Professor Kərim Tahirov: Milli Kitabxana Milli Elektron Kitabxananın yaradılmasını vacib sayır

Müasir dövrdə kitabların elektron versiyalarının internet portallarında mövcudluğuna baxmayaraq, kitabxanalar, əvvəlki kimi, öz nüfuzlarını qoruyaraq daha da təkmilləşirlər. Hazırkı dövrdə də Azərbaycan oxucusu ən etibarlı mənbə kimi üzünü kitabxanalara tutur, onların daxili resurslarından bəhrələnirlər. Elmi müstəvidən tədqiqatlar aparılmasında Azərbaycan Milli Kitabxanasının rolu və yeri əvəzsizdir. Bu gün Milli Kitabxanada yaradılan şərait, maddi-texniki bazanın möhkəmləndirilməsi, kitabları və dövri mətbuatı rahat şəkildə əldə etmək baxımından Milli Kitabxana oxucuların ən sevdiyi məkanlardan biridir. Hər bir oxucunun müraciətini əsas götürərək Azərbaycan oxucusunun qayğısına qalan Azərbaycan Milli Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovla görüşdük və Kərim müəllimlə maraqlı söhbətimiz alındı. İndi isə həmin müsahibəni təqdim edirik:

- Dövrümüzdə kitabların elektron portallarda yerləşdirilməsi prosesi sürətlənib və bu addım kitabları rahat bir şəkildə oxucunun əldə etməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Artıq qalın-qalın kitabların internet səhifələrində pdf formatları yaradılıb ki, bu da oxucunun istənilən kitabı əldə edərək mütaliə etməsini asanlaşdırıb. Bu baxımdan, Azərbaycan Milli Kitabxanası arxivində olan kitabların, dövri nəşrlərin bütövlükdə pdf formatına gətirilməsi istiqamətində hansı addımlar atır?

- Dünya kitabxanalarının təcrübəsində nə fondun dövriyyəsi adlı məfhum, nə də fondun tam elektronlaşdırılması; yəni nəşrlərin bütünlükdə pdf formatına keçirilməsi anlayışı yoxdur. Bilirsiniz ki, Azərbaycan cəmiyyətində Azərbaycan Milli Kitabxanası mühüm informasiyaya resurslarına malikdir - təxminən kitabxanamızda 5 milyona yaxın qiymətli və dəyərli informasiya resursları mövcuddur ki, bunları isə internet resurslarında tam olaraq yerləşdirmək qeyri-mümkündür. Siz dünya praktikasına nəzər yetirsəniz görərsiniz ki, dünya kitabxanalarında elektron resursların həcmi fondun 10-30 faizindən yuxarı deyil; o cümlədən bu bizim Milli Kitabxanada da belədir. Milli Kitabxananın fondunda elə kitablar var ki, arxiv fondu sayıldığı üçün bu gün onların elektron şəkildə internetdə yayılmasına ehtiyac yoxdur. Arxiv fondunda elə nəşrlər saxlanılır ki, hətta həmin nəşrlərə oxucular illərlə, on illərlə müraciət etmirlər, amma bu o demək deyil ki, bu informasiya resursları Milli Kitabxanada olmamalıdır; əksinə, olmalıdır, çünki Milli Kitabxana milli nəşr məhsullarının arxivi funksiyasını yerinə yetirir.

Milli Kitabxana olaraq aldığımız yeni nəşrlərin (istər dövri nəşrlər, istərsə də kitablar olsun fərq etməz) çalışırıq ki, elektron resurslarını yaradaq və bunu uğurla da yaradırıq. Ancaq bu ona əsas vermir ki, biz bu nəşrlərin hər birini internet üzərindən yayımlamalıyıq. Nəşrlərin internet üzərindən yayılması məsələsində müəllif hüquqları ciddi problem yaradır; bu səbəblə də hər resursu internet üzərindən yaymağa hüquqi cəhətdən də ixtiyarımız yoxdur. Ancaq bu məsələlərlə bağlı Milli Kitabxana öz daxilində intranet (daxili şəbəkə) şəbəkə yaradıb və yeni daxil olan nəşrlərin orada pdf formatını yerləşdiririk ki, burada da məqsəd oxucuların optimal şəkildə mütaliəsini təmin etməkdir. Orta hesabla Milli Kitabxanaya gün ərzində 1000 nəfərdən artıq (bəzi günlərdə bu say 2000 nəfərə də yaxınlaşır) oxucu müraciət edir. Bir də görürük ki, bir nəşrdən bir neçə nəfər oxucu istifadə etmək istəyir ki, həmin problemin qarşısını almaq üçün Milli Kitabxana daxilində intranet şəbəkə yaradılıb və oxucuların bu tələbatını qarşılamaq məqsədilə 25 kompüterin quraşdırıldığı Elektron resurslardan istifadə üzrə oxu zalı fəaliyyət göstərir. Biz Milli Kitabxana olaraq o çap məhsulunu internet üzərindən yaya bilərik ki, müəllif bizə rəsmi razılıq verib və ya nəşrin müəllifinin ölümündən 70 il keçib. Müəlliflər kitablarını Milli Kitabxanaya təqdim edərkən biz onlardan əsərlərinin internet resurslarında yayılması üçün yazılı sürətdə razılıq alırıq. Son olaraq qeyd edim ki, dünyanın elə kitabxanaları var ki, onların fondları 50-60 milyona yaxındır və bunları tam şəkildə internet resurslarında yerləşdirmək qeyri-mümkündür.

