“Beynəlxalq təşkilatlar öz maraqları naminə münaqişələrdən istifadə ediblər”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyanın Fransa görüşü gündəmdədir. Siyasi şərhçilər bu görüşü müsbət amil kimi qiymətləndirirlər. Belə ki, siyasi şərhçi Arzu Nağıyev SİA -ya açıqlamasında deyib ki, bu görüşün həm müsbət, həm də mənfi tərəfləri var.

Onun fikrincə, görüş yeni hökumətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı planlarını bilmək üçün əhəmiyyətli idi. Görüşün yekunu ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanata toxunan siyasi şərhçi bildirib ki, hər zaman olduğu kimi, vasitəçilərin budəfəki bəyanatları deklorativlikdən kənara çıxmadı: “Hər iki dövlətin vətəndaşlarını sülhə çağırmaq, bir-birlərinə münasibəti bu istiqamətdə qurmaq kimi bəyanatlar bizi qane etmir. Yenə də onlar kimin işğalçı və kimin işğala məruz qaldığını açıq şəkildə bəyan etmirlər”.

A.Nağıyev qeyd edib ki, artıq ATƏT-in Minsk qrupu həmsədrləri, digər dövlətlər, ATƏT-in rəhbərliyi də anlamalıdır ki, bu məsələlərin diplomatik şəkildə həll olunmaması və ya uzadılması hərb yoluna gətirib çıxara bilər. Ona görə də görüşlərdə qarşıya qoyulmuşməqsəd yerinə yetirilməlidir. Bu baxımdan, bütün xarici və daxili aktorlar bu məsələdə Ermənistanı konstruktiv danışıqlara yönəltməlidir”.

Politoloqkeçmiş diplomat Fikrət Sadıqov da SİA -ya açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan XİN başçılarının son görüşü müsbət amil idi: “Bu danışıqlar prosesində erməni tərəfi Azərbaycanın qəti və prinsipial mövqeyini yenidən eşitdi. Hazırda gündəlikdə münaqişənin həlli istiqamətində konkret proqram olmalıdır. Konkret məqamlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanı tərketmə məsələsi müzakirə olunmalı, onlara müəyyən təzyiq göstərilməlidir. Son görüşdən sonra həmsədrlər xalqları sülhə hazırlamaqla bağlı bəyanat yaydılar. Bu bəyanatın nəyəsə gətirib çıxaracağını düşünmürəm. Çünki Azərbaycan xalqı sülhə çoxdan hazırdır. Sülhə hazırlığı biz deyil, erməni tərəfi etməlidir”.

“Ölkəmiz danışıqları davam etdirməyə hazırdır”

F.Sadıqov söyləyib ki, Ermənistan, ilk növbədə BMT-nin 4 qətnaməsini yerinə yetirməli, beynəlxalq hüquq normalarına əməl etməlidir: “Ümumiyyətlə, Ermənistan hakimiyyətində orada təmsil olunanın kimliyindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı mövqeeynidir. Ermənistanda yeni hökumət formalaşsa da, onların xarici siyasət prioritetləri cızılmır. Yeni hakimiyyət qonşu ölkələr, Azərbaycanla münasibətləri, Dağlıq Qarabağla bağlı planları haqqında heç bir fikir irəli sürmürlər. Onlar, sadəcə olaraq, ümumi şəkildə danışıqlarda iştirak edəcəklərini, məsələnin sülh yolu ilə həllinin lazımlılığını deyirlər. Amma bu bizə yetərli deyil. Bizə konkret ifadələr və addımlar lazımdır”.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi diplomatik yoldan dönmək fikrində deyil və dəfələrlə bununla bağlı mövqeyini ortaya qoyub: “Ölkəmiz danışıqları davam etdirməyə hazırdır. Sülhə gedən yol Azərbaycan torpaqlarının işğaldan azad olunmasından keçir. Həmsədr dövlətlər Ermənistanı bu yola istiqamətləndirməlidirlər. Amma, nədənsə, onlar illərdir ki, vasitəçilik müddətində, sadəcə, müsbət fon yaratmağa çalışırlar. Görünür, onların əsas vəzifələri münaqişə tərəflərini stol arxasına əyləşdirib, sonradan reallığa uyğunolmayan bəyanatlar verməkdən ibarətdir”.

Dağlıq Qarabağ münaqişəsinin bu vaxta kimi həll olunmaması da ikili standartlardan xəbər verir

