Elmi diaspordonor axtarışında

 

Natiq Əhmədov: “Hansısa Condansa, zavodda işləyən azərbaycanlı yaxşıdır

 

 Azərbaycanın insan resursu daim dünyanın diqqət mərkəzində olub. Təsadüfi deyil ki, bu gün dünyanın müxtəlif ölkələrində kifayət qədər alimlərimiz, elm adamlarımız çalışır. Bu insanların əksəriyyəti öz qiymətlərini ala bilmədikləri Sovet dövründə və müstəqilliyimizin ilk çağlarında qürbətə üz tutanlardır. Bu elm adamlarımız artıq bir çox dünya ölkələrində geniş fəaliyyətlə məşğuldur və öz fəaliyyətləri ilə çalışdıqları ölkələrin ictimaiyyətində böyüyüb, boya çatdığı vətəni də təmsil edirlər. Lakin hazırda xaricdəki azərbaycanlı mütəxəssislərin  diasporumuzun mühüm tərkib hissəsi olan elmi-texniki diasporla əlaqələri  istənilən səviyyədə deyil. Alim-tədqiqatçı soydaşlarımızın təcrübəsindən ölkəmizin beynəlxalq elmi-texniki əməkdaşlığının inkişafında istifadə olunması isə ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün xaricdə müvəqqəti və ya daimi yaşayan alimlər, tədqiqatçılar fəaliyyətindən istifadə edilməsi üçün son illər bir çox addımlar atılıb. Məqsədsə bu elm adamlarını bir araya gətirmək, koordinasiyalı şəkildə fəaliyyət göstərmələrini təmin etməkdir. Bu istiqamətdə atılan addımlardan biri də elmi diaspor şəbəkəsinin yaradılmasıdır.  Bu layihəni irəli sürənAzərbaycandan Kənarda Təhsil Alan Mütəxəsislərtəşkilatı elmi diaspor fəaliyyətinin qurulmasında mühüm addımlar atıb.

Qeyd edək ki, AKTAMn üzvləri 1970-1980-ci illərdə respublikamızdan kənarda,  keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil almış mütəxəssislərdir. Təşkilatın 2000-dən artıq üzvü var. Üzvlərdən 25 nəfəri elmlər doktoru, 187 nəfəri elmlər namizədidir. 141 nəfər Moskva Dövlət Universitetinin məzunudur. Təşkilat indiyədək təhsil, informasiya, vətəndaş cəmiyyəti mövzularında 20-dən artıq layihələr həyata keçirib. Üzvlərindən də göründüyü kimi, ölkədən kənarda yaşayan və çalışan elm adamlarını bir arada birləşdirən təşkilatın elmi diasporla bağlı layihəsinin əsas məqsədi isə xaricdə alimlərin, tədqiqatçıların, müasir texnika və texnologiya sahəsində qabaqcıl mütəxəssislərin informasiya-analitik məlumat bankını yaratmaq olub. Bu məqsədlə yaradılan elmidiaspora.internet.az saytında həmin soydaşlarımız haqqında ümumi məlumatlar, əlaqə ünvanları, elektron poçt ünvanları, nəşr olunmuş elmi əsərlərinin siyahısı və sair məlumatlar saytda toplanıb. Azərbaycanın elmi diasporu haqqında internet portalı hazırlamaq məqsədilə xaricdə yaşayan, elmi-tədqiqat, innovasiya fəaliyyəti ilə məşğul olan alim həmvətənlərimizlə ölkəmizdə fəaliyyət göstərən alimlərin internet şəbəkəsində daimi dialoqu da yaradılıb. Bu həm də onların Azərbaycandakı həmkarları ilə elmi-peşəkar əlaqələrinin aktivləşməsinə, Azərbaycanın dünya birliyinə inteqrasiyasının sürətlənməsinə hesablanıb. Layihə çərçivəsində elmi-texniki diasporun ayrı-ayrı nümayəndələri ilə təmas qurulması və elektron ünvanlar bankının yaradılması işini internet vasitəsilə sorğular aparmaqla həyata keçirilib.

