Burda Cənub-Şimal məsələsi yoxdur

 

Cənubi azərbaycanlıların çoxluq təşkil etdiyi Norveçdəki diasporumuz ölkəmizlə bağlı ciddi işlər görür

 

 Hazırda Norveçdə xeyli sayda azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Cənubdan  gələnlərdir. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki,  Norveçdə ölkəmizin tanınması istiqamətində görülən işlərin çoxu məhz orada yaşayan azərbaycanlıların payına düşür. Ümumən Norveçdə təqribən cənublu-şimallı 4000-5000 arası azərbaycanlı yaşayır.  Onların arasında Norveçdə dünyaya göz açan yeni nəsil azərbaycanlı uşaqlar da var.  Təkcə Osloda yaşayan azərbaycanlıların sayı min nəfərdən çoxdur.  Norveçdə orta və ali məktəblərdə Norveç dilində təhsil alaraq,  bu ölkədə cəmiyyətin fəal üzvlərinə çevrilirlər.  Bu da Azərbaycanla bağlı məlumatların norveçlilərə ətraflı olaraq öz dillərində verilməsinə imkan yaradır.

Norveçdə yaşayan diaspor fəalımız Norveç Azərbaycanlı Gənclər Təşkilatının (NAYO) sədri Ramin Əliyev qeyd edir ki, bu uşaqların və gənclərin Avropa cəmiyyətinə inteqrasiya olunmalarında problem olmayacaq. Problem həddi-buluğa çatdıqdan sonra Norveçə köçən azərbaycanlıların inteqrasiyasında olur.  Onların çoxu Norveç dilini yaxşı bilmir və bu, onların cəmiyyətdə layiqli mövqe qazanmalarına mane olur(“Azadinform”).

 İntellektual cəhətdən daim seçilən həmvətənlərimiz Norveçin demək olar ki, bütün strukturlarında təmsil olunurlar.  İrandakı teokratik rejimin təqibləri üzündən Skandinaviya yarımadasına pənah aparmış Əkbər Muğanlının fəaliyyəti, gördüyü işlər buna nümunə ola bilər.  O, 1978-ci il İran inqilabına qədər öz doğma torpağında yaşayıb.  Molla rejiminin hakimiyyətə gəlməsi əksər həmvətənlərimiz kimi onun da təzyiqlər, haqsızlıqlarla üzləşməsinə səbəb olub. Azərbaycan dilində məktəblərin olmaması, onun mükəmməl təhsil almasına əngəllər yaradıb. Yazıb-oxumağı babasından öyrənib və dözülməz həyat şəraiti onu Şimala gəlməyə vadar edib. Amma Ə.Muğanlı burada da çox qərar tuta bilməyib. Bu dəfə tale onun həyatını Norveçlə bağlayıb. Vətəndən uzaqlarda yaşamaq ona o qədər də xoş deyil.  Özü etiraf edir ki, norveçlilər azərbaycanlılar kimi istiqanlı, qonaqpərvər deyillər:

-Təbii ki, hər iki ölkənin müqayisəsini aparsaq, kifayət qədər fərqli cəhətlər görərik.  Məsələn, Norveçdə insanlar daha yaxşı maaş alırlar, burada həyat səviyyəsi daha yüksəkdir.  Amma insanlar bizimkilər kimi, emosional deyillər. Əksinə, çox soyuqdurlar. Küçənin ortasında yıxılıb qalsan, heç kəs yaxınlaşmayacaq. Burada qonşuların bir-birlərinə gedib-gəlməsi halları da yoxdur. Yəni hər kəs özü üçün yaşayır. Etiraf edim ki, bu cür yaşayış çox darıxdırıcıdır. Azərbaycanda isə tam fərqli mühitlə qarşılaşırsan. Hər kəs bir-birinə gedib gəlir. Qonaqpərvərlik ən yüksək səviyyədədir.  Şəxsən mənim fikrimcə, Azərbaycanda yaşamaqdan zövqverici heç nə ola bilməz.  Mənim vətəndaşlığım olmadığına görə, Bakıda daimi yaşaya bilmirəm. İnşallah bu işi həll etsəm, köçüb öz vətənimə gedəcəyəm”.

