Qarabağsız qalan Qarabağ atları

 

Ermənilər Qarabağ atına da sahib çıxmaq istəyirlər

 

Tarixən dədə-babalarımız ata böyük dəyər veriblər. At müqəddəslik, məğrurluq və daha neçə-neçə bu kimi müsbət keyfiyyətləri özündə cəmləşdirib. Atı nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə budur. Sadalanan keyfiyyətlərə başqa heyvanlarda da rast gəlmək mümkündür. Ancaq atı onlardan fərqləndirən bir xüsusiyyət də var - o, insanların əbədi dostu və köməkdarıdır. At muraddır, At igidin dostudur kimi xalq məsəllərinin, atlarla bağlı rəvayətlərin yaranması ata necə böyük dəyər verdiyimizi bir daha sübut edir. Təsadüfi deyil ki, keçmişdə bir kişinin atına sataşmaq, onun şərəfinə sataşmaq kimi qiymətləndirilib.

Bədii ədəbiyyatda, folklorumuzda da Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin Xosrov və Şirin poemasında Şirinin çox sevdiyi Gülgün, Qaçaq Nəbinin və onun silahdaşı Həcər xanımın xilaskarı Bozat dillər əzbəri olub. Xalqımızın milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqqdalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. İnsanların sədaqətli dostu hesab edilən at həm də ən ali, ən dəyərli hədiyyədir...

Atdan təkcə məişət işlərində, kənd təsərrüfatında deyil, müxtəlif xalq oyunlarında da geniş istifadə edilib. Ölkəmizdə milli atçılıq idmanının sürpapaq, piyalə və ox, çovqan, papaq baharbənd, börkaldıqaç, yaylıq oyunları və s. növlər üzrə maraqlı yarışlar keçirilir.

 

Atçılığın təşəkkül tapdığı ərazi

 

Azərbaycan ən qədim zamanlardan atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Tarixi mənbələrin əksəriyyətində atın ilk olaraq Türküstanın İrana yaxın bölgələrində əhliləşdirildiyi öz əksini tapıb. Bunun b.e.ə. 8000-4000-ci illər arasında olduğu qəbul edilib. Bir çox mənbələrdə isə, atın əhliləşdirildiyi ilk insan məskənləri kimi Xəzərin cənubi-şərq, cənub və cənubi-qərb sahilləri boyu əraziləri göstərilir. Hind-alman nəzəriyyəsini irəli sürənlər insanlıq tarixinin ilk dövrlərində atın Çinin Kansu bölgəsindən qərbə doğru, bütün Orta Asiya boyu yayılmış köçəri hind-avropalılar tərəfindən əhliləşdirildiyini deyirlər. İstənilən halda, müasir Azərbaycanın, habelə Cənubi Azərbaycanın əraziləri ən müxtəlif tədqiqatçılar tərəfindən atın əhliləşdirildiyi və cins atçılığının təşəkkül tapdığı məskənlərin kəsişdiyi nöqtələrə təsadüf edir.

Akademik Ziya Bünyadovun rəhbərliyi ilə yazılmış Azərbaycan tarixi əsərində neolit dövrünün son mərhələsində (e.ə. V minilliyin sonu- IV minilliyin birinci yarısı) aid indiki Cəlilabad rayonunun ərazisindəki Əliköməktəpə abidəsində tapılan heyvan sümüklərinin 7,5 faizinin at sümükləri olması və həmin sümüklərin xeyli hissəsinin əhliləşdirilmiş atlara məxsus olduğu göstərilir. Daha maraqlı fakt isə odur ki, bu mərhələdə azı iki at tipinin olması müəyyən edilib. Akademik Iliyev tədqiqatlarında e.ə. V minilliyə aid Urmiyə şəhəri yaxınlığındakı Göytəpə qazıntılarında tapılmış at sümüklərinin 95 faizinin əhliləşdirilmiş atların sümükləri olmasından xəbər verir.

Midiyalılar və albanlar atdan orduda və təsərrüfat işlərində geniş istifadə ediblər. Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişib, bir sıra yerli at cinsləri əmələ gəlib. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılıb.

 

Məşhur Qarabağ atları

 

Qarabağ cinsi xalqımızın uzun əsrlər boyu apardığı seleksiyalar nəticəsində yaranıb. Qarabağ atının əsas yayıldığı yer Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazidə yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb.

Mütəxəssislərə görə, Qarabağ atları Rusiya və Avropada atçılığın inkişafına böyük təsir göstərib. Məlumata görə, 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparıblar. Qarabağ atının döllük və iş qabiliyyəti həmişə diqqəti cəlb edib. XIX əsrin ortalarından başlayaraq, bu cinsdən olan atlar Ümumrusiya, Parisdə keçirilən Ümumdünya at sərgilərində nümayiş etdirilib, yüksək mükafatlara layiq görülüb.