Milli Kitabxananın arxivdə olan nəşrlərinin müəyyən hissəsini daxili şəbəkəyə, bəzilərini isə internetə yerləşdirərək oxuculara təqdim etmişik. Nəşrlərin qorunması əsas olduğu üçün biz, hələ ki, bu məsələlərə ehtiyatla yanaşırıq. Müasir dövrdə müharibə şəraitində yaşadığımız üçün Milli Kitabxananın arxivində olan elə nəşrlər var ki, biz onların internet üzərindən geniş yayılmasına ehtiyatla yanaşırıq.

- İctimaiyyət üçün də maraqlıdır ki, Milli Kitabxana fəaliyyətə başladığı illərdən günümüzə qədər onun arxivində (və ya fondunda) saxlanılan nəşrlər məhv edilibmi? Misal üçün, repressiya dövrü kimi tariximizə daxil olan 1937-ci ildə nə qədər qələm sahiblərimizə hücumlar oldu və onların əsərləri Milli Kitabxanadan götürülüb yandırıldımı? Axı Salman Mümtaz, Vəli Xuluflu kimi repressiya qurbanlarının əsərlərinə bu gün də Milli Kitabxanada rast gəlirik.

- Sualınız çox yaxşı və düzgün sualdır. Milli Kitabxana elə bir yer deyildir ki, kimsə burada olan hər hansı bir əsəri götürüb yandıra bilsin. Vaxtilə kitabxanamızda xüsusi fond (spes fond) deyilən bir yer olub; siz dediyiniz kitablar məhz ümumi fonddan çıxarılaraq həmin fonda verilib və burada yalnız müəyyən təşkilatların icazəsi ilə istifadə oluna bilərdi. Yəni Milli Kitabxanamızdan hər hansı nəşrləri çıxarıb yandırmaq deyilən bir addım olmayıb, amma sovetlər dövründə müəyyən nəşrləri xüsusi təşkilatların qərarı ilə kitabxanadan götürüb apara bilərlər. Sovetlər dövründə kitablar Milli Kitabxanada əsas fondan götürülüb xüsusi fonda daxil edilirdi ki, burada yalnız KQB əməkdaşları və bu orqanın razılığı ilə müəyyən insanlar istifadə edə bilərdi yəni bu xüsusi fonddan istənilən oxucu yararlana bilməzdi. Bir neçə il bundan əvvəl Türkiyədə olarkən orada mənə dedilər ki, sizin Milli Kitabxanaya kitablar göndərirdik və bunlar kitabxananızda varmı? Mən onlara həmin kitabların bizdə olmadığını dedim. Sovetlər dövründə müəyyən təşkilatlar var idi ki, onlar bu kitabların təyin olunmuş ünvanlara çatmasına imkan vermirdilər və yaxud xüsusi fonda göndərilirdi ki, hər oxucu da bunları əldə edə bilmirdi. Sadəcə, müəyyən razılıqlar alındıqdan sonra istifadəsinə icazə verilirdi, amma müstəqillik əldə etdikdən sonra xüsusi fond açılaraq bizim ümumi fondumuza verildi. Təəssüf ki, bu fondda da kifayət qədər kitablar qalmayıb; yəni vaxtilə bu fonddan həmin kitablar çıxarılıb.

Bu gün Milli Kitabxanada xüsusi fond yoxdur və fondumuz açıqdır, istənilən oxucumuz istənilən nəşrləri əldə edərək oxuya bilər. Amma müəyyən kitabları, sadəcə, arxiv fondundan istifadə edə bilərlər.

- Tarixi torpaqlarımız xarici qəsbkarların işğallarına məruz qalıb və bunu biz əlifbamızda da müfəssəl şəkildə görürük. Vaxtilə ərəb, latın, kiril və yenidən latın əlifbasına keçidlər olub deyə, bu təsirlər çap məhsullarından da yan keçməyib. Milli Kitabxana həmin nəşrlərin yeni əlifba ilə nəşr edilib oxuculara təqdim edilməsi məsələsinə necə yanaşır?

