Kubada neft sənayesidə istifadə olunan avadanlıqların 70 faizi Azərbaycan istehsalıdır

 

 Səfir Marsello Kabalyero Tores: “Azərbaycanın sosial-iqtisadi inkişafı, eləcə də xarici siyasət sahəsində əldə etdiyi uğurlar Kubaya yaxşı məlumdur”

 

Trend Newsun 1 yanvar Qurtuluş Günü və inqilabın qələbəsinin ildönümü ərəfəsində Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marsello Kabalyero Tores ilə müsahibəsini təqdim edirik:

- İki ölkə arasındakı əlaqələri necə xarakterizə etmək olar və bu əlaqələrin inkişafında nə kimi potensial var?

- Kuba Azərbaycanda təmsil olunan yeganə Latın Amerikası ölkəsi deyil. Bu yaxınlarda Azərbaycanda Braziliya səfirliyinin açılışı olub ki, bu da Azərbaycanın Latın Amerikası ölkələri ilə inkişaf edən əlaqələrinin göstəricisidir.

Ölkələrimiz arasındakı əlaqələri necə xarakterizə etmək olar? 10 aprel 1992-ci ildə diplomatik münasibətlər yaranandan bizim dostluq münasibətlərimiz möhkəmlənib.

Hətta ən çətin 90-cı illərdə Azərbaycan Kubanın əleyhinə səs verməyib. 1993-cü ildə Azərbaycan yeganə MDB ölkəsi idi ki, blokada məsələsində Kubaya dəstək vermişdi.

2006-cı ilin sentyabrında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubaya rəsmi səfər edib. Ölkələrimiz arasındakı diplomatik əlaqələrin səviyyəsinin yüksəldilməsi haqqında qərar o zaman qəbul olunub. 2007-ci ilin aprelində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev Kubada səfir əvəzləyicisi kimi akkreditə olunub, 2007-ci ilin oktyabrında isə Azərbaycan Havanada Müvəqqəti Müvəkkil təyin edib, Kuba isə Azərbaycanda səfirliyini açıb. Demək lazımdır ki, hər iki ölkə eyni zamanda müvafiq regionlarda - Kuba Latın Amerikası və Karib adalarında Azərbaycan üçün, Azərbaycan isə Cənubi Qafqazda Kuba üçün ilk diplomatik nümayəndəlik olub. Məhz həmin dövrdən Azərbaycan-Kuba münasibətləri konkret inkişaf edib. Hökumət nümayəndələri arasında keçirilən görüşlər, əməkdaşlıq haqqında müqavilələrin və layihələrin imzalanması buna misal ola bilər.

- İki ölkənin iqtisadi əlaqələri, xüsusən də mal dövriyyəsi hansı səviyyədədir, əməkdaşlığın genişləndirilməsi üçün bu sahələrdə potensial varmı?

- İqtisadi əlaqələrə gəlincə, iki ölkə arasında bu sahədəki əlaqələrdə qənaətbəxş səviyyə mövcud deyil. İki ölkənin iqtisadi əlaqələri diplomatik əlaqələrlə ahəngdarlıq təşkil etmir və kifayət qədər inkişaf etməyib. Bu istiqamət üzrə qarşıda görüləsi işlər hələ çoxdur. Bu problemi həll etmək üçün 2007-ci ildən iki ölkənin əməkdaşlığı üzrə hökumətlərarası birgə komissiyanın iş mexanizmi fəaliyyət göstərir. Bu vaxta qədər biz artıq iki sessiya keçirmişik, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlıq haqqında üç mühüm müqavilə imzalamışıq, o cümlədən energetika, səhiyyə, kommunikasiya və kənd təsərrüfatı kimi sahələrdə 10 müqavilə imzalanma mərhələsindədir.