Qarabağ atı başqa at cinslərindən ilk növbədə rənginə görə fərqlənir. Belə ki, Qarabağ atı çox nadir və qeyri-adi bir rəngə- parıldayan narıncı rəngə malikdir. Sarı-qızılı, qızılı-qonur rənglər də əsasən Qarabağ atlarına məxsusdur. Yalı və quyruq tüklərinin ucları qızarmış, tündabalıdı rəngdə olur. Çox az hallarda kəhər (qırmızı), boz və çal rənglərə də təsadüf olunur.

Bu atlar hədsiz dərəcədə yaraşıqlı olmaları ilə də seçilir. Eksteryer etibarilə tipik dağ minik atı olan Qarabağ atının bədəni harmonik, mütənasib və yığcam, arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, orta boylu, başı balaca, yaraşıqlı və quru, gözləri iri və mənalı, ayaqları quru və yaraşıqlı, temperamentli və oynaqdır. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır. Yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Quyruq tüklərinin nazik olması bu cins atlara xüsusi gözəllik verir.

 

Çar zabitləri Qarabağ atlarına üstünlük veriblər

 

Məhz yuxarıda qeyd olunan xüsusiyyətlərinə görə Qarabağ atlarından bir çox sahələrdə geniş istifadə olunub. Hərbçi B.Audovski 1914-cü ildə yazırdı: Bizim hərbi dəstələrimiz Cənubi Qafqazda olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Cənubi Qafqaz yürüşlərində, habelə İran və Türkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada minicinin altında az tərləyir, halbuki, yanaşı gedən Kabarda atı tamamilə tər içində olur.

Qarabağ atları haqda məlumata 1889-ci ildə Ərzuruma səyahət edən Rusiyanın dahi şairi A.S.Puşkinin də qeydlərində rast gəlinir: Cavan rus çinovnikləri Qarabağ ayğırlarının üzərində gəzirdilər.

Qarabağ cinsinin tarixində ən mühüm hadisə kimi ixtisaslaşmış Qarabağ at zavodunun (indiki Ağdam at zavodunun) yaradılmasının əvəzsiz rolu qeyd olunmalıdır. Zavod rəsmi olaraq SSRI Nazirlər Sovetinin 8 oktyabr 1948-ci il tarixli, Azərbaycan SSR Nazirlər Sovetinin 27 may 1949-cu il tarixli qərarları əsasında yaradıldı.

Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Xalq Torpaq Komissarlığının xüsusi komissiyası Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Xocəvənd, Bərdə, Yevlax və Tovuz rayonlarını gəzmiş və cinsin xarakterik əlamətlərini özündə saxlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdilər.

1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR Sovxozlar və Kənd Təsərrüfatı Nazirliklərinin mütəxəssisləri tərəfindən bir daha baxışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilir.1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Xaldan quşçuluq sovxozuna gətirilir və beləliklə, zavodun əsası qoyur. 1949-cu ildə isə zavod Ağdamın yaxınlığındakı Göytəpə adlanan yerə, vaxtilə Xan zavodlarına məxsus atların məskunlaşdığı yerlərdən birinə köçürüldü.

 

İngiltərə kraliçasına Qarabağ atı hədiyyə edilib

 

1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Moskvaya Ümumittifaq kənd təsərrüfatı sərgisinə göndərildi. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya zavodda yetişdirilmiş Zaman adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində mühüm hadisələrdən hesab edilir.

1960-70-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam atçılıq zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Cins daxilində ailə və xətlərin formalaşması, bir sıra ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.

1980-ci illərdə Moskva auksionu vasitəsilə çoxlu sayda Qarabağ atı bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılır. Həmin illərdə respublika daxilində də zavoddan çoxlu sayda damazlıq atları satılmışdı.

 

Qarabağsız qalan Qarabağ atları

 

Azərbaycanın müstəqillik qazanması qansız-qadasız qurtarmayaraq bu günümüzə qədər davam edən Qarabağ müharibəsi ilə təzahür etdi. Bu müharibədə dinc əhalimizin kütləvi soyqırımı, milyona qədər qaçqın və məcburi köçkünlər ordusunun yaranması ilə yanaşı, ölkənin təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurdu. 1993-cü ilin avqust ayında Ağdam at zavodu erməni təcavüzkarları tərəfindən işğal edildi. Erməni qoşunları rayonun ərazisinə soxulan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq zavodu idi. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, fədakar atçılar Qarabağ atlarını döyüş bölgəsindən çıxara bildilər.

