Professor Kərim Tahirov: Milli Kitabxana Milli Elektron Kitabxananın yaradılmasını vacib sayır

əvvəli var

Müasir dövrdə kitabların elektron versiyalarının internet portallarında mövcudluğuna baxmayaraq, kitabxanalar, əvvəlki kimi, öz nüfuzlarını qoruyaraq daha da təkmilləşirlər. Hazırkı dövrdə də Azərbaycan oxucusu ən etibarlı mənbə kimi üzünü kitabxanalara tutur, onların daxili resurslarından bəhrələnirlər. Elmi müstəvidən tədqiqatlar aparılmasında Azərbaycan Milli Kitabxanasının rolu və yeri əvəzsizdir. Bu gün Milli Kitabxanada yaradılan şərait, maddi-texniki bazanın möhkəmləndirilməsi, kitabları və dövri mətbuatı rahat şəkildə əldə etmək baxımından Milli Kitabxana oxucuların ən sevdiyi məkanlardan biridir. Hər bir oxucunun müraciətini əsas götürərək Azərbaycan oxucusunun qayğısına qalan Azərbaycan Milli Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovla görüşdük və Kərim müəllimlə maraqlı söhbətimiz alındı. İndi isə həmin müsahibəni təqdim edirik:

- Hazırda kəndlərimizdə mövcud olan kitabxanaların durumundan da söhbət açardıq. Bu kitabxanaların əksəriyyəti sovetlər dövründə inşa olunmuşdur deyə, binaların vəziyyəti, maddi və texniki durumları qənaətbəxş deyil. Bu istiqamətdə hansı addımlar atılır? Axı kənd kitabxanaları kənd sakinlərinin maariflənməsində çox ciddi rola malikdir.

- Həqiqətən, bu böyük problemdir. Qeyd edim ki, ötən ilə qədər kitabxanalar yerli icra orqanlarının tabeliyində idi. Sonra kitabxanalar mərkəzləşdirilərək Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. 2018-ci ilin yekunları ilə əlaqədar Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi və iclasda hörmətli nazirimiz Əbülfəs müəllim də qeyd etdi ki, keçən bir il, il yarım ərzində, təbii ki, yerlərdəki kitabxanaları tamamilə yenidən qurmaq, hamısını təmir etmək mümkün deyil, amma müəyyən işlər görülmüşdür. Mədəniyyət Nazirliyi, demək olar ki, fəaliyyətsiz olan, tamamilə yararsız binalarda fəaliyyət göstərən (yəni oxucuları kəskin az olan, heç bir şəraiti olmayan) kitabxanaların əksəriyyətini ləğv edib. Ümumiyyətlə, bu işlər müəyyən zaman tələb edir və hazırda bölgələrdə monitorinqlər gedir. Son bir il ərzində bir sıra kənd kitabxanalarında artıq internetə çıxışı olan kompüterlər quraşdırılmışdır. Əlbəttə, bu addım da oxucuların kitabxanamızın internet resurslarından istifadəsinə imkan verən addımdır. Bu son bir il ərzində yaradılıb və bundan sonra da inkişaf edəcəkdir. Nazirliyin kollegiyasında Milli Kitabxana və nazirliyin regionlar üzrə nümayəndəliklərinin qarşısında oxucuların sorğularının virtual şəkildə təmin edilməsi bir vəzifə olaraq qarşıya qoyulub. Təbii ki, bu gün də bütün kənd kitabxanalarını kifayət qədər yeni kitabla təmin etmək imkan xaricindədir; bir növ bu, vəsaitə bağlıdır və zaman keçdikcə öz həllini tapacaq. Yerlərdə maddi-texniki bazalar yaradılır və hissə-hissə həyata keçirilir, inşallah, bu işlər davamlı olaraq görüləcəkdir.

- Bölgələrimizdə ciddi yaradıcılıq nümayiş etdirən el şairləri, yazıçıları, tədqiqatçıları yaşayır və onların əsərlərinin qorunub saxlanması da bizim üçün vacibdir. Çünki bölgələr üzrə də çoxlu kitab çap olunur və elə el şairləri var ki, onların yaradıcılıqları heç də Xalq şairlərinin yaradıcılıqlarından fərqlənmir. Milli Kitabxananın bu səpkidə fəaliyyəti maraqlıdır. Yəni rəhbərlik etdiyiniz Azərbaycan Milli Kitabxanası bölgələrdə məskunlaşan qələm sahibləri ilə mütəmadi əlaqələr saxlayıb, onların əsərlərini kitabxanaya cəlb edərək qoruyurmu?

