Qazaxıstan azərbaycanlıları Azərbaycanla intensiv əlaqə saxlayırlar

 

Qazaxıstanda 14 vilayətdə diasporun tərkibinə daxil olan Mədəni Mərkəzlər fəaliyyət göstərir

 

 Qazaxıstanda fəaliyyət göstərən milli diaspor təşkilatlarımızdan bir də  “Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyətidir. 1992-ci ilin mayın 19-da yaradılan Cəmiyyətin təsis konfransında onun nizamnaməsi qəbul olunub. Cəmiyyətin yaranması elan edilib. Cəmiyyətin sədri Vəlixan Məmmədəliyevdir. Cəmiyyətin məqsədi həmvətənlərimizi bir mərkəz ətrafında birləşdirmək və onun vasitəsilə qazaxları, rusları və başqa millətləri Azərbaycanın tarixi, incəsənəti, mədəniyyəti ilə tanış etmək, respublikamız haqqında bütün həqiqəti orada baş verən ictimai siyasi hadisələrin mahiyyətini başa salmaqdır. Cəmiyyətin nəzdində Ağsaqqallar Şurası yaradılıb. Cəmiyyət Uralskda fəaliyyət göstərən digər xalqların milli mərkəzləri ilə sıx əlaqədə işləməyə çalışır.

Dünyaya səpələnmiş soydaşlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin olması ilə yanaşı, onların qarşısında azərbaycançılıq ideologiyasına əsaslanan bir sıra tarixi vəzifələr durur. Burada Azərbaycan reallıqlarının dünyaya olduğu kimi çatdırılması, eləcə də vətənə sədaqətlilik kimi meyarlar öz əksini tapıb. Bu amala sadiq qalan xaricdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daha da gücləndirirlər. Hazırda öz fəaliyyəti ilə seçilən belə diaspor təşkilatlarından biri də Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqıdır. Təşkilatın sədri Vidadi Salahov  qəzetimizə  açıqlamasında 2011-ci ildə Qazaxıstanın altı əyalətindəki ali təhsil müəssisələrində diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin keçirildiyini və bu istiqamətdə işlərin genişləndiriləcəyini qeyd etdi.

Onun fikrincə, Azərbaycanla Orta Asiya ölkələri arasında birbaşa məlumat mübadiləsi genişləndirilməlidir: “Bu gün diasporun ən böyük töhfəsi ondan ibarət ola bilər ki, Azərbaycan həqiqətləri dünyaya, o cümlədən Orta Asiyaya çatdırılsın. Azərbaycanın hazırkı siyasi, iqtisadi vəziyyəti haqqında Orta Asiya ölkələrində yetərincə məlumatlı deyillər. Bunun üçün Azərbaycan ilə Qazaxıstan, Özbəkistan və digər Orta Asiya ölkələri arasında telekörpülər yaradılmalıdır, televiziyalar arasında informasiya mübadiləsi gücləndirilməlidir, mətbu orqanlar açılmalıdır. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir azərbaycanlının vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbi və zamanın çağırışıdır. Milli birlik, vətəndaşlıq birliyi olmadan tərəqqiyə, əmin-amanlığa və firavanlığa qovuşmaq çətindir”.

Xatırladaq ki, V.Salahov otuz iki ildən artıqdır ki, Qazaxıstanda yaşayır. Soydaşımız orada diaspor işi ilə məşğul olmağımla yanaşı, Qazaxıstanda yayımlanan 20 min tirajlı, üç dildə (Azərbaycan, qazax və rus) nəşr edilən həftəlik və beynəlxalq “Turan Ekspress” qəzetinin baş redaktoru və təsisçisidir. O qeyd etdi ki, Qazaxıstanda 14 vilayətdə diasporun tərkibinə daxil olan Mədəni Mərkəzlər fəaliyyət göstərir: “Hər il Azərbaycanla bağlı olan bayramlar və anım mərasimləri ilə əlaqədar olaraq soydaşlarımızla birgə silsilə tədbirlər keçiririk. Bütün bu işləri həyata keçirməkdə bir məqsədimiz də odur ki, Qazaxıstanda yaşayan və gələcəyimizin təminatçısı olan uşaqlara, gənclərə yaşadığı ölkənin adət-ənənəsini, dilini bilməklə yanaşı, doğma vətəninə sevgi, xalqına, millətinə, dilinə həmişə sadiq qalmalarını da tövsiyə edirik. Fikrimcə, bu bir neçə komponentə sadiq qalmaq və qorumaq hər bir vətəndaşın mənəvi borcudur”.

