“Çalışırıq ki, gələcəkdə ölkəmizin təbliği istiqamətində əlimizdən gələni edək”

 

Xarici ölkələr arasında Amerika Birləşmiş Ştatlarındakı diaspor təşkilatlarımız da daimi öz aktivliyi ilə seçilirlər. Bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Nyu-York Assosiasiyası (ANA) davamlı olaraq tədbirlər həyata keçirməklə fəaliyyətlərini daha da genişləndirir. ANA sədri Əli Nəsibov doxsanıncı illərdə bir alim kimi ABŞ-a dəvət olunub və ailəsi birlikdə 1999-cu ildə Nyu-York şəhərinə köçüb. O “Paritet”ə bildirdi  ki, Nyu-York şəhərinə gəldiyi ilk günlərdən  burada yaşayan azərbaycanlıları bir yerə toplayaraq öz diasporumuzu yaratmaq arzusu ilə yaşayıb.

-Tarix göstərir ki, azsaylı xalqlar çoxluq təşkil edən digər xalqların arasında yaşadığı zaman bir neçə nəsildən sonra onlar öz dillərini, mədəniyyətini, tarixini unutmaq təhlükəsi ilə üzləşir. Adət-ənənələr digər mədəniyyətlər arasında əriyir. Məhz elə buna görə də bir neçə həmfikir olan azərbaycanlılarla qərara gəldik ki, Nyu-York şəhərində bir Azərbaycan cəmiyyəti yaradaq, burada yaşayan insanları bir araya toplayaq, aktivləşdirək. Əl-ələ verərək xalqımızın gözəl adət-ənənələrini, zəngin mədəniyyətini, musiqisini, tarixini yaşadaq və gələcək nəsillərə ötürək.

 Beləliklə, 2005-ci ildə bu arzumuzu həyata keçirə bildik və “dünyanın paytaxtı” adlanan ABŞ-ın Nyu-York şəhərində bizim ANA (Azərbaycan Nyu-York Assosiasiyası) cəmiyyəti yarandı. Cəmiyyət yarandığı gündən geniş fəaliyyətə başladı.

- ANA tərəfindən hansı tədbirlər reallaşdırılıb?

- 2005-ci il oktyabrın 18-də “Bazar günü” məktəbi açdıq. Həftədə bir dəfə məktəbdə dərslər keçirilir, ana dili, tariximiz, mədəniyyətimizlə bağlı məlumat verilir. Hazırda məktəbdə tədris işi ilə Nyu-Yorkda yaşayan Azərbaycan dili müəlliməsi Münəvvər Vahabova məşğul olur. Orada yaşayan Azərbaycanın əməkdar rəssamı həmin məktəbdə uşaqlara dərs keçir və bu gün uşaqların hamısı ölkəmizin “Qız qalası”nı simvol olaraq çəkə bilərlər. Bununla biz uzaq ABŞ-da yaşayan balalarımıza dilimizi, tariximizi öyrətmək, onları vətənpərvərlik ruhunda tərbiyə etmək istəyirik.

 Bundan başqa assosiasiyamız tərəfindən Amerika qitəsində ilk dəfə olaraq “İnternet-radio” açılıb. Hal-hazırda bəzi səbəblərdən radio öz fəaliyyətini dayandırıb. Ancaq ümid edirəm ki, çox yaxın zamanlarda radiomuz öz işini davam etdirəcək. Azərbaycanımızın zəngin və qədim mədəniyyətini digər xalqların nümayəndələrinə çatdırmaq məqsədilə cəmiyyətin nəzdində “Soydaş” rəqs ansamblı yaradılıb. Ansamblın bədii rəhbəri və quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Telman Cəlilovdur. Ansambl öz milli geyimləri, gözəl musiqi seçimi və dəyərli ifası ilə artıq Azərbaycan mədəniyyətinin təmsilçisinə çevrilib. Ansambl dəfələrlə BMT-də Azərbaycan Nümayəndəliyinin, Türk Federasiyasının, Cənubi Azərbaycan diasporunun və digər türkdilli xalqların təşkil etdiyi tədbirləri öz çıxışları ilə bəzəyib.