Yeri gəlmişkən, hazırda bir çox beynəlxalq təşkilatlar Azərbaycanla münasibətdə ikili standart mövqe nümayiş etdirirlər. Dağlıq Qarabağ münaqişəsinin bu vaxta kimi həll olunmaması da ikili standartlardan xəbər verir. Əslində, bir çox beynəlxalq təşkilatlar hər zamanöz maraqları naminə bu kimi münaqişələrdən istifadə ediblər. Hətta, əksər hallarda özləri belə münaqişə zonaları yaradırlar ki, dünyanın ictimai-siyasi nizamını əllərində saxlasınlar. Milli Məclisin deputatı Tahir Kərimli “Azadinforma açıqlamasında beynəlxalq təşkilatları, xüsusən, Avropa Parlamentini, bu baxımdan, qınayıb. O bildirib kiAvropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi: “Əvvəla, Avropa Parlamentinin təxminən 750 üzvü var. Azərbaycanla əlaqədar məsələni müzakirə edəndə isə orada 12-15 nəfərdən artıq adam olmayıb. O şəxslər Azərbaycan əleyhinə danışıb, insan hüquqlarının pozulmasını müzakirə ediblər. Onlar kimdirlər? Hamısı Böyük Britaniyadan, Portuqaliyadan və digər yerlərdən olan, həmçinin, demək olar ki, hər biri Dağlıq Qarabağa səfər edən adamlardır. Azərbaycanın dövlət suverenliyi əleyhinə, Ermənistan tərəfindən Dağlıq Qarabağa səyahət edirlər. Eyni zamanda Dağlıq Qarabağın müstəqilliyini müdafiə edirlər. Bu, o Avropa Parlamentidir ki, Ermənistana indiyə kimi 750 milyon avroya qədər yardım edib. Ondan ötrü ki, Ermənistan ayaqda qalsın, xristian təəssübkeşliyi olsun. Həmin qüvvələr 40 ildir Türkiyəni Avropa İttifaqına daxil olmağa qoymurlar və açıq şəkildə deyirlər ki, bura xristian klubudur”. Politoloq Mübariz Əhmədoğlu isə “Azadinformabildirib ki, Paşinyanın ilk səfərini Gürcüstana etməsi siyasi seçimdir: “Çünki Paşinyanın əlində alternativ variantlar var idi: İranın bir neçə dəvəti hələ Ermənistan tərəfindən cavabsız qalıb; Avropa ölkələrinin birinə gedərdi; İstənilən adla Paşinyan Rusiyaya səfər edə bilərdi; Amma Gürcüstanı seçdi”.

M. Əhmədoğlu vurğulayıb ki, Tbilisi Ermənistanla yalnız Azərbaycanla münasibətlərinə ziyan vurmamaq şərti ilə əməkdaşlıq edə bilər: “Gürcüstan Azərbaycanı inandırmalıdır ki, Ermənistan tamamilə Gürcüstanın tabeliyindədir, heç bir destruktiv siyasət aparabilməyəcək və yaxın vaxtlarda da Dağlıq Qarabağ problemini həll edəcək. Ermənistanın Dağlıq Qarabağ problemini həll edəcəyinə dair Gürcüstan təzyiq rıçaqlarları yaradacaq. Bu halda Azərbaycan inana və Gürcüstan-Ermənistan münasibətləri inkişaf edə bilər.

“Erməni cəmiyyətində Nikol Paşinyanın və ətrafının vədləri ilə bağlı məyusluq yaranır”

Bu arada erməni politoloq Viqen Akopyan ötən gün keçirdiyi mətbuat konfransında Paşinyan hakimiyyətini ifşa edib: “Erməni cəmiyyətində Nikol Paşinyanın və ətrafının vədləri ilə bağlı məyusluq yaranır. İndi məlum olub ki, baş nazirin komandasında və parlamentdə bir çox şəxslər qoyulan tələblərə cavab vermirlər. Bu isə vətəndaşlar arasında hakimiyyətdən narazılığı artırır. Politoloq əlavə edib ki, indi zaman yeni hakimiyyətin əleyhinə işləyir. Erməni xalqı baş nazirdən sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını gözləyir və onunhər addımını ciddi təhlil edir. Yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən hakimiyyət nümayəndələri, xüsusən baş nazir müxtəlif manevrlər edir, buraxdıqları bu və ya digər nöqsanlara bəraət qazandırmaq istəyirlər. “Komanda üzvləri başa düşürlər ki, “məxməri inqilabdan” sonra yaranmış rahat şərait artıq sona çatıb. İndi cəmiyyətdə tamamilə başqa əhvali-ruhiyyə var və bu atmosfer böyük dərəcədə hakimiyyətin lehinə deyil”.

Vətəndaşların əsas diqqətinin yeni parlamentə yönəldiyini vurğulayan politoloq bildirib ki, ötən həftə hakim blok olan “Bizim addım” fraksiyasından bir neçə gənc və təcrübəsiz deputatlar qalmaqallı bəyanatlar veriblər və bundan sonra ictimaiyyətdən üzr istəyiblər.“Xüsusilə bu blokun deputatı Ayk Koncoryanın Ermənistana dost olan İranı “avtoritar dövlət” adlandırması sosial şəbəkələrdə ciddi söz-söhbətə səbəb olub. Hesab edirəm ki, parlamentdə təmsil olunan gənc deputatlar bu işin incəliklərini öyrənməlidir”, - deyə politoloq əlavə edib.

Erməni media eksperti Tiqran Koçaryan da yeni ölkə parlamentinə yanaşmada bədbindir. Onun sözlərinə görə, deputatların cəmi 10-15 faizi müəyyən təcrübəyə malikdir, qalanların cəmiyyət qarşısında xidmətləri Paşinyanın mitinqlərində iştirak etməkdən ibarətdir.

Fuad Hüseynzadə

Palitra.-2019.-22 yanvar.-S.11.