Layihənin əlaqələndiricisi və ekspert qrupunun üzvü Natiq ƏhmədovParitet”-ə açıqlamasında bildirib ki, bu layihə elmi diasporla əməkdaşlıq üçün stimul və metodların hazırlanması işində xüsusi əhəmiyyətə malikdir: “Azərbaycanda çox az sayda portal var ki, bizim texnologiya ilə çalışır. Xaricdə yaşayan alim bizim sayta müraciət edir, bundan sonra ona məlumat verilir ki, qeydiyyata alınıb. Sonra həmin alim saytda öz səhifəsini açır, özü barədə məlumatları, elmi məqalələrinin adını və sair informasiyaları orda yerləşdirir. Burda bazanı doldurmaq üçün, yəni 500, 1000 nəfər alim barədə məlumatların yerləşdirilməsi üçün böyük iş görülüb”.

   Layihə çərçivəsində dünyanın 40 ölkəsində - ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Niderland, Avstraliya, Norveç, Avstriya, İslandiya, Almaniya, İspaniya, Polşa, İsveç, Belçika, İsrail, BƏƏ, İsveçrə, Rumıniya, Rusiya, Çexiya, Latviya, Türkiyə, Çin, Litva, Bolqarıstan, İtaliya, Ukrayna, Danimarka,Yaponiya, Estoniya, Misir, Yeni Zelandiya, Finlandiya, Tacikstan, Moldjva, Gürcüstan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızstan və diaspor təşkilatı olmayan, yalnız səfirliklərin fəaliyyət göstərdiyi 16 ölkədə-İndoneziya, Hindistan, İordaniya, Koreya, Küveyt, Kuba, Qətər, Liviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Pakistan, Səudiyyə Ərəbistanı, Yunanıstan və Türkmənistanda yaşayan azərbaycanlı elm adamlarını bir arada birləşdirmək məqsədi daşıyır. Görüləcək işlərə gəlincə, N.Əhmədov bildirib ki, xaricdə yaşayan alim-həmvətənlilərimizin elmi-tədqiqat işlərinin vahid kataloqları ilə yanaşı, onların özləri haqda, elmi fəaliyyət sahələri haqda məlumatların, həmçinin əlaqə ünvanlarının toplanması çox vacibdir: “Kataloqun doldurulması xaricdə yaşayan mütəxəssislərin özləri tərəfindən həyata keçirilməsi daha məqsədəuyğun olardı, ona görə də bu prosedura maksimum sadə və rahat olmalıdır. Hər bir alim-tədqiqatçının təxminən 20-250 elmi əsəri ola bilər, bu kataloqda alimlərin əsərlərinin özlərinin yerləşdirilməsi çətin problemdir. Daha real, alimlərin nəşr olunmuş əsərlərinin siyahısının yerləşdirilməsidir. Bu zaman konkret elmi əsərlə maraqlanan sayt istifadəçisi bu alimin özünə müraciət edərək bu əsərin elektron versiyasını alimin özündən əldə edə biləcək”.

 Saytın “Elmi diaspor” hissəsindəki bazada yerləşən alim-həmvətənlərimizin siyahısı, onların adı, familiyası, yaşadığı ölkə, müvafiq fotoşəkillər, alimin özü haqda ətraflı məlumatlar yerləşdirilib. Eyni zamanda saytda məlumat yerləşdirən nümayəndələrin siyahısı, onların yerləşdirdiyi məlumatların sayı, elmi sahələrin siyahısı və bu sahəyə aid məlumatların sayı yerləşdirilir. Sosial şəbəkənin qurulası məqsədilə sonradan portala çevrilən saytın fəaliyyəti isə layihə müddətinin bitməsi səbəbindən dayanıb.