Çalışırıq ki, burada yaşayan həmvətənlərimizi daha da fəallaşdıraraq gənc Azərbaycan Respublikasının daxili və xarici siyasəti ilə yaxından tanış edək. Onların dəstəyi ilə doğma vətənimizin, dövlətimizin siyasətinə bacardığımız köməkliyi göstərək. Bu məqsədlə hər il Xocalı faciəsinin ildönümündə Nyu-Yorkdakı erməni nümayəndəliyi qarşısında, 20 Yanvar faciəsinin ildönümündə BMT-nin önündə nümayişlər təşkil edirik. Bu tədbirlərdə azərbaycanlılarla yanaşı qardaş Turkiyə, Gürcüstan, Moldova, Ukrayna və Orta Asiya xalqlarının nümayəndələri də iştirak edirlər.

-  Bəs, “Azerbaiyan review” qəzeti nə vaxtdan fəaliyyət göstərir və burada hansı mövzulara toxunulur?

- “Azerbaiyan review” qəzeti artıq üç ildir ki, buraxılır. Qəzetin fəaliyyətinin məqsədi doğma Azərbaycanımız haqda həqiqətləri, Qarabağ dərdini, 20 Yanvar faciəsini, torpaqlarımızın işğal altında olmasını oxuculara çatdırmaqdır. Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi, görkəmli şəxslər haqqında verilən məqalələr hər zaman oxucuların rəğbəti ilə qarşılanır.

Azərbaycanın BMT-dəki nümayəndəliyinin başçısı hörmətli səfir Aqşin Mehdiyevin məsləhətindən sonra belə bir qərara gəldik ki, qəzet əsasən ingilis dilində buraxılsın onun əksəriyyəti BMT- digər xalqların nümayəndəliklərinə çatdırılsın. Qəzetin əsas mövzuları Qarabağa həsr olunur. Qarabağ tarixinə, ermənilərin Rusiya İmperiyasının əli ilə İran Türkiyədən köçürülüb Azərbaycan torpaqlarında yerləşdirilməsi Azərbaycan torpaqlarında erməni dövləti qurulması kimi məqalələrə daha çox yer verilir.

  Qəzetin 100 nüsxəsi Kaliforniyada yerləşən Azərbaycan konsulluğuna, Vaşinqtonda yerləşən Azərbaycan səfirliyinə, ABŞ-ın başqa ştatlarında fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinə, bizim cəmiyyət üzvlərinə Nyu-York sakinlərinə pulsuz olaraq göndərilir.

 Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, diaspor mətbuatımız hələlik öz səsini tələb olunan yerlərə çatdıra bilməyib. Bu barədə yeni layihələr yaranır lazımi işlər görünür.

- ABŞ-dakı türkdilli diasporlar bir-birlərinə necə dəstək göstərirlər?

- ANA cəmiyyəti 2008-ci ildən Türk Federasiyasının üzvüdür. Bu federasiyada 40-dan çox turkdilli xalqların cəmiyyəti toplanıb. Bu cəmiyyətlərlə biz daima sıx əməkdaşlıq edirik. Birlikdə gördüyümüz işlər əsasən qondarma erməni soyqırımı, Qarabağ müharibəsi, Xocalı soyqırımı ilə bağlı olan fəaliyyətimizdir. Türk təşkilatları ilə birlikdə ABŞ Konqresinə, Senatına dövlət nümayəndələrinə məktublar hazırlayıb göndəririk. Hər il təşkil olunan möhtəşəm Türk Yürüşündə ANA cəmiyyəti çox fəal iştirak edir.

- Digər diaspor təşkilatları ilə əlaqələriniz necə qurulub?

