“Naxçıvanda qız məktəbinin yaranması Məhəmməd Tağı Sidqinin adı ilə bağlıdır”

“O, qızlar üçün yeni üsulla dünyəvi təhsil verən məktəbi 1896-cı ildə açdı”

(əvvəli ötən saylarımızda)

Məmmədqulu bəy Kəngərlinin qız məktəbi haqqında ədəbiyyatda səslənən fikirlərdən biri dövrünün maarifpərvərlərindən sayılan Məmmədvəli Qəmərlinskinin adı ilə bağlıdır. Tədqiqatlar göstərir ki, Məmmədvəli Qəmərlinski ilə Məmmədqulu bəy Kəngərli azərbaycanlı qızlar üçün məktəb təsis edilməsi işində birgə mübarizə aparmış, bu istiqamətdə görülən işlərdə birgə səy göstərmişlər.Palitra” qəzetində “Mirzə Məmmədvəli Qəmərlinski kimdir?” adlı məqalədə yazılır ki, ” Mirzə Məmmədvəli bir neçə ziyalı ilə birlikdə 1902 - ci ildə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu haqdaKaspi” qəzeti, bir qədər sonra “Şərqi-rus” qəzeti özünün 1903-cü il 14-cü sayında həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etmişdi.

Burada deyilirdi. Bir neçə illərdən bəri şəhərimizdə iqdamat edən Məmmədqulu bəy Kərim Soltani cənabları zükur (oğlan) məktəbi açıb, hər il beş-on müsəlman uşağı gimnaziyaya verməkdən başqa, bir xüsusi qız məktəbi dəxi təsis etmişdi ki, milyonlar ocağı Bakıdan savayı, Qafqaz və Azərbaycanın heç bir yerində belə xeyirli və lazımlı işə əqdəm olunmayıbdır. Hansı ki, bu saətdə 18 nəfər müsəlman qız uşağı məktəbdə öz dilində oxuyub yazmaqehkami dinyəsini öyrənməkdən əlavə rusca dəxi kəmali-intizam və tərəqqi ilə təhsil etməkdədirlər” .

Qeyd edək ki, Ermənistan arxivlərində saxlanılan sənədlərdən aydın olur ki, Məmmədvəli Qəmərlinski 1912 - ci ildə İrəvan rus-Azərbaycan qız məktəbində şəriət və Azərbaycan dili müəllimi vəzifəsində işləyir. Məktəbin müdiri A.V.Kalinina, müəllim isə E. Q. Pxakadze idi. Sənəddə bu məlumatın ardınca Naxçıvan qız və oğlan rus-Azərbaycan məktəblərinin pedaqoji heyəti haqqında da məlumat verilir. Naxçvıan rus-Azərbaycan qız məktəbinin pedaqoji heyəti V. P. Yarmaxova müdir, N. V. Koronovskaya, Fatma xanım Sultanova şəriət və Azərbaycan dili müəllimi kimi qeyd olunur.

Bu təkzib olunmaz faktlar göstərir ki, Məmmədqulu bəy Kəngərli İrəvanda qızlar üçün də III dərəcəli ibtidai məktəb təşkil etmiş, ümumən Azərbaycanda qadın təhsili və tərbiyəsi istiqamətində mübarizənin ilk dəstəsinin sıra nəfərlərindən biri olmuşdur. Onun xalqına və Vətəninə xidmət eşqi, “əziz millətinə bir anda xidmətdən geri durmamağı”, həqiqətən də, nəsillərə nümunədir. Bu maarif fədaisinin həyatı və fəaliyyəti özünə və xidmətlərinə layiq şəkildə öyrənilməli, gəncliyin tərbiyəsi işində istifadə olunmalıdır.