Döyüş bölgəsindən çıxarılan atlar əvvəlcə Yevlax rayonundakı Aran damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirildi. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcəbədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürüldü. Əslində Lənbəranın da torpağı, suyu, bitki örtüyü (xüsusilə yay dövründə) Qarabağ atlarının doğma yerləri olan Ağdam at zavodunun əvəzini vermir.

Lakin bütün qeyd olunanlarla yanaşı, ötən illər ərzində il boyu əlverişsiz şəraitdə qalmağa uyğunlaşmış, bununla belə cinsin xarakterik əlamətlərini özündə saxlamış yeni nəsil Qarabağ atları yetişdirilib.

 

Atçılığa yeni nəfəs

 

Sevindirici haldır ki, Azərbaycan atlarının şan-şöhrətini özünə qaytarmaq, ölkəmizdə atçılığın inkişafını təmin etmək üçün son vaxtlar dövlət tərəfindən ciddi işlər görülür. 2007-ci ildə Atçılıq haqqında qanun layihəsinin qəbul olunub.Eyni zamanda 2007-2008-ci illərdə atçılıqla bağlı ondan artıq normativ sənəd hazırlanıb.

Bu sənədlər içərisində ölkəmizdə atçılığın inkişafı üzrə dövlət proqramı xüsusi qeyd edilməlidir. Başqa ölkələri təmsil edən atların iştirakı ilə beynəlxalq at yarışlarının keçirilməsi isə ənənə halını alır.

Hazırda dövlət və qeyri-dövlət qurumlarının iştirakı ilə atların respublika səviyyəsində identifikasiyası, pasportlaşdırılması ilə bağlı iş aparılır, atların sınağı təşkil olunur. Hər iki həftədən bir atların sınaq yarışları keçirilir, ən yaxşı atlar müəyyənləşdirilir.

 

Hazırda ölkəmizdə 70 mindən artıq at var

 

Qarabağ Cins Atları Həvəskarları Assosiasiyasının sədr müavini Xəndan Rəcəblinin sözlərinə görə, ölkəmizdəki atların yalnız 20 faizində Qarabağ atının qanı var: Bəzi məlumatlara görə, XİX əsrin sonu, XX əsrin əvvəllərində ölkəmizdə 100 minə yaxın at olub. XX əsrin ortalarında bu rəqəm 50 minə qədər endi. Hazırda isə ölkəmizdə 70 mindən artıq at var ki, fikrimizcə, bunu da təxminən 20 faizində Qarabağ atının qanı var. Lakin bu heç də o demək deyil ki, bu 20 min baş atın hamısı təmiz Qarabağ cinsli atdır. Sadəcə olaraq onların genində, qanında müəyyən qədər Qarabağ atının qanı var. Hazırda ölkəmizdə seleksiya, damazlıq özəyi hesab edilən təxminən min başa yaxın Qarabağ atı tapmaq olar.

Saxlanılan atların sayına görə Ağdam Atçılıq Zavodunun öndə gəldiyini deyən X.Rəcəblinin sözlərinə görə, burada 160 başa yaxın Qarabağ atı var. Bundan əlavə Günay Atçılıq Klubunda, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən atçılıq turizm mərkəzində, eləcə də şəxsi təsərrüfatlarda da Qarabağ atları saxlanılır. Müasir elmi kriteriyalara və qanunvericiliyə görə onların çoxu cins və damazlıq yox, yerli tiplər hesab edilir: Ümumiyyətlə, belə bir qayda var ki, hər bir at cinsinin damazlıq kitabı olmalıdır. 1988-ci ildə Qarabağ atlarının 1949-1973-cü illəri əhatə edən birinci damazlıq kitabı çap olunub. Biz isə 1973-cü ildən indiki dövrə qədərki dövrü əhatə edən ikinci dövlət damazlıq kitabını işləmişik. Hazırda qeydiyyat işlərini davam etdiririk və hər bir atın nəsil mənsubiyyətinin dəqiqləşdirilməsi, genetik xüsusiyyətlərinin öyrənilməsi ilə məşğuluq.

Artıq 130-dan artıq atın tük nümunələrini tədqiq etmək üçün Almaniyaya göndərmişik. Tük nümunələrinin öyrənilməsi nəticəsində həm həmin atların qohumluq əlaqələrini, nəsil mənsubiyyətini müəyyən edəcəyik, həm də genetik profillərini təsvir edə biləcəyik.

