Sabah Rusiya azərbaycanlılarının III Qurultayı keçiriləcək

 

İlqar Hacıyev: “Əsas məqsədimiz Dumada deputatımızın olmasıdır”

 

 Rusiyada yaşayan həmvətənlərimiz getdikcə öz layiqli yerlərini tuturlar. Təsadüfi deyil ki, ən güclü diasporlarımızın biri məhz burada formalaşıb. Rusiyanın qonşuluqda yerləşməsi,  azərbaycanlıların burada kifayət qədər yaşamasına əsas verən amillərdən hesab olunur. Həmvətənlərimizin burada nə qədər güclü. Söz sahibi olmarını noyabrın 25-də keçiriləcək Rusiyada Yaşayan Azərbaycanlıların 3-cü qurultayı bir daha təsdiq edir. Konqresin  nizamnaməsinə əsasən, hər beş ildən bir Rusiyada yaşayan azərbaycanlıların qurultayı keçirilir. Qurultayda Azərbaycan və Rusiyanın yüksək səviyyəli dövlət nümayəndələrinin də iştirakı gözlənilir. Bundan başqa, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qurultaya qonaq qismində dəvət olunub.

ÜAK-nin III Qurultayında ötən müddət ərzində görülmüş işlərə dair hesabat veriləcək, təşkilatın nizamnaməsinə dəyişikliklərlə bağlı təkliflər müzakirə olunacaq. Tədbirdə, həmçinin qurumun gələcək fəaliyyət perspektivləri, qarşıda duran vəzifələr, ÜAK-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurultayda bir sıra mühüm sənədlərin qəbul olunması da gözlənilir. Budəfəki qurultayda nizamnaməyə bir neçə dəyişiklik də müzakirə olunacaq, Rusiyada keçiriləcək seçkilərdən əvvəl bəyanat veriləcək, fikir bildiriləcək, həmçinin mərkəzi şuraya seçkilər keçiriləcək, mərkəzi şuranın, prezidiumun yeni üzvləri və yeni rəhbərliyi seçiləcək.

Göründüyü kimi həmvətənlərimiz yaşadıqları ölkədə demək olar ki, bütün sahələrdə geniş fəaliyyət göstərirlər. Ümumrusiya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü İlqar Hacıyevin verdiyi məlumata görə, artıq 10 ildir ki, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresi fəaliyyət göstərir. Rusiyanın 72 regionunda Konqresin regional bölmələri yaradılıb və bu iş davam etdirilir. Konqres Rusiyanın 90 faizində təmsil olunur: ”Biz artıq Rusiyada yaşayan azərbaycanlıların ümumi fəaliyyət proqramı üzərində çalışırıq. Əgər azərbaycanlılar bir yerdə olarsa, verilən bəyənatların da gücü, qüvvəsi olar. Ən vacib işlərimizdən biri Rusiyada yaşayan azərbaycanlıların imicinin daha da yüksək olması, Dumada təmsil olunmasıdır. Hazırda bu istiqamətdə bütün mümkün vasitələrdən istifadə edirik. Son 10 ildə azərbaycanlıların Dumada heç bir deputatı olmayıb və fikrimcə bu hər birimizi narahat etməlidir” (İnterfaks-Azərbaycan).

Onun sözlərinə görə, hər qurultayda olduğu kimi, bu qurultayda da Azərbaycanın ən ağır problemi olan Dağlıq Qarabağ məsələsi ciddi müzakirə olunacaq. Bundan başqa həmvətənlimiz bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların mərkəzi fəaliyyət göstərir ki, bu da artıq mədəniyyət mərkəzinə çevrilib. Dövlətimizin əlamətdar günlərində burada tədbirlər, konsertlər, proqramlar keçirilir, həmçinin Azərbaycan filmlərini nümayiş etdirilir: ”ÜAK Rusiyada yaşayan azərbaycanlıların birləşdirilməsini, həyat fəaliyyəti üçün münasib, rahat şəraitin yaradılmasını qarşısına məqsəd qoyub. Təbii ki, Rusiyada yaşayan bütün azərbaycanlılar vətənlə əlaqələri qoruyub saxlamağa, Azərbaycanı layiqincə təmsil etməyə çalışırlar.

ÜAK artıq on ildir ki, Rusiyada fəaliyyət göstərir, konqresin Rusiyanın 72 regionunda regional şöbələri yaradılıb ki, bu da Rusiya ərazisinin 90%-ni əhatə edir. Biz Rusiya Federasiyasında yaşayan azərbaycanlıların vahid fəaliyyət proqramı üzərində işləyirik. Əgər azərbaycanlılar birləşdirilsələr, bizim müraciətlərimiz də gücə və təsirə malik olacaqlar. Bizim ən vacib vəzifəmiz Rusiyada yaşayan azərbaycanlıların nüfuzunun yaxşılaşdırılması və onların Dövlət Dumasında təmsil olunmasından ibarətdir”.

