Bağırovu qəzəbləndirən Xan Əmi güllələnməkdən

necə qurtuldu? 10 MARAQLI FAKT

 

Azmarka.az "Həmişəyaşar" layihəsində bu dəfə Azərbaycanın böyük xanəndəsi, əfsanəvi sənətkar, "Xan Əmi" kimi də məşhurlaşmış Xan Şuşinski (20 avqust 1901, Şuşa, Yelizavetpol quberniyası 18 mart 1979, Bakı) barədə bir-birindən maraqlı faktları təqdim edir.

 

1

Xan Şuşinskinin oğlu Aslan Cavanşirovun yazdığına görə, böyük xanəndəmiz gənc yaşlarından papiros çəksə də sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlamış və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməmişdir: "Sağlığında böyük qəlyan və təsbeh kolleksiyası olsa da əliaçıq insan olduğundan özünə ən əziz hesab etdiyi əşyasını belə kimdənsə əsirgəməmişdir. Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlar, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı varmış. Onun gözəl nərd oynamaq qabilyyəti olmuşdur. Nərd oynamağı sevər və çox nadir hallarda uduzarmış".

 

2

Xan Şuşinski ilk dəfə qadın ifaçı ilə birgə duet ifasının təşəbbüskarı, duet (deyişmə) mahnıların ilk müəllifi və ilk ifaçısı olmuşdur.

 

3

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xalq yaradıcılığından, milli muğamlarımızdan bəhrələnən bir nəğməkar olduğu üçün Xan Şuşinski daim təqiblərə məruz qalırdı. Belə ki, özünün bəstələdiyi və sevə-sevə oxuduğu Şuşanın dağları mahnısında "başı dumanlı" kəlməsində nəyə eyham etdiyi, "mavi duman", "qırmızı qofta", "yaşıl tuman" ifadələrindəki rənglərlə Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağınamı işarə elədiyi barədə sorğu-sual olunur, dəfələrlə inzibati orqanlara çağırılaraq izahat vermək məcburiyyətində qalır.

Nəticədə Xan Şuşinski xüsusi senzura komissiyasını həmin mahnı mətninin "Şuşanın dağları başı dumanlı" misrasını "Şuşanın dağları deyil dumanlı" dəyişdirməyə razı salır.

 

4

Xan Əminin başını ağrıdan daha bir mahnı olub. Yenə oğlu Aslan Cavanşirovun bildirdiyinə görə, 1920-ci illərin əvvəllərində çox məşhur olan İzmir marşı (Yaşa, yaşa, min yaşa, Mustafa Kamal Paşa) bir çox xanəndələr kimi Xanın da repertuarında yer aldığından Xan Şuşinski tərəfindən tez-tez oxunarmış. Lakin sonradan mahnı çox sifarişli olduğundan sovet hökumətinin yerlərdəki məmurları tərəfindən həmin mahnının ifasına ciddi qadağa qoyulmuş və digər ifaçılar kimi Xan Şuşinski də bu mahnıya görə dəfələrlə xüsusi xidmət orqanlarının tənqidinə məruz qalmışdı.

 

5

Öz yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına görə 1937-ci ildə hökumət nümayəndələrinin qəzəbinə tuş gəlir. Kütləvi yerlərdə, el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçıları siyahısından kənarlaşdırlır. Azərbaycan SSR-nin o vaxtkı rəhbəri Mir Cəfər Bağırov Xan Şuşinskinin tədbirlərə qatılmamasının səbəbini soruşduqda, ona görkəmli xanəndənin bundan imtina etdiyi söylənir. Bağırov qəzəblənir və Xan Əminin cəzalandırılmasına göstəriş verir. Lakin məsələ araşdırıldıqda əsl həqiqət ortaya çıxır və o cəzadan, bəlkə də dövrün bir çox görkəmli ədəbiyyat və mədəniyyətləri kimi güllələnmədən qurtulur. Bundan başqa, Bağırov tapşırır ki, həmin vaxt Ağdamda yaşayan Xan Əmi 24 saat ərzində Bakı şəhərinə köçürülsün və filarmoniyada işlə təmin olunsun.

 

6

1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas-alim heyəti Bakıya gəlir. Məşhur müğənni Bülbül həmin vaxt Xan Şuşinskini dəvət edib, onlar üçün Mahur hindi muğamını oxumağı xahiş edir.

Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə oxutdurub, dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən, icazə istəyib, Xanın ağzına və boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir. Bülbül deyir: "Xan bunlar elə bilirlər, sən boğazında nə isə səs gücləndirici bir vasitə gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu, güclü səs ola bilər".

