Baş katib xarici işlər nazirlərinin razılaşmasını alqışlayır

Xəbər verildiyi kimi, yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə E.Məmmədyarov və Z.Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər. Bu görüş BMT rəhbərliyi tərəfindən də müsbət qarşılanıb. Belə ki, BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əhalinin sülhə hazırlanması barədə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır. Bu barədə “Trend” BMT Baş katibinin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat verib. Qeyd olunur ki, Baş katib yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri v.i.e. Zöhrab Mnatsakanyan arasında baş tutmuş görüşü alqışlayır: "Baş katib tərəflərin həlli yubanmış Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış və dinc nizamlanması yollarının tapılmasına sadiqliyini yüksək qiymətləndirir, o cümlədən nazirlərin əhalinin sülhə hazırlanması barədə konkret tədbirlərin görülməsinin zəruriliyi barədə razılaşmasını alqışlayır". A.Quterreş BMT-nin ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha bəyan edib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti də bu görüş ilə bağlı açıqlama yayıb. Həmçinin Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat yayıblar. Bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Bildirilir ki, Fransanın Avropaxarici işlər naziri yanında dövlət katibi danışıqlara yekun vurub: “Həmsədrlər Yelisey sarayında qəbul edilib, orada onlar Prezident Emmanuel Makronun əsas diplomatik müşavirlərinə məlumat veriblər. İştirakçılar nazirlərə tərəflərin nəticələrə yönəldilmiş intensiv danışıqlarının qorunub saxlanılması üçün daim göstərilən səylərinə görə minnətdarlıqlarını bildiriblər. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələni müzakirə edib, əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər”.

İndoneziya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyir”

Yeri gəlmişkən, xarici işlər nazirinin müavini Ramiz Həsənov İndoneziya Xarici İşlər Nazirliyinin Siyasət Təhlil və İnkişaf Agentliyinin (PADA) baş direktoru Sisvo Pramononun (Siswo Pramono) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, R.Həsənov Azərbaycan və İndoneziya arasında siyasi münasibətlərin cari vəziyyətindən məmnunluğunu ifadə edib.

Nazir müavini SOCAR-ın İndoneziyadakı fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkənin mövcud potensialını nəzərə alaraq, iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu xüsusda nazir müavini R.Həsənov müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Öz növbəsində indoneziyalı diplomat iki ölkə arasında siyasi sahədə mövcud olan münasibətlərdən razılığını ifadə edərək, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Qarşı tərəf İndoneziyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu əsasda həll olunmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan və İndoneziya arasında mədəniyyət, təhsil, ticarət, iqtisadiyyatturizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.

“Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib

Bu arada Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın xarici siyasətinin əsas prioriteti olmaqla bərabər, ölkəmizin ərazi bütövlüyünün bərpasını və sərhəd toxunulmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir. H.Babaoğlu bildirib ki, bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji siyasət həyata keçirməklə, ilk növbədə problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub. Bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub:

İlk növbədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə regionda ermənilərlə ənənəvi əlaqələri olandaha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Diqqət yetirsək görərik ki, bunlar bir neçə istiqamətdə müəyyənləşib: şimal, cənub və qərb istiqamətləri. Məlumdur ki, Dağlıq Qarabağ probleminin həllində Rusiya Federasiyası özünəməxsus və xüsusi çəkisi olan ölkədir. Onu da bilirik ki, bu ölkə ilə ayrı-ayrı mərhələlərdə münasibətlər sabit, ancaq enişli-yoxuşlu olub. 2007-ci ildən sonrakı mərhələdə Azərbaycanın həyata keçirdiyi diplomatiya sayəsində Rusiya ilə münasibətlər strateji müttəfiqlik səviyyəsinə qalxıb. Eyni zamanda İranla münasibətlər yüksək səviyyəyə çatıb. Bu münasibətlərin yaxşı olması üçün Azərbaycan yeni diplomatik formatlar müəyyən edibbu formatlar çərçivəsində öz milli maraqlarını müdafiə edən strategiya irəli sürüb. Nəticədə nə baş verib? Təkcə 2018-ci ildə Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüblər. Bu, münasibətlərin yeni mərhələsindən xəbər verir”.

H.Babaoğlu əlavə edib ki, beləliklə, hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, ənənəvi müttəfiqlərini də itirib: "Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdiribişğal faktı davam etdikcə, həmin siyasəti davam etdirəcəyik. Yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb ki, ötən ilin aprelində başlayıb, dekabr ayında sona çatan hadisələrdə biz bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycan 2019-cu ilə yeni yaratdığı geosiyasi reallıqlarla qədəm qoyub. Bu reallıqlar ölkəmizin lehinədir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər yaradır. Düşünürük ki, 2019-cu il bu istiqamətdə mühüm irəliləyişlər kimi tarixə düşəcək”.

Fuad Hüseynzadə

Palitra.-2019 .- 19 yanvar.-S.11.