“Danimarkada ölkəmizi tanıtmaq üçün hələ çox işlər görmək lazımdır”

 

Elçin İbrahimov: “Mən ölkə xaricində yaşayan hər bir həmvətənlimizi Azərbaycanın qeyri-rəsmi səfiri hesab edirəm

 

 Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar. Buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik olan məsələlərdir. Bu məsələ Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olub, elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Hazırda Azərbaycandan kənarda təhsil alan azərbaycanlı  gənclərin sayı 10 minə qədərdir. Bunların arasında bizim müsahibimiz, Danimarkada təhsil alan gənc azərbaycanlı Elçin İbrahimov da var. Elçin orta məktəbi Bakıda bitirərək Qafqaz Universitetinə daxil olub. Universitetə qəbul imtahanlarında yüksək bal topladığı üçün Prezident təqaüdünə layiq görülüb. Deyir ki, universitetin ilk illərində aldığı təhsil onu tam qane etmədiyi üçün xarici təhsil müəssisələrinə üz tutub və sonda Danimarkada təqaüd qazanıb. Xatırladaq ki, o, 2009-cu ilin sentyabrından Danimarkada Qlobal Menecement və İstehsalat bölümündə təhsil alır.

- Mən ölkə xaricində yaşayan hər bir həmvətənimizi Azərbaycanın qeyri-rəsmi səfiri hesab edirəm. Səfirin və səfirliklərin məqsədi öz ölkələrini və ölkələrinin maraqlarını xaricdə təmsil etməkdir. Biz də, eyni funksiyanı yerinə yetirməliyik.

 Təəssüf ki, Danimarkada çox az  azərbaycanlı yaşayır. Əsasən orta nəsil nümayəndələridir ki, ya Azərbaycanda təhsil alıb burada iş həyatına atılıb, ya da daha yaşlı nəsildir və artıq övladları burada məktəbə gedir. Əsas hədəf həmin gənclərlə işləməkdir. Bir neçə ilə universitetlərdə bizi təmsil etmək onların boyunlarına düşəcək.

-Bir gənc olaraq strategiya və hədəflərinizi bilmək maraqlı olardı...

- Çox istərdim ki, hər bir azərbaycanlı ölkəsinin tarixini bilsin. Əgər gələcəyə daha effektiv və ağıllı addımlarla irəliləmək istəyiriksə, onda keçmişdə etdiyimiz səhvləri təkrarlamamalıyıq. Təəssüf ki, tariximiz hələ də lazımınca araşdırılmayıb. Əsasən də son yüzillikdə bir çox qaranlıq məqamlar var. Bunun üçün araşdırma mərkəzləri açıla bilər və orada həm yerli, həm də xarici araşdırmaçılar tariximizi, rusların və ermənilərin başımıza açdığı zülmləri araşdırıb gələcək nəsillərə çatdıra bilər. Hər bir azərbaycanlı gəncinə Azərbaycan Demokratik Respublikasının qurucuları və ideya daşıyıcıları bir nümunə olmalıdır. Xaricilərlə söhbətlərimdə 1918-ci ildə qurulan və həmin zamana görə bir çox qabaqlayıcı və demokratik islahatlar aparan, dövrün gerçək demokratları və liderlərini misal göstərirəm. İnanıram ki, həmin Azərbaycançılıq ideyası bütün həmvətənlərimizi cismən olmasa da, ruhən bir araya gətirib, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirmək üçün aparıcı qüvvə rolunu oynayacaq. İnanıram  ki, gün gələcək və Azərbaycanı Avropa ölkələri səviyyəsində görəcəyik. Nədən də, ölkəmiz həmişə reytinqlərdə ilk yerləri tutan Danimarka kimi olmasın? Axı buna istər maddi resurslarımız, təbii sərvətlərimiz, istərsə də insan resurslarımız var. Lazım olan düzgün strategiya seçmək və gələcək üçün vizyon qurmaqdır. Avropayla əməkdaşlıq və inteqrasiya əsas məqsədlərimizdən olmalıdır. Ona görə də, biz - xaricdə yaşayanlar indidən yerli əhaliyə Azərbaycanı tanıtmalı və fərqliliyimizi göstərməliyik. İnteqrasiya vacibdir, amma onun assimilasiyaya dönməsinə yol vermək olmaz. Bu prosesdə  Əli bəy Hüseynzadənin sözlərini unutmamaq lazımdır:  “Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, müasir qiyafəli fədai!” .

-Siz Azərbaycanı Avropada, xüsusən Danimarkada tanıtmaq üçün hansı layihələr həyata keçirirsiniz? Perspektivdə olanlar hansılardır?

- Keçən il May ayında Danimarka və İşveçin Malmö şəhərində yaşayan azərbaycanlılarla birlikdə “Respublika günü” münasibətiylə Kopenhagenin mərkəzində yerləşən Ratuşa meydanında (Radhusplads) “Danimarkada Azərbaycan Mədəniyyəti Günü” keçirdik.  Azərbaycan Dövlət Rəqs Ansamblı və Azərin xanımı çıxışı, eyni zamanda milli şirniyyatlarımız və mədəniyyətimizi tərənnüm edən kitabçalar danimarkalıları valeh etmişdi. Bu cür tədbirləri davamlı olaraq etməyə çalışırıq.

