“Azəri diasporu Özbəkistanda intensiv işlər görür”

 

Özbəkistandakı soydaşlarımız gələcəkdə yeni azərbaycanlı nəslinin milli ənənələrə riayət etməsi istiqamətində iş aparırlar

 

Azərbaycan və Özbəkistan arasında ticari -mədəni əlaqələrin kökü daha qədim dövrlərə təsadüf edir. Tarixən Orta Asiyanın bu respublikasına azərbaycanlılar ya könüllü mühacirət etmiş, ya da zorla köçürülüblər. Xüsusən, Əmir Teymurun Azərbaycana etdiyi yürüşlər nəticəsində yüzlərlə sənətkarlar, elm xadimi və digər peşə sahibləri Səmərqəndə sürgün ediliblər.

Azərbaycanlılar Özbəkistan tarixində və mədəni-incəsənət həyatında tarixən mühüm izlər qoyublar. Qədim Xarəzmin X əsr tikililərindən olan Beleuci yolüstü karvansara binası da Şirvan ustalarının zəhmətinin bəhrəsidir.

Tədqiqatçı Nazim Rizvan göstərir ki, Əmir Teymurun doğma şəhəri Şəhri-Səbzdə 1380-ci ildə tikilən Ağsaray kompleksinin müəllifi də azərbaycanlı memar Məhəmməd Yusif Təbrizi idi. XIV-XV əsrlərdə Səmərqənddə tikilmiş Şahi-Zində türbə kompleksi də Fəxsar Zeynəddin Şəms Təbrizi tərəfindən tikilib.

Böyük bir imperiyanın yaradıcısı, bir çox elmlərin bilicisi, xüsusən də Səmərqənddəki nəhəng tikililərin banisi Əmir Teymurun azərbaycanlı sənətkarları əvvəl tək-tək, Təbrizi tutduqdan sonra isə kütləvi şəkildə memar, usta, nəqqaş, kaşıçı kimi işə cəlb etməsi XIV əsrin II yarısı, XV əsrin əvvəllərində azərbaycanlıların Öbəkistandakı yayılma arealından və Teymurun yanındakı hörmətdən xəbər verir.

Zamanla baş verən ictimai-siyasi proseslər, dünyanın siyasi xəritəsində yeni dövlətlərin çoxalması, rus işğalı və s. hadisələr Özbəkistandakı azərbaycanlılar barədə ətraflı məlumat əldə etməkdə ciddi əngəllər törədir. Bu səbəbdən də tədqiqatçılar Özbəkistanda Azərbaycan diasporunun formalaşmasını XX əsrin əvvəllərindən başlayaraq, bu günə qədər davam edən mühacirət prosesindən götürürlər. Jurnalist-tədqiqatçı Yaşar Qasım Özbəkistanda konkret olaraq Azərbaycan diasporunun formalaşma prosesini aşağıdakı mərhələlərə bölür: 1)1905-1907-ci illərdə məlum hadisələr zamanı qırğın və qiyamətdən qaçıb, baş götrüb gedənlər. 2)Oktyabr çevrilişi, vətəndaş müharibələri və ümumən 1918-1920-ci illərdəki hadisələr nəticəsində məmləkəti xəm edib, buraya pənah gətirənlər. 3) 30-40-cı illərdəki deportasiya və repressiyaların əlindən qaçıb bura sığınanlar və zorla sürgün edilənlər. 4)5-60-cı illərin dinc quruculuğu ilə əlaqəli olaraq bura köçənlər. 5)    60-cı illərin axırı və 70-ci illərin əvvəlində başlanan qardaş ölkədə qəsəbə və kadrların yerləşməsi ilə xarakterizə olunan yeni dövr.

Yaşar Qasımın göstərdiyi bu mərhələlərdən başqa, 1991-ci il Azərbaycan dövlət müstəqilliyinin əldə olunmasından sonra Qərb və Şərq ölkələrinə bağlanan kütləvi mühacirəti də xüsusi olaraq qeyd etmək olar ki, bu proses hazırda intensiv şəkildə davam edir. Müasir dövrdə Azərbaycan diasporunun Özbəkistanda sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Məsələn, Zaur Əliyevin “Dünya diasporları” kitabında bu rəqəm 55.000-60.000 qədər arası göstərilir. Özbəkistandakı bir çox diaspor üzvlərimiz də haradasa  buna yaxın say deyirlər. Amma ötən il Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində də keçirilən tədbirdə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşev bu ölkədə qırx min azərbaycanlının yaşadığını, həmçinin yeddi mədəniyyət mərkəzinin fəaliyyət göstərildiyini bildirib. Yeri gəlmişkən o deyib ki, Azərbaycan diasporu Özbəkistanda intensiv işlər görür.