- Milli Kitabxana olaraq ölkədə çap olunan bütün nəşrləri almalıyıq təəssüflər olsun ki, ayrı-ayrı nəşriyyatlar bu sahədə də bizə problemlər yaradır, amma müəyyən işlər də görürük. Bölgələrdə yaşayan qələm sahiblərinin əsərləri də, şübhəsiz ki, iri təmərküzləşmiş yerlərdə; yəni Bakı şəhərində çap olunur və biz, əlbəttə, həmin nəşrləri pdf formatda olmasa da, özlərini alırıq. Milli Kitabxana ölkə ərazisində çap olunan əsərlərdən məcburi pulsuz nüsxə almaq hüququna malikdir: təəssüf ki, bu hüququ hamı təmin etmir. Amma sevindirici haldır ki, əsərləri çap olunan müəlliflərin özləri kitablarını Milli Kitabxanaya hədiyyə edirlər və bu bizi çox zaman nəşriyyatlarla problemlərdən qurtarır nəşriyyatların öhdəsinə qalsa, kitabxanamız onlardan kitab almasında ciddi problemlərlə üzləşə bilərdi. Müəlliflər istəyirlər ki, onların əsərləri bizim arxivimizdə olsun; bu, həqiqətən, çox yaxşı haldır. Qaldı ki, bölgə yazarlarına, biz onların istənilən əsərini mühafizə edərək qorumağa hazırıq və onlar da bizə öz kitablarını çap olunan kimi göndərirlər.

- Bəzən müəlliflər əsərlərini Milli Kitabxanaya hədiyyə edərkən problemlərlə qarşılaşdıqlarını deyirlər. Buna münasibət bildirməyinizi xahiş edirəm.

- Düzü, buna inanmıram. Bizdə yeni ədəbiyyatın qəbulu üçün xüsusi yer və jurnal var və orada bir həftə ərzində qəbul olunan kitab mütləq elektron kataloqa düşür. Ümumiyyətlə, deyim ki, bizdə kitabın qəbul olunmamağı söhbəti də ola bilməz. Azərbaycan ərazisində çap olunan kitabları mütləq qəbul edirik. Əgər kitabı bizə nəşriyyat göndəribsə, bununla yanaşı, müəllifdə hədiyyə edirsə, onda həmin kitabı alıb açıq kitabxanaya, ya da mübadilə şöbəmizə veririk ki, rayonlara göndərsinlər. Kitabxanamızda yer problemi də var, yəni bir kitabdan 4 nüsxədən artıq götürsək digər nəşrlər üçün yerimiz qalmaya bilər.

- Ölkə ərazisində çap olunan istənilən dövri mətbuata Milli Kitabxana abunədirmi? Həmin nəşrlərdəki hansı yazılar daha çox Azərbaycan Milli Kitabxanası tərəfindən qorunur?

- Əlbəttə, abunəyik. Azərbaycan Respublikasının ərazisində çap olunan istənilən dövri nəşri alırıq. Bir çox dövri nəşrlər bizə məcburi nüsxə kimi verilir, amma bəzi nəşrləri özümüz alırıq. Qəzetlərdə gündəlik çap olunan (daha çox ədəbi) yazılar xüsusi şöbəmiz tərəfindən işlənir və ayda bir dəfə onları qruplaşdırıb bülletenini çap edirik. Bülletenlərdə yazılar bölmələr üzrə verilir. Bu bülletenlərin üstün cəhətlərindən biri də onların saytımızda da yerləşdirilməsidir və burada məqalələrin tam mətnlərinin də verilməsidir ki, qəzetlər hansı bölgələrimizə çata bilmirsə, yaxud gec çatdırılırsa, həmin bölgə oxucuları saytımız vasitəsilə bu yazıları izləyə və oxuya bilərlər.

- Bilirik ki, Milli Kitabxanada saysız nəşrlər var və onların qorunub saxlanması da ciddi məsələdir. Bu baxımdan, dövri nəşrlərin, kitabların mühafizəsinə Azərbaycan Milli Kitabxanası necə yanaşır?

- Bu, Azərbaycan Milli Kitabxanası olaraq çox ciddi problemimizdir. İnanın, bu problemlə əlaqədar oxucularla ciddi narazılığımız da yaranır. Bir çox kitabların elektron versiyasını yaratmışıq ki, kitabların mühafizəsi təmin edilsin, amma oxucu əksər halda həmin nəşrlərin özünü istəyir; bu da çap məhsullarının mühafizəsinə və konservasiyasına mənfi təsir göstərir. Kitabxanamıza gündəlik 1000-1500 nəfər oxucu gəlir və təsəvvür edin ki, hər bir oxucu kitabları vərəqləsə, həmin nəşrlər əldən düşər. Qiymətli kitabların konservasiyasını təmin etmək üçün həmin nəşrlərin elektron versiyasını dövriyyəyə buraxmışıq. Çalışırıq ki, qiymətli əsərlərə əl dəyməsin; çünki əl dəydikcə korlanır. Arxivdə elə əsər olmaz ki, onun elektron resursu olmasın, bu da onun üçündür ki, bilavasitə oxucu onu ələ götürməsin. Qiymətli əsərləri o zaman oxucuya veririk ki, o, tədqiqatçı olur, orijinalı görmək onun üçün vacibdir və işçimizin yanında kitabdan istifadə edərək ona qaytarır.

