Heydər Əliyev müdriklik missiyasının elmi-idraki şərhi...

 

(Mahirə Hüseynova. Missiya. ADPU-nun nəşriyyatı, Bakı, 2019. – 366 səh.)

 

Xalqımızın böyük oğlu Heydər Əliyevin titanik fəaliyyətinin çox geniş, əhatəli olduğu məlumdur. Filologiya elmlər doktoru, professor, tanınmış dilşünas-alimşair, yazıçı-publisist Mahirə Hüseynova Nağıqızının növbəti kitabı olanMissiyaümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əlirza oğlu Əliyevin çoxşaxəli ictimai-siyasi fəaliyyətinin əvəzedilməz missiyasının elmi-nəzəri, publisistik şərhinə həsr olunmuşdur.

Kitabın elmi redaktoru və “Ön söz” müəllifi akademik İ.Həbibbəyli, elmi məsləhətçisi tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, rəyçiləri filologiye elmələri doktoru Himalay Qasımov və Buludxan Xəlilovdur.

Bəri başdan qeyd edim ki, əvvala bu mövzu mənə doğma bir mövzudur, bu mövzuda yazdığım dərslik (“Heydər Əliyev və ədəbiyyat məsələləri.” Bakı: ADPU, 2007- 400 səh.) ilklərdəndir... Sonra da, Heydər Əliyevin irimiqyaslı, qlobal fəaliyyəti barəsində çox görkəmli xadimlərin, elm adamlarının, yazıçı və jurnalistlərin xeyli dəyərli əsərləri, monoqrafiyaları, cild-cild kitabları mövcuddur... Mənə məlum olan biblioqrafik məlumata görə təkcə 1997-2017-ci illər arasında Heydər Əliyev və mədəniyət, ədəbiyyat, dil, təhsil və s. problemləri əhatə edən 144 adda kitabın nəşri məlumdur ki, bu sırada samballı və yeni məzmunlu bir əsərin ortaya qoyulması böyük məharət tələb edirdi...

Professor Mahirə Nağı qızı Hüseynovanın çox böyük cəsarətlə bu mövzuya müraciət etməsi, doğrusu, məni heyran etdi, həm də içimdə gizli birxof” yarandı ki, görəsən, Mahirə xanım ulu öndər Heydər Əliyevə həsr elədiyi “Missiya” kitabında yeni, fərqli nə deyəcəkdir?! Oxudum... Oxuduqca da sevindim, daxilim rahatlandı, mövzuya fərqli bir baxışın şahidi oldumbu hissin aurasında da, kitab haqqında fikrimi, duyğularımı ədəbi ictimaiyyətlə bölüşmək niyyəti ilə bu məqaləni yazmağa başladım və yazdım...

Bu kitabda da, ulu öndərin həyat və fəaliyyətinin elmlə, ədəbiyyatla, dillə, mədəniyyətlə bağlı ən bariz məqamları geniş xarakterizə olunur, görkəmli ictimai-siyasi dövlət xadiminin bu sahədəki zəngin irsi əsaslı şəkildə, yeni metedoloji səpkidə araşdırılır, dahi şəxsiyyətin Azərbaycan xalqının müstəqilliyi və müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi titanik fəaliyyətinin tutarlı cəhətləri əhatə olunur. Azərbaycan tarixinə şanlı səhifə yazan,“iki ictimai siyasi quruluşda Azərbaycana

rəhbərlik edən” Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu çatdırılmasında “Missiya” kitabının böyük rolu vardır.

Professor Mahirə Hüseynova həyatın bütün sahələrində Ümummilli Liderin fəaliyyətini dialektik vəhdətdə götürür. Müəllif bir siyasi rəhbər kimi Heydər Əliyev strategiyasının uğurunu onun əvvəl dövlət yaratmasında, daha sonra mənəvi dəyərlərimizi uca tutmasında görür.

Filologiyatarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gəlmiş bu kitabda müəllifin Öndərin postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, onun xüsusilə, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin tanıdılmasında xidmətlərinə zəngin erudisiya ilə yanaşması xüsusi olaraq qeyd edilməidir.

