“Ermənistanda antirusiya əhvali-ruhiyyəsi artmaqdadır”
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın
Davos görüşü
əcnəbi ekspertlər
tərəfindən də
müsbət qiymətləndirilib. Rusiyalı
teleaparıcı və
ekspert Yevgeni Mixaylov “Trend”ə deyib ki, Davos
görüşü, ilk növbədə
onu göstərdi ki, hazırda Ermənistan hökumətinin
Dağlıq Qarabağ
münaqişəsi üzrə
danışıqlar prosesində
dəqiq siyasi xətti yoxdur. O bildirib ki, Azərbaycan
Prezidenti daha inamlı görünürdü:
“Prezident İlham Əliyev Nikol Paşinyandan fərqli olaraq daha geniş
nizamlama planı ilə çıxış
etdi. Son zamanlarda
ATƏT-in Minsk qrupu həmsədrlərinin
münaqişə tərəflərini
əhalini sülhə
hazırlamaq barədə
şərhlərini də
nəzər alsaq, bu fakt onu
göstərir ki, Paşinyanın seçimi
azdır. Ona görə
də ehtimal edə bilərəm ki, Davos görüşü
Dağlıq Qarabağ
münaqişəsinin real həllinin
başlanğıcıdır”.
Y.Mixaylov
qeyd edib ki, bir çox
KİV-lərdə N.Paşinyanın
ünvanına tənqidlər
səslənməsini, eləcə
də onun mövqelərini əldən
verdiyi barədə fikirlərin yer almasını təsadüfi
hesab etmir: “Aydındır ki, Rusiya indi məhz
Bakıya kömək
etmək üçün
maksimum səy göstərir, çünki
Ermənistanda antirusiya
əhvali-ruhiyyəsi artmaqdadır”.
“Dağlıq Qarabağ münaqişəsinin həlli
yollarının axtarışı
davam etdirilməlidir”
Yeri gəlmişkən,
Latviya Respublikasının
xarici işlər naziri Edqar Rinkeviç
Seymdə xarici siyasət məsələlərinə
həsr olunmuş debatlarda çıxış
edib. Nazir Avropanın enerji
təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın
rolunu yüksək qiymətləndirib. O deyib:
“Latviya Respublikasının
xarici siyasəti hər bir müasir
demokratik dövlətə
xas olan dəyərlərə - insan
ləyaqətinə, insan
hüquq və azadlıqlarına hörmət
prinsiplərinə əsaslanır.
Bu dəyərlər. Latviyanın xarici siyasəti tarazlaşdırılmış mənafelər siyasətidir”.
E.Rinkeviç öz çıxışında
Latviyanın Şərq
tərəfdaşlarını da xatırlayıb. Latviya
XİN rəhbəri deyib:
“Avropa İttifaqının
Şərq Tərəfdaşlığı
siyasəti Latviyanın
xarici siyasətinin prioritet məsələsidir.
Bu proqramın üzvü olan ölkələrə gəldikdə,
digər avropalı müttəfiqlər kimi,
biz də aydın dərk edirik ki, Şərq tərəfdaşlarının hər biri özünün
daxili və xarici siyasət xəttini müstəqil seçə bilər.
Latviya Avropa qitəsində bəzi təsir dairələrinin güclənməsinə
heç vaxt razılıq verməyəcək,
çünki belə
hallar, adətən, qanlı münaqişələrlə
nəticələnir. Latviya Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın
rolunu yüksək qiymətləndirir. Eyni zamanda,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
yollarının axtarışı
davam etdirilməlidir”.
“Dövlətlərin suverenliyinə
və ərazi bütövlüyünə hörmətlə
yanaşmaq ən vacib məsələdir”
AŞPA-nın qış
sessiyasında isə
“Milli azlıqdan olan insanların hüquqlarını təşviq
etmək” adlı məruzənin müzakirəsində
Azad Demokratlar Qrupu adından qrupun vitse-prezidenti Qənirə
Paşayeva Azərbaycanın
ərazi bütövlüyünün
qorunmasından danışıb. O deyib ki, “Milli azlıqların
qorunması haqqında”
Çərçivə Konvensiyasına
uyğun hüquqların
icrası dövlətlərin
ərazi bütövlüyünü
və Konvensiyanın monitorinq sistemini sarsıdan fəaliyyətlər
olmamalıdır. Deputat
Məşvərət komitəsini
bu məsələlərdə
ehtiyatlı olmağa çağıraraq bildirib
ki, Məşvərət
Komitəsinin vəzifəsi
üzv dövlətlərdə
müvafiq hüquq və azadlıqların yaxşılaşmasına yönələn
tövsiyələr verməkdir:
“Buna görə də
Komitə üzvləri
bu məsələnin
həssaslığını daha yaxşı anlayan, Avropanın müxtəlif regionlarının
və ölkələrinin
tarixi və xüsusiyyətləri barədə
zəruri ixtisasa və bacarıqlara malik təcrübəli, səriştəli ekspertlər
olmalıdırlar. Komitənin tövsiyələri
öz növbəsində,
Konvensiyanın dilinə
və ruhuna uyğun olmalı, milli azlıqların hüquqlarının qorunmasını
və təşviqini
irəli çəkmək
məqsədinə xidmət
göstərməlidir.