Ötən il Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşən layihə müddəti başa çatdıqdan sonra fəaliyyətin davam etdirilməsi üçün  QHT-lərə Dəstək Şurasına müraciət edilsə də maliyyə yardımı ayrılmadığından sayt öz işini dayandırıb. Bu barədə qəzetimizə açıqlamasında N.Əhmədov bildirib: “Layihə demək olar ki, dayanıb. Biz ilkin olaraq Açıq Cəmiyyət İnstitundan kiçik qrant almışdıq. Bu layihə çərçivəsində elmi diasporadan bəhs edən, müasir texnologiyaya uyğun portal hazırladıq. Bu portala xaricdə yaşayan Azərbaycanın elm adamlarını cəlb etdik. Nəzərdə tuturduq ki, bu sosial şəbəkə kimi qurulsun. Layihəyə maraq da çox idi. Sonradan isə bu işi davam etdirmək üçün layihəni QHT-lərə Dəstək Şurasına təqdim etdik. Amma dəstək verən olmadı”. Onun sözlərinə görə portalın dayandırılmasına digər səbəb isə xaricdən gələn məktublar olub: “İşin dayanmasına digər səbəb xaricdən gələn məktublar da oldu. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən elm adamlarımız bizə müraciət edərək bildirdi ki, elmi diaspor adlı portalda sənədlərin, materialların ingilis dilində olması daha məqsədəuyğundur. Mən həmin soydaşlarımızı da qınamıram. Çünki onlar uzun zamandır ölkədən uzaqda yaşayır və bütün fəaliyyətlərini ingilis dilində aparırlar. Artıq ingilis dili onlar üçün işçi dilidir. Təbii ki, portalın ingilis dilində fəaliyyət göstərməsi üçün kadr və maliyyə yardımı lazımdır”.

Qeyd edək ki, portal fəaliyyət göstərdiyi zaman Türkiyə və Böyük Britaniya üzrə nümayəndəliyi də yaradılıb. Belə ki, Türkiyə üzrə nümayəndə elmlər doktoru Ürfət Nuriyev, Böyük Britaniya üzrə nümayəndə isə Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Qulamrza Təbrizi olub. Hər iki nümayəndənin əsas vəzifəsi orda yaşayan və işləyən azərbaycanlı alimləri məlumatlandırmaq və saytda qeydiyyatdan keçməsinə yardım etmək olub.

  N.Əhmədovun bildirib ki, artıq portalda Türkiyədən yaşayan 14 azərbaycanlı alim qeydiyyatdan keçib. Onun sözlərinə görə, portalın məziyyətlərindən biri də istənilən şəxsin icazə əsasında portalda qeydiyyatdan keçərək, özü haqqında məlumat verə, öz elmi işlərini yerləşdirə bilməsidir. Əlaqələndirici şəxs hər ölkədə nümayəndəliyin açılmasını planlaşdırdıqlarını deyib: “Həmin nümayəndələr fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycanı təbliği, həmçinin orda yaşayan azərbaycanlı elm adamlarını bir koordinasiyada birləşdirməsində mühüm rol oynaya bilər. Bizim birinci məqsədimiz xaricdə yaşayan azərbaycanlı alimləri Azərbaycana tanıtmaq idi.  İkinci məqsədimiz isə bu alimlər vasitəsilə tək elmi yox, Azərbaycanın ən ağrılı yeri olan Qarabağ, Xocalı və digər problemlərimizi dünyaya tanıtmaq, informasiya müharibəsində güclü tərəf olmaq idi. Yəni bu insanlar öz elmi fəaliyyəti ilə məşğul olarkən öz çevrələrinə Azərbaycanla bağlı məlumatları, o cümlədən erməni barəsində əsl həqiqətləri çatdırsın”.

Onun sözlərinə görə, portalın daha geniş sferada yayılması üçün bütün səfirliklərə, xarici diaspor təşkilatlarına məktub ünvanlasalar da, heç bir yerdən dəstək verilməyib. N.Əhmədov nə qədər ağrılı olsa da, ermənilərin bu məsələlərdə bizdən öndə olduğunu vurğulayıb: ”Ermənilər bu sahədə işlərini 10 ildir həyat keçirsələr də, bizim layihəmiz nə qədər effektli olsa belə cəmi üç ay fəaliyyət göstərdi. Bu gün ermənilərin çoxlu sayda belə işləri var. Onların 40 min alimi bir şəbəkədə birləşib. Bizdə isə heç qırx nəfər alimi bir araya gətirmək olmur. Çünki, bu sahədə imkanlarımız məhduddur. Ermənilər 10 ildir bu fəaliyyətlə məşğul olurlar. Bizim layihə isə cəmi üç ay fəaliyyət göstərdi. Amma bu layihənin Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. Bu gün xaricdə elə alimlərimiz var ki, onu ölkə ictimaiyyəti tanımır. Əsas işimiz məhz bu insanların, onların elmi fəaliyyətinin Azərbaycanda tanıdılması, həmin elm adamlarının bir-birini tanıması və Azərbaycanla bağlı həqiqətlərin onların vasitəsi ilə dünyaya çatdırmaq idi. Biz buna müəyyən qədər nail olduq, müəyyən işlər görüldü. Lakin hələ ki bu fəaliyyət dayanıb”.