Əsərdən görsənir ki, milli ideologiyamızın yaranması və formalaşmasında böyük

xidmətləri olan Ulu Öndərin ictimai fəaliyyətinə müəllif dərindən bələddir.

Fikrimizcə, müəllifin yüksək elmi potensialı və erudisiyasının nəticəsi olaraq “Missiya”kitabında Ümummilli Liderin siyasi fəaliyyətini Azərbaycanın tarix bo-yu müstəqillik mübarizəsi ilə müqayisə edilməsini, milli ruhun yüksəlişinin, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin olması qənaət kimi qiymətləndirilməlidir.

Mahirə Hüseynova Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının

inkişafı ilə bağlı fəaliyyətinə kreativ elmi metodoloji cəhətdən yanaşmış, Azərbaycan dilinin qorunması və inkişafı, onun dövlət dili səviyyəsinə qaldırılması, xalqın ədəbiyyat və mədəniyyətinə, həmçinin ədəbiyyat və mədəniyyət xadimlərinə qayğısı ilə bağlı böyük bir dövrü – 1969-cu ildən bu günümüzə qədər illəri əhatə edir. Kitabda böyük dövlət xadiminin ölkəmizdə elm və təhsilin inkişafı ilə bağlı gərgin və məhsuldar, səmərəli əməyinə xüsusi yer ayrılır...

Müəllif faktların dili ilə sübut edir ki, dünya türklərinin lideri sayılan Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənməyib, müasir türk xalqlarını yaxınlaşdırmaq, onların arasında mənəvi, mədəni, iqtisadi bağlılığı, əlaqəni daha da dərinləşdirmək üçün çox işlər görüb.

Bu mənada, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə oldu-ğu kimi, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə də ana dilinin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verməsinin şərhi əsərin yüksək məziyyətlərindən hesab olunmalıdır.

Missiya” kitabına akademik İsa Həbibbəyli “Əbədiyaşar düha və möhtəşəm müasir inkişaf” başlığında olduqca dərin məzmunlu, əhatəli və dəyərli ön söz yazmış, kitabın məziyyətlərini lazımınca təqdim etmişdir. Kiçik bir fraqmentə diqqət edək: Professor Mahirə Hüseynova kitabında ümummilli liderin birinci dəfə Azərbaycanın siyasi hakimiyyəinə gəldiyi ərəfədə ölkədə mövcud olan ictimai-siyasi vəziyyətin dolğun mənzərəsini yaratmaqla Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərinin miqyasını və əhəmiyyətini təqdim edə, böyük siyasətçi və dövlət adamının adı ilə bağlı Azərbaycançılıq strategiyasının incəliklərini göstərə bilir.”

Bu fikrin davamı olaraq qeyd edək ki, müəllif bildirir ki, Ulu Öndər Heydər Əliyevin xalqına həsr olunmuş həyat yolunun hələ çox səhifələrinin araşdırılmasına, hərtərəfli öyrənilməsinə, siyasi-ictimai fəaliyyətinin ayrı-ayrı məqamlarının işıqlandırılmasına yenə də, çox ciddi ehtiyac vardır..

