“Bu gün dünyada bir çox problemlərin həllində bir-birinə hörmət və dözümlülük yanaşmasından istifadə etmək lazımdır”

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Ankarada beynəlxalq konqresdə iştirak edib

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva “Mədəni irs və musiqi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 3-5-də Ankarada səfərdə olub.

Noyabrın 4-də Ankaranın Bilkənd Universitetində “Mədəni irs və musiqi” beynəlxalq konfransının açılışı oldu. Türkiyənin birinci xanımı Hayrünnisə Gül konfransa dəvət olunan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, həmçinin Latviya, Sloveniya və Makedoniya prezidentlərinin xanımları ilə görüşüb.

Sonra Bilkənd Universitetinində “Mədəni irs və musiqi” beynəlxalq konfransı işə başlayıb. Tədbirə sədrlik edən Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül konfransda iştirak edən Azərbaycan, Latviya, Sloveniya, Makedoniyanın birinci xanımlarını və digər qonaqları salamlayıb. Mədəni irsin gələcək nəsillərə çatdırılması üçün qadınların üzərinə böyük vəzifələrin düşdüyünü deyən Türkiyənin birinci xanımı mədəniyyətlər arasında dialoqun əldə olunmasında mühüm vasitələrdən birinin də musiqi olduğunu diqqətə çatdırıb.

Konfransda iştirak edən Makedoniyanın birinci xanımı Maya İvanova isə diqqəti həqiqi dəyərlərin əldə olunmasında mədəni irsin və musiqinin oynadığı rola çəkib. O bildirib ki, Makedoniya da müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşir və təsadüfi deyildir ki, Makedoniya sənətlərin ölkəsi kimi tanınır: “Biz mədəni irsimizi qorumaqla Makedoniyanın təməl prinsiplərini qoruyuruq”.

Beynəlxalq konfransın növbəti hissəsinə sədrlik edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib ki,yenidən Türkiyə torpağında olmağımdan çox məmnunam. Qurucusu böyük şəxsiyyət İhsan bəy Doğramacı olan Bilkənd Universitetində olmağımdan ikiqat səadət duyuram: ”Musiqi müxtəlif xalqların və millətlərin, eləcə də bütün dünyanın mədəni zənginliyini təşkil edir. Humanitar və əxlaqi dəyərlərdən ibarət musiqi dialoq üçün nadir və universal vasitədir. Musiqi insan hisslərini, onun vurğunluğunu özündə cəmləşdirən incə və maraqlı daşıyıcıdır. Nəhayət, musiqi gözəllik və kamilliyə doğru insanın göstərdiyi daimi səylərin mücəssəməsidir”.

Sloveniya Prezidentinin xanımı Barbara Mikliç Türk mədəni dəyərləri ölkəsinin mühüm parçası adlandırıb. O qeyd edib ki, mədəniyyət sloveniyalılar üçün, sözün həqiqi mənasında, industriyadır. “Musiqi və ədəbiyyat isə bizim milli kimliyimizi təşkil edir”, - deyən B. Türk vurğulayıb ki, musiqi bütün dövrlərdə insanın inkişafında mühüm amil olub.

Toplantıya sədrlik edən Mehriban xanım Əliyeva daha sonra sözü məşhur dirijor, bəstəkar və skripka ifaçısı Lorin Mazelə verib.

L.Mazel də bu konfransın keçirilməsinə görə təşəkkürünü çatdırdı və tədbirin mövzusunun həyata keçirilməsində qadınların rolunun böyük olduğunu deyib.

Bilkənd Universitetinin İdarə Heyətinin sədri, professor Əli Doğramacı konfransda iştirak edən Türkiyə, Azərbaycan, Latviya, Sloveniya və Makedoniyanın birinci xanımlarına xatirə hədiyyələri təqdim edib.

Noyabrın 4-də Mehriban Əliyeva Azərbaycan xalqının və ulu öndər Heydər Əliyevin dostu olmuş, Bilkənd Universitetinin qurucusu və böyük alim İhsan Doğramacının məzarını ziyarət edərək önünə gül dəstəsi qoyub.Mehriban Əliyeva xatirə kitabına ürək sözlərini yazıb.

İhsan Doğramacının oğlu Əli Doğramacı Mehriban xanıma Bilkənd Universitetinin ərazisində aparılan quruculuq işləri barədə məlumat verib. O bildirib ki, İhsan Doğramacının məzarı qarşısında maraqlı memarlıq üslubunda inşa olunmuş məscid mərhum alimin rəhbərliyi və şəxsi nəzarəti altında tikilib. İhsan Doğramacı bu məscidə atasının adını verib. Mehriban xanım Əliyeva böyük alim İhsan Doğramacının xatirəsinin Türkiyə və Azərbaycan xalqlarının qəlbində əbədi yaşayacağını bildirib.

Azərbaycanın birinci xanımı Ankaraya səfəri çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğanın xanımı Əminə Ərdoğan ilə görüşüb.

Görüşdə Mehriban Əliyevanın Türkiyəyə səfərindən məmnunluq ifadə edildi. Bilkənd Universitetində keçirilən konfransın ölkələrimizin mədəni dəyərlərinin inkişafı və təbliği baxımından vacib olduğu vurğulanıb.

Noyabrın 4-də Bilkənd Universitetində Azərbaycanın xalq artisti Alim Qasımovun və qızı əməkdar artist Fərqanənin konserti olub.Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə konsertə Latviya, Sloveniya və Makedoniyanın birinci xanımları da tamaşa ediblər.

Noyabrın 4-də axşam Çankaya köşkündə Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gülün adından rəsmi ziyafət təşkil olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimə dəvət olunan İhsan Doğramacının həyat yoldaşı Ayser Doğramacı ilə görüşüb. Daha sonra Türkiyə, Azərbaycan, Latviya, Sloveniya və Makedoniyanın birinci xanımları birgə şam ediblər.

Noyabrın 5-də Azərbaycanın birinci xanımı ilə Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gülün görüşü olub.

Görüşdə Mehriban xanımın Türkiyəyə səfərinin uğurla keçdiyi bildirildi. Qeyd olundu ki, Ankarada Bilkənd Universitetinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs və musiqi” beynəlxalq konfransı dünyada mədəni irsin qorunması işinə xidmət edir. Bu sahədə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən layihələrin əhəmiyyətindən də danışılıb.

Noyabrın 5-də Mehriban Əliyevanın Türkiyəyə səfəri başa çatıb.

 

 

Paritet.- 2010.-11-12 noyabr.- S. 7.