DAK-ın 30 ölkədə nümayəndəliyi fəaliyyət göstərir

 

 Dünya azərbaycanlılarının bir arada birləşməsi hər keçən gün daha da intensiv hal almaqdadır. Müxtəlif ölkələrdə yaşayan hər bir azərbaycanlı diasporumuzun bir zərrəsi olaraq öz potensialını bir amal uğrunda istifadə etməsi artıq aksioma kimi qəbul edilir. Soydaşlarımızın bir arada birləşməsinə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar öz töhvəsini verməkdədir. Bu dəfə fəaliyyətini araşdırdığımızı təşkilat isə Dünya Azərbaycanlıları Konqresidir(DAK).  DAK 1997-ci ildə Amerikada yaradılıb. Əsas məqsədi dünyada yaşayan azərbaycanlıların insan haqlarını və hüquqlarını müdafiə etmək, öz tarixi ərazilərində yaşayan azərbaycanlıların mənəvi, mədəni, siyasi mübarizələrini dəstəkləmək, yaşadıqları ölkələrdə soydaşlarımızın milli adətnənələrini, mədəni irslərini qoruyub saxlamalarına yardım göstərmək, müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsinə çalışmaqdır.

Qurumun nizamnaməsində bildirilir ki, hər bir təşkilat üzvü yaşadıqları ölkələrin ictimai siyasi həyatında yaxından iştirak etməli, Azərbaycanı təmsil edərək həqiqətlərimizi dünyaya çatdırmalıdır. Bununla yanaşı DAK dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə, eləcə də türk xalqlarının və digər dost diaspor təşkilatları ilə əlaqələr yaratmaq və birgə layihələr həyata keçirmək, ana dilinin və milli mədəniyyətin gənc nəslə öyrədilməsi niyyətilə lazımi işlər aparmaq, milli-mənəvi sərvətlərimizin öyrənilməsini və təbliği imkanlarını genişləndirmək, kütləvi informasiya vasitələri təsis etmək, ədəbi irsimizi xarici dillərə çevirərək yaymaq məqsədini də daşıyır.

Təşkilatın baş ofisi isə Belçikanın Brüssel şəhərində yerləşir. Ali orqanı qurultaydır. Qurultay İdarə Heyəti tərəfindən iki ildən bir çağrılır. Zəruri hallar yarandıqda növbədənkənar qurultay idarə heyətinin 2/3 hissəsinin səs çoxluğu ilə qəbul edilmiş qərarı əsasında çağrıla bilər. Qurultay nümayəndələri İH-nin müəyyən etdiyi kvotalar əsasında DAKn ölkə nümayəndəliklərinin konfranslarında seçilir. Qərarlar səs çoxluğu ilə qəbul edilir. İdarə heyətinin seçilməsi, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi, habelə qurultayın mühüm hesab etdiyi digər məsələlərə dair qərarlar iştirak edənlərin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Qurultayda DAK və Nəzarət-Təftiş Komissiyasının sədrlərinin hesabatları dinlənilir və qiymətləndirir. Təşkilatın İdarə Heyəti 17 nəfərdən ibarətdir. Onların 5-i Azərbaycan, 4-ü MDB, 8-i isə Amerika, Kanada, Türkiyə və Avropadan olur.

Nəzarət-Təftiş Şöbəsinin sədri Samir Əsədli qəzetimizə açıqlamasında bildirib ki, DAK ən böyük diaspor təşkilatlarından biri hesab olunur: “Təşkilat tarixi torpaqlarımız olan Borçalı, Dərbənd, Qərbi və Cənubi Azərbaycan problemlərinin qaldırılması və orada yaşayan soydaşlarımızın haqlarının qorunması və Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı işlər həyat keçirir, bu istiqamətdə tədbirlər, layihələr təşkil edir. Prioritet məsələlərdən biri də Cənubi Azərbaycanın istiqlalıdır. Bu təşkilatın daim diqqətdə saxladığı məsələlərdəndir”.