Onun fikrincə, bizdə çatışmayan odur ki, daha çox başqalarını tərifləməyi sevirik. Azərbaycanda Avropanı o qədər təbliğ ediblər ki, imkan tapan bura gəlmək istəyir.  Halbuki onların böyük əksəriyyəti istəyinə nail olduqdan sonra səhv etdiyini anlayır.  Əkbər bəy Norveçdə fəaliyyət göstərən diasporumuzla sıx əlaqələrə malikdir. Onun fikrincə, burada enerjili, vətənpərvər gənclərin çoxluğu öz təsirini açıq-aşkar göstərir. Nəzərdə tutulan bütün tədbirlər ən yüksək səviyyədə gerçəkləşir. Təsadüfi deyil ki, milli bayramlarımız,  mühüm tarixi  günlərimiz təmtəraqla qeyd olunur. Aksiyalar, tədbirlər, imzatoplama kampaniyaları keçirilir. Bu isə ümumilikdə Azərbaycanın təbliğ olunmasına töhfə verir:

- Artıq Norveçdə erməni yalanları demək olar ki, tam ifşa olunub. Onların diasporunun həyata keçirdiyi bütün aksiyalar fiaskoya uğradılır. Çünki ermənilərin atdıqları istənilən addıma adekvat cavab verilir. Təbii ki, çatışmayan cəhətlər də kifayət qədərdir. Norveçdə ölkəmizlə bağlı fəaliyyət göstərən təşkilatlar, qurumlar arasında yüksək səviyyəli əlaqələr yaratmaq mümkün olmayıb. Çünki bəzi fikir ayrılıqları hələ də qalmaqdadır. Bunun aradan qaldırılması üçün ciddi addımlar atılır.

 Bir neçə ay öncə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayında təklif olundu ki, hər bir ölkədə fəaliyyət göstərən diaspor təşkilatları Qarabağ fondu yaratsın və orada yaşayan  azərbaycanlılar imkanları daxilində bura pul köçürsün.  Amma  Ə.Muğanlı bu barədə hər hansı məlumata malik olmadığını bildirib. Onun sözlərinə görə, əgər bu baradə hər hansı təklif olsaydı, bunu çoxdan reallaşdırmaq olardı. Çünki söhbət şəxsi maraqlardan yox, dövlət əhəmiyyətli məsələlərdən gedir. Kimin necə düşünməsindən asılı olmayaraq, bütöv, qüdrətli Azərbaycanla bağlı hər hansı fikir ayrılığı yoxdur.

Əkbər bəy Cənubi Azərbaycanda baş verən məsələyə də öz münasibətini bildirib.  Onun fikrincə, molla rejimi orada yaşayan həmvətənlərimizin hüquqlarını qorxusundan bərpa etmir: “Cənubdakı həmvətənlərimizin istəyini fars rejimi heç vaxt təmin etməz. Səbəb çox sadədir. Bu baş verəcəyi halda, İran parçalanıb, məhv olar.  Biz nə istəyirik? Öz dilimizdə təhsil almaq, özümüzün məktəb və universitetlərimizin olmasını istəyirik.  Bu hüquq İranda yaşayan bütün azlıqlara verilib.  Molla rejiminin bizi hər kəsdən aşağı tutmasının səbəbini açığı anlaya bilmirəm.  Fikrimcə, bizim öz dilimizdə oxumağımız, ən azı mədəni muxtariyyat almağımızla nəticələnəcək. Bunun ardınca isə müstəqillik gəlir. Bu baxımdan Tehran nəyin bahasına olursa-olsun, azərbaycanlıları sındırmaq, hər şeydən məhrum etmək istəyir. Bununla belə, Cənubda yaşayan həmvətənlərimizin səbri, artıq tükənib.  Onların zindanlara atılıb, edam edilməsi, xalqımızın mübarizə əzmini sındıra bilməz.  Artıq bizi qanla qorxutmaq mümkün deyil”.