 Qeyd etdiyim kimi, Danimarka universitetlərində oxuyan azərbaycanlılar sayca çox azdır. Burada ölkəmizi tanıtmaq üçün hələ çox işlər görmək lazımdır. Ona görə də, elə keçən ayın sonu toplaşaraq gənclər təşkilatı qurmaq barədə fikir mübadiləsi apardıq. Məsələn,  fevralın 24-ü Xocalı hadisələriylə bağlı təhsil aldığım universitetdə tələbə və müəllim heyətinə məlumatverici seminar keçirdik. Seminar iştirakçılarına Dağlıq Qarabağ probleminin tarixi və xüsusilə Xocalı faciəsi haqqında məlumat verildi. Seminarın əsas məqsədi Qarabağ barədə məlumat vermək, bölgədə sülhün bərqərar olması və bunun yollarının axtarıb tapılması idi. Seminarda xarici qonaqlarla yanaşı ermənilər də iştirak edirdi. Ermənilər hər zaman çalışırdılar ki, seminarın işinə mane olub Azərbaycan həqiqətlərinin üzə çıxmasına, yazıq erməni simasının ifşasına mane olsunlar. Bakıdan telefon bağlantısı quran hüquqşünas və politoluqun danışıqlarına hər zaman mane olurdular. Nəticədə seminar baş tutdu. Xarici qonaqlara Qarabağ barədə ətraflı məlumat verildi. Onu da qeyd etmək istərdim ki, ermənilərin hamısı ingilis dilin çox mükəmməl bilirdilər. Xocalıda 613 nəfəri, o cümlədən 63 uşağın da ermənilər tərəfindən öldürülmədiyini, bunları azərbaycanlıların özləri etdiyini həyasızcasına bildirdilər.

BMT-nin 4 qərarının niyə yerinə yetirmədikləri sualına, onlar belə cavab verdilər: “Biz belə bir təşkilat tanımırıq”. Ermənilər bir daha sübut etdilər ki, onlardan alçaq və şərəfsiz ikinci millət yoxdur.

 2011-ci il üçün çox maraqlı və faydalı layihələrimiz var. Ümid edirəm ki, 2011 gənclərin böyük işləriylə yadda qalacaq. Martda Danimarkanın ən tanınmış 5 universitetində 1 həftə ərzində Azərbaycanla əlaqədar “Mədəniyyət günləri” keçirməyi planlaşdırırıq. Həmçinin burada yaşayan digər həmyerlilərimiz vaxtaşırı tələbələrlə görüşlər keçirir, ölkəmiz haqqında onlara məlumat verir.

- Keçirdiyiniz layihələrdən biri olan saytınız haqqında da ətraflı məlumat vermənizi xahiş edirəm?

- Danimarka əhalisinin 97%-in yüksək sürətli internetə çıxışı var. Bu da o deməkdir ki, internet vasitəsiylə çox asanlıqla danimarkalılara istədiyimiz məlumatı çatdıra bilərik. Amma təəssüf ki, virtual aləmdə Danimarka dilində Azərbaycana aid məlumat yox dərəcəsindədir. Bir neçə veb sayt var, amma azərbaycancadır və əsasən azərbaycanlılar üçün hədəflənib. Bu boşluğu görüb, həm Danimarka, həm də ingilis dillərində veb sayt qurmaq qərarına gəldik. Sayt ölkəmizin tarixini, zəngin mədəniyyətini, incəsənəti və musiqisini tanıtmaq məqsədi daşıyır. Xüsusi bölmə olan xalçaçılıq və ölkəmizə aid son xəbərlər də saytda yer alacaq.

-Azərbaycan buradan daha yaxşı “görünür”, yoxsa Danimarkadan?

-Azərbaycanda bir müddət yaşamış və orada olan problemləri bilənlər üçün xaricdən ölkəmiz daha aydın görünür məncə. Çünki müqayisə edib paralellər aparmağa və xarici təcrübədən yararlanıb daha innovativ yollar tapmağa imkanları olur.

- Avropadakı Azərbaycan gənclərinin həmrəyliyi hansı formadadır?

- Yuxarıda qeyd etdiyim kimi, əgər ümumi bir ideya, dəyərlər və gələcək üçün vizyon olarsa, həmrəylik daha güclü olar. Amma həmrəylik, hər şeydə eynifikirlilik anlamına gəlməməlidir. Müxtəliflik həmişə olmalıdır və elə inkişafın səbəblərindən biri də müxtəliflikdir. Bu daha çox müzakirələrə yol açır və problemə müxtəlif istiqamətdən yanaşmanı təmin edir. Amma kritik məqam gəldikdə, gənclərimiz vahid ideya ətrafında birləşməyi bacarmalıdırlar...

-Maraqlıdır ki, danimarkalı öz yaşıdlarınız münasibətlər qurmaq üçün Sizləri özlərinə yaxın buraxırlarmı? Onlarla birgə hansısa layihələriniz olubmu?

- Eşitmiş olarsınız ki, Qərbi Avropa ölkələrinin, xüsusiylə də şimal tərəfin insanları “soyuq” və “qapalı” olur. Bu fikirlə tam razıyam. Səbəbini müxtəlif cür izah edənlər var. Bəzilər bunu təbii, bəziləri isə müəyyən dərəcədə artan xarici immiqrant axınından qorxu kimi qələmə verir. Ən çox səslənən fikirlərdən biri isə soyuq hava iqlimiylə bağlıdır. Çünki şimal ölkələriylə müqayisədə Cənubi Avropada yaşayan insanlar daha “isti” və “açıq”- dırlar.

Ümumilikdə, danimarkalılar yaxşı insanlardır. Küçədə bir şey soruşsanız həmişə sizə yardımçı olacaqlar. Yalan danışmazlar və verdikləri vədə əməl edərlər. Ciddi iş disiplinləri var. Təhsilimin bir hissəsi olaraq hər semester danimarkalılarla eyni qrupda proyekt üzərində işləyirik. Bəzi məsələlərə müxtəlif yanaşmamız olsa da, sonda müzakirə edib ortaq məxrəcə çatmağa çalışırıq.

 

 

Paritet.-2011.-10-11 mart.-S.10.