Fransada təhsil alan gənclərimiz Azərbaycanı uğurla təmsil edirlər

 

Günel Çəndirova: “İllər keçdikcə gücümüzü artırırıq”

 

Azəri diasporunun tarixən sıx məskunlaşdığı ölkələrdən biri də Fransadır. Diasporla İş üzrə Dövlət Komitəsinin açıqladığı statistikaya əsasən, bu ölkədə yaşayan soydaşlarımızın sayı on mindən çoxdur. Hələ 19-cu əsrin ikinci yarısından etibarən Fransa və onun paytaxtı Paris azərbaycanlı ziyalıları özünə cəlb edirdi. Buna əsas səbəb o zaman üçün bu ölkənin Avropanın əsas mədəni-elmi mərkəzi sayılması, fransız dilinin isə Avropanın aparıcı dilinə-linqvofrankoya çevrilməsi idi. Təsadüfi deyil ki, tanınmış nasirimiz İsmayıl bəy Qutqaşınlı özünün “Rəşid bəy və Səadət xanım” hekayəsini fransızca qələmə almışdı. Mirzə Fətəli Axundzadə isə özünün “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukünu-məşhur”  komediyasında o zaman formalaşmaqda olan yeni ziyalı təbəqəsinin Parisə can atmasını maraqlı bir tərzdə təqdim edir.

 Bu canatmalar sonradan həm də Fransada ilk diaspor fəallarımızın fəaliyyəti ilə nəticələndi. Azəriəsilli böyük mütəfəkkir  Cəmaləddin Əfqani -Astrabadi Şərq xalqlarının azadlığı ideyasını təbliğ edən “Uravat-ül-vusqa” qəzetini məhz Parisdə nəşr etməyə başlamışdı.  İlk siyasi təşkilatımız olan “Difai”nin qurucusu Əhməd bəy Ağaoğlu 19-cu əsrin sonlarında Parisdə təhsil almış, fransız mediasında yazılarla çıxış etmişdi. BDU-nun ilk azərbaycanlı professoru, ”Şərqi-Rus” qəzetinin təsisçisi və baş redaktoru Məhəmməd ağa Şahtaxtılı da Parisdə Sorbanna universitetində təhsil almış, sonrada həm də burada mühazirələr oxumuş və Beynəlxalq Fonetika Cəmiyyətinin üzvü seçilmişdi.

Fransaya ikinci mühacirət dalğası Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə başlayır. Azərbaycan parlamanının sədri  Əlimərdan bəy Topçubaşı, tanınmış yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminli, tanınmış bəstəkar Üzeyir Hacıbəylinin qardaşı   Azərbaycan istiqlalı və müstəqilliyi uğrunda mübarizlərdən olmuş Ceyhun Hacıbəyli və b. Parisdə məskunlaşır.  Y. Çəmənzəminli Azərbaycan ədəbiyyatının tarixinə dair fransızca bir kitab da çap etdirir. O, sonradan Azərbaycana qayıtsa da, digər AXC  qurucuları Parisdə də ömürlərini başa vururlar. Ə.Topşubaşi və C.Hacıbəylinin məzarları indi də Parisədir.

Mühacirətin üçüncü dalğası İkinci Dünya Müharibəsinə təsadüf edir. Bu illər bir çox azərbaycanlılar Fransa Müqavimət Hərəkatında da yaxından iştirak etmiş, onlardan biri Əhmədiyyə Cəbrayılov isə bu fəaliyyətinə görə Fransanın ən ali mükafatları ilə təltif edilmişdi.

Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə  əlaqədar bu ölkədən mühacirət etmiş  on minlərlə azərbaycanlının bir hissəsi Fransada məskunlaşdı.

Nəhayət, sonuncu mühacirət dalğası SSRİ-nin süqutundan  sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması ilə başlayıb.

