MTN narkotik qaçaqmalçılığın qarşısını alıb

 

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən verilən  məlumata əsasən nazirlik tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bu günlərdə həyata keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib, onlardan ümumilikdə 104  kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Şamil Əzizəliyev, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.  

Müəyyən edilib ki, Şamil Əzizəliyevlə əvvəlcədən əldə olunmuş razılığa əsasən İran vətəndaşları satış məqsədi ilə təxminən 62 kiloqram həşişi və 800 qrama yaxın heroini qaçaq yolla İrandan Cəlilabad rayonu istiqamətində keçirib Mikayıllı kəndinə gətirərək Şamil Əzizəliyevə təhvil veriblər. Sonuncu da həmin narkotik vasitələri yaşadığı Mikayıllı kəndindəki evinin zirzəmisində gizlədib  və sonradan həmin iranlıların deyəcəyi şəxsə çatdırılması üçün onların tapşırığını gözləyib.  Əməliyyat-axtarış tədbirləri nəticəsində Şamil Əzizəliyev yaxalanıb və onun yaşadığı Mikayıllı kəndindəki evinə keçirilmiş baxış zamanı həmin narkotik vasitələr aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə daha bir cəhdin qarşısı alınıb. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Rauf Məmmədov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Məlum olub ki, əvvəlcədən əldə edilmiş razılığa əsasən, Rauf Məmmədovun sifarişi əsasında İran vətəndaşı satış məqsədi ilə narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirərək Rauf Məmmədova çatdırıb. Rauf Məmmədov həmin narkotik vasitələri gizlətmək istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilmiş baxış zamanı 41 kiloqram 710 qram həşiş aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

Əlimərdan

 

Palitra.-2009.-20 noyabr.-S.2.