- Hələlik Nyu-Yorkda qeydiyyatda olan yeganə diaspor təşkilatı ANA-dır. Hər il biz türklərlə birgə aprelin 23-də Nyu-Yorkun mərkəzi meydanı olan “Times Square”də (Tayms Skver) yalançı erməni soyqırımı ilə bağlı tədbir keçiririk. Orada yerləşən meydanda tarixə aid xronikalar təqdim olunur, çıxışlar edilir. Bu çıxışlarda bizim diaspor daim ən aktiv olub bayraqlarla, şüarlarla çıxışlar edir. Broşürlər hazırlanır tədbir zamanı maraqlanan vətəndaşlara təqdim edilir. Eyni zamanda biz çox vaxt dağ yəhudiləri ilə birgə işləyirik. Hətta onlarla birgə 2009-cu ildəDiaspor ölkələri necə birləşdirirmövzusunda konfrans keçirdik. Yəhudilər hər bir tədbirdə bizi, biz onları dəstəkləyirik. Onlarla birgə məşhur bəstəkarımız Q.Qarayevin, V.Mustafazadənin yubileyinə həsr edilmiş konsert proqramı təşkil etdik. Bundan başqa ilk dəfə Amerikada yaşayan Azərbaycan rəssamlarının sərgisini keçirdik. Bu kimi tədbirlərlə çalışırıq ki, gələcəkdə ölkəmizin təbliği istiqamətində əlimizdən gələni edək.

-Erməni terrorizminin ifşa olunması, Azərbaycan həqiqətlərinin ABŞ-da yayılması istiqamətində hansı layihələr həyata keçirirsiniz?

- Bildiyiniz kimi son aylarda Mətyü Brayzənin Azərbaycana səfir təyin olunması ilə bağlı yaranan söz-söhbətlərin məhz ermənipərəst senatorlar tərəfindən qızışdırılması vəziyyəti xeyli kəskinləşdirmişdi. Bu məsələ ilə əlaqədar olaraq bizim cəmiyyətin üzvləri tərəfindən Konqresə yüzlərlə məktub göndərildi. Bizim cəmiyyətin nümayəndələri Vaşinqtonda konqresmenlərlə keçirilən görüşlərdə fəal iştirak ediblər.

- Bu gün orada yaşayan ermənilər azərbaycanlıların fəallaşmasını necə qarşılayırlar?

- Onlar buna görə çox narahatdırlar. Qeyd etdiyim kimi hər il fevral ayının 26-da Ermənistanın BMT-dəki nümayəndəliyinin qarşısında Xocalı soyqırımına həsr edilən mitinq təşkil edirik. Polis tərəfindən verilən icazə əsasında iki saat davam edən bu aksiyada Xocalıda məhv edilən insanların hamısının adlarından ibarət siyahı hazırlayırıq onu həmin nümayəndəliyin qarşısından asırıq. Oradan keçən hər kəsə göstəririk ki, bu bizim xalqımıza qarşı törədilən soyqırımdır. Ancaq onlar doğru olmayan ermənisoyqırımı”nı dünyaya çatdırmağa çalışırlar.

- ANA-nın Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələri hansı səviyyədədir?

- Cəmiyyətimizin DİDK-si ilə əlaqəsi çox yüksək səviyyədədir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən məktəb üçün dərsliklər, rəqs ansamblı üçün milli paltarlar s. əldə olunmasında DİDK-nin böyük köməyi olub. Buna görə DİDK-in rəhbərliyinə bütün işçilərinə dərin minnətdarlığımı bildirirəm.

 Onu da qeyd etməyi özümə borc bilirəm ki, məhz DİDK-in sədri cənab Nazim İbrahimovun təklifi ilə ANA cəmiyyəti Türk Federasiyasına üzv olub. Amerika və Kanada şöbəsinin müdiri cənab Cavanşir Vəliyev, şöbənin işçisi Samir Mehdiyev və digər yoldaşlar Nyu-Yorkda səfərdə olduqları zaman cəmiyyətimizdə görüşlər təşkil edib, keçirdiyimiz tədbirlərdə iştirak edib, məktəbin və rəqs ansamblının fəaliyyəti ilə yaxından tanış olublar. Bu gün mənə verilən imkandan istifadə edərək öz adımdan və ANA cəmiyyətinin bütün üzvləri adından hörmətli fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyevə və onun xanımı Sevda Mehdiyevaya cəmiyyətə göstərdikləri qayğılarına görə dərin minnətdarlığımızı bildirmək istəyirəm.

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 5-7 mart.- S. 10.