Azərbaycan diasporunun müasir Özbəkistandakı vəziyyəti iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Təsadüfi deyil ki, Orta Asiyada ilk səfirliyimiz Özbəkistanda ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-ci ildə açılıb. Daşkənddə Azərbaycan səfirliyi binasında soydaşlarımızla görüşdə ulu öndər Heydər Əliyev çıxışında deyib ki, azərbaycanlılar harada yaşasalar da, öz ana Vətəninə, doğma Vətəninə qayğı göstərməlidirlər, imkanları dairəsində kömək etməlidirlər, onu unutmamalıdırlar, doğma Vətənin qayğıları ilə yaşamalıdırlar. O, diasporumuza tapşırıq verib ki, Azərbaycanın vəziyyəti haqqında, Ermənistan-Azərbaycan münaqişəsi haqqında, Ermənistanın respublikamıza qarşı etdiyi cinayətlər, təcavüz haqqında hər yerdə düzgün təsəvvür yaratsınlar.

2004-cü ilin martında isə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfər edib. O zaman Prezident dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkənd Pedaqoji Universitetinin qarşısında böyük mütəfəkkirin abidəsinin açılış mərasimində iştirak edib, tədbir zamanı diasporumuzun nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində də iştirak edərək, burada geniş və dərin məzmunlu nitq söyləyib, soydaşlarımızın Azərbaycanla iqtisadi-mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da lazımi addımlar atılacağını vurğulayıb.

 

 “Özbəkistan bizim ümumi evimizdir”

 

 Prezidentin Özbəkistana növbəti səfəri isə ötən ilin sentyabrında olub. Özbəkistanda Azərbaycanla bağlı dəyərlərə həmişə hörmətlə yanaşılır. Bunu həmin səfər çərçivəsində də görmək mümkün olub. Ulu öndər Heydər Əliyevin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə müvafiq olaraq Daşkənddə Heydər Əliyev prospekti mövcuddur. Prezident İlham Əliyev bu səfərdə də Azərbaycan Mədəniyyət Mərkəzinə baş çəkib. Yeni təmir olunan mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri var. Bundan başqa, mərkəzdə Azərbaycanın musiqi, rəqs və folklor ansamblları fəaliyyət göstərəcək. Burada Azərbaycan məktəbi və kitabxana da yaradılıb. Ölkə başçısı yenə də Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Uzun illər Özbəkistanda diaspora rəhbərlik etmiş, hazırda  Orta Asiyada Azərbaycan diasporlarının baş koordinatoru olan Akif Ağatalıbov bizimlə söhbətində bu görüşü çox sevinclə gözlədiklərini dedi: “Orada bizim diasporumuz çox həyəcanlı idi. Biz bir sevinc, hörmət və izzətlə gözləyirdik ki, prezident İlham Əliyevlə görüşək. O, bir gün yarımlıq gəlmişdi, amma biz onu 4 il idi ki, gözləyirdik. Yəni gedən gündən gözləmişdik və gələn gün də bizim üçün böyük bir bayrama çevrilmişdi. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində prezident İlham Əliyev bizimlə görüşündə dedi: “Baxmayaraq ki, siz Özbəkistanda yaşayırsınız, amma bilin ki, siz Azərbaycan azərbaycanlılarısınız. Siz hər zaman bizim fikrimizdə, ürəyimizdəsiniz. Bilin ki, sizin doğma vətəniniz Azərbaycan var”. Biz xoşbəxtik ki, cənab Prezidentin dediyi kimi, Azərbaycan azərbaycanlılarıyıq. Bu  gün Azərbaycana gələndə sevinirik ki, Vətənimiz günü-gündən inkişaf edir”.

A.Ağatalıbov söhbət əsnasında Özbəkistan-Azərbaycan münasibətlərinə də toxundu. Qeyd etdi ki, prezident İlham Əliyevin Özbəkistana səfəri bu münasibətlərin möhkəmlənməsinə təkan verdi: “Möhkəm və mehriban olan iki xalqın dostluğu əbədidir. Bildiyiniz kimi, prezident İlham Əliyevlə görüşündə Özbəkistan prezidenti İslam Kərimov “bizim ulduzlarımız müştərək, dilimiz bir, dinimiz bir, ürəklərimiz birdir” fikrini işlətdi. O dedi ki, qardaş Özbəkistanın Azərbaycana olan səmimiyyətinin bir əyani sübutu da bu ölkənin Dağlıq Qarabağ barədə mövqeyinin dəyişməz və daimi olmasıdır. Bununla əvvəllər də dediyi sözləri İslam Kərimov bir daha təsdiqlədi. Bu sözün özünün deyil, bütün Özbəkistan xalqının sözü olduğunu və bu xalqların həmişə bir olduğunu bildirdi. İslam Kərimov məqam çatanda sözünü deyərək, öz sadiqliyini, müsəlmançılığını, dostluğunu və türklüyünü göstərdi”.