 Qazaxıstanın bütün dövlət strukturlarında azərbaycanlılara rast gəlindiyini deyən həm söhbətimiz bunu diasporumuzun fəaliyyətinin güclü bir qüvvə ilə əhatə olunması ilə əlaqələndirdi: “Konkret olaraq hər hansı bir sahənin adını çəkmək çətin olar. Onu deyə bilərəm ki, Qazaxıstanda yaşayan azərbaycanlıların çoxşaxəli fəaliyyət istiqamətləri var. Yəni orada yaşayan azərbaycanlılar iki qrupa bölünür. Onların bir qismi Qazaxıstana işləmək üçün gəlmiş Azərbaycan vətəndaşlarıdır, digər qrup isə Qazaxıstan vətəndaşı olan soydaşlarımızdır. Artıq, Qazaxıstan vətəndaşlığını qazanmış azərbaycanlılar bütün sahələrdə fəaliyyət göstərirlər. Azərbaycandan olan vətəndaşlar isə daha çox tikinti, ticarət, neft və qaz sənayesi sahəsində çalışırlar. Eləcə də digər sahələrdə həmvətənlərimizə rast gəlmək olur. Bu hal da bir azərbaycanlı kimi mənə öz soydaşlarımla böyük bir qürur hissi duymağa imkan verir”.

 

 Azərbaycanın başına gələn hadisələr 5 il ərzində Qazaxıstan cəmiyyətində qəbul edilib

 

İttifaq sədri demək olar ki, bütün diaspor təşkilatları ilə əlaqələrinin mövcud olduğunu vurğuladı: “Bilirsiniz ki, Qazaxıstan çox böyük bir ölkədir. Qazaxıstanda olan on dörd vilayətin özünün bir-birinə inteqrasiyası məsələlərinə səylərimizi yönəltmişik. Həmin vilayətlərin bir-biri ilə əlaqəsi bir çox işlərin icrasına kömək edər, eyni zamanda güclü bir diaspor formalaşar. Onu da vurğulayım ki, həmçinin Azərbaycandan da dəstək alırıq. DİDK tərəfindən həm mənəvi, həm də maddi dəstək görürük. Bizə lazım olan bir çox materialları komitənin köməyilə əldə edirik. Bir sözlə, biz istər Azərbaycan dövlətinin, istərsə də komitənin diqqət mərkəzindəyik və bu diqqət də bizi Azərbaycanın çiçəklənməsi naminə daha səylə işləməyə vadar edir”.

 Qeyd olunduğu kimi, təşkilat tərəfindən müxtəlif istiqamətlərdə tədbirlər keçirilir. Belə ki, Qazaxıstanda Xocalı, 20  yanvar hadisəsi kimi anım, 31 mart Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və digər bayramlarımız qeyd olunub. V.Salahov bildirdi ki, Azərbaycanın başına gələn hadisələr 5 il ərzində Qazaxıstan cəmiyyətində qəbul edilib: “Çünki biz tədbirlərə dövlət, ictimai təşkilatların hamısını dəvət edirik, gəlib iştirak edirlər. Şübhəsiz ki, bunlar məsələn, Xocalı faciəsi ilə bağlı tədbirdə iştirak edən gənclərin dünyagörüşündə, Azərbaycana baxışında özünü göstərir. Faciənin necə baş verdiyini, həqiqətin necə olduğunu anlayır və onların fikirləri düzgün yöndəm alır”. 

Son tədbirlərdən biri olaraq “H.Əliyev və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Qazaxıstanda akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının nümayəndələri, Qazaxıstan İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin və Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Universitetinin rektorları, həmçinin müəllim-professor heyəti, bir sıra ictimai-siyasi xadimlər, Qazaxıstan XİN və yerli KİV nümayəndələri iştirak ediblər. Bundan başqa, Qazaxıstanın “Qazax Texnologiya və Biznes Universiteti”ndə ulu öndər, XX əsrin görkəmli siyasətçisi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan “Heydər Əliyev - dünya miqyaslı siyasətçi” adlı elmi-nəzəri konfrans təşkil olunub.