Təşkilatın azərbaycanlıların yaşadığı 30-dan artıq ölkədə nümayəndəlikləri yaradılıb. Baş ofisinin yanında isə Avropa Xüsusi Nümayəndəliyi fəaliyyət göstərir. Həmçinin təşkilatın biri Almaniyada, digəri isə Azərbaycanda olmaqla iki aparatı mövcuddur. Təşkilat əsasən Bakı-Almaniya-Brüssel istiqamətlərindən idarə olunur. Ssədli bildirib ki, təmsil etdiyi qurumun fəaliyyəti Avropada daha genişdir: “DAK təşkilat olaraq İsveçdə qeydiyyatdan keçib. İki həmsədrdən biri isə baş ofisin yerləşdiyi Brüsseldə oturur. Əslində fəaliyyətimizi Avropada daha geniş qurmaqla demokratiyanın ocağı olan bu məkandakı dövlətlərin diqqətinə Azərbaycanla bağlı məsələləri çatdırmaq məqsədinə hesablanıb. Avstrya, İsveçrə, İsveç, Belçika, Rusiya, Gürcüstan, İngiltərə, Amerika parlamentlərində, Birləşmiş Millətlər Təşkilatında və bir çox beynəlxalq təşkilatlarında müxtəlif görüşlər keçirir, Azərbaycanın taleyüklü məsələləri, Xocalı, Qarabağ, Cənubi Azərbaycan və xalqımıza qarşı törədilən haqsızlıqları qaldırırıq. Təşkilat əsasən özünün məramnaməsinə, nizamnaməsinə və fəaliyyət istiqamətinə uyğun hərəkət edir. Qurumu həmsədrlər idarə edir. Onlardan biri Cənubi, biri isə Şimali Azərbaycandan seçilir”.

  Onun sözlərinə görə, türkdilli dövlətlərlə də əlaqələr yaradılır:  “Əsasən Türkiyənin diaspor təşkilatları ilə bütün sahələrdə əməkdaşlıq edirik. Eyni zamanda digər türk dövlətləri olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanda da müxtəlif əlaqələrimiz var. Bu yaxınlarda DAKn Qazaxıstan nümayəndəliyinin rəhbəri Araz Xuduyev son prezident seçkilərində orda fəaliyyət göstərən digər diaspor təşkilatlarını nümayəndələri ilə birgə Nursultan Nazarbəyovla görüşü olub. Eyni zamanda seçkilərdə dəstəklədikləri namizəd olaraq ikinci dəfə seçilən N.Nazarbəyov onlara xüsusi minnətdarlıq edib. Bu yaxınlarda isə həmsədrlərdən biri olan Sabir Rüstəmxanlı Özbəkistanda üç günlük səfəri zamanı müxtəlif tədbirlərdə oldu, ordakı soydaşlarımızla görüşüb, problemləri ilə maraqlandı.   Şimali Kipr Türk Respublikası ilə prezident, baş nazir və parlament səviyyəsində əlaqələrimiz mövcuddur”.

Təşkilatın ölkə nümayəndəlikləri fəaliyyət göstərdiyi ölkələr üzrə səlahiyyətli orqan sayılır. Bu nümayəndəliklərsə ən azı 10 nəfər azərbaycanlının DAK-a fərdi üzv, yaxud ən azı iki Azərbaycan təşkilatının kollektiv üzv olduğu ölkələrdə yaradılır. Eyni zamanda DAKn daim yenilənən d-a-k.org adlı veb səhifəsi də fəaliyyət göstərir. Bu saytda Azərbaycan haqqında bütün məlumatlar, Qarabağ problemi, Xocalı faciəsi, Cənubi Azərbaycan məsələsi və bir çox önəmli xəbərlər, informasiyalar yerləşdirilir. Burda Azərbaycanın parçalanması, Dərbəndin, İrəvanın itirilməsi, Borçalı və Zəngəzur azərbaycanlılarının köçürülməsi, Qarabağın işğalı, ümumilikdə işğal edilmiş torpaqlarımız, Rusiyada və Gürcüstanda olan tarixi torpaqlarımız, Ermənistandakı türk toponimləri barəsində geniş məlumat, tarixi faktları oxumaq olar. Bu məsələlərdən bəhs edən ayrıca linklər də yaradılıb. Saytda diaspor sahəsində baş verən hadisələrə də yer ayrılır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti işıqlandırılır. Eyni zamanda video xəbərlər, sənədli filmlər də yer alıb. Ssədli bildirib ki, bu, xəbər saytıdır. Sadəcə xəbərləri çeşidləyərək daha çox diaspor sahəsində baş verənləri, İrandakı mövcud  rejimin xalqımıza qarşı törətdiyi haqsızlıqları və azərbaycan üçün önəmli olan hadisələri işıqlandırırıq: “Bu saytın fəaliyyət göstərməsi məqsədlərimizə çatmaqda köməklik göstərir. Biz burda tarixi həqiqətlərimizi, ermənilərin xalqımıza qarşı törətdikləri və bir çox önəmli məsələlər barəsində ətraflı məlumatlar yerləşdiririk. Bu saytın fəaliyyət istiqamətlərindən biri də xarici dövlətlərdə yaşayan, diaspor həyatında fəal iştirak edən soydaşlarımıza informasiya köməkliyi göstərməkdir. Əgər hansısa soydaşımız tarixi faktlar barəsində az məlumatlıdırsa heç bir zəhmət çəkmədən bizim sayt vasitəsi ilə istədiyi məlumatı əldə edə bilər. Eyni zamanda burda keçirilən tədbirlərin videolenti də yerləşdirilir”. O hesab edir ki, belə xəbər saytlarının çox olması, orda Azərbaycan haqqında geniş məlumatların yerləşdirilməsi diasporçularımızın fəaliyyətində çətinlikləri aradan qaldırır.