Mahirə Hüseynovanın “Missiya” kitabı Ümummilli Liderin şəxsiyyəti və ruhu

qarşısında fədakar xidmətin bariz nümunəsidir. Kitabın ən böyük hissəsi “Missiya” başlığı altında verlən materialburada Heydər Əliyevin hələ 1999-cu ildə Rusiyanın ən məşhur jurnalisti Andrey Karaulova verdiyi dərin, əhatəli, cəsarətli, proqram səviyyəli müsahibəsinin mətni və şərhi təşkil edir. Sonra kitabda doqquz yarımbaşlıqda bir-birini tamamlayan mövzular ardıcıllıqla əksini tapmışdır. BuradaDünya Heydər Əliyevi belə görür və tanıyırdı”, “Dövlət quruculuğunun yeni mərhələsi”, “Əbədiyaşar ümumilli lider”, “Heydər Əliyev və natiqlik sənəti”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Nümunələri ilə xatırlatdığımız böyük dövlət xadimi”, “Şəxsiyyət və zaman”, “Ulu öndər intibahın əbədi simvoludur”, “Yazı mədəniyyətində əlamətdar gün” eılmi-publisistik oçerklərində Ulu Öndərin nümunəvi, parlaq ədəbi-bədii, siyasi-ictimai obrazı ən müxtəlif rakurslardan canlandırılır... Belə ki, bu elmi-publisistik oçerklər özlüyündə ayr-ayrı problemlərə həsr edilsə də, aydın hiss olunur ki, müəllifin təqdim etdiyi kitabın məzmununun alt qatında vahid süjet xətti varbu xəttin baş qəhrəmanı ümummili liderimiz Heydər Əliyevdir... Mahirə Hüseynova Heydər Əliyevin obrazını təşkil edən qatları beləcə müxtəlif problemlər müstəvisində açır və bu obrazın hər bir qatında xalqının bu günü ilə çulğaşan tarixi keçmişinə hörmətlə yanaşı, gələcək nəsillər qarşısında qayğıkeş müdriklik missiyasının daşıyıcısını da görürük, dərk edirik...

Müəllif düzgün qeyd edir ki, müstəqillik illərində ikinci bir məsələ barəsində Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı olduğu qədər rəsmi sənəd qəbul edilməmişdir. Dil haqqında mükəmməl qanun hazırlanıb təsdiq edilmiş, cəmiyyətdə ana dilinin layiqli mövqeyə qaldırılması ilə əlaqədar dövlət proqramı qəbul edilmiş, Prezident fərmanları, sərəncamlar verilmiş, bu məsələ daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu da təsadüfi deyil. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövrü, ulu öndərin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi son 15 illik fəaliyyəti ana dilimizə müstəsna sayğının və onun dövlət dili statusunun yüksək səviyyədə təmin edilməsinin məmnunedici örnəkləri ilə zəngindir. Heydər Əliyev düzgün müəyənləşdirmişdi ki, milli varlığın qorunması və ümumxalq həmrəyliyinin yaranması və möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir. Müəllif faktlarla sübut edir ki, xalq dilinin qədr-qiymətini dürüst müəyyənləşdirərək inkişafına dövlət siyasəti səviyyəsində önəm verən ilk böyük şəxsiyyət ulu öndər Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyev bütün şüurlu həyatı boyu Azərbaycan dilinin dünəninə böyük ehtiram bəsləyən, bu günündə dilin inkişafında səmərəli iştirak edən, sabahına əbədiyyət zamanı daxilində ümidlə baxan böyük və əvəzedilməz zəka sahibi olan siyasət adamıdır.

Mahirə Hüsüynova bu tədqiqatında böyük ustalıqla tədqiq edərək sübut edir ki, Heydər Əliyev cənabları Azərbaycan ədəbi dilinin dərinliklərinə hopmuş canlı danışıq dilinin məxsusi özəlliklərinin bütün çalarlarını virtuoz bir natiq kimi çıxış və nitqlərində ifadə edə bilirdi...

Həmçinin bu tədqiqatda, bütün mənalarda ləyaqətli bir varisin üzərinə düşən siyasi, mənəvi və vətəndaşlıq borcunu necə böyük məsuliyyət və müdrikliklə həyata keçirdiyini nümayiş etdirir. Əslində böyük bir dahinin bütün mənalı həyatı boyu digər saysız-hesabsız xidmətlərilə yanaşı, bir müstəsna xidməti də Vətəni, xalqı naminə düşüncələrini, arzularını və planlarını həyata keçirəcək bir varisi bu missiyaya hazırlamaq olmuşdur ki, biz İlham Əliyev şəxsiyyətinin bütövlüyünü və ardıcıllığını burada görürük... Mahirə Hüseynova bir dilçi alim kimi siyasi, elmi publisistikanın çox incə priyomları ilə bu missiyayanın müxtəlif, çoxşaxəli, rəngarəng çalarlarını qovsi-qüzeh təkin oxucularının gözləri qənşərində mükəmməlliklə aça bilir və canlandırır...

