Azərbaycan poçtunun dünəni və bu günü

 

Ölkə poçtunun maddi-texniki imkanlarının genişlənməsi bu sektorda yüksək iqtisadi göstəricilərin əldə edilməsinə səbəb olub

 

 Bu gün Azərbaycanda gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Bu siyasətin tərkib hissəsi kimi, son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb. Rabitənin yaranma tarixi 1881-ci ildən hesablansa da, ölkə rabitəsinin olduqca qədim tarixi kökləri var. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə  poçt sahəsində islahatlar həyata keçirib. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulub. 1881-ci il 6 dekabr tarixində isə, “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib.

 Beləliklə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan bir neçə ay sonra - oktyabrın 6-da Poçt və Teleqraf Nazirliyi yaranıb. Ağa Aşurov nazir təyin olunub və nazirlik cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərib. Cəmi 23 ay yaşayan müstəqil Azərbaycan dövləti qısa müddət ərzində özünün ilk poçt markalarını buraxmağa nail olub.

Ölkəmizdə rabitə sektorunun inkişaf strategiyasının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf perspektivlərinin respublikanın sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev artıq ötən əsrin 70-ci illərində bu sahəyə diqqət yetirmiş və İKT sektorunun bugünkü inkişafının təməlini qoyub. Uğurla davam etdirilən bu proses Azərbaycanın müstəqilliyinin ilk illərində də ciddi xarakter almışdı. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu, poçt şöbələri genişləndirildi. Sonralar sahə daha da inkişaf etdirildi. 130 illik tarixi inkişaf yolu keçən ölkə rabitəsi son illərdə sürətlə inkişaf edərək, bütün sahələrdə eləcə də, insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilib. XX əsrin sonunda SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. Respublikada poçt və elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi “Azərpoçt” İstehsalat Birliyi tərəfindən həyata keçirilməyə başlayıb. “Azərpoçt” İstehsalat Birliyinin sələfi olan “Azərpoçt”  Dövlət Müəssisəsi isə Azərbaycan Respublikası Rabitə Nazirliyinin 23.09.1999-cu il tarixli 151 saylı “Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında” əmri ilə yaradılıb. Müəssisə, “Azərpoçt” İstehsalat Birliyinin bazasında yaradılımış və onun hüquqi varisidir.

 

Azərbaycan poçtu beynəlxalq standartlar səviyyəsinə çatdırılıb

 

Keçən illər ərzində sürətlə inkişaf edən Azərbaycan poçtu artıq bu gün bir sıra beynəlxalq təşkilatlarda bərabərhüquqlu üzv kimi təmsil olunur, özünün dinamik inkişaf dövrünü yaşayır. Bu sektorda təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı islahatlar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının bu sahəyə diqqət və qayğısı nəticəsində Azərbaycan poçtu beynəlxalq standartlar səviyyəsinə çatdırılıb. Əhaliyə göstərilən xidmətlərin çeşidi, həcmi və keyfiyyəti daim yüksəlir. Beynəlxalq poçt göndərişlərinin həcmi artmışdır ki, bu da Azərbaycan poçtunun beynəlxalq aləmdə tanınmasına səbəb olub. Respublikanın rabitə sistemi, müasir texnologiyaların yerlərdə geniş tətbiqi dövlətimizin, prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunub.

Son illər Azərbaycanın dünya dövlətləri arasında müstəqil, suveren bir dövlət kimi tanınmasında RİTN-nin “Azərmarka” şirkətinin buraxdığı poçt markaları  da böyük əhəmiyyət kəsb edib. “Azərmarka” şirkəti 2011-ci ilin ötən 10 ayında fəaliyyətlərini daha da gücləndirərək 18 mövzuya aid müxtəlif çalarlarda 56 ədəd poçt markası buraxıb. Bundan əlavə, 8 ədəd poçt kartı, 5-ədəd poçt zərfi buraxılıb. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra, suveren dövlət kimi, 1992-ci ildən bu günədək “Azərmarka” şirkəti tərəfindən 100 mövzuda 563 orijinal süjetli, müxtəlif çalarlarda təmsil olunmuş siyasi motivlərə, dövlət hakimiyyətinin atributlarına, görkəmli xadimlərə, idmana, floraya, faunaya, memarlığa və tarixə aid poçt markaları, 9 ədəd aviazərf və 1 ədəd poçt kartı buraxılıb.

