Azərbaycanlı deputatın fəaliyyəti Qazaxıstan mediasında işıqlandırılıb

 

Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinin parlamentində təmsil olunan soydaşımız Eldar Abdinovun fəaliyyəti daimi olaraq yerli mətbuatda işıqlandırılır. Belə ki, ötən il Qazaxıstanın “Ekibastuzun səsi” və “Otarka” qəzetlərində Eldar Abdinovun gördüyü işlər haqqında bir sıra xəbərlər yer alıb. Yazılarda qeyd olunur ki, "Məktəbə gedən yol" kampaniyası çərçivəsində deputat, "Nur Otan" partiyasının fəal üzvü Eldar Abdinov 25 şagirdə məktəb ləvazimatı hədiyyə edib. “Bacardığım qədər uşaqlara kömək edirəm. Mən istəyirəm ki, uşaqlar yaxşı oxusunlar, idman və yaradıcılıqda fəal olsunlar və gələcəkdə də ölkəmizin layiqli vətəndaşları kimi böyüsünlər”- deyə yazıda E.Abdinovun fikirləri vurğulanıb.

Xatırladaq ki, Eldar Abdinov 15 ildir ki, “Məktəbə gedən yol” aksiyasında iştirak edir. Bu aksiya çərçivəsində məktəb ləvazimatı və komplekt məktəbli geyimi kasıb ailələrə təqdim olunur.

“Ekibastuz səsi” qəzetinin digər sayında Eldar Abdinovun Beynəlxalq Ahıllar Günü münasibətilə keçirdiyi qəbuldan söz açılır. Yazıda bildirilir ki, Eldar Abdinov özü bu bayramı "Əmək veteranı günü" adlandırır: “Əzizlərim. Sizlərə yaşlı insan deyə bilmirəm. Mən sizə baxıb qürur hissi keçirirəm. Sizlərin sayəsində gözəl şəhərimizdə böyük müəssisələrimiz qurulub. Bu, Ekibastuzun yeni nəsillərə olan sevgisini verdi. Hər zaman xoşbəxt, sağlam və gənc olun!”

Yazıda qəbulda 70-dən çox əmək veteranının qonaqpərvərliklə qarşılandığı qeyd olunur. Tədbirdə iştirak edən Ekibastuz sakini Baljean Sikymbaeva öz çıxışında deyib: “Eldar Abdinova təşəkkür edirəm. Hər il bizi xatırlayır və bir araya toplayır. Kommunal problemləri həlli edir, xeyriyyə tədbirləri: veteranlar üçün konsertlər, oğlanlar üçün futbol turniri, voleybol yarışları keçirir, məktəblilərə hədiyyələr verir. Yarışlarda qaliblər həmişə layiqli mükafatlar alırlar. Bütün idmançılar üçün yemək süfrəsi təşkil edir”.

Tədbirdə iştirak edən digərləri də Eldar Abdinova minnətdarlıqlarını bildiriblər. Eldar Abdinovun həm gənclərə, həm də veteranlara daim qayğı göstərən yeganə deputat olduğunu vurğulayıb.

Nəzərə çatdıraq 10 ildən artıqdır ki, Eldar Abdinov Ahıllar Günü ilə bağlı qəbul keçirir. Bu müddət ərzində 1200-dən çox əmək fəaliyyətini dayandırmış şəxs belə tədbirlərdə iştirak edib.

“Otarka” qəzetində isə həmyerlimizin həyat və fəaliyyəti haqqında ayrıca yazı dərc edilib. Məqalədə qazax və Azərbaycan xalqlarının türk birliyi haqda məlumat verilir və bu gün Qazaxıstanda yüz minə yaxın azərbaycanlının yaşadığı qeyd olunur.

Xatırladaq ki, Abdinov Eldar Rzaqulu oğlu 20.04.1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1958-68-ci illərdə Ərkivan kəndində tam orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə ilə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1970-72-ci illərdə Rusiyanın Komsomolsk-Amur şəhərində hərbi xidmət edib. Tərxis olunduqdan sonra həmin şəhərdə qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst güləş üzrə ustalığa namizəd E.Abdinov 1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər birinciliyinin qalibi olub. Elə həmin il E.Abdinov Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır.

Hazırda E.Abdinov təqaüdçüdür. Tanınmış ictimai xadim 2003-cü ildən etibarən Milli Mədəniyyət Mərkəzinin Əlaqələndirmə Şurasının sədri, Qazaxıstan Xalqları Assambleyasının üzvü, “Ekibastuzun gələcəyi” hərəkatının aktiv üzvlərindəndir. E.Abdinov 6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin deputatı seçilib. 2015-ci ildən Ekibastuz şəhərinin fəxri vətəndaşı olan E.Abdinov dəfələrlə şəhər və vilayət rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub.

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 31 yanvar. S. 7.