Rusalman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı Vilhelm Ostvaldın “Nobel çıxışı”ndakı deyimi ilə yanaşsaq, “böyük insan böyük işlər görən nəhəng aparatdır, onların dünyaya gəlməsi çox nadir hallarda baş verir.” Azərbaycan xalqının ümumilli lideribu nadir insanlardan idi və Türkiyənin tanınmış siyasi xadimi Bülənt Ecevit nahaq demirdi ki, “Heydər Əliyev min ildən bir yetişən dahilərdəndir.” Əlbəttə, belə bir nəhəng siyasət ustası, fenomen insan haqqında birdən-birə sənədli publisistika janrında əsər yazmaq çox çətin və məsuliyyətli bir vəzifədir. Heydər Əliyev bizim müasirimiz olsa belə, bu, hələ o demək deyil ki, biz onun haqqında hər şeyi bilirik. Bu düşüncədə olan insanlar həmkarım Mahirə Hüseynovanın “Missiya” kitabı ilə yaxından tanış olduqdan sonra yanıldıqlarının şahidi olarlar. Müəllif, sanki, ulu öndərin Tanrı tərəfindən çiyninə qoyulan missiyaya parlaq bir güzgü tutur və bizdə “ədəbiyyat həyatın güzgüsüdür” ifadəsinin mənasına, bir daha, tərəddüd etmədən inandırır...

Mənə elə gəlir ki, müstəqilliyin, demokratiyanın, insan azadlığının illər boyu gözlədiyimiz hansısa böyük nailiyyətlərinin yanında həmişə insan mənəviyyatı ilə bağlı problemlər olur. Bu ancaq fəhmikar alim-yazıçının səlahiyyətinə aiddir ki, onları görə bilsin, çəkinmədən, obyektiv şəkildə və bütün təbiiliklə əks elətdirsin. Mahirə Hüseynova Nağıqızı bu kitabı ilə bunu bacardı... O, yalnız müasir müstəqil Azərbaycan dövlətinin deyil, həm də müasir Azərbaycan millətinin yaradıcısı, qurucusu olan, onu təşkil edən bir şəxsiyyətin həm bədii, həm publisistik, həm siyasi, həm də sadəcə bir Azərbaycan vətəndaşı kimi Heydər Əliyevin mükəmməl bir portretini yaradıb...

Amma Ümummilli liderin portreti o qədər də mükəmməl və tam olmazdı, əgər, Mahirə Hüseynova, eyni zamanda, bizim hörmətli Prezidentimiz, türk dünyasının liderlərindən biri, bəlkə də birincisi olan cənab İlham Əliyevin də portreti yaradılmasaydı...

Heydər Əliyevin bu xalq, ölkə qarşısında bir böyük xidməti vardı, əgər o baş tutmasaydı bu gün müstəqil Azərbaycan adlı bir dövlət yox idi. Heydər Əliyevin xidməti ondan ibarət idi ki, özünü itirmiş, başı pozulmuş ilxı kimi özünü qayadan atmağa hazırlaşan xalqın qarşısını kəsdi, xalqı təşkil etdi, topladı, Azərbaycan xalqının tarixdə yaşamaq hüququnu təşkil edən bir əbədi qəhrəmana çevrildi, xalq qəhrəmanına. Professor, dilşünas, şair, yazıçı-publisist Mahirə Hüseynova Nağıqızı bütün bu tarixi zərrə-zərrə toplayaraq möhtəşəm və çox dəyərli bir əsərdə birləşdirdi...

Heydər Əliyevin iti zəkası bir Tanrı vergisi idi. Onun hazırcavablığı, onun gələcəyi görmək hissinin gücü, onun istənilən şəraitdən çıxış yolu tapmaq qabiliyyəti heyrətamiz idi. Gündəlik dövlətçilik fəaliyyəti ondan gərgin zehni əmək və psixoloji qüvvə tələb edirdi. Onun qabiliyyətinin, inzibati fəaliyyətinin və ictimai ruhunun digər bir nümunəsi yox idi. Bir sözlə, o həqiqətən möcüzə idi. Mahirə Hüseynova bu əsərində Heydər Əliyev möcüzəsinin qeyri-adi keyfiyyətlərini sadəcə təsvir etmir, əksinə tarixi sənədlər, hadisələr və faktlarla oxucusuna təqdim edirbu dahinin obrazı oxucunun fikir dünyasında məhz belə canlanır...