Bu gün “Azərpoçt” Dövlət Müəssisəsi  respublikamızda poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olduğuna görə onun da üzərinə böyük vəzifələr düşür. Bu baxımdan, müəssisənin əsas missiyası həm fərdi şəxslərə həm də biznes qurumlarını geniş çeşiddə, aşağı qiymətlə və mümkün qədər daha geniş ərazidə keyfiyyətli xidmətlərlə təmin etməkdir. “Azərpoçt” əsasən əhalinin gündəlik fəaliyyətini dəstəkləmək, onların həyat tərzinin sərbəstliyini və səmərəli təşkil olunmasını təmin etmək üçün keyfiyyətli və münasib qiymətlərlə poçt, poçt-maliyyə və digər xidmətləri təklif etmək kimi mühüm funksiyaları yerinə yetirir. Azərpoçt həm poçt, həm poçt-maliyyə, həm də bir sıra kommersiya məqsədli xidmətlər bazarında fəal iştirak etməyi əsas hədəf kimi qarşıya qoyur. Bu zaman o, müştəri kateqoriyalarını seqmentləşdirməklə fərqli müştərilərə istiqamətlənmiş mal və xidmətlər təklif ediləcək. Xidmətlərin tam keyfiyyətinə nəzarət etmək və təsərrüfat fəaliyyətlərinin səmərəliliyini və effektivliyini artırmaq məqsədilə davamlı olaraq həm işçilərin bacarıqlarının artırılmasından, həm də texnoloji yeniliklərdən istifadə edilməlidir.

Nəzərə çatdıraq ki, bütün sahələrdə olduğu kimi, poçt sektorunda sahibkarlığın inkişafına münbit şərait yaradılıb. RİTN tərəfindən 33 özəl şirkətə poçt xidməti göstərmək üçün lisenziya verilib. Qeyd edək ki, dövlət poçt operatorundan fərqli olaraq əsasən kuryer poçta üstünlük verən özəl poçt sektorunun inkişafı istiqamətində konsepsiya var.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, ölkədə 1999-cu ildə Milli Poçt operatoru kimi “Azərpoçt” DM yaradılması poçt sektorunun inkişafına rəvac verib. Nazir 1995-2010-cu illərdə poçt sektorunun illik gəlirlərinin 17 dəfə artdığını deyib: “Bu gün müəssisənin fəaliyyət dairəsi daha da genişlənib. İndi “Azərpoçt” ənənəvi xidmətlərlə yanaşı,  bank maliyyə xidmətləri də göstərir. Məlumat üçün qeyd edim ki, Dünya Bankının maliyyə dəstəyi ilə 2005-ci ildə “Maliyyə xidmətlərinin inkişafı” layihəsi həyata keçirilməyə başlanılmış, 2010-cu ilin sonunda layihə uğurla başa çatdırılmışdır. Artıq  bütün poçt şöbələri tərəfindən poçt-maliyyə xidmətləri göstərilir və “Azərpoçt” MMC bank sektorunun əsas iştirakçılarından birinə çevrilmişdir”.

 

Poçt gəlirləri artıb

 

Yeri gəlmişkən,  “Azərpoçt”  2011-ci ilin 9 aylığı üzrə tarif gəliri proqnozunu 103% icra edib. Müəssisənin büdcə və proqnozlaşdırma şöbəsinin rəisi Aqşin Həsənzadənin verdiyi məlumata görə, təyin olunan 16 992 000 manat tarif gəliri proqnoz tapşırıqları 17 419 800 manat yerinə yetirilmiş, nəzərdə tutulan proqnozdan 427 800 manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 787 740 manat artıq gəlir əldə edilib.Qeyd edək ki, “Azərpoçt” MMC 2011-ci ilin 9 aylığı üzrə əhaliyə göstərilən rabitə xidmətlərindən əldə edilən gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 275 690 manat, 2011-ci ilin 9 aylığı üzrə nəzərdə tutulan proqnozdan isə 669 280 manat artıq olub.

