ATƏT sədri: “Minsk qrupunun səylərini dəstəkləyəcəyik”

 

Çində Ermənistan-Azərbaycan Dalıq Qarabağ münaqişəsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb

 

“İsveçrə Kosmos Mərkəzinin direktoru tərəfindən sözügedən qanunsuz səfər ilə bağlı XİN-ə müvafiq məktub daxil olub və həmin məktubda K.Nikolyenin işğal altında olan ərazilərimizə etdiyi qanunsuz səfər ilə bağlı üzrxahlıq bildirilir, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət ifadə edilir. Həmçinin məktubda K.Nikolyenin Yerevanda olduğu müddətdə təşkilatçılar tərəfindən bu səfərin törədə biləcəyi nəticələr barədə heç bir məlumat verilmədən Azərbaycanın işğal altında olan ərazilərinə aparıldığı qeyd olunub

 

“Albaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyəcəyik”. APA-nın xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan yeni sədri, Albaniyanın Baş NaziriXarici İşlər naziri Edi Rama ATƏT-in Daimi Şurasında çıxışı zamanı bildirib. “Münaqişələrin həlli istiqamətində səylərin göstərilməsi ATƏT-ə sədrliyimiz müddətində gündəliyimizdə duran əsas məsələlərdən olacaq. Xüsusilə də, Minsk qrupu həmsədrlərinin səylərini və Dnestryanı münaqişənin həlli prosesini dəstəkləyəcəyik” - deyə E. Rama qeyd edib. O vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk səfərini növbəti həftələrdə Ukraynaya edəcək. Xatırladaq ki, ATƏT-ə sədrlik bu ilin yanvarında Slovakiyadan Albaniyaya keçib. Qeyd edək ki, Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Pekində Çin Sosial Elmlər Akademiyası, Çin Beynəlxalq Araşdırmalar İnstitutuMüasir Beynəlxalq Münasibətlər Akademiyasında görüşlər keçirib. BMTM-in mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə ölkəmizin yerləşdiyi regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, Çin-Azərbaycan ikitərəfli münasibətlərində əldə edilmiş nailiyyətlər, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlıq imkanları, Ermənistan-Azərbaycan Dalıq Qarabağ münaqişəsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, BMTM-in xarici tədqiqatçılar üçün həyata keçirilməsi nəzərdə tutulan proqramlar və birgə tədqiqat üçün yaradılan imkanlar barədə danışılıb. Fərid Şəfiyev, həmçinin Azərbaycanda müasirləşmə istiqamətində aparılan islahatlar barədə çinli həmkarlarına məlumat verib. Əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədilə Çin Beynəlxalq Araşdırmalar İnstitutuMüasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Anlaşma memorandumları imzalanıb.

 

XİN isveçrəli kosmonavtın adını "qara siyahı"dan çıxarıb

 

Qeyd edək ki, İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. XİN-dən verilən məlumata görə, məktubunda Klod Nikolye Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib. İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. XİN-in mətbuat idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, işğalçı Ermənistan tərəfindən xarici ölkə vətəndaşlarının ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarına qeyri-qanuni səfərlərinin təşviq edilməsi istiqamətində mütəmadi işlər aparılır. Təcrübə göstərir ki, bir sıra hallarda əcnəbi vətəndaşlar bu səfərlərin doğuracağı nəticələr barədə məlumatlı olmurlar, hətta getdikləri ərazilərin Azərbaycanın beynəlxalq tanınmış ərazi bütövlüyünün bir hissəsi olduğundan belə xəbərdar olmurlar: "Misal üçün, qeyd etdiyiniz İsveçrə vətəndaşı, isveçrəli ilk kosmonavt Klod Nikolye adlı şəxsin işğal edilmiş ərazilərimizə qanunsuz səfəri bunun bariz nümunəsidir. Qeyd etmək istərdim ki, İsveçrə Kosmos Mərkəzinin direktoru tərəfindən sözügedən qanunsuz səfər ilə bağlı XİN-ə müvafiq məktub daxil olub və həmin məktubda K.Nikolyenin işğal altında olan ərazilərimizə etdiyi qanunsuz səfər ilə bağlı üzrxahlıq bildirilir, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət ifadə edilir. Həmçinin məktubda K.Nikolyenin Yerevanda olduğu müddətdə təşkilatçılar tərəfindən bu səfərin törədə biləcəyi nəticələr barədə heç bir məlumat verilmədən Azərbaycanın işğal altında olan ərazilərinə aparıldığı qeyd olunub. Bu, indiyədək XİN-ə daxil olan bir çox müraciətdən yalnız biridir. Tərəfimizdən, xarici dövlət vətəndaşlarının Ermənistan tərəfindən aldadılaraq ölkəmizin işğal edilmiş ərazilərinə aparılmasının qarşısının alınması, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq müstəvidə yayılması istiqamətində xarici ölkə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş səfirliklərimiz vasitəsilə müvafiq işlər davam etdirilir".

 

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkdi

 

 

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, qurum nümayəndələri dekabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Komitə mandata uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”. Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların yeni statistikasını açıqlayıb.

Dövlət Komissiyasının İşçi qrupundan verilən məlumata görə, 1 yanvar 2020-ci il tarixinə Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 3889 nəfərdir. İtkin düşmüş şəxs kimi rəsmi qeydiyyata alınmış hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 719 nəfərdir. Ümumilikdə itkinlərin 3622 nəfərini kişilər, 267 nəfərini qadınlar təşkil edir. İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 267 nəfər, qocalar 326 nəfərdir. Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir. Bunlardan 773-ü kişilər, 98-i qadınlardır. Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır. 1 yanvar 2020-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1480 nəfər olub. Onlardan hərbçilər 378 nəfər, mülki şəxslər 1102 nəfər təşkil edib. Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 224-ü uşaqlar, 357-si qadınlar, 225-i qocalar olub.

 

Anar Miriyev.

Palitra.- 2020.- 10 yanvar. S. 11.