Əlbəttə, Heydər Əliyevin müasirləri, ətrafındakılar, hətta onu sevməyən, ona paxıllıq edənlər belə onun dərin zəkasına, məntiqinə, fenomenal yaddaşına, siyasi intuisiyasına, polad iradəsinə və qətiyyətinə şübhə ilə yanaşa bilmirdionun həqiqətən Tanrının seçilmişlərindən olduğunu etiraf edirdi. Əsəri oxuduqca adamda belə bir fikir formalaşır ki, Heydər Əliyevin sahib olduğu bütün nadir üstün keyfiyyətlər yeganə bir hissdən – xalqına və ölkəsinə sevgidən qidalanır. Həyatda olduğu kimi əsərdə də elm, ədəbiyyat və incəsənət sahəsində istedadlı insanların nədən Heydər Əliyevin cazibəsinə düşdüyünün, niyə bu zümrədən olan adamlara onun daha böyük qayğı ilə yanaşdığının, diqqət göstərdiyinin sirrinə açar

axtarırsan. Aydın olur ki, Heydər Əliyev xalqın mənəviyyatını qidalandırdıqları,

dünyagörüşlərini zənginləşdirdikləri üçün ölkəsinin bu adamlara böyük ehtiyacı olduğundan onlara dəyər verir, layiq olduqları qayğını göstərir...

Ulu öndərimizin natiqlik mədəniyyəti”, “Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Ulu öndərimizə məhəbbət ruhunda” dəyərli əsərlərinin davamı kimiMissiya” monaqrafiyası da sübut etdi ki, Mahirə Hüseynova üçün Heydər Əliyev əbədi mövzu olmuşolaraq da qalır…

Heydər Əliyev XX -XXI əsrlərdə 34 ildən artıq xalqımızın taleyində məsuliyyət daşıyan, onu istiqamətləndirən, xalq gəmisinə kapitanlıq edən bir şəxs olub. Anacaq onun həyatı, təkcə bu illərdə deyil, hələ Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti illərində də həmişə qürur hissi keçirdiyi ölkəsinin və xalqının taleyi ilə sıx bağlı olub.

Filosoflar yazır ki, “insan özünü təbiətin, Tanrının yaratdığı dünyanın bir hissəsi hesab edəndə, özünün bu dünyanın taleyinə məsuliyyət daşıdığını başa düşəndə o zaman şəxsiyyət olur!” Tədqiqatçı xanım təkzibolunmaz gerçəklərə, tarixi faktlara istinad edərək Heydər Əliyevin gənc yaşlarından xalqının taleyinə necə məsuliyyətlə yanaşdığının publisistik mənzərəsini yarada bilmişdir. Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan xalqının milli ləyaqətinin yüksəlməsinə çalışmış, fikir və mülahizələrində xalqın milli ləyaqət fəlsəfəsinin əsaslarını hazırlamışdır.

Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikasına 34 illik rəhbərliyi dövründə yürütdüyü dil siyasəti mövcud sənədlərə, dillə bağlı çıxışlarına, müdrik kəlamlarına, deyimləri və tövsiyələrinə əsaslanaraq aşkarlanmışdır... Bununla yanaşı, kitabda Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixindən, Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsindən və s. haqqında maraqlı məlumat verilir. Bu kitabın maraqlı cəhətlərindən biribudur ki, Heydər Əliyev fenomeninin necə dərk olunmasına, bu kontekstdə Azərbaycanda dünya mədəniyyətinə münasibətlərin necə qurulmasına, ümummilli liderin irsinin Azərbaycan humanitariyasına necə təməl təşkil etməsi məsələlərinə də müəyyən dərəcədə işıq salır. Beləliklə, tarixin yetirdiyi yeganə və əvəzedilməz şəxsiyyət kimi Heydər Əliyev bu kitabda Azərbaycanın gələcək nəsillərinə örnək insan kimi təqdim edilir...

