Türkiyədə diasporumuza ehtiyac varmı?

İlk dəfə olaraq dünya azərbaycanlılarının həmrəyliyinə yönələn tədbirlər məhz Türkiyədə keçirilib

II yazı

(əvvəli ötən sayımızda)

“Azərbaycan türkləri Türkiyənin onurğa sütunudur”

 

Bu gün belə bir fikir eşidilir ki, Türkiyədə diasporun fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bu fikrin kökündən yanlış olduğunu deyən soydaşımız “Türkiyə ilə Azərbaycan qardaş dövləti olsa da, ancaq nəzərə almaq lazımdır ki, Türkiyə özü ayrı bir dövlətdir” sözlərini dilə gətirib:  “Türkiyədəki Azərbaycan türklərinin təşkilatlanması, vahidləşməsi Azərbaycanın maraqlarını müdafiə edəcək diasporunun olması zəruridir və labüddür. Onlar Azərbaycanla nəfəs almalıdırlar və Azərbaycanın türk dünyasının bir parçası olduğunu yaddan çıxarmamalıdırlar. Həm də Azərbaycan türkləri Türkiyənin onurğa sütunudur”.

O, azəri mediasına müsahibəsində isə Türkiyədə Azərbaycanı yaxşı tanımadıqlarını bildirib: “Ən pisi isə, Cənubi Azərbaycanı heç tanımırlar. Biz fəaliyyətlərimizlə İzmirdə Azərbaycanın bütöv olaraq tanınması üçün əlimizdən gələni edirik. Ən acısı da odur ki, Türkiyədə yaşayan Türkiyə azərbaycanlılarının özləri də Azərbaycanı, mədəniyyətini, tarixini  yaxşı tanımırlar, hətta Cənubi Azərbaycanı çox az tanıyırlar. Biz hər şeydən öncə öz insanlarımıza mədəniyyətimizi, incəsənətimizi, tariximizi, ümumiyyətlə bütöv ölkəmizi tanıtmağa çalışırıq”. C.Mehmetxanoğlu ilin sonuna kimi  “Türkiyədə yaşayan Azərbaycan türkləri” adlı kitabın nəşr olunacağını da diqqətə çatdırdı.

Yeri gəlmişkən, C. Mehmetxanoğlunun təşəbbüskarlığı ilə bu il “Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayı” keçirilib. Qurultaya 400-dən çox nümayəndə qatılıb. Azərbaycanın bütün məsələləri bu qurultayda dilə gətirilib.

Təbii ki, Türkiyədəki Azərbaycan diasporunun bugünkü durumu, statistikasını öyrənmək üçün bir mənbə kifayət etmir. Bu və digər məsələləri araşdırdıqda oxşar və fərqli fikirlərlə rastlaşırıq. Azərbaycanın Yaponiyadakı səfirliyinin keçmiş əməkdaşı, hazırda Ankarada doktorantura təhsili alan politoloq Vurğun Həsənliyə görə isə, Türkiyədəki azərbaycanlılar iki qrupa bölünür: “Birincisi 20-ci əsrin əvvəllərində bu ölkəyə gələnlər. İkincisi isə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Türkiyəyə gələn azərbaycanlılar”. Statistikaya gəldikdə isə, V.Həsənli dəqiq rəqəm deməyin çətin olduğunu bildirdi: “Lakin müxtəlif mənbələrə əsasən, təxminən Türkiyədə iki milyondan çox Azərbaycan türkünün yaşadığı ehtimal olunur. Bunların 150.000-dən çoxu müstəqillik əldə etdikdən sonra müxtəlif məqsədlər üçün Azərbaycan Respublikasından gələnlərdir

  Diaspor işində tələbə potensialı

Lakin həmsöhbətimiz Türkiyədə Azərbaycanın əsas gücünün buranın universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşkil etdiyini düşünür: “Tələbələr də iki yolla bu ölkəyə gəldiyi üçün dəqiq rəqəm yoxdur. Sadəcə dövlət xətti vasitəsilə təhsil alanların sayı məlumdur. Ümumi rəqəmin isə, 3000 civarında olduğu ehtimal edilir. Tələbələr ona görə əsas potensialdır ki, onların gördükləri və görəcəkləri işlər ciddi nəticə doğura bilir. Türkiyədə Azərbaycanla bağlı görülmüş tədbirlərin çoxu tələbələrin təşəbbüsü ilə həyata keçirilmiş tədbirlərdir. Belə ki, tələbələr mütəşəkkil şəkildə koordinasiya edilməli və istiqamətləndirilməlidir. Həmçinin Türkiyədəki siyasətçi və dövlət adamlarının çoxunun universitet müəllimləri olduğunu nəzərə aldıqda, buradakı azərbaycanlı tələbələr vasitəsilə daha faydalı işlər görülə biləcəyini unutmamalıyıq”.