Həmçinin bu ilin mayında Astanada diasporunun çoxsaylı nümayəndələrini ətrafında birləşdirən “Xəzər” milli-mədəniyyət  Mərkəzi və bu təşkilatın təşəbbüsü ilə Azərbaycanın repressiyaya məruz qalmış qadınlarının xatirəsinə memorial abidə ucaldılıb. Astana şəhərində ucaldılan abidə ötən əsrin 30-40-cı illərində “Akmola siyasi repressiyalara məruz qalmış şəxslərin həyat yoldaşları düşərgəsi”nin (“Akmolinskiy laqer jen politiçeskix repressirovannıx” “Aljir”)  yerləşdiyi ərazidə qoyulub. 1936-1946-cı illərdə bu düşərgədə Azərbaycandan olan 49 qadın saxlanılıb. Onlardan əksəriyyəti elə həmin ərazidəki ümumi düşərgə məzarlığında dəfn olunub.

Ümumi olaraq 20-dən çox Azərbaycan diaspor təşkilatı Qazaxıstanda fəaliyyət göstərir. Azərbaycan təşkilatları digər diaspor təşkilatları kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Qazaxıstan Xalqları Assambleyası” birliyinə daxildilər. Qazaxıstan Xalqları Assambleyası Nizamnaməsinə uyğun olaraq respublikadakı milli mərkəzlər milliliyinə görə vahid Birlik ətrafında birləşərək fəaliyyət göstərməlidir. Yeri gəlmişkən, Qazaxıstan azərbaycanlıları bu il aprelin 3-də bu ölkədə keçirilən növbədənkənar prezident seçkilərində N.Nazarbayevi dəstəkləyiblər. Hətta soydaşlarımız bu seçki ilə bağlı bəyanat da yaymışdılar. www.D-A-K.org-a daxil olan məlumata görə, sənəddə deyilir: “Biz qardaş Qazaxıstan Respublikasında yaşayan bütün azərbaycanlılar Qazaxıstan Respublikasının prezidenti vəzifəsinə Nursultan Nazarbayevin namizədliyini dəstəkləyirik”.

DAK-ın Qazaxıstan nümayəndəliyinin rəhbəri Araz Xudiyev tərəfindən verilmiş bəyanatda vurğulanır ki, yürüdülən dövlət və xalq siyasəti nəticəsində ölkə əhalisi sülh şəraitində yaşayır.

Hazırda DİDK-nin dəstəyi ilə Astana, Almatı, Taldıkurqan, Qaraqanda şəhərlərində Azərbaycan dilində “Bazar günü” məktəbləri açılıb.  Xoca Əhməd Yəsəvi adına Türküstan Universitetində hər il 10-yerə sahib olan soydaşlarımız ana dillərindən başqa, qazax və rus dillərindən məişətdə istifadə edirlər.

Almatıda ilk Azərbaycan məscidi də fəaliyyətə başlayıb.  Məscidin tikintisinə 70 min ABŞ dolları həcmində vəsaitin toplanmasında Qazaxıstanda yaşayan azərbaycanlı ziyalılar, elm xadimləri, konqres üzvləri, eləcə də qazaxların özləri də yardımçı olublar. Qazaxıstanda on minlərlə soydaşımız belə düşünür ki, Azərbaycan düzgün yoldadır. Yalnız iqtisadi sıçrayışla ən sivil ölkələr sırasına qoşulmaq olar. Bu təməl son 3-4 ildə İlham Əliyevin adıyla bağlıdır. Qazaxıstanda İlham Əliyev təqdir edilir və sevilir. Azərbaycan prezidentinin bütün türkdilli ölkələrin prezidentləri arasında ən cavanı, enerjilisi və perspektivlisi olmaqla türksoylu xalqlar ona ümid yeri kimi baxırlar. Bundan irəli gələrək Qazaxıstan azərbaycanlıları Azərbaycanla intensiv əlaqə saxlayırlar və inanmaq olar ki, kütləvi informasiya sahəsində gələcəkdə xeyli uğurlar əldə olunacaq.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.-5 noyabr.- S.10.