Lakin bütün bu görünən cəhətlər hələ Məmmədqulu bəyin qız məktəbinin ümumi mənzərəsini ifadə etmir. Yalnız bu yuxarıda deyilənlərə əsaslanaraq qız məktəbinin müəllimləri, şagird heyəti və struktur-məzmun xüsusiyyətləri haqqında bilik və təsəvvürlər formalaşdırmaq mümkün olmur. Bu tədris müəssisəsi haqqında arxiv sənədləri və dövrü nəşrlərin çox xəsisliklə mühafizə edib saxladığı bir neçə faktın təhlili göstərir ki, Məmmədqulu bəyin qız məktəbi daha dərin araşdırmalar tələb edir. Əgər 1910 - cu ilə aid bir sənəddə İrəvan rus - Azərbaycan məktəbinin müdiri kimi adı çəkilən Antonina Valerianoviç Kalinina ilə xanım Kalinovskaya (mənbələrdə onun 1901 - ci ildə azərbaycanlı qızlar üçün məktəb təsis etdiyi göstərilir) eyni şəxs deyilsə (bu, həqiqətən də belədir), onlar hər biri İrəvanda təşkil olunmuş ayrı - ayrı qız məktəblərinə pedaqoji rəhbərlik etmişlərsə, onda düşünməli, müəmmaların, labrintin çözülməsi yolunda çox işlər görməliyik. Belə bir faktı da nəzərə çatdıraq ki, 1903 - ilə aid statistik məlumatlarda xanım Kalinovskayanın qeyd etdiyimiz bu məktəbində 17 azərbaycanlı şagirdin təhsil aldığı göstərilir.

Naxçıvan şəhərində də qızların təhsili üzrə məktəbin yaranmainkişaf mərhələləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Burada qız məktəbinin yaranma və inkişafı tarixinə aid elmi - nəzəri ədəbiyyatda formalaşmış fikirlərdən biri məşhur məktəbdar, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin adı ilə bağlıdır. Araşdırdığımız tədqiqatlarda Məhəmməd Tağı Sidqinin qız məktəbi haqqında fikirlərini iki qismə ayırmaq olar. Bir qisim tədqiqatlara əsaslı arqumentlər gətirmədən, müəyyən hökmlər şəklində fikir yürütmək səciyyəvidir. Bu cür tədqiqatlara istər ədəbiyyatşünaslıq, tarix, istərsə də pedaqoji yönümlü əsərlərdə rast gəlmək mümkündür. Mötəbər nəşrlərdən sayılan yeddi cildlik “Azərbaycan tarixinin IV cildində Məhəmməd Tağı Sidqinin “Əxtər” və “Tərbiyə” məktəbləri ilə yanaşı, qız məktəbi də təsis etdiyi haqqında məlu­mat verilir və yazılır ki, “Naxçıvanda ilk dünyəvi qadın məktəbi də Məhəmmədtağı Sidqi tərəfindən 1896-cı ildə təsis olunmuşdur”. Bu cür əsassız arqumentlər yürütmə, yaxud hansısa mötəbər və dərin elmi tədqiqatlara əsaslanma nümayiş etdirmədən qız məktəbi haqqında ümumi fikir və mülahizələr söyləmək bir çox elm sahələrinə aid araşdırmalar üçün səciyyəvi olsa da, təəssüf ki, belə bir vəziyyət təhsil və pedaqoji fikir tariximizə aid tədqiqatlarda da müşahidə olunur. Pedaqogika tarixinə aid tədqiqatları ilə tanınan mərhum təd­qiqatçı-alim Əyyub Tağıyev “Azərbaycanda məktəb tarixi” adlı əsərində Bakıdakı rus-müsəlman qız məktəblərindən bəhs edərkən yazır ki, Azərbaycanın digər bölgələrində, o cümlədən “1894-cü ildə Naxçıvanda, 1901-ci ildə Gəncə şəhərinin Bağbanlar məhəlləsində qızlar üçünrus - müsəlman” məktəbi açılmışdı”.

İkinci qisim tədqiqatlarda isə Sidqinin təsis etdiyi qız məktəbi haqqında arxiv sənədlərinə, dövrü nəşrlərə və xatirələrə əsaslanma nümayiş etdirilmişdir ki, bu cəhət qız məktəbi haqqında real, həqiqi bilik və təsəvvürlərin yaranmasına imkan verir. Belə mənbələrdən biri Məhəmməd Tağı Sidqinin həyatı və pedaqoji fəaliyyəti haqqında professor İbrahim Mollayevin fundamental tədqiqat xarakterli kitabıdır. Müəllif əsərdə M. T. Sidqinin qız məktəbinə aid nisbətən geniş məlumat vermiş, bu işdə qarşılaşdığı maneələr, çətinliklər barədə söhbət açmışdır. Kitabda göstərildiyi kimi, ümumən Azərbaycan pedaqoji fikrinin inkişafında böyük rol oynamış Məhəmməd Tağı Sidqinin xalqın bütün zümrələrinin, həmçinin kişilərlə yanaşı, qadınların da təhsillənməsi qayğısına qalması, bu sahədə müvəffəqiyyət qazanmaq üçün mübarizə aparması dövrünə görə alqışa və diqqətəlayiq hadisə idi. Bu cəhəti nəzərdə tutaraq müəllif yazırdı: “M.T.Sidqi oğlanlar kimi, qızların da təhsilə kütləvi olaraq cəlb edilməsi ideyasını müdafiə edirdi. Ona görə də qızlar üçün yeni üsulla dünyəvi təhsil verən məktəb açmağı vacib sayırdı. Bu məqsədlə o, 1896-cı ildə “Qız məktəbi” təşkil etməyi qərara alır” .