 

7

1934-cü ilin payızında Bakıda görkəmli rus şairi Lermontovun 120 illik yubileyi qeyd olunurmuş. Xan Şuşinski də həmin yubileydə çıxış etmək üçün dəvət edilir.

Tədbirə Azərbaycanın o vaxtkı dövlət və hökumət rəhbərləri ilə yanaşı Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də qatılmışdılar.

Xan çıxış üçün adəti üzrə öz repertuarından bir şey ifa etməyə hazırlaşarkən, tədbirin təşkilatçılarından göstəriş gəlir ki, xanəndə muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır ki, qonaqlar görsün ki, bizim muğam ifaçılarımız da gökəmli rus şairinin seirinin vurğunudurlar.

Çətin vəziyyətlərdə çıxış yolu tapmağa vərdiş etmiş təcrübəli xanəndə Lermontovun şeirlərindən birini cəld kağız parçasına köçürüb qavalın içərisinə pərçimləyir və muğam üstündə birtəhər ifa edib başa çatdırır.

Tədbirdən sonra Mir Cəfər Bağırov musiqiçilərə yaxınlaşıb, razılığını bildirərkən Xan Əmiyə zarafatla deyir: "Həmişəki kimi yaxşı oxudun, amma bu dəfə qavalın içinə yaman boylanırdın"...

 

8

İndi isə araşdırıcı Sevda İsmayıllının həm də duzlu-məzəli sözləriylə diqqət çəkən hazırcavab Xan Əmi ilə bağlı topladığı əhvalatlardan bir neçəsini təqdim edirik.

Bu əhvalatı Xan Əmiyə həsr etdiyi kitabında musiqişünas Firudin Şuşinski qələmə alıb. Olay 30-cu illərin Şuşasında yaşanıb. Əmisi qızı Fatmanın toyunda balaca Firudin ilk dəfə Xan Şuşinskini görüb...

...O vaxtlar Şuşada "Qəşəngi" havası çox dəbdəymiş. Toylarda, özəlliklə də Xanın qatıldığı toylarda qız-gəlinlər bu havaya oynamaqdan doymazlarmış. Hə, Firudin bəy xatırlayır ki: "əmim qızının Köçərli məhəlləsində keçirilən toy məclisində qonşumuz şirniçi Yunusun qızı Qəməri oynatdılar...".

Qəmər "Qəşəngi" oynamaqda birinci olduğu kimi, gözəllikdə də Qarabağda birinci sayılarmış.

Firudin bəy xatırlayır ki, elə 35 yaşlı Xan da son dərəcə gözəl kişi idi...

"Qəşəngi" havasına oynayanda, Qəmərin gözəlliyindən, onun şirin-şirin süzməsindən ruhlanan Xan bədahətən Qarabağ gözəlinə bu sözləri qoşub "Qəşəngi" havasının üstündə oxuyur:

 

Saçın ucun hörməzlər,

Səni mənə verməzlər.

Əyil üzündən öpüm,

Qaranlıqdır görməzlər.

Ay Qəmərim, Qəmərim,

Gözəl Qəmərim, Qəmərim...

 

Xanın gözəl səsindən və şirin sözlərindən coşub-daşan Qəmər özünün bütün məharətini göstərməyə çalışır. Mağardakılar bu möhtəşəm mənzərəyə heyranlıqla baxırlar.

 

Qarabağın ən gözəl qızı ən gözəl səsli, üstəlik, ən yaraşıqlı kişisi ilə sanki, yarışa giribmiş...

Eyvah! Gözəllər gözəli Qəmər bu yarışmadan məğlub çıxır.

Qəşş edib bayılır...

Bu hadisə balaca Firudinin yaddaşına yazılır, 50 il sonra yazdığı "Xan Şuşinski" kitabında da əbədiləşir.

Aradan uzun-uzun illər ötür...

Bir dəfə Bakıda olan Qəmər artıq adı dillərdə gəzən həmin xanəndəyə Xan Əmiyə telefon açır və hal-əhvaldan sonra soruşur:

Yadındadırmı, cavanlıqda səni görüb, oxumağını eşidib necə qəşş edib yıxılmışdım?

Artıq ixtiyar çağlarını yaşayan ustad sənətkar bir az duruxub cavab verir:

Ay canım... onda sən qəşş edib yıxılmışdın, indi də mən gözəl qızları görəndə qəşş edib yıxılıram...

 

9

Xan Əmi Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad olub. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Behbud bəyin nəslindənmiş.