- Hazırkı dönəmdə Azərbaycan Milli Kitabxanası Cənubi Azərbaycanda yaşayan yazıçılarımızla əlaqə saxlaya bilirmi? Axı onların əsərləri də bizim milli sərvətimizin bir parçasıdır. Onların əsərlərinin toplanıb qorunaraq gələcək nəsillərə çatdırılmasında Milli Kitabxananın hansı xidmətləri var?

- Təbriz şəhərində yerləşən mərkəzi kitabxana var və onlarla qarşılıqlı əməkdaşlıq edirik. Təəssüf ki, Təbrizdən gələn və oraya göndərdiyimiz nəşrlər bizdən asılı olmayan səbəblərə görə, bəzən vaxtında ünvana çatmır. Amma biz müxtəlif yollarla - ayrı-ayrı adamlar, kitab sərgiləri vasitəsilə kitablarımızı Təbriz kitabxanalarına çatdırmağa çalışırıq.

- Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrindən danışardınız. Bu gün bunun əhəmiyyəti də kitabxana üçün vacibdir...

- Bizim xüsusi Beynəlxalq kitab mübadiləsi şöbəmiz var. Şöbənin məqsədi beynəlxalq səviyyədə Milli Kitabxanalarla kitab mübadiləsini həyata keçirməkdir. İl ərzində xarici ölkə kitabxanalarına və təşkilatlara 4-5 min nüsxə kitab göndəririk, amma aldığımız kitablar az olur; səbəbi də budur ki, hələ dünyada özümüzü tanıtmaq prosesindəyik və buna görə də xaricə çox kitab göndərib, az kitab almalıyıq. Çünki müəyyən ölkələr artıq tanınmış ölkələrdir və onların qələm sahiblərini dünya oxuyur, onları tanıtmalarına ehtiyac yoxdur. Amma biz öz ölkəmizi və yazıçılarımızı tanıtmaq üçün xaricə mütəmadi kitab göndərməliyik. Buna görə də il ərzində xaricdən aldığımız kitabların sayı 2 mindən çox deyildir. Ancaq dünyada kitabı-kitabla mübadilə etmək (dəyişmək) qaydası mövcuddur. Beynəlxalq kitab mübadiləsi yolu ilə kitab verir və alırıq ki, bu da qarşılıqlı şəkildə həyata keçirilir. Dünyanın 34 Milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalamışıq və onlarla sıx əlaqələrimiz vardır. Həmçinin biz kitabların özlərini ala bilməsək də, elektron versiyalarının mübadiləsini həyata keçiririk. İl ərzində Mədəniyyət Nazirliyi ilə birlikdə 12 beynəlxalq sərgidə iştirak edirik və bu sərgilər ölkəmizi tanıtmaq baxımından, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin xaricdə təbliği baxımımdan çox əhəmiyyətlidir. Öz ölkəmizdə də hər iki ildən bir beynəlxalq kitab sərgiləri keçirilir və buraya dünyanın 25-30 ölkəsindən kitablar gətirirlər.

- Milli Kitabxananın maddi-texniki bazasından söhbət açardıq...

- Milli Kitabxananın maddi-texniki baza baxımından qəti problemi yoxdur. Bəzən Milli Kitabxananın maddi-texniki bazasını görmədən müəyyən söz-söhbətlər səsləndirirlər. Bu gün hər hansı bölgə kitabxanasına müraciət ünvanlamış oxucunun istənilən sorğusunu Milli Kitabxana çox tez bir zamanda virtual rejimdə qəbul edib ödəmək imkanına malikdir. 15-30 dəqiqə ərzində istənilən kitabın elektron versiyasını yaradıb oxucuya təqdim etmək imkanımız vardır. Milli Kitabxana istənilən kitabın elektron versiyasını yaradaraq dərhal bölgə kitabxanasına göndərə bilirsə, demək, bu sahədə problemimiz yoxdur. Həqiqətən, bu çox yaxşı haldır. Artıq oxucularımız kitab sifarişlərini elektron şəkildə həyata keçirirlər. Kitabxanaya yazılma, qeydiyyat, kitab axtarışı və sifarişi, kitabın qaytarılması, demək olar ki, bütün xidmət prosesləri avtomatlaşdırılmışdır. Təbii ki, bu imkanları oxuculara dövlətimiz yaradıb. Ən böyük sponsorumuz dövlətdir ki, bu da oxucuya nümunəvi xidmətin bariz göstəricisidir. Kitabxanamızda qısa bir zamanda fasilə olsa, oxucu narazılığı ilə üzləşirik ki, bu da, həqiqətən, bizi sevindirir.