Professor Mahirə xanımın “Missiyamonoqrafik, elmi-publisist əsəri barəsində fikrimizi ümumiləşdirsək tezis şəklində aşağıdakı nəticələri qeyd edərdim:

1. Oxuculara təqdim olunan bu kitabda dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət haqqında görüşlərindən söhbət açılır, dünya ədəbiyyatı ilə bağlı fikirləri təhlil edilir, təhsil sahəsindəki xidmətləri araşdırılır;

2. Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dilinitq mədəniyyəti barədəki fikirlərindən, Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı böyük xidmətlərindən, 70-ci illərin əvvəllərindən başlayaraq onun yürütdüyü milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyəyə yüksəlməsi uğrunda mübarizəsindən bəhs edilir;

3. Kitabda Heydər Əliyevin ədəbiyyat və mədəniyyətə dair baxışlarına, xalqımızın milli mentalitetinin formalaşmasında onun oynadığı rola, həmçinin fəaliyyətinin hər mərhələsində üzə çıxan keyfiyyət dəyişikliyinə də işıq salınır;

4. Kitabda Heydər Əliyevin sosial fəlsəfəsinin və xalqın mentalitetinin formalaşmasının elmi metodoloji prinsipləri açıqlanır. Xalqın mentalitetinin qaynaqları, tarixi yaddaş, vətən amalı, azərbaycançılıq ideyası, milli həmrəylik və siyasi mentalitet kimi az tədqiq olunan problemlər şərh olunur;

5. Kitaba daxil edilmiş elmi-publisistproblematik oçerklərdə maarif və mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi Heydər Əliyevin ölkəmizin təhsil sisteminin inkişafı sahəsindəki xidmətlərindən, təhsil islahatlarının hazırlanıb həyata keçrilməsində Ulu Öndərin əvəzsiz rolundan söhbət açılır;

6. Milli-mənəvi keyfiyyətlərimizin köklərinə toxunan və xalqımızın mədəniyyət tarixinə ekskursiya edən müəllif öz fikirlərini dahi söz ustatlarının, görkəmli şəxsiyyətlərin böyük siyasi xadim Heydər Əliyev haqqında kəlamları ilə üzvi surətdə verməyə çalışılır;

7. Kitabda Heydər Əliyevin ölkənin əqli potensialını formalaşdıran təhsil, bilik, məktəb və ali təhsil müəssisələrinə dair ideya və fikirləri təcürbi-əməli faktlarla ümumiləşdirilərək şərh edilir;

8. Monoqrafiyada görkəmli şəxsiyyət, ümummilli lider, dünya siyasətçisi, böyük diplomat, zəngin dövlətçilik, təcrübəsinə malik, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin çoxcəhətli, nəhəng fəaliyyətinin bir istiqaməti – Azərbaycan ədəbiyyatına qayğısı, məhəbbəti və rəhbərliyi siyasi-ictimai, sosial, mədəni baxışlar fonunda araşdırılır;

9. Monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə tədqiq-təqdim edilir.

 

Əslində, bu kitab ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbətin, Azərbaycan xalqına məxsus əvəzedilməz, dahi bir insana, tarixi şəxsiyyətə olan sədaqət və ehtiramın elmi-publisistik sözün bütün koloriti ilə ifadəsidir...

Məmunluqla deyirəm ki, bu kitabı oxumaqla müstəqil Azərbaycanın memarı və qurucusu olan bu dahinin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənkeşliyi, qətiyyəti, müdrikliyi və xalqının xilaskarlıq missiyası haqqında müstəqil və zəngin məlumat almaq olar. Mahirə Hüseynovanın “Missiya” kitabı Ulu Öndərin şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsi kimi faydalı olacağını qəti əminliklə bildirirəm...

 

 

Tərlan Novruzov,

professor, filologiya elmləri doktoru.

Palitra.- 2020.- 19 fevral. S. 13.