“Ermənistanın yeganə xilas yolu sülh istiqamətində addımlar atmasından ibarətdir”

Xəbər verildiyi kimi, bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə görüş keçiriləcək.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşikiştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Millət vəkili Asim Mollazadə SİA-ya açıqlamasında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yanvarın 16-da Parisdə keçiriləcək görüşünə münasibət bildirib: “Ermənistanın yeganə xilas yolu Azərbaycanla tezliklə sülh istiqamətində addımlar atmaqdan ibarət olmalıdır. Əks halda, Ermənistan çox dərin problemlərlə üzləşəcək. Mən çox istərdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda işğalçı ölkə tərəfindən müəyyən bir formatreal addımlar müşahidə olunsun. Bir sözlə, düşünürəm ki, Ermənistan üçün yeganə xilas yolu sülh yoludur. Ermənistanın yeni hakimiyyəti bunu dərk etməlidir və bu addımları atmalıdır. O ki qaldı ATƏT-in sədrinin dəyişməsinin bu proseslərə təsirinə, hesab edirəm ki, buna heç ehtiyac da yoxdur”.

Ekspert Tamerlan Vahabov isə SİA -ya açıqlamasında deyib ki, ölkəmizin XİN başçılarının növbəti görüşündən gözləntisi Ermənistanın hazırda müzakirə predmeti olan şərtlərə konstruktiv şəkildə razı olması, dialoqun davam etdirilməsidir: “Bu, legitim olaraq Azərbaycanın tələblərinin yerinə yetirilməsində vacibdir”. O bildirib ki, yalnız bu təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail oluna bilər: “Təəssüf ki, indiyədək bu irəliləyişə nail olmaq mümkün olmayıb. Lakin son zamanlar XİN başçılarının, eyni zamanda prosesdə iştirak edən digər elçilərin fikirləri münaqişənin həlli istiqamətində müəyyən irəliləyişə dair anlaşmaların olduğunu deməyə imkan verir. Bu ehtimalların görüşdən sonra özünü doğruldacağına ümid edirik”.

Prezidentin əsaslı şəkildə 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacağı ilə bağlı fikirlərini xatırladan beynəlxalq ekspert söyləyib ki, 2018-ci ildə problemlə bağlı verilən bəyanatlarda da bu anlamın hüceyrələri özünü göstərməyə başlayıb.

Ekspertin sözlərinə görə, Azərbaycanın həm hərbi, həm iqtisadi potensialı, həm də sosial-siyasi sabitliyi ümumi məhsula çevrilərək Ermənistanı Azərbaycanın legitim şərtlərinə razı olmağa məcbur etməyə yaxınlaşdırır: “Həm Azərbaycan dövləti, həm də sivil ölkə vətəndaşları tərəfindən dünya üzrə çox güclü kampaniya da bu məsələdə öz nəticələrini verməkdədir. Digər tərəfdən ölkəmiz, hər zaman olduğu kimi, həm regional, həm beynəlxalq, həm də ikitərəfli müstəvidə öz tərəfdaşları ilə çox möhkəm əlaqələr qurur ki, bu əlaqələrin də əsasını siyasi, iqtisadi, mədəni, humanitar və digərləri təşkil edir. Ona görə də bütün həlqələr Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini daha aydın şəkildə ortaya qoymağa imkan verir”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov isə “Azadinforma açıqlamasında deyib ki, bəlkə, kimlərsə bu görüşün sıradan formal görüş olacağını iddia edəcəklər: “Lakin mən belə düşünmürəm. Həmişəki görüşlərdən fərqli olaraq Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında baş tutan son görüşləri nəticəsiz adlandırmaq olmaz”. O bildirib ki, Ermənistanda baş vermiş məlum hadisələrdən sonra bu formatda keçirilən görüşlər münaqişənin nizamlanmasında qarşıya bir sıra məqsədlər qoyub: “Danışıqlarda münaqişənin nizamlanması ilə bağlı hər iki tərəfin baxış bucaqları aydınlaşır və bu il ərzində baş tutacaq müəyyən aktların detalları müəyyənləşir. Münaqişə ilə bağlı son prosesləri izləsək tərəflər arasında bu görüşlərin müəyyən istiqamət aldığının şahidi olmuş olarıq”.

Politoloq əlavə edib ki, hazırda Ermənistanda yeni vəziyyət yaranıb: “Qarabağ klanı açıq-aşkar şəkildə Paşinyan hakimiyyətinə təhdiddir. Terrorçu olan bu kəslər siyasi arenadan uzaqlaşdırılmalı, regionda yeni mühit yaranmalıdır. Hadisələrin necə istiqamət alacağı isə həm də xarici faktorlardan asılı olacaq”.