Müstəqilliyimizin 20 ili ərzində Azərbaycanda 800-dən yuxarı poçt şöbəsi tikilib əhalinin istifadəsinə verilib. Bütün poçt şöbələrində 6 marşrut üzrə poçtun daşınması uğurla həyata keçirilir. Sevindirici haldır ki, “Azəreksprespoçt” rabitə müəssisəsi 5 ildir ki, Ümümdünya Poçt İttifaqının kooperativinin keyfiyyət üzrə qızıl sertifikatına layiq görülüb.

Ötən 8 il ərzində ölkənin poçt sektoru 3,1 dəfə genişlənmiş, orta illik artım tempi 21 faiz təşkil edib, MDB məkanında ilk dəfə olaraq, poçt sahəsində bank maliyyə xidmətləri göstərilməyə başlanılıb, poçt infrastrukturu yenidən modernləşdirilib. Məhz bu illər ərzində  9 poçt filialı binası tikilib, 100-ə yaxın poçt filialı və poçt şöbəsi binası əsaslı şəkildə təmir olunub. Rabitə sahəsində əldə olunan bu uğurlar prezident İlham Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir.

“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevin sözlərinə görə, bu gün ölkə poçtu özünün dinamik inkişaf mərhələsini yaşayır: “Bu gün uğurla fəaliyyət göstərən möhtəşəm rabitə müəssisələri məhz ulu öndərin rəhbərliyi, diqqət və qayğısı sayəsində tikilib istifadəyə verilib. Bu inkişaf kursu bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər İlham Əliyev tərəfindən poçt rabitə sahəsinin inkişafı üçün islahatlar aparılıb, yeni Dövlət Proqramı qəbul olunub. Bu gün Dünya Bankı poçtumuza böyük sərmayələr qoyur. Azərbaycan poçtu poçtun itkisiz çatdırılması baxımından dünya poçt sistemində qabaqcıl yerlərdədir”. Q.Bəybalayev onu da qeyd edib ki, bu gün Azərbaycanın poçt rabitəsi sektoru xidmət keyfiyyətinə görə, bütün MDB məkanında ikinci yeri tutur ki, bu da onu xarici investorlar üçün cəlbedici edir

Hazırda Azərbaycan ərazisi üzrə bütün poçt göndərişləri izlənilir. Poçt göndərişlərini izləmək üçün tətbiq edilən sistem “Azərpoçt”un rəsmi internet resursuna birləşdirilib. Bu il “Azərpoçt” tərəfindən respublikanın bütün poçt şöbələri qeydiyyatlı poçt göndərişlərinin kodunu oxuyaraq ümumi kompyuter şəbəkəsinə daxil edən skaner avadanlığı ilə təmin edilib. Rayon mərkəzi poçt şöbələrində aparılan əməliyyatlar gələcəkdə kənd poçt şöbələrini də əhatə edəcək. Artıq qeydiyyatlı poçt göndərişlərinin qəbulu, işlənməsi və çatdırılması əməliyyatlarının kompyuterə işlənərək avtomatlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub.  Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının tələbinə uyğun olaraq poçt göndərişlərinin üzərində 13 simvollu ştrix koddan istifadə olunur.

Gördüyümüz kimi, “Azərpoçt” MMC-yə məxsus poçt şöbələrində yeni texnologiyaların tətbiqi genişləndirilir. Bu səbəbdəndir ki, ölkənin poçt sektoru da ilbəil inkişaf edir, bu sahədə əldə edilən gəlirlər çoxalır. Ölkə poçtunun maddi-texniki imkanlarının genişlənməsi bu sektorda yüksək iqtisadi göstəricilərin əldə edilməsinə səbəb olub.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.-22-23 noyabr.- S.14.