“Azərbaycanda qadına hörmət mental dəyər səviyyəsindədir”

 

Sədaqət Vəliyeva: “Azərbaycan qadınına ən yüksək qiyməti ulu öndər Heydər Əliyev verib

 

  Azərbaycan xalqında qadına hörmət mental dəyər səviyyəsindədir. Bu gün bəlkə də xalqımız dünyada nadir xalqlardandır ki, ictimai yerlərdə, ümumiyyətlə, hər bir məkanda qadına qarşı xüsusi münasibət göstərilir. Bu, Azərbaycan xalqına əsrlərdən bəri yadigar qalan bir irsdir və xalqımız bu milli dəyəri uğurlu şəkildə qoruyub gələcək nəslə ötürür. Bununla yanaşı, bizim dinimizslam dini də qadınlara münasibətdə hörmət göstərməyi buyurur. Bütün bunlar Azərbaycan xalqında kompleks şəkildə qadına münasibət anlayışının formalaşmasına gətirib çıxarıb”. Bu barədə millət vəkili, YAPn Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva yap.org.az saytına verdiyi müsahibəsində danışıb.

Onun sözlərinə görə, hər zaman elmə, inkişafa, müasirliyə həvəs göstərən Azərbaycan xalqı qadınların təhsil alması, onların hüquqlarının qorunması, ictimai fəaliyyətlə məşğul olması məsələsində ifrat mühafizəkar olmayıblar: “Əsrin əvvəlində yaranan Azərbaycan Xalq Cümhuriyyəti nəinki ümumilikdə Şərqin, həm də Qərbin bir sıra dövlətlərindən də əvvəl qadınların seçki hüququnu tanıyan bir dövlət olub. Sovet dövründə də Azərbaycan qadınları hər zaman aktiv ictimai fəaliyyətlə məşğul olublar. Ən əsası Azərbaycanda qızların təhsil alması məsələsinə münasibət olduqca yüksək səviyyədə olub. Bu, dövrümüzdə aktiv ictimai fəaliyyətlə məşğul olan, elm xadimi olan qadınlar təbəqəsinin formalaşmasına gətirib çıxarıb”. 

 Millət vəkili bildirib ki, bugün də qadınlarımız, siyasi cəhətdən fəaldırlar və fəal qadınların əksəriyyəri YAPn sıralarında cəmləşiblər. Bunun əsas səbəbi isə Heydər Əliyevin qadınlara olan münasibəti idi: “Partiyamızın sıralarında təmsil olunan şəxslərin təxminən 40 faizi qadınlardır. Bu onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir. Çünki qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər. Təsadüfi deyil ki, cəmiyyətimizdə nüfuzlu, tanınmış ziyalı qadınlar bu partiyanın sıralarında cəmləşiblər. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai-proseslərdə fəallığı daha artır. Son bələdiyyə və parlament seçkilərində onların iştirakı və qazandığı uğurlar buna bariz sübutdur. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Mən deyərdim ki, Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib. Bunun nəticəsi idi ki, 1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Daha sonra, 2000-ci ildə qadın siyasəti və buna diqqətin artırılması ilə bağlı imzalanan Fərman ölkəmizdə qadınlara dövlət qayğısının bariz sübutu sayılmalıdır”. 

S.Vəliyeva hesab edir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın  çoxşaxəli fəaliyyəti Azərbaycan qadını üçün bir nümunədir: “Dövlətin həyata keçirdiyi siyasətin nəticəsində dövlət idarəçiliyinin yüksək pillələrində qadınların təmsilçiliyi daha da artıb, təhsil, səhiyyə və mədəniyyət sahələrində isə qadınlar əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. Ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Bundan başqa, qadınlarımız yüksək postlarda, qeyri-dövlət strukturlarında ölkəmizin maraqlarının qorunması istiqamətində fəaliyyətləri ilə seçilirlər. Son bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlarımız yerli özünüidarətmə orqanlarında böyük faizlə təmsilçilik hüququ qazandılar. Bu, zərif cinsin nümayəndələri üçün mühüm bir faktordur. Bu, həm də qadın problemləri ilə bağlı məsələlərin həllində həmin insanların köməyinin nümayiş etdirilməsi deməkdir”. Onun sözlərinə görə aparılan gender siyasətinin bəhrəsi olaraq bir çox sahələrdə irəliləyişlərə nail olunub. Belə ki, artıq regionlarda azyaşlı qızların ailə qurması məsələsi xeyli azalıb. Bunun əksinə olaraq qızların ali məktəblərə qəbulu artım tendesiyası ilə davam edir. Xanım deputat hesab edir ki, bu gün regionlarda bununla bağlı aparılan işlərin sayı artırılmalıdır: “İdeal cəmiyyət qurmaq olduqca çətindir. Sadəcə problemləri azaltmaq, onların həlli yollarını izah etmək lazımdır. Bu istiqamətdə ölkəmizdə mühüm işlər görülür. Azərbaycan dövlətinin gender siyasətini həyata keçirən dövlət komitəsi bu istiqamətdə regionlarda kifayət qədər mühüm tədbirlər həyata keçirir. Sadəcə, bu gün regionlarda aparılan işlər daha da intensivləşdirilməlidir. Regionlarda erkən nikahla bağlı problemlərin həlli istiqamətində bütünlüklə cəmiyyətimiz mübarizə aparmalıdır. Düzdür, bu problemi birdən-birə həll etmək, valideynlərə bunu birdən-birə izah etmək elə də asan deyil, amma, son dövrlərdə aparılan təbliğat işləri əsasında bu zərərli ənənə aradan qalxmaq üzrədir”. Qeyd edək ki, qadınların hüquqlarının qorunması, onların istismarının qarşısını alınması istiqamətində atılan addımlardan biri də “Məişət zorakılığı”nın qarşısının alınması haqqında” qanunun  qəbuludur. Eyni zamanda   1995-ci ildən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın üzvüdür və bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib. S.Vəliyev müsahibəsində qeyd edib ki, bütün bunların bəzi ailələrdə hələ də mövcud olan streotiplərinin aradan qalxmasına yaxından köməklik göstərəcək. O bildirib ki, bu gün müharibə şəraitində olan ölkəmizdə anaların üzərinə böyük bir məsuliyyət düşür: “Bu gün Azərbaycan anaları xalqımızın gələcəyi sayılan gənclərin vətənpərvərlik ruhunda, milli dəyərlərimizə bağlı, xalqına yurduna bağlı şəkildə böyüyüb inkişaf etməsini təmin etməlidirlər. Bu gün Azərbaycan anaları sağlam gəncliyin dövlətçilik ruhunda, düzgün istiqamətdə yetişməsinə çalışmalıdır və çalışır da. Azərbaycan qadınları milli qəhrəmanlar dünyaya gətirirlər ki, bütün xalqımız onlarla fəxr edir. Şübhə yoxdur ki, bu gün lazım gələrsə qadınlarımız da əlinə silah götürüb torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırdır. Mən inanıram ki, Azərbaycanda hər zaman qadınlar yüksək şəkildə dəyərləndiriləcək, onların cəmiyyətin inkişafındakı rolu qiymətləndiriləcək”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Tomris, Nüşabə, Sara xatun, Xan qızı Natəvan kimi dövlətinin varlığını qorumaq üçün diplomat, dövlət başçısı rolunda yüksək səviyyədə çıxış edən qadınları olub”.

 

 

A. CƏLALOĞLU

 

Paritet.- 2011.- 8-9 mart.- S.5.