Bu məsələlərin həssaslığını
nəzərə alaraq,
bütün səylər
Avropada bölünmələrin
və gərginlik mənbələrinin yaradılmasının
qarşısının alınmasına
yönəlməli və
Komitə öz işində Çərçivə
Konvensiyasının səmərəli
şəkildə həyata
keçirilməsi vasitəsilə
Avropa xalqları və millətləri arasında birlik və həmrəyliyin əldə edilməsi məqsədi daşımalıdır.
“Azərbaycan Çərçivə
Konvensiyası çərçivəsində
qarşılıqlı hörmət
və anlaşma əsasında konstruktiv dialoqa hazırdır və açıqdır”.
O, ərazi bütövlüyü
məsələsinə xüsusi
diqqət ayıraraq bildirib ki, Avropanın
gələcəyi üçün
bu məsələyə
yanaşma birmənalı
olmalıdır. Azərbaycanlı deputat Avropa Şurasının “Milli azlıqların qorunması
haqqında” Çərçivə
Konvensiyasının milli
azlıqların qorunması
ilə bağlı həssas məsələləri
əhatə etdiyini söyləyərək, dövlətlərin
ərazi bütövlüyünə
və suverenliyinə hörmət prinsipinə əməl olunmasının
vacibliyini diqqətə
çatdırıb.
“Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin”
Bu arada Azərbaycan-Gürcüstan
parlamentlərarası əlaqələr
üzrə İşçi
qrupunun rəhbəri Əflatun Amaşov qrupun üzvləri adından Gürcüstan parlamentinin Azərbaycan Milli Məclisi ilə Dostluq qrupunun rəhbəri Zviad Dzidziquriyə müraciət edib. “Trend”in
məlumatına görə,
müraciətdə qeyd
olunur ki, Gürcüstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətləri hər
zaman özünün
nümunəviliyi ilə
diqqət çəkib:
"Sevindirici haldır
ki, müasir dövrdə bu münasibətlər strateji
tərəfdaşlığa əsaslanaraq yüksələn
xətt üzrə inkişaf etməkdədir.
Bu baxımdan, Azərbaycan
və Gürcüstan
parlamentlərinin üzərinə
də böyük məsuliyyət düşür
və hər iki ölkənin ali qanunverici
orqanlarının tarixi
dostluğumuzun dərinləşməsi
istiqamətdəki fəaliyyəti
xüsusi vurğulanmalıdır.
Parlamentlərimiz səviyyəsindəki
qarşılıqlı iş
birliyi hər iki xalqın ortaq maraq və
mənafelərinin qorunmasına
yönələn müstəsna
təminatdır. Bu təminat zaman-zaman yaşanmış anlaşılmazlıqların
və incikliklərin tez bir zamanda
aradan qaldırılmasında
da mühüm mənəvi dividenddir.
Məlum olduğu kimi, 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyanın büstü qoyulub. Bu hadisə ölkəmizin ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub. Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin. Nəzərə alınmalıdır ki, Gürcüstan Azərbaycan kimi, etnik separatizmdən əziyyət çəkir. Onun da torpaqlarının 20 faizə qədəri zəbt olunub. M.Avaqyan isə həm də Gürcüstan torpaqlarının işğalında yaxından iştirakı ilə seçilib. O, faktiki olaraq hər iki xalqın düşmənidir".
Bildirilir ki, müasir dövrdə xalqlarımızı birləşdirən ağrı və acılar eynidir. Buna görə Azərbaycan dövləti hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstəyi özünün regional xarici siyasətinin başlıca prioriteti hesab etməkdədir. Azərbaycan üçün Gürcüstan həm də soydaşlarımızın kompakt məskunlaşdıqları, dost gürcü xalqı ilə mədəniyyət və məişəti, dövlətçilik ənənələrini birgə bölüşdükləri və yaşatdıqları vətəndir:
"Biz, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri bu müraciətimizlə Gürcüstan-Azərbaycan Dostluq qrupunun üzvlərini xalqlarımızı birləşdirən dəyərləri bölməyə, iki xalq arasında nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı prinsipial mövqe nümayişinə çağırırıq. Sizlərin diqqətini yaranmış problemə ciddi şəkildə çəkməyi düşünür, məlum hadisədən narahatlığımızı bildiririk.
İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana ucaldılmış abidə götürüləcək. Məsələyə həssas yanaşacağınıza əminliyimizi ifadə edir, hər birinizə uğurlar arzulayırıq".
Fuad Hüseynzadə
Palitra 2019.- 26 yanvar.- S. 11.