı.
Ümumiyyətlə, Xəzər dənizindəki yataqlardan
Azərbaycan neftinin dünya bazarlarına nəql edilməsi
üçün üç boru kəməri tikildi:
Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və
Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (1768 kilometr).
Məqalə
müəllifinin sözlərinə görə, 2017-ci ilə
qədər Azərbaycanın dəniz neft yataqlarının
işlənməsinə təqribən 33 milyard dollar sərmayə
yatırılıb, Azəri-Çıraq-Günəşli
yataqlarında 3,2 milyard barel neft hasil edilib. Həmin
yataqlar blokunda 30 milyard kubmetr səmt qazı hasil edilib.
İsrailli ekspert qeyd edir ki, son illərdə Azərbaycanın
iqtisadi siyasəti ölkə iqtisadiyyatının sahəvi
şaxələndirilməsinə yönəlib. Məsələn,
2011-2014-cü illərdə ölkə iqtisadiyyatında əlavə
dəyərin orta hesabla 60 faizi qeyri-neft sektorunun payına
düşüb. 2015-2017-ci illərdə
isə, bu göstərici əlavə dəyərin 70 faizinə
yaxın olub. Ölkədə həyata
keçirilən struktur islahatları qeyri-neft sektorunun,
xüsusi sahibkarlığın, kənd təsərrüfatı
sektorunun və emal sənayesinin inkişafının
stimullaşdırılmasına yönəlib. 2017- ci ilin yekunlarına görə, neft ixracı
hesabına gəlirlərin azalmasına baxmayaraq, Azərbaycan
iqtisadiyyatının qeyri-neft sektorunda 2,8 faiz artım qeydə
alınıb.
Karbohidrogenlər hesabına əldə edilən gəlirlərin
səmərəli idarə olunması, bu vəsaitlərin ədalətli
bölgüsünün və prioritet sektorların
inkişafına yönəldilməsini təmin etmək
üçün Azərbaycan Respublikasının Dövlət
Neft Fondu yaradılıb. Dövlət Neft Fondu qısa müddətdə
dünyada ən şəffaf fondlardan birinə çevrilib.
Fondun vəsaitlərinin səmərəli və
şəffaf idarə edilməsi sayəsində indiki və gələcək
nəsillər üçün uzunmüddətli maliyyə səmərəsi
təmin olunur.
Müəllif qeyd edir ki, son illərdə Azərbaycanda
həyata keçirilən çoxsaylı sosial islahatların
məqsədi ölkəni dinamik inkişaf edən müasir
dövlətə çevirməkdir. Arye Qut yazır: “Azərbaycan
iqtisadiyyatının artım dinamikası seçilmiş
strateji kursun uğurla gerçəkləşdirilməsinə
dəlalət edir. Eyni zamanda, neft gəlirlərinin
qeyri-neft sektoruna yönəldilməsi bu sahənin
inkişafında ciddi uğurlara gətirib
çıxarıb. Qeyri-neft sektorunda yeni istehsal sahələrinin
və iş yerlərinin açılması, istehsal, nəqliyyat
və kommunal infrastrukturun misilsiz miqyasda inkişafı, sosial
infrastruktura aid müasir müəssisələr
yaradılması, o cümlədən yeni təhsil, səhiyyə
və idman müəssisələrinin tikintisi Azərbaycan
Respublikasının dinamik və davamlı inkişafının
əsası olub”.
İsrailli ekspert qeyd edir ki, son illərdə təhsil
sahəsində sanballı uğurlar qazanılması da
ölkənin modernləşdiriıməsinə yönəlmiş
sosial-iqtisadi siyasətlə bağlıdır.
Arye Qut
vurğulayır: “Ötən müddətdə ölkədə
təhsil infrastrukturunun modernləşdiriıməsinə
yönəlmiş mühüm addımlar atılıb. Bununla bərabər, “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsilinə
dair Dövlət Proqramı” çərçivəsində
Dövlət Neft Fondunun vəsaitləri hesabına 1300-cən
çox gənc təhsil almaq üçün xaricə
göndərilib. Sözügedən
proqram, digər mənbələr və şəxsi təşəbbüslər
sayəsində hazırda 10700 azərbaycanlı tələbə
dünyanın aparıcı universitetlərində təhsil
alır”.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi, 2019-cu ildən etibarən Azərbaycanda
islahatların yeni mərhələsi başlanıb. Bu mərhələnin
məqsədi Azərbaycanı inkişaf etməkdə olan
müasir ölkəyə çevirmək, vətəndaşların
rifahını yaxşılaşdırmaq, mövcud problemləri
aradan qaldırmaq və daha güclü dövlət
qurmaqdır. Bu hədəfləri əsas
götürən Azərbaycan sistemli və institusional
islahatlar həyata keçirir və gələcəkdə də
onları həyata keçirəcəyik.
İsrailli ekspert Arye Qut
İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem
Post” qəzetində dərc olunmuş “Əsrin müqaviləsi”
Azərbaycanı enerji şaxələndirilməsi və
Avropanın təhlükəsizliyi mərkəzinə
çevirib” sərlövhəli məqaləsinin sonunda
yazır: “Əsrin müqaviləsi” Azərbaycan
xalqının inkişafı və onun rifahının
yaxşılaşdırılması, XXI əsrdə Azərbaycan
dövlətinin suverenliyinin daha da möhkəmlənməsi
üçün gözəl imkanlar yaradıb”.
Palitra.-2019.-27 sentyabr.-S.4.