Rəsmi Özbəkistanın Azərbaycan diasporuna münasibətinə gəlincə A.Ağatalıbov dedi ki, doğrudan da özbək xalqı bizə ən yaxın, ən əziz xalqlardan biridir: “Cənab Prezident elə bir siyasət qurub ki, şəxsən Özbəkisanda yaşayan azərbaycanlıların nəinki özbək xalqı ilə, ümumiyyətlə, heç bir xalqla problemi yoxdur. İslam Kərimovun dediyi kimi, Özbəkistan bizim ümumi evimizdir”. O, özbək xalqının azərbaycanlılara qəlbən çox yaxın və doğma olduğunu vurğuladıq.

 

Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə kimi görkəmli şəxsiyyətlər yetişdirən Azərbaycan diasporu

 

Özbəkistandakı Azərbaycan diasporuna xas əsas xüsusiyyətlərdən biri - öz iş və fəaliyyətində mədəni tədbirlərə üstünlük vermək, diaspor məktəbinin, əsasən ziyalı mütəxəssislərdən və peşəkar kadrlardan ibarət olması, yaşadıqları məmləkətin qanunlarına, mövcud hökumət və hakimiyyətə loyal münasibətdir. Hazırda Özbəkistanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar. Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə kimi görkəmli şəxsiyyətlər yetişdirən Özbəkistanda Azərbaycan diasporu bu ölkənin ictimai-siyasi həyatında  iştirak edir, Vətənlə intensiv əlaqə saxlayır, kütləvi-mədəni tədbirlər həyata keçirir. Burada Azərbaycan diasporuna məxsus olmaqla, ictimai-mədəni təşkilatlar fəaliyyət göstərir. Həmvətənlərimiz Özbəkistan Respublikasının qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəni təşkilatlarını yaradıblar. 1989-cu ildə Daşkənd şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzi" və 1992-ci ildə isə Səmərqənd şəhərində "Azərbaycan-Özbəkistan" Mədəni-İqtisadi Əlaqələr Mərkəzi yaradılıb. 2002-ci ildə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Özbəkistanda "Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası" təsis edilib ki, artıq bu günə qədər həmin Assosasiyanın 10 vilayətdə filialları qeydiyyatdan keçərək fəaliyyət göstərir. Bu Assosiasiya Özbəkistanda yaşayan azərbaycanlıların bir-biri ilə ələqə yaratmasında, Dünya azərbaycanlılarının həmrəyliyinin əsası olan "azərbaycançılıq" ideyasının Özbəkistanda yaşayan soydaşlarımız arasında təbliğ etməsində, onların Vətənlə tarixi əlaqələrinin gücləndirilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, milli–mənəvi dəyərlərinin bütün dünyada tanıdılmasında təqdirəlayiq fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, Özbəkistanda diasporumuzun Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Qadınlar Şurası, Azərbaycan Gənclər Təşkilatı, Beynəlmiləl Mədəniyyət Mərkəzi və s. adlarda  ictimai birlikləri fəaliyyət föstərir. Ayrıca, 2003-cü ildə isə Daşkənddə "Azərbaycan evi" və məscidi tikililərinin başa çatdırılması yeniyetmə və gənc soydaşlarımızın milli adət-ənənələr ruhunda tərbiyə olunması, bir sıra məsələlər müzakirə olunaraq gələcək işlərin planları tərtib olunub.

Özbəkistanda Azərbaycan mədəniyyətini  ilk illər "Lalə" qızlar ansamblı, indi isə "Mehrican" Qəyyumluq Şurasının adını daşıyan "Mehrican" ansamblı tez-tez təbliğ edir. Bir çox tədbirlərdə Özbəkistanın xalq artisti, soydaşımız Nəsibə Abdullayeva, Azərbaycanın əməkdar artisti Kövkəb Əliyevanın rəhbərliyi ilə “Azərbaycan qızları” uşaq rəqs ansamblı, “Vətən” vokal-instrumental kollektivi və “Qardaşlıq” ansamblının üzvləri xalq, bəstəkar mahnıları və təsniflərimizi, İlham Abdullayev sazda qədim el havalarını ifa edirlər. Oradan soydaşlarımız paralel olaraq digər Orta Asiyada məskunlaşan azərbaycanlılarla intensiv əlaqə saxlayır, gələcəkdə yeni azərbaycanlı nəslinin milli ənənələrə riayət etməsi istiqamətində iş aparırlar.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2011.-24-25 noyabr.- S.10.