Qeyd edək ki, fanatik müsəlman ruhanilərinin, köhnə adət-ənənələrin əsiri olan yuxarı zümrənin, həmçinin savadsız və mövhumat bataqlığında boğulan aşağı təbəqənin “gücü” qarşısında belə bir işə girişmək, onlarla üz-üzə durmaq, əlbəttə ki, çətin idi. Lakin Sidqi özünün ziyalı dostlarının köməyinə arxalanaraq bu qüvvələrə qarşı mübarizə aparır, onları maarifləndirmək yolunu tutur, özünün haqlı olduğunu başa salır və nəticədə müəyyən uğurlar əldə edir, mövhumat əsiri olan qüvvələrə qalib gəlirdi. Professor İbrahim Mollayev kitabda belə bir cəhəti diqqətə çəkərək yazırdı ki, “ M. T. Sidqi P. A. Sultanov, Q. Ə. Şərifzadə, Ə. A. Kəngərli və b. kimi huşyar dostlarının köməyi ilə “Qız məktəbi” təşkil etmək təklifini irəli sürürdü. Lakin təriqətçi fanatiklər nəyin bahasına olursa-olsun, Sidqiyə maneçilik törədir və ona bu fikrindən dönməyi inadla təklif edirlər” .

M. T. Sidqinin qızları təhsilə cəlb etmək təşəbbüsünə qarşı köhnə düşüncənin mübarizəsini şəhərin Qala məhəlləsindən olan Mirzə Zeynalabdin adlı şəxsin xatirələri çox gözəl əks etdirir. Bu xatirə Naxçıvan Muxtar Respublika Mərkəzi Dövlət Arxivində professor İbrahim Mollayevin şəxsi fondunda saxlanılır. Xatirələrdə oxuyuruq: “Mənim yaxşı yadımdadır ki, Mirzə Tağı müəllim o zaman yaxşı bilikli adamları başına toplayıb onlarla söhbət edərdi. Onlara teatr çıxarmaq öyrədərdi. Onun dostları Qurbanəli Şərifzadə, Paşa ağa Sultanov, Eynalı bəy Sultanov, Mirzə Cəlil Məmmədquluzadə, qardaşım və başqalarıydı. “Qız məktəbi” haqqında onu deyə bilərəm ki, 1896 - 1897 - ci illər idi. Mirzə Təqi müəllimlə mollaların, müştehidlərin bərk davası düşdü. Onlar istəmirdilər ki, Sidqi müəllim qızları oxutsun. Əslinə baxsan, heç bizimkönlümüz yox idi. Elə ki, Mirzə Təqi müəllim qızların oxumağını “Quran”ın da tələb etdiyini oxuyub bizə göstərdi, daha şəkk olmadı. Onda biz hamılıqla bu işdən bərk yapışdıq. Cəmi doqquz, ya səkkiz adam idik ki, qızlarımızı Sidqi müəllimin məktəbinə oxumağa qoyduq.

Babi” Məşədi Məhəmmədhəsən Süleymanov bizim başçımız idi. O, qızı Mamanı, mən də qızım Müşkinazı payız vaxtıydı aparıb Sidqinin məktəbinə qoyduq.

Müşkinaz yaxşı oxuyurdu. Qızım elə şeylər oxuyub nəql edirdi ki, mən ondan betər maraqlanırdım. Mirzə Tağı kimi adam olmaz. Üzü nurlu, qəlbi açıq, millət dərdi çəkən, xalqın qeydinə qalan adam idi. “Qız məktəbi”nin üstündə yazığın başına olmazın oynunu gətirdilər. Amma Sidqi dediyini deyib elədi də. Lakin 1 - 2 il sonra onu bağlatdırdılar. Biz isə savadımız olmadığından tələb edib onu açdıra bilmədik. Sonralar qız məktəbi açıldı. Həmin qız məktəbi idi ki, elə Sidqi açdırmışdı”.

(ardı var)

Vahid Rzayev

Pedaqogika üzrə

fəlsəfə doktoru

Palitra.-2019.-5 yanvar.-S.10.