Aslan ağanın Şuşada evi, Xan Bağı yaxınlığındakı Ballıca kəndində böyük mülkü, qoyun sürüləri, at ilxısı, geniş otlaqları, un dəyirmanı və meyvə bağları varmış. Açıqfikirli ailə evlərində tez-tez musiqi məclisləri keçirərmiş. Aslan ağa oğlunun gözəl səsi olduğunu görüb onu məşhur xanəndə İslam Abdullayevə şagirdliyə verir. Aslan ağa özü də tarda çalıb, zümzümə etməyi xoşlarmış. Gənc İsfəndiyar hətta Cümhuriyyət ordusuna da yazılıb. Ordunun əsgəri olub. 1919-cu ildə Gəncədə hərbi təlim keçib. Sonradan onu tanıyan hərbçi məmur, öz sənəti ilə yenicə yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini söyləyərək İsfəndiyarı hərbi xidmətdən azad edir...

Və...19 yaşlı gəncin həyatında birdən-birə hər şey dəyişir. Bolşeviklər yenicə yaradılmış cümhuriyyəti devirirlər. Ailə pərən-pərən düşür. Dayıları-əmiləri İrana, Türkiyəyə mühacirətə gedir. Bütün var-dövlətini itirən Aslan ağa Ağdama köçməyə məcbur qalır. Xanı səsi qoruyur. O qədər güclü səsi olur ki, xanlara-bəylərə divan tutulan vaxt o öz Xan adını saxlaya bilir. Amma Cavanşir soyadından əl çəkməyə məcbur olur...

Hələ təzə oxuduğu vaxtlarda İsfəndiyarın səsi hamını heyran qoyurmuş. Bir dəfə Ağdamın Novruzlu kəndində keçirilən bir toy mərasiminə ustadı İslam Abdullayevlə İsfəndiyar da qatılıbmış. Birdən İslam Abdullayevin diqqətini toy evindəki qrammofon çəkir. Ev sahibindən soruşur ki, hansı vallarınız var? Cavab gəlir ki, Cabbarın "Mahur"u, Seyidin "Çahargah"ı, Malıbəyli Həmidin "Rast"ı və bir də iranlı Xanın - Əbülhəsən Xan İqbal Azər Soltanın "Kürdü-Şahnaz"ı... Əbülhəsən Xanı seçib dinləyirlər. Dinləmə sürəsində İsfəndiyarın həyəcanı İslam Abdullayevin gözündən qaçmır. Val çalınıb qurtarandan sonra soruşur ki, İsfəndiyar, sən də belə oxuya bilərsənmi?

İsfəndiyar qayıdır ki, vala bir də qulaq assam, oxuyaram!

Hamını maraq bürüyür. Valı bir də səsləndirirlər və İsfəndiyar eynən Əbülhəsən xan kimi "Kürdü-Şahnazı" oxuyur...

Məclisdəkilər heyrətlənirlər:

Əşi, bu əsl Xandır ki?!

O vaxtdan gənc İsfəndiyarın adı dönüb olur Xan Şuşinski...

Xatırlatma: Əbülhəsən Xan İqbal Azər Soltan İran şahının saray xanəndəsi olub. Əllərini döşünə qoyub ayaqüstü oxuyarmış. Çox güclü səsi varmış. Deyilənə görə, İran hökmdarı Əhməd Şah səsinə o qədər vurulub ki, ona böyük mülk, torpaq sahələri bəxş edir, Xan titulu verib. Təbriz valisi təyin edib. Əbülhəsən Xan İqbal Azər Soltan 1914-cü ildə Avropa qastroluna çıxarkən yolüstü Tiflisdə konsert verib. Hətta "Molla Nəsrəddin" jurnalının redaksiyasında olub, Mirzə Cəlillə görüşüb.

10

Sovetlər dönəmində Xan Əmi bir gün Filarmoniyaya gəlir, görür hamını qəzetlərə abunə yazırlar. "Pravda", "Komsomolskaya pravda", "Kommunist", "Bakinski raboçiy", "Vışka"...

Seçim qarşısında çaşıb qalan Xan Əmidən soruşurlar:

Səni hansı qəzetə yazaq, Xan Əmi?

Xan Əmi əyilib abunə yazan adama deyir:

Qardaş, məni də "İqbal"a yaz!!!

Xatırlatma: "İqbal" qəzeti ("Yeni iqbal") - gündәlik ictimai, iqtisadi vә siyasi qәzet olub. 1915-1917-ci illәrdә Bakıda çıxıb. Qəzetin redaktoru və sahibi Üzeyir bəy Hacıbəyli idi...

 

Hazırladı:

Elçin ŞAHMURAD

 

Paralel.- 2021.- 1 iyul.- S.15.