Kuba Azərbaycanda istehsal olunan avadanlıq və texnikalarla maraqlanır. Bu gün Kubada neft sənayesi sahəsində istifadə olunan avadanlıqların 70 faizi Azərbaycan istehsalıdır. Biz həmçinin elektrik və kənd təsərrüfatı məhsulları ilə də maraqlanırıq. Rabitə, səhiyyə, Kubada istehsal olunan tibb preparatları əməkdaşlığın digər mümkün istiqamətləridir.

Qarşılıqlı maraq kəsb edən sahələrə gəlincə, bu, kifayət qədərdir. Bizim iqtisadi əlaqələrimizin ən böyük perspektivləri turizm, neft-qaz və informasiya sektoru, farmakologiya, səhiyyə, təhsil, idman və digər istiqamətlərdir. Bir daha təkrar edim ki, istehsal məhsulları və xidmətlərlə fəal tanış olmaq və subyektləri yaxınlaşdırmaq lazımdır. Bu sahədə müxtəlif yarmarkaların və forumların keçirilməsi əvəzsiz rol oynaya bilər.

2010-cu il martın əvvəllərində Havanada birgə komissiyanın üçüncü sessiyası olacaq və bu zaman mühüm iqtisadi və ticari əlaqələrə yeni impuls veriləcək. Bu fəaliyyət çərçivəsində həmçinin Kubada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu fakt ölkələrimiz arasında yaxşı münasibətlərin olmasına misal ola bilər.

Müasir Azərbaycan-Kuba münasibətlərinə gəlincə, əminliklə demək olar ki, uğurla inkişaf edir. Hər iki ölkə son illər böyük uğurlar əldə edib. Azərbaycanın sosial-iqtisadi inkişafı, eləcə də xarici siyasət sahəsində əldə etdiyi uğurlar Kubaya yaxşı məlumdur. Kuba da öz növbəsində regionun ənənəvi mühüm ölkələrindəndir, “üçüncü dünya” adlandırılan ölkələr arasında böyük avtoritetə malikdir. Ölkələrimiz arasındakı siyasi əməkdaşlıq yüksək səviyyədədir. Ölkələrimizin xarici işlər nazirləri arasında mütəmadi görüşlər və məsləhətləşmələr keçirilir. Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində çox uğurla əməkdaşlıq edirlər. Azərbaycan sadə kubalıların yaşayışına mənfi təsir edəcək ABŞ-ın Kubaya embarqo nəzərdə tutan qətnaməsinin əleyhinə səs verərək Kubanın mövqeyini dəstəkləyir.

- Ölkələrimiz üçün iki gərgin mövzu var. Bu, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və ABŞ tərəfindən Kubaya embarqonun qoyulmasıdır. Bu problemlərin həlli üzrə iki ölkənin beynəlxalq arenada əməkdaşlığının səviyyəsi Havananı qane edirmi?

- Xatırlatdığınız problemlərin həll olunması bizi sevindirərdi. Hazırda bu xüsusda konkret vəziyyət nəzərə çarpır: Kuba Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini təcili surətdə qaytarmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırır. Bu arada Azərbaycan ABŞ Administrasiyasının 50 ildən artıq bir müddətdə ölkəmizə qarşı yeritdiyi maliyyə və iqtisadi blokadaya qarşı öz mövqeyini möhkəm qoruyub saxlayır.

- Kuba səhiyyəsi dünyada tanınır. Bu sahədə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə dair nə kimi planlar var?

- 2008-ci ildə Kubanın iki səhiyyə nümayəndə heyəti bazarla tanış olmaq və Kuba tərəfinin xidmət təkliflərini və biotexniki məhsullarını nəzərdən keçirmək məqsədilə Bakıda olublar. Müsbət haldır ki, hər iki ölkənin səhiyyə sistemi haqqında artıq intensiv informasiya mübadiləsi aparılıb. Təəssüflər olsun ki, hələ nəticə yoxdur.

 

 

Palitra. -2009. -29 dekabr. – S.7.