 

Avropada olan Qarabağ qanlı atlar haqqında məlumat bazası yaradılıb

 

Maraqlıdır, bəs görəsən başqa ölkələrdə Qarabağ cinsindən olan atlar saxlanılırmı? Bu suala cavab olaraq X.Rəcəbli bunları söylədi: 1970-80-ci illərdə Moskva hərracı vasitəsilə Almaniya, Niderland, İsveçrə və digər Avropa ölkələrinə Qarabağ və Dilboz cinsli atlar satırdıq. Xeyli vaxt keçdiyindən həmin atların bir qismi assimilyasiyaya uğrayıb, ölüb-itib, bir hissəsini isə artırıb çoxaldıblar. Hazırda bir sıra Avropa ölkələrində yüzdən artıq Qarabağ atı və Qarabağ qanlı atlar var ki, həmin atların sahibləri Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyəti yaradıblar. Hazırda həmin cəmiyyətə Şolian Verena adlı alman qadın rəhbərlik edir. Bizim xahişimizlə onlar Avropada olan Qarabağ qanlı atlar haqqında məlumat bazası yaradıblar.

Qarabağ atları ilə bağlı mövcud olan problemlərdən də danışan X.Rəcəbli əsas problemlərdən biri kimi dünya bazarında Qarabağ atının qiymətinin çox aşağı olmasını göstərir: Müasir dövrdə belə bir deyim var ki, hər bir yaxşı at tək özünü deyil, həm də sahibini yedirtməlidir. Yəni, at pul qazanmalıdır. Ona görə də Qarabağ atları cıdır yarışlarında da iştirak edir. Eyni zamanda atın özünün satışından da yaxşı gəlir əldə etmək mümkündür. Təəssüf ki, hazırda Qarabağ atının satış qiyməti çox aşağıdır və bu bizi qətiyyən qane edə bilməz. Bir atın yetkinlik yaşına çatdırılması üçün təxminən üç min manata yaxın vəsait sərf olunur. Bununla belə bir atı heç beş min manata sata bilmirik. Belə bir vəziyyəti aradan qaldırmaq üçün düzgün siyasət yeritməli, Qarabağ atlarını geniş təbliğ etməli, onun istifadə sferasını genişləndirməliyik.

 

Ermənilər Qarabağ atına da sahib çıxmaq istəyirlər

 

X.Rəcəblinin də qeyd etdiyi kimi əsas vəzifələrdən biri Qarabağ atlarının təbliğ olunması və dünyada tanıdılmasıdır. Əks təqdirdə digər sahələrdə olduğu kimi ermənilər Qarabağ atlarını da öz adlarına çıxacaqlar. Hətta artıq bu istiqamətdə fəaliyyətə başlayıblar: Ermənilər başqa maddi-mənəvi sərvətlərimiz kimi Qarabağ cinsli atlarımıza da sahib çıxmağa çalışırlar. Bir neçə il bundan əvvəl ermənilər üzərində Xan qızı Natəvana məxsus Qarabağ atının şəkli olan marka buraxmışdılar və həmin markada Qarabağ atını erməni atı kimi qələmə vermişdilər. Ermənilərin saxta təbliğatına cavab olaraq bir neçə dəfə üzərində Qarabağ atı təsvir olunan marka buraxmışıq. Bir sıra saytlarda Qarabağ atının Azərbaycana məxsus olması ilə bağlı məlumatlar yerləşdirilib. Bundan əlavə bu yaxınlarda www.horseaz.com adlı sayt yaratmışıq və hazırda saytın təkmilləşdirilməsi üzərində işləyirik. Eyni zamanda Qarabağ atları ilə bağlı kitablar, kitabçalar və bukletlər hazırlayırıq.

Unutmaq olmaz ki, Azərbaycanda bir neçə min illik yaşı olan atçılıq, mədəniyyətimizin və tariximizin bir hissəsidir. Atçılıq ənənələri isə hər bir xalqa məxsus olan mədəniyyət deyil. Bu baxımdan hər bir ölkənin nüfuzu sayılacaq onun dünyada layiqli təbliğatçısından birinə çevrilə biləcək bir sahəyə dövlət qayğısı labüddür. Həmçinin atçılıq respublikaya küllü miqdarda vəsait də gətirə bilər.

 

At heykəlləri yox...

 

Sonda bir məsələyə də toxunmaq istəyirəm. Təəssüf ki, bu qədər dəyər verdiyimiz, şəninə rəvayətlər, nağıllar, şeirlər qoşduğumuz ata Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksinin qarşısındakı xiyabanda və bölgələrdə ucaldılan at heykəllərii istisna olmaqla indiyə kimi düz əməlli bir abidə qoyulmayıb. Ermənilər öz başkəsən qəhrəmanlarına at üstündə nəhəng heykəllər qoyduğu halda, bəs görəsən biz nə üçün Vətənimizin azadlığı uğrunda vuruşaraq şəhid olmuş xalq qəhrəmanlarımızın adı dillər əzbəri olmuş Qarabağ atlarının üzərində heykəllərini ucaltmırıq?

 

 

B.CAHANDAROV

 

Paritet.- 2010.- 2-3 noyabr.- S. 10.