Onun sözlərinə görə, Urmiya gölünün qurumasına etiraz olaraq xalqın ayağa qalxması, tədricən siyasi tələblərin də gündəmə gəlməsinə səbəb olacaq. Orada baş verən vəhşiliklərin, ədalətsizliklərin dünya birliyinə çatdırılmasına gəldikdə, mütəmadi olaraq aksiyalar keçirlir və bura norveçli gənclər də dəvət olunur. Bu isə tədricən bütün dünyanın gözlərinin Cənubi Azərbaycana yönəlməsinə səbəb olur. Çünki bütün ölkələrdə fəaliyyət göstərən təşkilatlarımız anoloji aksiyaları eyni vaxtda keçirirlər və internetdə yayırlar. Təbii ki, aksiyalar yalnız Cənubla bağlı olmur.  Şimali Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni yalanlarının ifşa olunması, güneyin problemleri qədər önəmli hesab olunur və dünya birliyinə çatdırılır:

-Bu istiqamətdə də mümkün olan hər şeyi edirik.  Burada Cənub-Şimal məsələsi yoxdur.  Azərbaycanın bütün problemləri birlikdə gündəmə gətirilir. İstənilən tədbirdə, sərgidə Qarabağ məsələsi mütləq qaldırılır. Erməni diasporunun burada çox güclü olduğunu düşünmürəm. Yəni belə bir şeylə qarşılaşmamışam. Bizim çatışmayan cəhətlərimizə gəldikdə, təbii ki, var.  Amma bu barədə danışmaq istəmirəm. Hər kəsin eyni məqsəd üçün mübarizə aparması üçün ilk öncə birləşmək lazımdır.

Qürbətdə yaşamasına baxmayaraq, Əkbər Muğanlı Azərbaycan sevgisi ilə yaşayır. Cənuba gedə bilməsə də, darıxanda Bakıya gəlir.  Şimali Azərbaycanın güclənib, inkişaf etməsi ilə hər zaman fəxr edir:

-Bir azərbaycanlı kimi Şimal mənimçün hər zaman qürur mənbəyi olub. Bakı ilə bağlı xoş xatirələrimi heç vaxt unuda bilmərəm.  Son illər ölkəmizin müasirləşməsi, irəli addımlar atması göz qabağındadır.  Mütəmadi olaraq Bakıya gedib-gəlirəm. Bütün qohumlarım, tanışlarım orada yaşayır.  Tam səmimi deyirəm ki,  Bakıda olan gözəlliklərin heç yarısı da Norveçdə yoxdur.  Məni razı salmayan məqamlara gəlincə, çox təəssüf ki, keçən illər ərzində rüşvət və sui-istifadə hallarının qarşısı alınmayıb. Bunlar olmasa, Azərbaycan ideal ölkə olar. Çünki başqa çatışmazlıqlarla qarşılaşmamışam. Mən dünyanın heç bir yerində azərbaycanlılar kimi qonaqpərvər xalq görməmişəm. Ən kasıb adamın qapısına getsən, sənə hər cür qulluq edəcək. Yaşasın dövlətimiz, xalqımız, millətimiz”.

 Əkbər bəy kimi yüzlərlə, minlərlə həmvətənlimiz qürbətdə yaşayır. Onlardan biri də Şervin Nəcəfpurdur. Bu gənc xanım Norveçdə dünyaya göz açıb.  Valideynləri isə Cənubi Azərbaycanın Urmiya bölgəsindəndir.  Qürbətdə doğulmasına baxmayaraq, şirin dilimizdə səslənən laylanın sədaları altında böyüməsi onu əsl azərbaycanlı kimi yetişməsinə səbəb olub.  Bütün varlığı ilə doğma vətənini sevən Şervin xanımın 19 yaşı var.  Gənc olmasına baxmayaraq, Azərbaycan həqiqətlərini Norveç ictimaiyyətinə çatdırmaq üçün bir neçə sahədə fəaliyyət göstərir.  Ana dilindən başqa, ingilis, Norveç dillərində sərbəst danışması ona daha geniş imkanlar yaradıb.  İlk təhsilini Osloda fəaliyyət göstərən özəl məktəblərin birində alıb.  Sonradan  ABŞ-da birillik kurs keçib.  Amerika mühiti, uşaqlıqdan həvəsində olduğu moda işləri ilə də məşğul olmasına imkanlar açır.  Müəlliminin köməyi ilə hazırladığı layihə DECA yarışmasında ona uğur gətirir. Çəkdiyi zəhmətin müqabilində 57 nəfərin içində 8-ci yerə layiq görülür. Özünün dediyinə görə, bu, həyatında aldığı ən qiymətli mükafatlardan biri olub. Bu sahədə fəaliyyətini Norveçə qayıtdıqdan sonra da davam etdirib.  Gənc olmasına baxmayaraq o, gördüyü işlərdə heç bir çətinlikdən qorxmadığını deyir:

-Norveç inkişaf etmiş ölkədir.  Burada qadın-kişi ayrı-seçkiliyi yoxdur. Hər kəsin hüquqları bərabər səviyyədə qorunur. Etiraf edim ki, burada norveçlilərlə işləmək daha asandır. Çünki insanlarımızın bir qismi qadınların işləməsinə hələ də normal baxmır. Müqayisə üçün ölkəmizlə bağlı fəaliyyət göstərən təşkilatlara nəzər salaq. Bir ya da iki qurumun məsul işində qadın tapa bilərik. Ən yüksək vəzifələrdə kişilər işləyir. Bu baxımdan təbii ki, bəzi çətinliklər olur. Amma insanı istəyindən heç nə döndərə bilməz. Məqsədim, arzum ölkəmizin dünya miqyasında layiqli yerini tutmasıdır.  Bunun üçün kiçik bir iş belə görə bilirəmsə, qürur duyuram.  Əslində öz işim modayla bağlıdır. Çünki bu sahəyə uşaqlıqdan həvəsim olub. Bununla belə, Azərbaycanla bağlı könüllü olaraq əlimdən gələn hər şeyi etməyə çalışıram. Norveçdə fəaliyyət göstərən “Azərbaycanın səsi” radiosunda aparıcı işləyirəm. Norveç, ingilis və öz ana dilimizdə proqramlar aparıram. Radio haqqında qəzetinizdə yazı getdiyindən geniş məlumat verməyəcəm. Yəqin özünüz hər şeyi bilirsiniz. Burada sırf Azərbaycan təbliğ olunur. Ölkəmizin mədəniyyəti, tarixi, ədəbiyyatı, eyni zamanda baş verən siyasi hadisələr barədə ətraflı məlumat veririk. Hazırda birbaşa yayım mümkün deyil. Amma bütün proqramları “You Tobe”-da, eyni zamanda onlayın arxivimizdə yerləşdiririk. İnşallah gələcəkdə birbaşa yayım hüququnu da əldə edərik. 

Bundan başqa, Facebookda “Urmu gözəli”nin yaradıcısıyam.  Burada Azərbaycanın yüksək mədəniyyətini, mənəviyyatını təqdim etməyə çalışırıq. Sayta girən istifadəçilərin sayına baxıb, əminliklə deyə bilərəm ki, gördüyümüz işlər nəticəsiz qalmayıb. Gələcəkdə daha böyük uğurlara imza atacağımıza şübhəm yoxdur.

Amma Şervin xanımım fəaliyyəti dedikləri ilə məhdudlaşmır.  O həmçinin Norveçdə fəaliyyət göstərən “Xəzər Yanar” dərnəyinin fəal üzvlərindədir.  Özünün dediyinə görə, həm dərnək, həm də radio vasitəsilə burada yaşayan azərbaycanlıları bir araya gətirmək mümkün olur. Milli günlərimizi, bayramlarımızı, önəmli hadisələri təmtəraqla qeyd edirlər.  Həmvətənlərimizin bu tipli tədbirlərdə fəal iştirak etməsi onları daha da həvəsləndirir: “İndiyə qədər gerçəkləşdirdiyimiz bütün tədbirlərə norveçli dostlarımızı da dəvət edirik. Doğrudur, onların sayı o qədər də çox olmur. Amma gələnlər tariximiz, mədəniyyətimizlə maraqlanıb, suallar verirlər. Daha çox tanınmaq üçün böyük işlər görülməlidir. Biz hələ başlanğıc mərhələsindəyik.   Xocalı faciəsini hər il geniş şəkildə qeyd edirik. Sərgilər, yürüşlər təşkil edirik. Doğrudur, bunların keçirilməsi üçün bizə hər hansı maddi yardım edilmir. Hər şeyi dərnəyimizin hesabına gerçəkləşdiririk. Btün bunların Bir neçə dəfə 20 Yanvar hadisəsinin ildönümündə Rusiyanın Norveçdəki səfirliyi qarşısında etiraz aksiyası keçirmişik.  Cənubi Azərbaycanda baş verən- lərlə bağlı da ciddi işlər görürük. Son günlər Urmiya gölünün qurumasına həsr olunan iki seminara qatılmışam. Son tədbir Norveç parlamentində oldu.  Sadaladığım bütün tədbirlərin, aksiyaların videolarını internetdə də yerləşdirmişik. Təbii ki, bu, miqyasın daha geniş auditoriyanı əhatə etməsinə hesablanıb”.  Şervin xanım həmçinin ölkəmizin təbliğ olunması üçün kliplərin çəkilişində də iştirak edir. Başqa bir diaspor fəalımız Ramil Əliyev isə qeyd edir ki, 2006-ci ildə Norveçin paytaxtı Oslo şəhərində yaranan  və sədri olduğu NAYO-nun əsas məqsədi Norveçdə yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiyasına yardımçı olmaq, onları təşkilatlandırmaq və hüquqlarını müdafiə etməkdir:

-  Bildiyiniz kimi, Azərbaycanın Norveçdə səfirliyi yoxdur və təşkilatımız eyni zamanda norveçlilər üçün Azərbaycana dair ilk informasiya və əlaqə mənbəyi rolunu oynayır(Azadinform).

  Onun dediyinə görə, Norveç neft ölkəsi olduğundan burada yaşayan azərbaycanlıların əksəriyyəti neft sənayesində çalışır. Ancaq Oslodakı soydaşlarımız arasında təhsil sahəsində çalışanların da sayı çoxdur.  Ümumiyyətlə, Osloda azərbaycanlılar böyük şirkətlərdən tutmuş, kiçik xidmət sahələrinə kimi müxtəlif sahələrdə çalışırlar.  

Üç il əvvəl NAYO-nun tərkibində Norveçin Azərbaycanlı Tələbələr Təşkilatı da (NASO) yaradılıb.  Məqsəd NAYO-nun yükünü azaltmaq olub:

-O ki qaldı diaspor işində buradakı həmvətənlərimizin fəallığına, onlar imkanları daxilində NAYO-ya dəstək olur və həyata keçirdiyimiz layihələrdə iştirak edirlər.  Layihə yazacaq və onu həyata keçirə biləcək adamlarımız azdır.  Məncə, bu onların Norveçdəki iş sistemini bilməmələrindən və təcrübəsizliklərindən irəli gəlir. Bu cür vəziyyət normal deyil.  Fikrimcə, onlar fəallıqlarını daha da artırmalıdır ki, biz birlikdə daha güclü olaq, haqq səsimizi və Azərbaycan həqiqətlərini Avropada daha yüksək səviyyədə çatdıra bilək və eyni zamanda təşkilatın imkanlarını daha da genişləndirək.

Norveçdə yaşayan diaspor fəallarımız  əslən Cənubi və ya Şimali  Azərbaycandan olmalarından asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsində mövqeləri olduqca konkretdir. Onlardan birinin-Şervin xanımın “Paritet”-ə dediklərini ümumi mövqe kimi də qəbul etmək olar: “Dağlıq Qarabağ bütün azərbaycanlıların yaralı yeridir. Təbii ki, mən də məsələnin sülh yolu ilə həll olunmasına tərəfdaram.   Azərbaycanın mövqeyi bütün dünyaya məlumdur. İstəyimiz işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır. Amma artıq heç kimdə şübhə qalmayıb ki, Ermənistan sülh yolu ilə hər hansı ərazini geri qaytarmayacaq. Yaxınlarda bir erməni keşişinin çıxışına qulaq asdım. O, həyasızcasına bəyan etdi ki, biz Qarabağı qan töküb almışıq.  Əgər Azərbaycan gerçəkliklə razılaşmırsa, zəhmət çəkib yenidən müharibəyə başlasın. Hesab edirəm ki, bu, ermənilərin siyasətidir və bunu dəyişməyəcəklər. Münaqişədə Avropanın da ikiüzlü siyasət aparması heç kəsdə şübhə doğurmur. Onlar sadəcə Azərbaycanı məğlub durumda görmək istəyirlər. Bütün bu illər ərzində onların nazı ilə oynamışıq. Artıq real işə keçməyin tam zamanıdır”.

 

 

Məhəmməd TAĞIYEV

 

Paritet.-2011.-1-2 noyabr.-S.12-13.