Özbəkistan kitabxanalarına Azərbaycana dair minlərlə nəşrlər hədiyyə edilib

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2019-cu ilin yekunları və növbəti ilin perspektivləri mövzusunda keçirilən toplantıda Mərkəzin direktoru Samir Abbasov ötən illər ərzində, xüsusi ilə 2019-cu ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində, ikinci böyük şəhəri olan Səmərqənd, habelə Urgənc və Fərqanə şəhərlərindəki əksər aparıcı kitabxanalara (Milli, universitet, elm, vilayət və şəhər mərkəzi) Azərbaycana dair zəngin kitab kolleksiyasının, musiqi, sənədli və bədii film disklərinin hədiyyə edildiyini, növbəti 2020-ci il üçün tədbirlər planına digər regionlardakı böyük kitabxanalara ölkəmizə dair zəngin kitab kolleksiyasının əvəzsiz olaraq veriləcəyini bildirib.

Cari ilin yanvar ayının 8-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkənin Əlişir Nəvai adına Milli Kitabxanasına və Daşkənddəki İslam Sivilizasiyalar Mərkəzinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib.

Sözügedən kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilində Daşkənddə Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlər yer alıb.

Mərkəzdən verilən məlumata görə nəşrlər arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, prezident İlham Əliyev haqqında xüsusi çap olunmuş kitablar, dahi Azərbaycan şairləri Nizami Gəncəvinin “Xəmsə” əsərinin xüsusi buraxılışı, İmadəddin Nəsiminin qəzəlləri, Azərbaycan-Özbəkcə, Özbək – Azərbaycanca lüğəti”, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər, habelə tarixçi alimlər Şuxrat SalamovunOleq Kuznetsovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda yenicə nəşr olunmuş əsərləri və başqa maraqlı nəşrlər vardır.

Yaxın zamanlarda isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın İslam Sivilizasiyalar Mərkəzi arasında əməkdaşlığa dair Memorandumun imzalanması gözlənilir. Memoranduma əsasən tərəflər əməkdaşlığın daha da genişləndirilməsi, hər iki tərəfin əldə etdiyi təcrübələrin mübadiləsi, yeni nəşrlərin mübadiləsini və birgə tədbirlərin, layihələrin icrasını həyata keçirəcəklər.

 

Tural

Palitra.- 2020.- 10 yanvar. S. 13.