 

- Sualınız mühüm sualdır və bu işi də məmnuniyyətlə görürük. Mədəniyyət Nazirliyi ilə birlikdə Milli Kitabxananın Bərpanəşr layihəsi var; artıq həmin seriya altında 30-dan artıq kitab nəşr etmişik. Təəssüf ki, köhnə əlifbalarla çap olunan bəzi kitablar fondumuzda məhdud şəkildə qalıb və günümüzdə həmin kitablara ehtiyac olanda onları təzədən çap edirik. Bərpanəşr layihəsi əsasında çap olunan əsərlərin tam mətnini internet saytımızda yerləşdirmişik və oxucular bunu da rahat şəkildə oxuya bilərlər. Bu fəaliyyətimiz davam edir və 2019-cu ildə, düşünürük ki, artıq 3 belə kitabı nəşr edək.

Biz həmin nəşrləri çapa hazırlayarkən onlara yaradıcı yanaşırıq. Yəni həmin nəşrlərdə müəyyən məsələlər var ki, günün tələbləri ilə uyğunlaşmır. Hazırda müharibə şəraitində yaşayırıq deyə, bədnam qonşularımızla problemlərimiz var. Vaxtilə belə bir problemin olmadığı dövrlərdə nəşr olunan əsərləri olduğu kimi çapa verə bilmərik. Çalışırıq ki, dövrün, zamanın tələblərinə uymayan məsələlər yeni nəşrlərdə öz əksini tapmasın.

- Bölgələrdə yaşayan oxucular, xüsusilə tədqiqatçılar, alimlər, şair və yazıçılar və digər insanlar Milli Kitabxanaya zaman və məkan baxımından gələ bilmirlər. İctimaiyyətimizdə bu məsələ ciddi problemlərdən biri kimi qələm sahiblərimizi narahat edir. Məhz belə bir problemi həll etmək üçün Milli Kitabxana hansı addımlar atır?

- Həqiqətən, bu qaldırdığınız məsələ çox ciddi problemdir. Elektron hökumət portalı haqqında Əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi fərmanı var ki, bu da siz deyən problemin həllinə yönəlib. Milli Kitabxananın da hazırkı başlıca problemlərindən biri oxucu mütaliəsində zaman və məkan probleminin aradan qaldırılmasıdır. Kitabxanamızda olan elektron kataloq, elektron resurslar və digər virtual xidmətlərin həyata keçirilməsi məhz bu istiqamətə yönəlib. İnternet saytımızda müəyyən kitabların pdf formatları mövcuddur ki, bu, kompüter istifadəçiləri ilə yanaşı, telefon istifadəçilərinin də istifadəsini asanlaşdırır.

Virtual sifariş, biblioqrafik, virtual sorğu sistemlərimiz və məsafədən müəyyən xidmətlərimiz var. Bölgə kitabxanalarından bizə hər hansı bir kitabın elektron versiyası tələb edildikdə biz 30 dəq. 1 saat ərzində istənilən kitabın elektron resursunu yaradıb yerlərdəki kitabxanaların oxucularına təqdim etmək imkanına malikik.

- Regionlarda fəaliyyət göstərən kitabxanalarla Milli Kitabxananın onlayn əməkdaşlığından söhbət açardınız...

- Biz ölkənin milli və baş kitabxanasıyıq. Təbii ki, digər kitabxanalarda olan oxuculara yardım göstəririk. Virtual xidmət anlamında danışsaq, demək olar ki, biz bu işi yerinə yetiririk. Oxucuların sorğularını biz kitabxanalar vasitəsilə qəbul edib cavablandırırıq. Çünki kitabxanalardan gələn sorğular əsasında həmin kitabların elektron versiyaları müraciət ünvanlanmış kitabxanaların bazasında qalır və onlardan başqa, oxucuların da gələcəkdə istifadə imkanları yaranır. Bölgə kitabxanalarına müəllif hüquqları qorunan kitabların belə, elektron versiyasını müəyyən kodlar altında təqdim etmək imkanımız var. Bu cür kitabları, ancaq oxumaq üçün istifadə edə bilərlər. Burada əsas məqsəd oxucunun sorğusunun ödənilməsidir; bu ödənmə kitabxana səviyyəsində olanda daha kütləvi anlam daşıyır. Bizə yerlərdən şəxsi müraciətlər olduqda biz onları yerlərdəki kitabxanalara yönləndiririk və kitabxanalar vasitəsilə onlara virtual rejimdə xidmət göstəririk. Bu da yerlərdəki kitabxanalarda tədricən elektron bazaların yaranmasında bir stimul rolunu oynayır. Bu işdə kitabxanalar virtual sifariş, onlayn biblioqrafik sorğu və virtual metodik xidmət formalarından aktiv şəkildə istifadə edirlər.

Ardı var

Söhbəti qələmə aldı: 
Mahmud Əyyublu