Onun sözlərinə görə, Azərbaycan diasporunun nümayəndələrinin, hələ ki  dekabrın 4-də Dövlət Dumasına keçiriləcək seçkilərdə qələbə qazanmaq şansı azdır. Amma növbəti parlament seçkilərində qələbə qazanmağa kifayət qədər imkanlar var. Sadəcə çalışmaq. Təbliğat aparmaq lazımdır. Buna görə də diasporun güclərinin birləşdirilməsi üzrə müəyyən işlər həyata keçirilməlidir: ”Ən əsası odur ki, bizi Dövlət Dumasında görmək istəyirlər. Azərbaycanlılar mütləq Rusiya Federasiyasının qanunverici orqanında təmsil olunmalıdırlar. Fikrimcə, buna zərurət yaranıb. Çünki iki ölkə arasında çox gözəl əlaqələr mövcuddur. Son illər Azərbaycan öz iqtisadiyyatını sürətlə inkişaf etdirir və artıq regional miqyaslı bir neçə iqtisadi layihəni maliyyələşdirir. Rusiyada da Azərbaycan investisiyaları var, bu, ölkənin həm iqtisadi, həm də siyasi sahələrdə hərtərəfli inkişaf etdiyini göstərir. Təbii ki, bütün bunlar Rusiyada yaşayan azərbaycanlıların nüfuzunun artmasına təkan verir”.

İlqar Hacıyev deyib ki, qarşıda duran digər məsələ Rusiyanın regionlarında mədəniyyət mərkəzlərinin açılmasıdır: ”Bu məsələyə Prezident İlham Əliyevin 2011-ci ilin iyulunda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III qurultayında müraciətində də toxunulub. Azərbaycanın dövlət başçısı o zaman diasporu mədəniyyət mərkəzləri açmağa çağırıb. Bununla əlaqədar olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan diasporunun Rusiyanın bütün regionlarında belə mərkəzlər yaratmaq üçün imkanları var. Bu mərkəzlər bir yerə toplaşmağa, milli bayramları qeyd etməyə, Qarabağ müharibəsi, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməyə imkan verəcək. Doğrudur Azərbaycan diasporunun Moskvada belə mərkəzi var, bu, “Bakı” kinoteatrıdır, biz burada bir araya gəlirik və tədbirlər, dəyirmi masalar görüşlər keçiririk. Hesab edirəm ki, ÜAK-ın üçüncü qurultayında Rusiyanın digər regionlarında da bu cür mərkəzlərin açılması məsələsi qaldırılacaq və öz həllini tapacaq”.

Hacıyev bildirib ki, hər qurultayda olduğu kimi, bu qurultayda da Azərbaycanın ən ağır problemi olan Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq: “Artıq 10 ildir ki, Rusiyada yaşayan azərbaycanlıların mərkəzi fəaliyyət göstərir. Bu, artıq bizim mədəniyyət mərkəzimizə çevrilib. Burada tədbirlərimiz olur, konsertlər proqramlar keçiririk, Azərbaycan filmlərini nümayiş etdiririk” (Trend). Xatırladaq ki, əlamətdar tədbirdə Rusiyanın 72 regionundan seçilmiş 130 nümayəndənin iştirakı nəzərdə tutulub. Qurultayda  həmçinin Azərbaycan və Rusiyanın yüksək səviyyəli dövlət nümayəndələrinin də iştirakı gözlənilir. Bundan başqa, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qurultaya qonaq qismində dəvət olunub.

O, Rusiyada yaşayan azərbaycanlı  miqrantlarla bağlı məsələyə də toxunub:”1993-cü ildən başlayaraq, biz Rusiyada hörmətsizlik hiss etmirik. Əksinə, Azərbaycanın həyata keçirdiyi xarici siyasət, həmçinin, Rusiya ilə bağlı siyasət, bizə özümüzü daha inamlı hiss etməyə imkan verir. Bütovlükdə, rusların azərbaycanlılarla bağlı stereotipi dəyişib. Buna görə də, biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanmış və prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti dəstəkləyirik. Ruslar azərbaycanlılara xoş münasibət göstərirlər, biz nə hakimiyyət, nə də ümumilikdə xalq tərəfindən hər-hansı diskriminasiya hiss etmirik”.

Qeyd edilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyadakı azərbaycanlılarla əlaqələrin saxlanmasına kifayət qədər diqqət ayırır: ”Təcrübə göstərib ki, Azərbaycanda belə dövlət strukturunun yaradılması haqqında qərar düzgün idi. Son illər dövlət komitəsinin nümayəndələri Rusiyanın regionlarında yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə fəal şəkildə əlaqələr saxlayırlar. Biz dövlət komitəsinin sədri Nazim İbrahimovun diasporun həyatı və problemlərinə ayırdığı diqqətdən çox razıyıq. Bu qurum daim bizə hər cür kömək göstərir”.

  Qurultayda ötən müddət ərzində görülmüş işlərə dair hesabat veriləcək, təşkilatın nizamnaməsinə dəyişikliklərlə bağlı təkliflər müzakirə olunacaq. Tədbirdə, həmçinin qurumun gələcək fəaliyyət perspektivləri, qarşıda duran vəzifələr, ÜAK-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, ÜAK 2000-ci ildə Heydər Əliyevin dəstəyi ilə təsis olunub. Fəaliyyət göstərdiyi müddət ərzində ÜAK Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib.

 

 

Məhəmməd TAĞIYEV

 

Paritet.-2011.-24-25 noyabr.- S.9.