- Bəs Azərbaycan Milli kitabxanasında internet resurslarının arxivi yaradılıbdırmı?

- Milli Kitabxanada internet resurslarının arxivi yaradılmır; bunun yaradılması hüquqi tənzimlənməsi tələb olunan çox ciddi bir məsələdir. Amma Fransada fr domeyn adı ilə gedən bütün internet resursları qorunub saxlanılır. Biz hələ indi Azərbaycanda dərc olunan bütün nəşr məhsullarının elektron məcburi nüsxələrinin Milli Kitabxanaya göndərilməsi barədə hökumət qarşısında məsələ qaldırmışıq. Artıq bu məsələnin də vaxtı çoxdan çatıb.

- 2018-ci il ərzində Azərbaycan Milli Kitabxanasının çap elədiyi kitablardan söhbət açardıq...

- Azərbaycan Milli Kitabxanası ölkədə yeganə kitabxanadır ki, onun nəşriyyat hüququ var. Həmin nəşrlərdən biri də biblioqrafiyalardır. Milli Kitabxana 2018-ci il ərzində 40-dan çox müxtəlif adda kitab çap edib və bu az nəticə deyil. Həmin kitablar sırasında informasiya bülletenləri, biblioqrafiyalar və digər nəşrlərimiz var. Amma əsas çap etdirdiyimiz biblioqrafiyalardır. Biz bədii əsərlər çap edə bilmərik və sadəcə olaraq, dövri mətbuatda yayımlanan yazıları toplayıb çap edə bilərik, çünki bu, bizim işimizdir, yəni həmin yazılar bizim arxivimizdədir. Milli Kitabxana 2005-ci ildən başlayaraq Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından fundamental biblioqrafiyalar nəşr edir. Artıq bu günədək 75 görkəmli şəxsiyyətin həyat və fəaliyyətinə və əsərlərinə dair biblioqrafiyalar çap etmişik. Bunların içərisində ulu öndər Heydər Əliyevə, dahi Nizami Gəncəviyə, M.F.Axundzadəyə, M.Ə.Sabirə, Ü.Hacıbəyliyə, Q. Qarayevə, Bülbülə, S.Bəhlulzadəyə, S.Vurğuna, B.Vahabzadəyə, X.Rzaya və b. görkəmli şəxsiyyətlərə həsr olunmuş biblioqrafiyaları misal göstərmək olar.

- Sonda oxuculara sözünüz...

- Fürsətdən istifadə edib, birinci növbədə nəşriyyatlara müraciət edərdim. Onlar çap etdikləri nəşrlərdən pulsuz məcburi nüsxələri Milli Kitabxanaya versinlər. İkinci növbədə müəlliflərə müraciət edərdim və onlar tarixdə qalmalarını, əsərlərinin internet vasitəsilə dünyaya yayılmasını istəyirlərsə, öz kitablarını Milli Kitabxanaya təqdim etsinlər. Həmçinin ayrı-ayrı oxuculara müraciət edərdim ki, bizim kitabxanada əldə edə bilmədikləri kitabları başqa yerlərdən taparlarsa, bizə təqdim etsinlər. Kitabla dost olan, kitab oxuyan insanlar mənən zəngin olurlar, onların dünyagörüşü daha geniş olur, nitqi cilalanır və şüurları geniş olur. Kitab oxuyan insanın əxlaqı və mənəviyyatı yüksəkdir. Mən fəxrlə demək istəyirəm ki, Milli Kitabxananın oxucularının 85 faizi gənclərdir ki, bu da çox yaxşı haldır.

Bəzən ənənəvi kitaba, yaxud da elektron kitablara üstünlük verənlər arasında kəskin mükalimə gedir və müxtəlif nöqteyi-nəzərlərə üstünlük verənlər olur. Mən bununla razı deyiləm. Oxucu kitabı əlinə alıb hiss etməlidir, kitabın öz qoxusu və ab-havası var, o mühitə daxil olanda oxuduqlarını daha yaxşı dərk edirsən. Digər tərəfdən mən, ümumiyyətlə, oxumağın, mütaliənin tərəfdarıyam.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

Palitra 2019.- 9 yanvar.- S.10.