Onun sözlərinə görə, Türkiyədə təxminən 30-a yaxın mərkəzi idarəsi olan, müxtəlif adlarda fəaliyyət göstərən Azərbaycan diaspor icmaları mövcuddur: “Ancaq koordinasiya şəklində fəaliyyət göstərən “Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası”dır. Sözügedən dərnəyin Türkiyənin bir çox böyük şəhərlərində filialları “Azərbaycan Evi” adı altında fəaliyyət göstərir. Ən qədim tarixə sahib olan isə, 1949-cu ildə qurulmuş “Azərbaycan Kültür Dərnəyi”dir. Bu dərnək Türkiyədə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində çox mühüm işlər görmüşdür. Eyni zamanda, Sovet dövründə Türkiyədə fəaliyyət göstərmiş yeganə dərnəkdir”.

V.Həsənli də  “Türkiyədə diasporumuza ehtiyac yoxdur” fikrinə qarşı çıxaraq burada türk xalqının bizim lobbiçiliyimizi etdiyini dedi: “Lakin müasir dünyada ölkələrin siyasi və ictimai düşüncəsinə bir çox subyekt ciddi təsir göstərə bilir. Bu subyektlər o ölkədəki müxtəlif təşkilatlar, siyasi partiyalar, media qrupları və buna bənzər müxtəlif orqanlardır. Əsas subyektlərdən olan media ictimai düşüncənin formalaşmasında əsas silah kimi hər kəs tərəfindən qəbul edilir

“Bəzən Azərbaycan əleyhinə güclü təbliğat aparıldığının

şahidi oluruq

“Bu çərçivədə media təbliğatda əvəzsiz rol oynayır” deyən politoloq Türkiyədəki bəzi media orqanlarının mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat apardıqlarından təəssüfləndiyini vurğuladı: “Bu da istər-istəməz, oxucular arasında Azərbaycana qarşı mənfi düşüncə yaradır. Həmçinin Türkiyədəki mütəşəkkil və oxumuş erməni varlığını da işin içinə əlavə etdikdə, bəzən Azərbaycan əleyhinə güclü təbliğat aparıldığının şahidi oluruq. Ona görə də, “Türkiyədə diasporun fəaliyyətinə ehtiyac yoxdur” anlayışını tərk etməliyik. Əlbəttə bunun yanında türk xalqının dəstəyini itirməməli və o dəstəkdən maksimum yararlanmalıyıq”.

Onun fikrincə, Türkiyə kimi ölkədə ermənilər əleyhimizə kampaniya apara bilirsə, diasporumuzun buradakı fəaliyyəti ironiya yaradır: “Qısası, artıq qlobal dünyada cılız və barmaq sayı qədər fəaliyyət diasporda yetərli sayılmır. Bunun üçün rəqibin gücü ölçülməli, ona qarşı önləmlər alınmalı və o səviyyədə qurulmalıdır ki, qarşı tərəfdəkinin gördüyü kölgədə qalmalıdır. Yoxsa, klassik işlər artıq uğur gətirmir. Yeniliklər edilməli və səs gətirəcək fəaliyyətlərə imza atılmalıdır”.