Hazırda Fransada sədri Mustafa Alınca olan və 2005-ci ildə təsis edilmiş  “Azərbaycan Evi” Cəmiyyəti, 2003-cü ildə təsis edilmiş Azərbaycan Fransız Gənclik Assosiasiyası (sədri Vüsalə Məmmədzadə), 2001-ci ildən fəaliyyət göstərən  Azərbaycan Kültür Mərkəzi (sədri Əhməd Mehribani), 1999-cu ildə təsis edilmiş   Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası (sədri Məmməd İsmayılov), Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası “ARAZ” (sədri Qulam Abiyar) kimi təşkilatlar var.

Diasporumuzun güclənib, inkişaf etməsində xaricdə təhsil alan azərbaycanlı tələbələrin müstəsna xidmətləri var. Onların enerjisindən düzgün istifadə, koordinasiya etmək üçün demək olar ki, əksər ölkələrdə müxtəlif təşkilatlar, qurumlar yaradılıb. Bu, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması baxımından çox əhəmiyyətlidir. Sevindirici hallardan biri, gənclərimizin öz intellektual səviyyələri, vətənpərvərlikləri ilə seçilmələridir.  Xaricdə təşkil olunan bütün aksiyalarda, sərgilərdə, tədbirlərdə könüllü olaraq iştirak edir, öz təşəbbüsləri ilə seçilirlər.

2003-cü ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbələr tərəfindən yaradılmış dünyəvi, qeyri-siyasi təşkilat olan Azərbaycan-Fransa Gənclik Assosiasiyasının (AFGA) fəaliyyəti buna nümunə ola bilər. Təşkilatın əsas məqsədi mədəniyyətimizi, tariximizi, uğurlarımızı, problemlərimizi çatdırmaqla yanaşı, Azərbaycan-Fransa arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni münasibətlərin inkişafına dəstək verməkdir. Təşkilat Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər, layihələr həyata keçirir. Təbii ki, Dağlıq Qarabağ məsələsi də daim diqqət mərkəzində olur. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindən hesab olunur.

AFGA bu günə kimi bir sıra kiçik və böyük həcmli tədbirlərə imza atmışdır. Bu tədbirlər sırasına milli bayramlar (Novruz, Respublika günü, Həmrəylik günü,  Yeni il), qan yaddaşımız olan 20 yanvar və Xocalı faciəsinin anma mərasimləri, foto və rəsm sərgiləri, konsertler, universitetlərdə Azərbaycanın müxtəlif baxışlardan təqdimatı, xüsusi gecələr və s daxildir.

 Təşkilat təkcə tədbirlərlə kifayətlənmir, həmçinin fransız oxucusuna Azərbaycanı, azərbaycanlı oxucuya  Fransanı tanıtmaq məqsədilə iki dildə nəşr edilən “Körpü”  adlı jurnalın naşiri. Artıq  jurnalın üçüncü nömrəsinin üzərində işlərə başlanılıb və onun 2011-ci ilin dekabr ayının sonunda çapdan çıxarılması nəzərdə tutulub.

Bu məsul təşkilatın katibi  olan və tədbirlərdə fəal iştirak edən Günel Çəndirovanın fəaliyyəti bu baxımdan tərifəlayiq hesab olunmalıdır. Gəncliyinə rəğmən o, Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması üçün əlindən gələni edir. Əslən Qazax rayonundan olan G.Çəndirova orta məktəbi Bakıda bitirib. Bu illərdən fəallığı ilə sinif yoldaşlarından fərqlənib. Məktəb illərində keçirilən olimpiadalarda iştirak edərək, diplomlarla mükafatlandırılıb. Bunun məntiqi nəticəsi kimi 2005-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “İbri dili və ədəbiyyatı” ixtisasına daxil olur. Amma tale onu başqa istiqamətdə təhsil almağa sövq edir:

“Bitirdiyim ibrani dili ixtisası üzrə magistraturaya qəbul 4 ildən bir aparıldığı üçün bu arzumu  həyata keçirə bilmədim. Lakin təhsil aldığım müddətdə turizm sahəsi diqqətimi çox çəkirdi. Azərbaycanda bu sahəyə getdikcə diqqət ayrılmağa və qayğı göstərilməyə başlanırdı. Beləliklə, ikinci ixtisas oxumaq qərarına gəldim. Və Fransada ilk təhsil aldığım universitet Fransanın cənub-şərq bölgəsində yerləşən Alp zonasının Savua (Savoie) regionunun Şamberi (Chambery) şəhərində yerləşən Savua Universiteti oldu. Beynəlxalq Turizm sahəsi üzrə bakalavr təhsilimi məhz bu universitetdə uğurla başa vurdum. Hazırda isə Paris “1 Pantheon-Sorbon” universitetinin turizm və hotelçilik fakültəsinin “Beynəlxalq Turizmin İqtisadi İnkişafı” ixtisasının birinci kurs magistratura tələbəsiyəm.

Azərbaycan təhsil sistemi sahəsində son illər kifayət qədər inkişaf yolu keçib. Hər il Azərbaycandan Fransaya təhsil almağa gələn tələbələrin sayında da bu artım   gözəçarpacaq dərəcədədir. Bu isə, şübhəsiz ki, Azərbaycan diasporunun güclənib, inkişaf etməsi ilə müşahidə olunur. Mənim də Fransaya gəlməyimə səbəb məhz təhsil sistemi ilə bağlı oldu. Fransada, artıq  iki ildir ki, yaşayır və təhsilimi davam etdirirəm”.

Müsahibimin sözlərinə görə, bütün bunlar gələcəkdə Azərbaycanın nüfuzunun Fransada güclənməsinə səbəb olacaq. Gənclərin burada təhsil alması, yüksək fəallıqları ilə seçilməsi müsbət imicin yaradılması ilə nəticələnir.

-Fransa ilə Azərbaycanı müqayisə etsəniz, hansı fərqli cəhətləri görə bilərsiniz? Çatışmayan nədir?

-Fransa və  Azərbaycan  təhsil baxımından çox fərqlidir. Fransada elm olduqca çox inkişaf edib. Tələbələrin təhsil sahəsinə münasibəti çox ciddidir və güclü rəqabət var. Kitabxanalara gəldikdə, çeşid və assortiment cəhətdən kitab qıtlığı ilə qarşlaşmırsan. Tələbələr vaxtlarının çox böyük bir qismini kitabxanalarda keçirərək maariflənirlər. Bütün bunlar yüksək səviyyəli təhsil almağa imkan yaradır.

Fransa dövləti hər zaman tələbələrə çox yüksək dəyər verir və təhsil aldıqları dövr ərzində də tələbə həyatı ilə yanaşı, ictimai həyatda da onlara kömək etməyə çalışır. Fransada milliyyətindən asılı olmayaraq, bütün tələbələrə 25 yaşına qədər ictimai nəqliyyat vasitələrində güzəşt edilir, tələbə yataqxanalarındyer verilir, aylıq müavinət ayrılır və.s.

-Fransada fəaliyyət göstərən Azərbaycan diasporu yetərincə fəaliyyət göstərirmi? Hansı zəif cəhətləri var?

-Fransada Azərbaycan diasporu erməni diasporu qədər güclü ola bilməsə də, yetərincə fəaliyyət göstərmək üçün əlindən gələni etməyə çalışır. Mütəmadi olaraq Azərbaycan mədəniyyətinin təbliği üçün tədbir və  konsertlər  keçirir. Bildiyiniz kimi, son zamanlar Fransada Azərbaycan mədəni günləri kimi tədbirlərin sayı getdikcə çoxalır. Bunun gerçəkləşməsi üçün diaspor və eyni zamanda Azərbaycan dövləti də yaxından səy göstərir. Fikrimcə, vaxt keçdikcə daha da güclənəcəyik. Burada təhsil alan, işləyən bütün azərbaycanlılar əllərindən gəlini edirlər və bu, nəticəsiz qala bilməz.  -Erməni yalanlarının ifşa olunması üçün hansı addımları atmısınız? Bu məsələdə qarşınıza hansısa maneələr çıxırmı?