Bu gün Ermənistan pis gündədir, iqtisadi böhran yaşayır, təcrid olunmuş vəziyyətdədir”

Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı İlham Əliyev çıxışında Ermənistandakı kriminogen vəziyyətlə bağlı fikir bildirib. Millət vəkili Azər Badamov SİA -ya açıqlamasında deyib ki, Prezidentin Ermənistanla bağlı söylədiyi fikirlər işğalçı ölkənin reallıqlarını əks etdirirdi: “Dövlət başçısının qeyd etdiyi kimi, 20 il ərzində Ermənistanda hakimiyyətdə olan xunta rejimi beynəlxalq diplomatiyasını “konyak diplomatiyası”, rüşvətlə idarə edib”. Deputatın sözlərinə görə, Ermənistanın indiki hakimiyyətinin seçkilərində köhnə xuntanın 5 faiz səs toplaya bilməməsi də məhz bunun bariz nəticəsidir: “Təbii ki, Ermənistanın xunta rejimini idarə edənlər bu 20 il ərzində beynəlxalq qurumlarda rüşvətlə ələ almaq siyasətini həyata keçiriblər. Ona görə də bu 20 il ərzində onları hər zaman dəstəkləyiblər. Azərbaycan isə hər zaman deyirdi ki, orada demokratiya, insan haqlarına və hüquqlarına hörmət, ümumiyyətlə, yoxdur. Bu son nəticə də məhz onu göstərdi ki, Azərbaycanın qeyd etdiyi bütün fikirlər həqiqətə uyğundur.

Bu gün Avropa Şurasının, Avropa Parlamentinin Ermənistanı illər ərzində dəstəkləməsi də ikili standartlardan yanaşmasının göstəricisidir. Həqiqət əvvəl-axır öz yerini tutur. Artıq bu günün reallıqları Ermənistanın tarixi keçmişini çox düzgün şəkildə əks etdirdi. Düşünürəm ki, Ermənistanda bu vaxta qədər keçirilmiş hər bir seçki reallıqdan kənar seçkidir. Bu heç də sadə ermənilərin iradəsinin ifadəsi olmamışdır. Ona görə də bu gün Ermənistan pis gündədir, iqtisadi böhran yaşayır, təcrid olunmuş vəziyyətdədir”.

İyirmi ildən artıq müddətdə Sarkisyan rejiminə dəstək verənlər məsuliyyətə cəlb olunmalıdırlar”

Politoloq, sabiq diplomat Fikrət Sadıqov isə bildirib ki, “Qarabağ klanı”nın Ermənistanda hökmranlığı, son parlament seçkilərində kriminal rejimin 5 faiz belə, səs yığa bilmədiyi halda, əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti beynəlxalq strukturların gözü önündə baş tutsa da, buna susqunluq nümayiş etdirirlər. O bildirib ki, Ermənistanda baş verən saxtakarlıqlar beynəlxalq strukturların müşahidəçilərinin iştirakı ilə təsdiqlənib: “Çünki həmin seçkilərdə beynəlxalq müşahidəçilər, eləcə yüksək səviyyəli rəsmilər iştirak edib və seçkilərin də nəticələri onların iştirakı ilə təsdiqlənib”.

Politoloq söyləyib ki, seçkilərdə 5 faiz səs yığa bilməyən kriminal rejimin hansı üstünlüklərindən danışmaq olar?: “Faktiki olaraq bu göstərici onların cəmiyyətdə heç bir reytinq və hörmətə malik olmadığının göstəricisidir. Hələ bu azmış kimi, keçmiş baş nazir istefa verərək Paşinyanın haqlı olduğunu etiraf etdi. Bütün bunlar keçmiş hakimiyyətin çürük, zəif olduğunun göstəricisidir. Paşinyan kimisinin heç bir çətinlik çəkmədən onları devirməsi bunu bir daha sübut etmiş oldu”.

F.Sadıqov qeyd edib ki, bütün baş verənlər kriminal rejimə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da bu rejimin törətdiyi cinayətlərdə payı var: “İyirmi ildən artıq müddətdə Sarkisyan rejiminə dəstək verənlər məsuliyyətə cəlb olunmalıdırlar”.

Fuad Hüseynzadə

Palitra  2019.- 16 yanvar.- S. 11.