Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız anım tədbirləri keçirirlər. Belə ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində Gürcüstanın Dmanisi rayonunda Qanlı Yanvar hadisələrinə həsr olunmuş anım mərasimi keçirilib. Rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Zaur Darğallı, Dmanisi Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Süleymanov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dmanisi Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Süleymanov çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiya qüvvələrinin Azərbaycanda törətdiyi qırğın, əslində, bir xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsini boğmaq cəhdi idi. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək 1990-cı ilin 20 Yanvar faciəsinin səbəbləri, xalqlarımızın müstəqillik uğrundakı mübarizəsi barədə ətraflı məlumat verib. Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Dmanisi rayon bələdiyyəsinin deputatı Ramiz Ramazanov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, tədqiqatçı-jurnalist Mirzə Maşov və başqaları çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar. Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Astanada 20 Yanvar şəhidləri anılıb

Qazaxıstanın Astana şəhərində də Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin anım tədbiri keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyindən “Palitraya bildirilib ki, tədbirdə bu ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatın rəhbərləri, ölkə ictimai xadimləri, icma üzvləri iştirak ediblər. Qanlı Yanvar faciəsinin ermənilərin "böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi olduğunu bildirən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Bakı qırğınında canlı qüvvə kimi erməni əsgər və zabitlərindən də geniş istifadə edildiyini vurğulayıb. Diplomat qeyd edib ki, Bakıda baş verən Qanlı Yanvar hadisələri 1986-cı ilin 16-19 dekabrında sovet qoşunlarının Qazaxıstanın Almatı şəhərində mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərin davamı idi. Qeyd olunub ki, həmin dövrdə istefada olmasına baxmayaraq, hadisəyə zamanında qətiyyətli reaksiya verənlərdən biri məhz ulu öndər Heydər Əliyev olmuşdu. Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən fotolar nümayiş olunub.

Macarıstanda 20 Yanvarla bağlı ingilis dilində tədbir keçirilib

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində də 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir ingilis dilində keçirilib və iştirakçılara 20 Yanvar faciəsi ilə bağlı məlumatların verilməsi ilə yanaşı, “Son İclasfilmi (ingilis subtitrlər ilə) nümayiş etdirilib.

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı da 20 Yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, 20 Yanvara həsr olunan fotoşəkil və plakatlar nümayiş olunub. Azərbaycan mədəniyyət evinin direktoru Yeganə SalmanAzİz təşkilatının Qüds şəhərindəki rəhbəri Aleksandr Aqranovkiy tədbirdə çıxış edərək azərbaycanlılara qarşı törədilmiş müsibətlərdən bəhs ediblər.

Qeyd olunub ki, biz Azərbaycanın hər zaman yanındayıq və hər birimiz 1990-cı ilin yanvar hadisələrini və yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciəni daim xatırlayırıq. Onlarla insanın ölümü və yaralanması ilə müşayiət olunan bu hadisə Azərbaycan tarixinin qanlı səhifəsidir, eyni zamanda, həm də müstəqillik uğrunda qəhrəmanlıq dastanıdır. Anım tədbirində 20 Yanvar gününün Azərbaycanda "Ümumxalq hüzn günü" kimi qeyd olunmasından da danışılıb və o müdhiş gecənin qurbanları arasında yəhudilərin də olduğu bir daha diqqətə çatdırılıb. Bildirib ki, Qanlı Yanvar hadisələrində 22 yara alan Yan Meyeroviç, 17 yaşlı gənc Vera Besantina və insanları xilas etməyə çalışan həkim Aleksandr Marhevkanın xatirəsi heç zaman unudulmayacaq və hər zaman qəlbimizdədir.

Ukraynadakı diasporumuz 20 Yanvar faciəsinin yerli ictimaiyyətə çatdırılması yolunda uğurlu addımlar atır

20 Yanvar faciəsinin Ukrayna ictimaiyyətinə çatdırılması yolunda, diasporumuz uğurlu addımlar atır. Ermənilərin sosial mediada Bakı hadisələrini başqa istiqamətlərə yozmasının qarşısını almaq üçün, tədbirlərə yanvarın 15-dən start verilib. Dnepr Azərbaycanlılar Konqresinin fəalları vilayət inzibati binasının önündəki abidə üzərinə gül dəstələri qoyaraq, Ukraynanın azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad ediblər. Sonra Ukrayna ictimaiyyətinin nümayəndələri də iştirak edən yığıncaqda, 20 Yanvar 1990-cı il hadisələri barədə ətraflı məlumatlar dinlənilib. Tədbir Ukraynanın bütün vilayətlərində və Kiyev şəhərində davam etdiriləcək.

Türkiyənin İstanbul Universitetində isə professor Aygün Attarın təşkilatçılığı ilə “20 Yanvar soyqırımı-Qanla qazanılan müstəqilik” adlı konfrans keçirilib.

Fuad Hüseynzadə

Palitra.-2019.-18 yanvar.-S.7.