Bir çoxları kimi V. Həsənli də Türkiyədəki soydaşlarımızın həmrəyliyinin qaneedici olmadığını dedi: “Türkiyə azərbaycanlılarının içindən güclü siyasətçilər, yazıçılar və ictimai xadimlər çıxmışdır. Onlar Türkiyə tarixində və ictimai proseslərində müstəsna rol oynamışdır. Ancaq buna baxmayaraq, öz aralarında əlaqə olduqca zəifdir. Məsələn “Türkiyədəki Azərbaycanlıların I Qurultayı”na dəvət olunan bir çox Azərbaycan dərnəkləri qurultayda iştirak etməmişdir. Bu həm aralarındakı lazımsız rəqabətdən, həm də vahid məqsədlərinin olmamasından irəli gəlir. Yəni bəzi fiziki şəxslər və ya qruplar öz məqsədləri üçün Azərbaycanla bağlı dərnək açmış və yarandığı gündən bugünədək Azərbaycanın təbliğatı istiqamətində heç bir ciddi addım atmamışdır”.

Keçmiş diplomatın sözlərinə görə, öncə bu kimi dərnəklər ifşa olunmalı və ciddi iş aparan təşkilatlar isə təşkilatlanmalıdır: “Yoxsa heç bir uğur əldə edə bilməz, ermənilərin bizdən daha güclü təbliğat aparması üçün münbit şərait yaradarıq. Çünki hər məqsədyönsüz və şəxsi mənafe üçün görülmüş türk insanında Azərbaycan haqqında mənfi düşüncə formalaşdıracaq. Bu da bizim səhvimiz nəticəsində ermənilərin bizdən daha güclü aparmasına zəmin yaradacaq”.

O təklif edir ki, əslində biz ABŞ-dakı yəhudi təşkilatçılığını nümunə ala bilərik: “ABŞ-dakı yəhudilər qüsursuz şəkildə təşkilatlanaraq məqsədyönlü fəaliyyət həyata keçirmiş və düyanın ən güclü dövlətinin dəstəyini qazanmışdır. Hətta ABŞ, öz çıxarlarına zərər gəlsə belə, İsrail əleyhinə heç bir görmür. Çünki yəhudi lobbisi dağınıq və əlaqəsiz formada deyil, vahid mövqe istiqamətində qruplaşmışdır. Bu nümunəni bütün dəyərlərimizin eyni olduğu qardaş Türkiyədə gerçəkləşdirə bilərik. Ancaq buradakı soydaşlarımız öncə şəxsi mənafeləri bir kənara ataraq, bir araya gəlməyi və vahid məqsədlərinin nə olduğunu axtarıb tapmağı bilməlidirlər. Daha sonra təşkilatlanaraq məqsədyönlü fəaliyyət planı hazırlamalıdırlar. Əlbəttə bunların qısa zaman ərzində mümkün olması inandırıcı görsənməsə belə, artıq sözügedən məsələləri həyata keçirməyin zamanı gəldiyini düşünürəm. Yoxsa olduğumuz yerdə saymaqdan başqa bir şey edə bilmərik”.

Hər iki ölkənin diaspor təşkilatları mütəşəkkil və əzmkar şəkildə

fəaliyyət göstərir

  Müasir dövrdə Türkiyədə də Azərbaycan dostluğunun fəaliyyətində xeyli canlanma yaranır. Türkiyədə Azərbaycan parkının salınması, Azərbaycan evlərinin və təşkilatlarının sayının artması, İzmir şəhərində sabiq prezident Heydər Əliyevin büstünün qoyulması, Türkiyənin çeşidli TV kanallarında Azərbaycana həsr olunan proqramların sayının çoxalması və s. hadisələr və proseslər bu nəticəyə gəlməyə imkan verir. Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyədən keçməsi,Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi,TransAnadolu qaz xətti barədə ilkin anlaşmalar, dövlətlərarası münasibətlərin inkişaf etməsi, Azərbaycan diasporunun mövqeyi qardaş ölkədə güclənməsinə şərait yaradır.

Ayrıca “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” qəbul olunub. Hər iki ölkənin diaspor təşkilatları mütəşəkkil və əzmkar şəkildə fəaliyyət göstərir və bu birliyin Azərbaycan və Türkiyə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında əvəzsiz rolu var. İnanırıq ki, soydaşlarımız Türkiyədə daha aktivsiyasi gücə malik olan etnik diaspor olmaqla yanaşı, Azərbaycanın haqq səsi və ədalətli mövqeyini müdafiə etməklə Azərbaycanı layiqincə təmsil edəcəklər.

 

Fuad HÜSEYNZADƏ

Paritet.-2011.-13-14 dekabr.- S.5.