-Erməni diasporu Fransada yetərincə söz sahibidir. Etiraf edim ki, bu vəziyyətdə Azərbaycanın lehinə addımlar atmaq elə asan deyil. Hər zaman düşmən ölkənin diasporunun maneələri ilə üzləşirik. Lakin bu çətinliklərə baxmayaraq, erməni vəhşiliklərinin ifşa olunmasını bacardığımız qədər, bizə icazə veriləcək dərəcədə, yetərincə təbliğ edirik. Fransada hər il “20 Yanvar”, “Xocalı soyqırımı”, “31 Mart” irimiqyaslı formada müxtəlif tipli aksiyalar, sərgilər, stendlər, jurnallar vasitəsi ilə ictimaiyyətə çatdırılır.

Hər ilXocalı soyqırımı  Justice pour Khojali - “Xocalıya ədalətbeynəlxalq məlumat təşviqat kampaniyası çərçivəsində erməni zorakılıqları, erməni təcavüzü, təcavüzün ağır nəticələri qənaətbəxş dərəcədə aşılanır ictimaiyyətə çatdırılır. hər il təbliğat aksiyası son olaraq erməni səfirliyi qarşısında sona çatır. Bu, balansın getdikcə bizim xeyrimizə dəyişməsinə təsir edir.

-Yaşadığınız ölkədəki azərbaycanlıları eyni məqsəd ətrafında birləşdirmək mümkün olubmu, yoxsa, yenə fikir ayrılıqları var?

-Dünyanın hansı qitəsində yaşamasından asılı olmayaraq, insanlar arasında fikir ayrılıqları həmişə mövcud olub olacaqdır. Təbii ki, hamı hər şeyi eyni cür fikirləşib qərar verə bilməz.Amma onu da nəzərinizə çatdırmaq istərdim ki, Fransada yaşayan azərbaycanlıların böyük əksəriyyəti bir - biri ilə sıx, qarşılıqlı münasibətdədirlər. Bütün tədbirlərdə hamı bir araya gəlib Azərbaycanın tanıdılıb, təbliğ olunması üçün əllərindən gələni maksimum dərəcədə etməyə çalışırlar. Mütəmadi olaraq müxtəlif səpkili tədbirlərin, konsertlərin, aksiyaların gerçəkləşdirilməsində yaxından iştirak edirlər.

-Fransada yaşayan azərbaycanlıların hüquqları nə dərəcədə təmin olunur? Yerli əhalinin Azərbaycana münasibəti necədir?

-Fransada azərbaycanlılar say etibarilə az olduqları üçün demək olar ki, tanınmırlar. Biz AFGA olaraq Fransada Azərbaycanın tanınmasına səy göstəririk. Fransanın müxtəlif universitetlərində təhsil alan tələbələr AFGA-nın tərkib hissəsində say etibarilə çox olduqlarına görə universitet həyatında yetərincə diaspor işlərini təbliğ etməyə çalışır və demək olar ki, artıq ilbəil yetərincə nailiyyət qazana bilirik. Azərbaycan adı gələndə nəinki keçmiş sovet  dövlətləri, bir azəri olaraq çox istərdik ki, ölkəmizin adı məhz Türkiyə, BƏƏ, Rusiya qədər tanınsın. Bunun üçün də biz gənclər bu sahədə əlimizdən gələni maksimum dərəcədə etməyə çalışırıq. Bəlkə getdikcə Fransa-Azərbaycan münasibətlərinin qarşılıqlı anlaşma nəticəsində Fransanın Azərbaycanda açılacaq liseyi və Azərbaycanın Fransada açılacaq olan “Mədəniyyət evi”ndən sonra münasibətlərimiz lap geniş və sıx vüsət alar.

-Orada gerçəkləşən tədbirləri, aksiyaları maliyyələşdirməkdə Bakıdan dəstək alırsınızmı?

-Təşkilata maliyyə baxımından yardım Azərbaycanın Fransadakı səfirliyi tərəfindən göstərilir.

 

 

Məhəmməd TAĞIYEV

 

Paritet.-2011.- 12-14 noyabr.-S.10-11.