  NTK-nın sədri DAKn ikiyə parçalanmasına da aydınlıq gətirdi. Onun sözlərinə görə əslində təşkilat parçalanmayıb, sadəcə bir qrup insan ayrılaraq müstəqil fəaliyyətə başlayıblar: “2008-ci ilin qurultayı ərəfəsi təkilatdan 3 nəfər, idarə heyətinin üzvü və digər iki üzv DAK-dan ayrılaraq Heşti Məmmədrzanın rəhbərlik etdiyi Demokratik Dünya Azərbaycanlıları Konqresinə qoşuldular. Sonradan isə onlar fəaliyyət göstərə bilmədilər. Biabır olmamaq üçün yeni bir ad altında çıxış etməyə başladılar”.

Qeyd edək ki, 1997-ci ildə yaradılan təşkilat 2005-ci ildə təşkilat parçalanıb və DAK adlı iki qurum fəaliyyət göstərib. Onlardan birinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza Xeşti rəhbərlik edib. Sonradan Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK adını dəyişərək Demoktatik DAK adlandırılıb. Daha sonra isə hər iki təşkilata birləşməyi təklif etsələr də ikinci DAK-a rəhbərlik edən Qulamrza Səbri Təbrizinin zamanında təşkilatın adını dəyişdirərək Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzi adlandırılıb. Hazırda həmin təşkilat fəaliyyətini davam etdirir.

Ssədli istəsələr həmin insanların yenidən təşkilatda fəaliyyətə başlaya biləcəyini deyir: “Qeydiyyat, şəhadətnamələr, möhür, bütün hər şey DAK-a məxsusudur. Qeyd edim ki, bizim 30-dan artıq ölkə nümayəndəliklərimizin hamısı qeydiyyatdan keçib və bunların hamısı bu tərəfdədir. Onların əlində isə heç bir şey yoxdur. Nə nümayəndəlik, nə də hər hansı bir sənədə malik deyillər. İstəsələr yenidən bizə qoşulub fəaliyyət göstərə bilərlər”.

Bu arada bildirək ki, qarşıdan Dünya Azərbaycanlılarının 3-cü qurultayının keçiriləcəyi gün yaxınlaşır. Əvvəlcə qurultayın keçirilməsi mart ayında nəzərdə tutulsa da, sonradan vaxt dəyişdirilərək iyul ayına təyin edildi. Həmin qurultayda DAKn iştirakın gəlincə Ssədli bildirib ki, qurultayda onların da üzvləri iştirak edəcəklər: “Əgər bizə söz versələr, həllini gözləyən bir çox problemlər var ki, onları diqqətə çatdırmağı nəzərdə tuturuq. Nümunə üçün bildirib ki, diaspor təşkilatlarının fəaliyyətinə yenidən baxılması daha yaxşı olar. Bizim təşkilat düşünür ki, bu təklif nəzərə alınarsa diaspor fəaliyyətinin inkişafına yenidən təkan verilmiş olar”.

 O, DAKn qarşıda görəcəyi işlərdən də danışıb. Qeyd edilib ki, təşkilat və bütün ölkələr üzrə nümayəndəlikləri hər gün Azərbaycanın taleyüklü problemləri ilə bağlı işlər görür: “Bütov Azərbaycan, Cənubi Azərbaycan barəsində, Qarabağ, Xocalı soyqırımı və digər vacib olan məsələlərbağlı işlər görülür. Bu məsələlər bizim daim diqqətimizdə olan prioritet məsələlərdəndir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi işində də fəaliyyətimizi davam etdiririk. Çalışırıq ki, maksimum müsbət nəticələrə nail olaq”.

DAK-ın  2011-ci ilin dekabr ayının 24-də Almaniyanın Bonn şəhərində keçirilən XI Qurultayında yeni rəhbərlik və həmsədrlər seçilib. Hazırda təşkilata Sabir Rüstəmxanlı və Cənubi Azərbaycandan olan Firidun Pərvizniya rəhbərlik edir.

 

 

Asif  Nərimanlı

 

Paritet.- 2011.- 12-13 aprel.- S. 10.