 Layihəni davam etdirmək, portalın ingilis versiyasını yaratmaq və təbliğat aparmaq üçün imkanlar axtardıqlarını deyən Nhmədov bildirib ki, növbəti dəfə Şuraya yenə müraciət edəcəklər: “O zaman onlardan soruşacağıq ki, Azərbaycan üçün çox əhəmiyyətli bir layihə nəyə görə dəstəklənmir. Əgər doğrudan da bu layihə vacib deyilsə, desinlər bilək. Bu layihəni birbaşa Diasporla İş üzrə Dövlət Komitəsi dəstəkləmişdi. Bizim dərdimiz qrant almaq deyil. Digər layihələrdən təkcə keçən il dörd dəfə qrant almışıq. Bu layihə isə dövlət və millətlə bağlı bir məsələdir. Sadəcə olaraq belə bir layihənin başqa donorlar tərəfindən maliyyələşməsinin özü gülüncdür. Ermənilərə baxın. Onların bütün bu tipli layihələrini özləri maliyyələşdirir. Azərbaycan hökuməti belə məsələlərə kifayət qədər vəsait ayırıb. Bunun üçün fond yaradıb. Orda qəbul edilən layihələrin hamısı Azərbaycan üçün aktualdır. Amma belə çıxır ki, bu layihə aktual deyil? Onu da bildirim ki, Təhsil Nazirliyi və bir çox dövlət qurumları bu layihənin əhəmiyyəti barəsində bizə məktublar göndərib. Həmin məktubları portalda da yerləşdirmişik”.

 Layihənin əlaqələndiricisi qeyd edib ki, virtual məkanda azərbaycanlıların bir-birini tanıması, haqsızlıqlarla birgə mübarizə aparması üçün xaricdəki bütün soydaşlarımızla əlaqələr yaradılmalıdır: “Biz çalışırıq ki, bu virtual məkanda azərbaycanlılar bir-birini tanısınlar, yaxınlaşsınlar. Təkcə elm adamları deyil, digər insanlarla da əlaqələr yaradılmalıdır. Əgər hansısa azərbaycanlı xarici ölkədə hər hansı zavodda işləyirsə, bu insanın da xeyri böyükdür. Misal üçün, həmin insan işlədiyi zavoddakı yeniliyi, texniki irəliləyişləri gətirə bilər. Biri var bu yenilikləri öyrənmək üçün küllü miqdarda pul verib hansısa Conu gətirək, hələ bir minnətinə də dözək. Biri də var ki, xaricdəki azərbaycanlını gətirib onun bildiyi yeniliklərdən öyrənək. Hər halda hansısa Condan azərbaycanlı qat-qat yaxşıdır. Belə məsələləri diqqətdən qaçırtmaq olmaz”.

Onun sözlərinə görə, Vətəndən uzaqda yaşayan elm adamlarımızı, qabaqcıl ziyalılarımızı bir araya gətirərək, onların bacarığından istifadə etməyin gənclərə də xeyri böyükdür. Belə ki, xaricdə təhsil alan gənc tələblərimizi istiqamətləndirməkdə bu insanlardan istifadə etmək məqsədəuyğun olardı: “Dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimiz diaspor fəaliyyətində fəal iştirak edirlər. Amma onların təcrübəsi istənilən qədər deyil. Ona görə də bəzən hansısa işlərdə səhvlərə də yol verilir. Bu səhvlərin olmaması üçünsə gənc nəslin önündə gedən ziyalı lazımdır. Məncə, həmin misiyanı xaricdəki elm adamlarımızdan çox yaxşı yerinə yetirə bilər. Bunun  üçün gərək əvvəlcə onları bir araya toplamaq lazımdır”.

 

 

Asif NƏRİMANLI

 

Paritet.- 2011.- 12-14 mart.- S. 10.